XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

19 Oktyabr 2018 - 23:26

KİM ÇEN NAM, SKRİPAL, XAŞUQCİ…- Xüsusi xidmət orqanları səs-küylü cinayətlərin ardından niyə iz buraxır?

“Deutsche Welle”, (Almaniya)

 

Skripalın zəhərlənməsi, səudiyyəli jurnalist Camal Xaşuqcinin yoxa çıxması, vyetnamlı biznesmenin Berlində oğurlanması, Şimali Koreya lideri Kim Çen İnin ögey qardaşı Kim Çen Namın qətli… Arxasında ayrı-ayrı ölkələrin xüsusi xidmət orqanlarının durduğu ehtimal edilən cinayətlərin sayı son vaxtlar artmaqdadır. Belə qənaət yaranır ki, xüsusi xidmət orqanları öz əməliyyatlarını açıq şəkildə həyata keçirirlər.

Alman ekspert Erix Şmidt-Enbom “yaş əməliyyatlara” yenidən tələbat yarandığını deyir. “Yaş əməliyyatlar” (qanlı əməliyyatlar) termini “KQB”-nin jarqonlarından hesab olunur.

Ekspertin dediyinə görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı Aleksandr Litvinenkonun 2006-cı ildə Londonda zəhərlənərək ölməsi onun üçün dönüş nöqtəsi olub. Litvinenkonun işi bugünədək tam açılmasa da, Şmidt-Enbom əmindir ki, bu cinayətin arxasında Federal Təhlükəsizlik Xidməti dayanır. Və bu ilin martında Solsberidə Sergey Skripal və qızı Yuliyaya da qarşı də analoji üsuldan istifadə olunub.

“Biz görürük ki, xüsusi xidmət orqanları öz izlərini əvvəlki illərdə olduğu qədər qapatmırlar. Məsələn, əvvəllər onlar öz qurbanlarını avtoqəzalarla yox edirdilər. Bu gün bu metod dəbdən düşüb. İndi bu orqanlar öz əməliyyatlarını açıq şəkildə aparmaqdan çəkinmirlər”, – deyə Marburq universitetinin xüsusi xidmət orqanlarının fəaliyyətini öyrənən professoru Volfqanq Kriger bildirir.

Krigerin fikrincə, Sergey Skripalın zəhərlənməsi ilə bağlı insident Rusiya və sovet xüsusi xidmət orqanlarının tipik iş metodudur.

Adətən bu cür hücumların qurbanları rus və ya sovet kəşfiyyatının casusları olur. O casuslar ki, sonradan xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirlər. Skripal da belələrindən idi. “QRU” polkovniki olan Skripal həm də Britaniya kəşfiyyatı (Mİ-6) ilə əməkdaşlıq edirdi.

Skripal 2004-cü ildə Rusiyada vətənə xəyanət ittihamı ilə həbs olundu və 13 il həbs cəzası aldı. Lakin 2010-cu ildə o vaxtkı prezident Dmitri Medvedev onu və casusluğa görə məhkum olunan daha 3 nəfəri əfv etdi. Məqsəd də onları Birləşmiş Ştatlarda həbs olunan rus casuslarla dəyişmək idi. Azadlığa çıxandan sonra Skripal Böyük Britaniyada sığınacaq aldı. Və ailəsi ilə birlikdə Solsberidə – Britaniya kəşfiyyatının aldığı 200 min funt sterlinqlik evdə yaşamağa başladı.

Erix Şmidt-Enbom hesab edir ki, Skripal orada boş oturmayıb. Məsələn, 2012-ci ildə Mİ-6-nın xəfiyyələri ilə birgə Praqaya gedib. Məqsəd Praqada olan rus casusları (“QRU”-dan tanıdığı) ifşa etmək üçün yerli xüsusi xidmət orqanları əməkdaşlarına yardım etmək idi.

2016-cı ilin yayında Skripal Tallinə gedərək yerli xüsusi xidmət orqanlarına Kremlin 3 casusunu ifşa edən məlumat təqdim etmişdi. Keçmiş “QRU” polkovniki eyni zamanda İspaniya kəşfiyyatına rus mafiyası ilə bağlı məlumatlar ötürmüşdü.

“O, Qərb xüsusi xidmət orqanları ilə əməkdaşlığı davam etdirirdi. Bu da onun Rusiyadakı keçmiş həmkarlarının xoşuna gəlmirdi”, – deyə Şmidt-Enbom bildirir.

Moskva ilə London arasında münasibətlər hər zaman gərgin olub. “Soyuq savaşdan” sonra Qərbin əksər kəşfiyyat xidmətləri SSRİ-yə, sonra da MDB-yə qarşı əməliyyatları dayandırdı. Lakin Britaniyanın Mİ-6-sı istisna idi.

Ekspert deyir ki, çeçen savaşı zamanı Britaniya xüsusi xidmət orqanları olduqca aktiv idilər. Onlar məhz bu savaş zamanı bir çox rus xəfiyyəsini ələ ala bilmişdilər.

Professor Volfqanq Kriger Skripalın zəhərlənməsi ilə səudiyyəli jurnalist Camalın yoxa çıxması arasında paralellər aparır. Ekspert xatırladır ki, Camal Xaşuqci də ölkəsindən qaçıb və 2017-ci ildə ABŞ-a yerləşib.

Jurnalistin yoxa çıxdığı oktyabrın 3-də – Səudiyyənin İstanbuldakı konsulluğuna daxil olandan (Türkiyədəki nişanlısı ilə nikaha girmək üçün sənəd almağa) bir gün sonra üzə çıxıb.

Türkiyə polisi qətl versiyasını araşdırır. CNN-in məlumatına görə, istiantaqın əlində bunu təsdiqləyən audio-videoyazı var.

“The New York Times”ın yazdığına görə, jurnalistin yoxa çıxmasında şübhəli bilinənlər şahzadə Salmanın adamlarıdır. Türkiyəli istintaqçıların fikrincə, hadisənin baş verdiyi gün İstanbula gələn 15 səudiyyəli hadisə ilə bağlı məsuliyyət daşıyır.

Şübhəlilərdən biri Səudiyyə Ərəbistanında yüksək vəzifələr tutan məhkəmə-tibbi ekspertidir. Şmidt-Enbomun fikrincə, son fakt çox şeydən xəbər verir: “Müasir işgəncə metodları həkimlərin iştirakı ilə tətbiq edilir. Bu, ABŞ-dakı Quantanamo türməsində də, Bağdaddakı Əbu-Qreyb həbsxanasında da belədir”.

Bütün bunların fonunda Səudiyyənin hadisəyə aidiyyətinin olmadığına dair bəyanatları inandırıcı görünmür.

Bu arada, Almaniya hökuməti jurnalistin yoxa çıxması ilə Skripalın zəhərlənməsi arasında müqayisə aparmaqdan çəkinməyə çağırır. Hökumət təmsilçisi Ştefan Zaybert deyir ki, Skripal nümunəsində Britaniya hökuməti beynəlxalq qurumların köməyi ilə zəhərli maddəni və onu istehsal edən ölkəni tez bir zamanda üzə çıxardı. Jurnalist Xaşuqcinin yoxsa çıxmasına gəlincə, təhqiqatın nəticələri hələ açıqlanmayıb.

İnsanı xüsusi maddə vasitəsilə zəhərləmək və ya kameraların gözü önündəcə oğurlamaq cinayət yerində “vizit kartı” qoymaq kimi bir şeydir.

Almaniya Federal Kəşfiyyat Xidmətinin eksperti Mixael Müllerin sözlərinə görə, hər bir halda xüsusi xidmət orqanlarının əməkdaşlarını diletant adlandırmaq doğru deyil: “Güman ki, öz addımları ilə potensial təqib obyektlərinə bu siqnalı göndərirlər – biz bunu etməyə qadirik, bunu edərik və heç kim bizi dayandıra bilməz”.

Tərcümə Strateq.az-ındır