XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

18 Dekabr 2018 - 15:57

AZAL NAXÇIVANA DƏFN ÜÇÜN APARILAN MEYİTİ TƏRƏZİDƏ ÇƏKİR, ƏLAVƏ TƏLƏB QOYUR:"Neçə kilodur?" – Araşdırma

Bu günlərdə Nazirlər Kabineti “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nı təsdiq edib. Ancaq bu Qaydalarda Naxçıvanla bağlı spesifik hal əksini tapmayıb.

Blokada şəraitində olan Naxçıvan sakinləri ilə söhbətlərdə Bakıdan, respublikanın digər bölgələrindən təyyarə ilə Naxçıvana cənazələrin aparılmasında çətinliklərin olduğu barədə fikirlərin şahidi oluruq.

Cənazələrin yük kimi çəkisinin soruşulması, maddi amilin önə çəkilməsi, cənazəni Naxçıvana aparan şəxsə bəzən cənazəni yola sala biləcəyi halda özü üçün təyyarədə biletin olmadığının bildirilməsi kimi ürək ağrıdıcı hallar olur.

Təsəvvür etmək çətin deyil: cənazəni aparırsan, sənədləri təftiş olunur, “neçə kilodu?” soruşulur, ona uyğun vəsait tələb olunur… Daha ciddi problem isə cənazənin yalnız dəmir tabutda qəbul edilməsidir. Dəmir tabutu isə hər zaman tapmaq və ya düzəltdirmək olmur, tapılsa da hər kəsin “cibinə” uyğun deyil: Bəzən ölüm gecə saatlarında baş verir, təcili aparmaq lazımdır. Bu vaxt dəmir tabut tapmaq müşkülə çevrilir. Ölü yiyəsi bilmir ölüsünün hayına qalsın, yoxsa dəmir tabut tapsın, sənədləri-filanı qaydaya salsın?! Əslində, bir saatlıq yolu taxta tabutla da aparmaq olar”. Problem təkcə bunlarla yekunlaşmır, çox vaxt yaxınların hamısına bilet tapılmır, cənazənin Naxçıvanda qarşılanması, dəfn edilməsi başqa yaxın adamlardan xahiş olunur. Yaxınını itirmiş, sarsılmış, emosional adam üçün bunun necə məşəqqətli hal olduğunu izah etməyə ehtiyac yoxdur.

Nəzərə almaq lazımdır ki, dini rituallara ciddi əməl edən Naxçıvan camaatı rəhmətə gedənlərini əsasən doğulduğu yerdə dəfn edirlər.

Əslən Naxçıvandan olan millət vəkili Fazil Mustafa BakuPost-a açıqlamasında deyib ki, həqiqətən insanlar təyyarə ilə Naxçıvana cənazə apararkən böyük sıxıntı yaşayırlar: “Bu problemin sadəcə, tənzimləmə formasını dəqiq tapmaq lazımdır”.

Deputat hesab edir ki, gələcəkdə Nazirlər Kabinetinin 4 dekabr 2018-ci il tarixli “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda Naxçıvanla bağlı müəyyən proseduraların olması da nəzərdə tutula bilər. F. Mustafa bu məsələ müzakirə olunan zaman fikrini bildirməyə də hazırdır.

BakuPost-un “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ünvanladığı sorğuya cavab isə ümumi xarakterlidir: “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin “Sərnişinlərin, baqajın və yükün daşınması qaydaları”nın 12.5.1-ci bəndinə müvafiq olaraq «faciəli vəziyyətlə əlaqədar» (yaxın qohumlarının ölümü, tabutun müşayiəti) səfər edən sərnişinlər daşımaya növbədənkənar qəbul oluna bilərlər. Bu zaman aviaşirkət bu hadisənin baş verdiyini təsdiq edən sənədləri tələb etmək hüququna malikdir. Həmin Qaydaların 12.5.2-ci bəndinə əsasən bu kateqoriyadan olan sərnişinlər üçün geri istiqamətdə reysə təxsisetmə ümumi əsaslarla həyata keçirilir. Bundan əlavə qeyd etmək istərdik ki, fəaliyyətimiz boyunca, bu qəbildən olan daşınma zamanı problemlə üzləşməmişik. Avaişirkətin əməkdaşları qaydalar çərçivəsində hərəkət etməklə yanaşı, vəfat edən şəxsin yaxınlarına daha duyarlı və həssas yanaşırlar”.

Ancaq ölüm çox zaman qəfil, gözlənilmədən baş verən bir haldır. Bəlkə Bakıda yaşayan şəxsin vəfat etmiş valideyninin, yaxınının cənazəsini yük kimi, yük qiyməti ilə Naxçıvana yola salmaq üçün həmin an yetərli vəsaiti yoxdur?!

Nazirlər Kabinetinin təsdiq etdiyi “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda Naxçıvanla bağlı güzəştlər, tutaq ki, prosesin dövlət büdcəsi hesabına həyata keçirilməsi əksini tapması mümkün ola bilməzdi? Naxçıvana münasibətdə atılacaq bu humanist addım, yəqin ki, böyük həcmdə vəsait tələb etməzdi.

Məsələ ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin də münasibətini və təkliflərini  işıqlandırmağa hazırıq. Çünki bu sahədə Dövlət Komitəsi daha məlumatlı və peşəkar mütəxəssislərin çalışdığı bir qurumdur. Elə “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın hazırlanmasında da məhz Dövlət Komitəsi əsas qurum kimi çıxış edib…

 




Yuxarı Əvvələ Ana Səhifə