XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 April 2015 - 20:16

Dövlətin inkişaf yollarının fəlsəfi əsasları: deduktiv və induktiv metodlar

Elşən Nəsibov,

Siyasi elmlər üzrə fəlsəfə doktoru

Dövlətin başlıca funksiyası insan hüquqlarını zamanla təmin və müdafiə etməkdən, həmçinin insanları qorumaqdan və əldə olunan resursları mövcud və gələcək zamanda səmərəli istifadə etməkdən ibarətdir. Dövlət öz funksional quruluşuna görə, eləcə də insanlarla olan münasibətlər quruluşu baxımından (buna proses quruluşu da demək olar) fəlsəfi, dərin və pozitiv məzmunlu assambleyanı meydana gətirir. Münasibətlər çoxtərəfli, çoxsahəli olduğundan fərqli və mürəkkəb məzmunludur.

Dövlət cəmiyyətin və insanların hüquqlarını inkişaf etdirməkdə maraq nümayiş etdirir. çünki özü elə forma etibarilə cəmiyyət və dövlət hüququnun tərkibindən ibarətdir. Dövlət zaman fəlsəfi kateqoriyasına müvafiq olaraq deduktiv və induktiv tənzimləmə və maraqları təminetmə funksiyasını yerinə yetirir. Dövlətin bu tip fəaliyyətindən inkişafın deduktiv və induktiv fəlsəfi mənaları aşkarlanır. Hər iki metod qarşılıqlı olaraq, ardıcıl tamamlama qaydasında tətbiq edilir. Dövlətin bir sahədə əldə etdiyi resurs digər sahəni də təmin edir. Burada inkişafın induktiv metodu yaranır. Resursların cəminin ümumi istifadəsi, resursların toplanması və gələcəyə yönəlik birləşdirilməsi mövcud zamanın induktiv metodunu formalaşdırır. Qarşıda duran strateji planlar və resursların bu istiqamətə yönləndirilməsi isə dövlətin tənzimləmədə deduktiv metod yolunu təsdiqləyir. Deduktiv və induktiv metodlar tək zaman yox, bütün fəlsəfi kateqoriyalarda da istifadə oluna bilir.

Prosesləri tənzimləmə yolunda hüquq normalarının keçici və bağlayıcı əsaslarla dərk olunması və hüquq normalarının genişlənməsi, çoxalması cəmiyyətin və dövlətin deduktiv (ümumidən xüsusiyə keçmək yolu ilə) və induktiv (xüsusidən ümumiyə keçmək yolu ilə) inkişaf metodunu meydana gətirir. Məsələn, deduktiv metodda hüquq normaları əvvəlcə qəbul edilir (buraya Konstitusiya və qanunları, strateji-konseptual sənədləri və digər qanunvericilik aktlarını aid etmək olar), resursları və fəaliyyəti bu normalara doğru yönəldir. İnduktiv inkişaf metodunda isə mövcud resursların tənzimlənməsini həyata keçirən hüquq normaları qəbul edilir. Hüquq normaları resursun zamanını təsdiq edir.

Mövcudluq öz fəaliyyətinin işə düşməsi ilə induktiv tənzimləməni də tamamlayıcı və istiqamətləndirici edir. Deduktiv metodda isə hüquq norması resursun mövcud zamanını, həmçinin üzdə olmayan resursun mövcudluğunu qabaqlayır, onu aşkar etmək məqsədini güdür. Təbii ki, qəti şəkildə bu inkişaf metodlarını ayırmaq olmaz. Bu metodlar bir-birinin daxilində elə bir-birini tamamlayırlar. Məsələn, gələcək resurs həm də öz başlanğıcını indiki resursdan götürür. Deduktiv metodda gələcək zaman anlayışı bir qədər qabağa gəlir, induktiv metodda isə gələcək elə daha çox mövcud zamandan başlayır, mövcud resursların tənzim olunması prosesləri həyata keçirilir. Zaman müəyyən nöqtələrdə hər iki metodu birləşdirir. Proseslərin gedişatında induktiv metod deduktiv metodu, deduktiv metod isə induktiv metodu şərtləndirir. Bu baxımdan, əvvəldə də qeyd olunduğu kimi, induktiv metoddan deduktiv metod öz başlanğıcını götürür. Deduktiv metod həm də induktiv metodu özünə sarı çəkir. İnduktiv metod isə deduktiv metodun bazası rolunda çıxış edir.

Hüquq normalarının deduktiv və induktiv metodları dövlət tənzimləməsinin mövcud və gələcək zamanlarını müəyyən edir. Azərbaycanda inkişafın müşahidəsi də bu iki metodun mövcudluğunu əks etdirir. ölkənin inkişaf tempi özü ilə induktiv metodun tətbiqini zəruri edir. Eyni zamanda gələcək qazanclar, resursları gələcəyə düzgün yönləndirmək məqsədilə
deduktiv metodun tətbiqini şərtləndirir. ölkədə qəbul edilən qanunvericilik aktları (buraya strateji-konseptual sənədləri də aid etmək olar) deduktiv və induktiv metodlarla təsdiqedici, təsbitedici və təminedici funksiyaya malikdir.