XƏBƏR LENTİ

18 Yanvar 2021

Digər Xəbərlər

16 Fevral 2016 - 16:11

Tarixi türk yurdu –Qədim Dağ İlməzli...

 

53de3cd6-df7a-462f-8739-9fa1adf707ca

Dağ İlməzli məktəbinin məzunları və müəllimləri

 

"Bu gün biz yaxşı bilirik ki, Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıb. İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalı bizim tarixi torpağımızdır".

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 

 

Tarixi

İlməzli İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunda kənddir. Rayon mərkəzindən 7-8 km şimal-qərbdə yerləşir. Kalinino rayonu yaradılanadək Cəliloğlu (Stepanavan) rayonunun tərkibində olub.

Toponim türk dilində tayfa mənasında işlənən "il/el" sözü ilə qədim türk dilində "təpə" mənasında işlənən "mar" sözünün fonetik forması olan "maz" sözündən əmələ gəlib. Azərbaycan dilində r-z səs əvəzlənməsinin (yor-yoz, yar-yaz, gör-göz) qanunauyğun fonetik hadisə olduğunu nəzərə alıb qeyd etmək olar ki, "maz", "mar" sözünün fonetik formasıdır. Mürəkkəb quruluşlu toponimdir.

 

 

Mədəniyyəti

İlməzli kəndi Dağ Borçalının elmə, təhsilə ən çox maraq göstərən kəndlərindən biri idi. İlməzli orta məktəbi o dövr üçün demək olar ki, Kalinino və Dmanisi rayonlarında yeganə orta məktəb idi. Bundan başqa İlməzli orta məktəbinin nəzdində internat da fəaliyyət göstərirdi ki, bu da kənar kəndlərdən gələn şagirdlər üçün nəzərdə tutulurdu. İlməzli orta məktəbində dövrünün çox savadlı müəllim kollektivi çalışıb.

 

Əhalisi

 

Kənddə 1831-ci ildə 75 nəfər, 1886-cı ildə 212 nəfər, 1897-ci ildə 301 nəfər, 1908-ci ildə 195 nəfər, 1914-cü ildə 188 nəfər, 1916-cı ildə 479 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunub.

İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri öz yerlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 431 nəfər, 1926-cı ildə 462 nəfər, 1931-ci ildə 565 nəfər, 1987-ci ildə 3126 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ildə ilməzlilər Ermənistan dövləti tərəfindən siyasi genosidə məruz qalaraq tarixi-etnik torpaqlarından deportasiya ediliblər. İndi burada ermənilər yaşayır.

Bəlkə də çox gecdi, daha doğrusu, itirdiklərimizi yazıya almaqda hər birimiz gecikmişik. Hələ dünyanın düz vaxtında doğulduğumuz torpaqların tarixi, toponimi, folkloru haqqında heç nə bilmədik. Nə demədilər, nə də ki, öyrənmək istəmədik. Bir də ayıldıq ki, sonuncu deportasiya dalğasının qurbanına çevrilmişik. Dərdə baxın ki, dogma yurddan didərgin salınan qardaşın birinə "qaçqın", digərinə "məcburi köçkün" dedilər..

Sapı özümüzdən olan baltaların köntöy baxışları, tənəli sözləri ilə də üzbəüz gəldik. İtirdiklərimizin ağrısı, acısı  illər sonra içimizi elə göynətdi ki, heç doğma yurd yerlərində soyuq sularından içdiyimiz bulaqların suyu dişimizi elə göynətməmişdi. Alnımıza Vətənsizlik damğası vuruldu. Ürəyimizdən paslı qıfıllar asıldı.1813-dən bəri pələsəng olanların sırasına qatıldıq.  

Bir az da ağrılı desəm, diriykən: “Yüz ilin, min ilin ölüsünə qarışdıq”.

Əbəs yerə deməyiblər: “Vətənsiz insan cansız bədən kimidir”. 

Belə notlarla başlamağıma görə, yəqin ki, məni qınamazsınız. Məqsədim heç də böyüklərimizi, ağsaqqallarımızı, ağbirçəklərimizi qınamaq deyil. Qınamıram ki, niyə dəmiri isti-isti döyməyiblər, niyə səslərini çıxarıb dünyaya hay salmayıblar.

Bilirəm, yaxşı bilirəm ki, dünyanın gözünü kor ediblər. O haqqı görənləri və deyənləri eşitmək istəmir. Dilinə, dininə görə ayrıseçkilik bizi fəlakətə sürükləyir. Təəssüflər ki, hələ də nüvə silahları ilə öyünürük. Görəsən dünyanı məhv etdiyimizin fərqindəyikmi?

Bütün bunlar öz yerində. İllər öncəyə qayıtmağıma, keçənləri xatırlamağıma, mənə bunları yazıya almağa vadar edənlərə “çox sağ olun” demək istəyirəm. Onlar Bakıda doğuldular. Canım Azərbaycanımın Baş Kəndində. Mən isə indi Ermənistan adlanan qədim Azərbaycan torpaqlarında, adına Dağ  İlməzli deyilən, böyük ürəkli insanların doğulduğu bir kənddə.

 

 

Tarixi türk yurdu – qədim Dağ İlməzli

 

İnanıram ki, illər öncə zor gücünə ayrıldığımız yurd yerləri uca Allaha üz tutub dönməyimizi Ondan diləyəcəklər. Və biz o torpaqlara qayıdacağıq.

Əziz oxucum, mən sənə Dağ İlməzli kəndinin yaranması haqqında geniş məlumat verə bilməsəm də, 1988-ci ilə qədər həmin kənddə fəaliyyət göstərmiş azərbaycanlıların oxuduğu təhsil ocağının yaranma tarixindən bəhs edəcək, Azərbaycanın ictimai, siyasi və iqtisadi həyatında, elmi tərəqqisində böyük xidmətləri olan məzunlarından söhbət açacağam.

Bu sətirlərin müəllifinə sözügedən məktəbin məzunu olmaq qismət olmasa da (sonuncu deportasiya imkan vermədi) məktəbə ilk qədəmlərimi qoyduğum günü yaxşı xatırlayıram.Uşaq yaddaşında hər şey diri qalsa da, təəssüflər olsun ki, mənimlə birlikdə ilk dəfə parta arxasına əyləşən, sevinə-sevinə əlifbanın ilk hərflərini öyrənməyə can atan sinif yoldaşlarımı xatırlaya bilmirəm.

Bəlkə də anam Təmirova Güləbatın məktəbin müəllimi olduğu üçün İlməzli məktəbi mənim üçün daha doğma, daha əziz idi… 

Bu ideyamı  gerçəkləşdirmək üçün xeyirdə-şərdə görüşdüyüm ilməzlilərlə bu barədə söhbət etdim, məlumat topladım. Bilirdim ki, məsuliyyətli və ağır bir işin qulpundan yapışmışam.İşlərimin çoxluğuna baxmayaraq, bu da vətənə xidmət, itirdiklərimizə sayğıdır deyib araşdırmağa, axtarmağa başladım.

İlk üz tutduğum ilməzlilərin daha sıx məskunlaşdığı Şamaxının Günəşli (Saqiyan) kəndi oldu. Bir az da obrazlı desəm, bu yaxınlarda qarlı bir qış günündə uzun illər İlməzli məktəbində müəllim, direktor işləmiş Şəmistan Şəmilovun qapısını döydüm. 

Qışın soyuğuna baxmayaraq, əli bu gün də işdən-gücdən soyumayan müəllimin ömür-gün yoldaşı Simnaz nənəyə: “Şəmistan müəllim evdədimi”,– deyəndə hiss etdim ki, xəyal onu çox uzaqlara apardı. “Deyəsən, tanımadınız”, – dedim. Gülümsədi.“Yox, oxşatdım.Bizim kənddə Ağbaba mahalından Güləbatın adlı bir müəllim vardı, Xoca kişinin gəlini, səni ona oxşatdım.”. “Bəli, mən Xoca kişinin nəvəsiyəm. Atamın adı da Ziyadxandır”. Simnaz nənə boynumu qucaqlayıb, dərin bir ah çəkdi.

…Şəmistan müəllim məni tanımadı. 80-nin belini qıran müəllim üzümə baxa-baxa yaddaşını alt-üst edib məni tanımağa çalışırdı.Tanışlıq verdim…

“Ayə, Təmirov, sən məni necə tapdıın”,- deyib gözlərinin yaşını sildi. Süfrəyə çay gələnə qədər dinib-danışmadı. Kövrəlmişdi…

Handan-hana dillənib valideynlərimi, qardaşlarımı, nə işlə məşğul olduğumu xəbər aldı.

Gəlişimin məqsədi onu çox sevindirmişdi. Yarı zarafat, yarı ciddi: “Bilirdim ki, Təmirovlardan kimsə Dağ İlməzlinin, onun sözün əsl mənasında, elm ocağı olmuş məktəbinin haqqında yazacaq. Və nə yaxşı ki, sən axtardın, sən aradın, sən yazacaqsan”,- dedi…

 

 

Toylu-düyünlü, xınalı-xonçalı, şirinli-acılı xatirələr…

 

Beləcə, illərdən-illərə körpü salıb Dağ İlməzliyə qayıtdıq, toylu-düyünlü, xınalı-xonçalı, şirinli-acılı xatirələri çözələdik.

Şəmistan müəllim deyir ki, Dağ İlməzli məktəbinin əsası 1927-ci (1929) ildə qoyulub.Məktəb əvvəllər bir mərtəbədən ibarət olub.1961-ci ildən sonra şagirdlərin sayı çoxaldıqca ikinci mərtəbənin tikintisinə başlanılıb.Məktəb tam hazır olandan sonra ilməzlilərlə yanaşı, ətrafdakı kəndlərdən-Soyuqbulaqdan, Çüçəkənddən, Qızıldaşdan, Mollaevlidən, Qaraisadan, Qalağalıdan bura 10 illik təhsil almağa gəliblər.Hətta onların burada dərsdən sonra qalmaları üçün internat da tikilibmiş.

Yerli kadrlar olmadığı üçün əvvəllər məktəbdə İrəvandan gələn müəllimlər dərs deyirlərmiş.Sonradan kadr çatışmazlığı yerli kontingentin hesabına aradan qaldırılır və beləcə, İlməzli məktəbi güclü təhsil ocağı kimi ad-san qazanır. İrəvandan gələn yoxlamaları heyrətə gətirən səbəblərdən biri də məktəbin məzunlarının əksəriyyətinin İrəvanda, Bakıda, Gəncədə ali məktəblərə qəbul olunmasıydı. 

Əlbəttə, bütün bunlar İlməzli məktəbinin savadlı, öyrətməyi bacaran müəllimlərinin uğurundan, fədakar əməyindən xəbər verirdi. İlməzli məktəbində 1980-ci ildən sonra erməni dili də tədris olunmağa başlayıb.Yaxşı xatırlayıram.Anam kimya-biologiya fənni ilə yanaşı, erməni dilini də tədris edirdi. Yəni biz düşmənin dilini onlardan qat-qat yaxşı bilirdik…

Məlumat üçün bildirim ki, Azərbaycan dilçiliyində öz dəst-xətti olan akademik Afat Qurbanov, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq yazıçısı Mövlud Süleymanlı və bir çox tanınmış elm xadimləri İlməzli məktəbinin məzunlarıdır. Və bu ziyalıları yetişdirən Sədi müəllimin, İlyas müəllimin, Mədəd müəllimin, Xalid müəllimin, Müsəllim müəllimin, İmdad müəllimin, Vəliyəddin müəllimin, Hacı müəllimin, Rüstəm müəllimin, Mustafa müəllimin adını hörmətlə anırıq.

Xüsusi qeyd etmək istəyirəm ki, Dağ İlməzlidə “Dəlimözdülər” və “Kazımovlar” kimi tanınan nəsillərin nümayəndələri elm sahəsində çox böyük uğurlara imza atıblar.

Onu da diqqətinizə çatdırım ki, məktəbin məzunları sonradan kəndə qayıdıb müəllimləri ilə çiyin-çiyinə müxtəlif fənləri tədris ediblər.

Oxucuların marağına səbəb olacaq daha bir faktı xatırlatmaq istəyirəm. Kalinino rayonunda (İndi Taşir adlanır) azərbaycanlıların təhsil alması üçün 10 illik tam orta məktəb rayonda və ətraf kəndlərdə yaşayan azərbaycanlıların təkidi və şübhəsiz ki, Moskvanın icazəsi ilə 1975-ci ildə açılıb.

Bu kiçik yazımda Dağ İlməzli məktəbi və onun məzunları ilə sizləri tanış edə bildimsə, nə mutlu mənə. 

İnşallah, yaxın gələcəkdə, “Dağ İlməzli məktəbinin müəllimləri və məzunları” adlı toplu ilə görüşünüzə gələcəyik. Bax, onda bir-birimizi daha yaxından tanıyacağıq.

 

Hafiz Təmirov (Hacxalıl)
DİN Mətbuat Xidmətinin əməkdaşı,
polis mayoru