XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 November 2018 - 21:24

İrandakı son təxribatların arxasında nə durur? –Ruhani liderin qətli ilə bağlı detallar

İranda bəluc əsilli ruhani lider Mövləvi Əbdülqafur Camalzadeh naməlum silahlıların hücumuna məruz qalaraq qətlə yetirilib.

61 yaşlı ruhani evindən çıxıb sübh namazı qılmaq üçün məscidə gedərkən atəşə tutulub. Din xadimi 4 güllə yarası alaraq hadisə yerində ölüb. Hələlik heç bir təşkilat və qruplaşma məsuliyyəti üzərinə götürməyib. Polis və xüsusi xidmət orqanları genişmiqyaslı təhqiqata başlayıblar.

Bu gün İran ətrafında baş verən hadisə və proseslər dünya mətbuatının gündəmindən düşmür. İran ilə ABŞ, İsrail və bir sıra ərəb dövlətləri arasındakı münasibətlərdə uzun illərdir gərginlik yaşanır. Yerli mətbuat yazır ki, ABŞ-da Donald Trampın prezident seçilməsindən sonra münasibətlər daha da gərginləşərək az qala müharibə həddinə çatıb. Lakin ABŞ yaxşı bilir ki, İran Suriya, İraq və Əfqanistan deyil. O, Yaxın Şərqdə güc mərkəzi rolunu oynayır və burada hərbi əməliyyatlar aparmaq faydasızdır. Odur ki, Vaşinqton İrana qarşı “yumşaq” gücdən istifadəyə üstünlük verir.

Prezident D.Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonda birmənalı şəkildə bəyan edib ki, İrana qarşı heç bir hərbi əməliyyat keçirilməyəcək. Odur ki, İranı iqtisadi sanksiyalar vasitəsilə təslim olmağa vadar etmək istəyən ABŞ və müttəfiqləri bu vasitənin də işə yaramayacağını artıq başa düşüblər.

Əvvəla, Avropa dövlətləri sanksiyalardan yan keçərək İran ilə maliyyə əməliyyatlarını həyata keçirmək üçün xüsusi mexanizm hazırlayıblar. Bu mexanizm vasitəsilə İran ilə Avropa dövlətləri əvvəllər olduğu kimi ticarət əlaqələrini davam etdirə biləcəklər. Bu isə İrana sanki bir nəfəs verir və onun iqtisadiyyatının defolt olmasının qarşısını alır.

Digər tərəfdən, İranın neft ixracının qarşısı da tam olaraq alınmadı. ABŞ özü 8 dövlətə İrandan neft almağa icazə verdi. Bir sıra dövlətlər isə bəyan etdilər ki, milli maraqlarını ABŞ-ın ambisiyalarına qurban vermək fikrində deyillər. Onlar İrandan neft və qaz almağa davam edəcəklərini birmənalı şəkildə bildirdilər. Ən əsası isə ABŞ-ın özündə də İrana qarşı sanksiyaların tətbiqi yekdilliklə qarşılanmır. Bir sıra nüfuzlu senatorlar hesab edirlər ki, sanksiyalar onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirəcək və ABŞ-ın regiondakı bazaları təhlükə altında qalacaq.

Bütün bunlara baxmayaraq, Tramp administrasiyası sanksiyaları tətbiq etdi və gözlənildiyi kimi, İranla münasibətlər çox gərgin xarakter aldı. Siyasi müşahidəçilər bildirirlər ki, ABŞ müharibə etmək fikrində deyil və iqtisadi sanksiyalar da gözlənilən səmərəni vermir. Belə olan halda nə etmək lazımdır? Bəluc əsilli ruhani lider Mövləvi Əbdülqafur Camalzadehin qətlə yetirilməsi faktını həmin suala cavab hesab etmək olar. Bir qədər ətraflı olaraq qeyd etmək lazımdır ki, bu yolla İranda milli və dini zəmində qarşıdurma yaradılması prosesi artıq başlayıb. Sünni liderin öldürülməsi təsadüfi xarakter daşımır. Belə ki, hökumətə qarşı sərt bəyanatları ilə tanınan Camalzadeh İranda yaşayan sünnilərə qarşı ayrı-seçkiliyin mövcud olduğunu vurğulayırdı.

Onu da diqqətə çatdırmaq istərdik ki, Sistan-Bəlucistan İranın, necə deyərlər, çox narahat bölgəsidir. Əfqanıstan və Pakistan ilə sərhəddə yerləşən bu bölgədə əsasən sünni əhali yaşayır. Narkotik vasitələrin qanunsuz ticarəti ilə məşğul olan silahlı qruplaşmalar qaçaqmalı İranın bu bölgəsinə keçirirlər. Sərhədçilər burada tonlarla narkotik vasitə müsadirə edərək onun Avropaya daşınması üçün İrandan tranzit kimi istifadə olunmasının qarşısını alırlar. Burada silahı olmayan ailə demək olar ki, yoxdur. Əsasən ov tüfənglərindən ibarət olan bu silahlardan cinayət məqsədilə istifadə ediləcəyini də istisna etmək olmaz.

Yeri gəlmişkən qeyd edək ki, M.Ə.Camalzadeh məhz ov tüfəngi ilə qətlə yetirilib.

Sünni dini liderin qətli son vaxtlar İranda törədilən ilk təxribat deyil və bunun davam edəcəyini söyləmək olar. Bu ilin oktyabrında 15 iranlı sərhədçi də məhz Sistan-Bəlucistan bölgəsindən qaçırılaraq girov götürülüb. Onlardan 5 nəfəri azad edilsə də, qalanları haqqında hələlik məlumat yoxdur. Noyabrın 25-də Tehranda futbol matçı zamanı baş verən hadisəni də təsadüfi hesab etmək olmaz. Tehranın “Pespolis” və Təbrizin “Traktorsazi” komandaları arasındakı oyun zamanı gözlənilmədən tribunada üzərində “Arsax” yazılan böyük transparant qaldırıldı və erməniləri dəstəkləyən şüarlar səslənməyə başladı. Səslənən şüarların futbol oyununa heç bir aidiyyəti yox idi və bu hadisənin də təxribat olduğu şübhə doğurmur.

Xatırladaq ki, noyabrın 17-də prezident Həsən Ruhani Şərqi Azərbaycan vilayətinə səfəri zamanı Xoy şəhərində əhali qarşısında çıxış edərkən deyib: “…düşmən qüvvələr İran ilə Azərbaycan Respublikasının münasibətlərini korlamağa çalışırlar”.

Deməli, İran hakimiyyəti təxribatların olacağından xəbərdardır. Ümid etmək istərdik ki, çox güclü xüsusi xidmət orqanlarına malik İran bu tip təxribatların qarşısını almaq üçün vaxtında hərəkətə keçəcək(azərtac).