XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

22 Fevral 2016 - 15:33

Paytaxt şəhərlərin bəlası – mənzil oğurluqları:Bu cinayətlərə qarşı necə mübarizə aparmalı?

 shemseddin

 

Şəmsəddin ƏLİYEV 

“Polisə Dəstək” İB-nin sədri

 

 

2015-ci il ərzində ölkə üzrə 26.916 cinayət qeydə alınıb. Onların 87,5% Daxili İşlər və Prokurorluq orqanlarının fəaliyyətinə aid olan cinayətlərdir. Təsnifatına görə, həmin cinayətlərin 84,2% böyük ictimai təhlükə törətməyən və az ağır, 15,8% isə ağır və xüsusi ilə ağır cinayətlərdir.

 

2014-cü il ilə müqayisədə ötən il qəsdən törədilən qətllər 7,3%, qəsdən sağlamlığa ağır zərər vurmalar 6,7%, yetkinlik yaşına çatmayanların cinayətləri 2,4% azalma ilə müşahidə edilib. Səriştəli əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürmələrin açılması 98,2% (2014-cü il ilə müqayisədə 9% çoxdur), həmçinin keçmiş illərdən bağlı qalmış 344 cinayətlərin açılması təmin edilib. 2015-ci il ərzində qeydə alınmış cinayətlərin açılması 82,4% təşkil etməklə, əvvəlki dövrlərdən fərqli olaraq 1,7% yaxşılaşıb.

 

Cinayətlərin 19,7% (4631) şəxsiyyət əleyhinə, 48,2% (11359) iqtisadi fəaliyyət sahəsində, 28,9% (6803) ictimai təhlükəsizlik və ictimai qaydalar və 3,2%-i (751) dövlət hakimiyyəti əleyhinə aid olub. Cinayətlərin strukturunda qəsdən adam öldürmə 7,3% (-16), xuliqanlıqlar 4,5% (-52) azalıb, dələduzluqlar 37,1% (+991), oğurluqlar 8,1% (+476), o cümlədən mənzillərdən oğurluqlar 13,5% (+257), soyğunçuluq-qarətlər 40,2% (+97), quldurluq 31,9% (+51), hədə qorxu ilə tələb etmə 42,9% (+24), qaçaqmalçılıq 16,1% (+5), korrupsiya ilə bağlı cinayətlər 18,4% (+34) artıb.

 

Ümumi cinayətlərin sırasında ictimai yerlərdə baş vermiş cinayətlər 2014-cü il ilə müqayisədə statistikada +9,4% artma ilə yadda qalır. Lakin əhalinin hər 100 min nəfərə düşən cinayətlərin sayının azalması da diqqət çəkir.

 

2015-ci il ərzində mənzil oğurluqlarına aid olan cinayətlərin artması tendensiyasını isə sosial və iqtisadi sahədə dəyişiklərlə, narkomaniyanın təsiri ilə bağlamaq olar.

 

Əvvəlki dövrdən fərqli olaraq və bəzi hüquqşünas-ekspertlərin, kriminoloq alimlərin fikrinə qarşı çıxaraq müasir oğurluqları doğuran səbəb və şəraiti təkcə işsizlik və sosial çətinliklərlə, habelə yoxsulluqla bağlamaq sadəlövhlük olardı. Daha çox narkomanlıqdan asılı olan və bu asılılıqdan xilas olub ehtiyaclarını ödəmək üçün pul tapa bilməyən şəxslər, iradəsinə qalib gələ bilməyən və əməlinin ağırlıq dərəcəsini anlamayanlar, nəticəsini düşünmədən tamahla müşayət edilən cinayətlərə-oğurluğa, soyğunçuluğa, quldurluğa və digər ağır cinayətləri törətməkdə çətinlik çəkmirlər. Mən belələrini ruhu və vicdanları natəmiz məxluq adlandırıram. Məsuliyyətlə vurğulayıram ki, mənzil oğurluqları, quldurluq və soyğunçuluq cinayətlərinin subyektləri sırasında erudisiyalı ali təhsillilər istisnalıq təşkil edir. Çətin maddi durumda yaşayanlar və işsiz insanlar var ki, dilənməyə üstünlük verər, amma qəsdən törədilən cinayətlərə meyl salmazlar. Ümumiyyətlə, narkomanlıq həm ailənin, həm də cəmiyyətin xəstəliyidir. Narkomanı məsuliyyətə cəlb etmək yox, onu müalicə etməklə cəmiyyətin və ailənin narahatlıqları da aradan qalxacaq.

 

İctimaiyyət arasında narahatlıqla qarşılanan cinayət növlərindən biri də vətəndaşların əmlaklarını gizli yolla talanmasıdır.

 

Mövcud statistika belə deməyə əsas verir ki, cinayətkarlıqla mübarizə siyasətinin tələbi daxilində bu sahə planlı və elmi qaydada əhatə olunarsa, mənzil oğurluqlarını doğuran səbəb və şəraitin aradan qaldırılmasına təsir etməyə imkan yaranacaq.

 

Mənzil oğurluqları (müftəxorluq) Respublikanın daha çox iri, inkişaf etmiş şəhərlərində-regionlarında baş verir, keyfiyyət və kəmiyyət cəhətlərinə görə eyni göstəricilərlə əks olunur. Faktlar yeni yaşayış massivlərində, iri yaşayış zonalarında, bəzən qrup halında və ardıcıllıqla törədilir.

 

Buna təsir edən faktorlar sırasında sakinlər arasında möhkəm və davamlı sosial əlaqənin yoxluğunu, mənzillərin mühafizəsi ilə bağlı texniki qurğulardan istifadə edilməməsini, həmin ərazilərdə mobil polis dayaqlarının yerləşdirilməsində yubanmaları və sakinlər tərəfindən polis orqanlarına vətəndaş dəstəyinin lazımi səviyyədə təmin olunmamasını göstərmək olar.

 

Mənzil oğurluqları ilə bağlı aparılan cinayət işlərinin prosesual araşdırması zamanı məlum olur ki, oğurluqların (təxminən 70,6%) əksəriyyəti çoxmənzilli və çoxmərtəbəli binalarda, az bir hissəsi xüsusi mülkiyyətdə olan evlərdə, kiçik qismi kommunal mənzillərdə baş verir. Çoxmənzilli binalarda mənzil oğurluqları üçün zəmin yaradan əlamətlərdən biri bloklarda elektrik lampalarının yanmaması (bu məqsədlə haqq sakinlərdən tutulur, sakinlər də ödəməkdən imtina edirlər) və blokun işıqlandırılması üçün "Azərenerji" şirkətindən buna vəsaitin ayrılmamasıdır. Diqqətdən kənarda qalan səbəblərdən biri də, istismara verilən hündürmərtəbəli binalarda bəzən giriş qapılarının standartlara uyğunlaşdırılmaması, pəncərələrin keyfiyyətli konstruksiyalardan hazırlanmaması, bəzi hallarda isə mənzillərin mühafizəsinin  müasir tələblərə cavab verməməsi və yaxud vətəndaşların bu köməkdən istifadə etməməsidir.

 

Xüsusi mülkiyyətdə olan yaşayış sahələrindəki oğurluqların səbəbləri sırasında kompakt məhəllələrdəki mənzillərin sahiblərinın bir-birilərinin gəlir mənbəyinə yaxşı bələd olmasıdır. Gündüz vaxtlarında şəxsi mənzillərdə  yalnız ahıl insanların olması ətrafa bəlli olur. “Oğrular” bu tip evləri müşahidələrində saxlamaqla həmin mənzillərə daxil olmaqda çətinlik çəkmirlər. Bəzən isə şahid bazasından, polis orqanlarının diqqətindən yayınmaq və iz saxlamamaq məqsədi ilə ümumi niyyətdən (iştirakçının ekstessi) kənara çıxaraq ahıl şəxsləri və qadınları cinayətlərinin qurbanına çevirirlər.

 

Hündürmərtəbəli binalarda baş verən oğurluğa daha çox aşağı mərtəbələrdəki mənzillər məruz qalır. Bu, onunla izah edilə bilər ki, “oğrular” mənzillərə gizli yolla daxil olarkən digər vasitələrdən savayı, qapını sındırmaq və yaxud açarların seçmə üsulundan, pəncərələrin nəfəslik yerlərindən istifadə edə bilirlər. Son illərdəki təcrübələr göstərir ki, hündürmərtəbəli binaların sayı artdıqca həmin yüksəklikdə olan mənzillərdə oğurluqların sayı da azalır. Lakin, bu “qanunauyğunluq” sonuncu mərtəbənin  mənzillərinə şamil oluna bilməz. Bəzən, burada da oğurluqların sayı artmağa başlayır. Binaların sıxlığı oğurluqların sayına (artmasına) təsir edə bilir. Bu cür binalarda kənardan gələn “qonaqlar” oğruluqla məşğul olmur. Oğurluqların hər bir növü qəsdən törədilir, gəlir əldə etmək motivi bu cinayətlərin xarakterik cəhətlərindəndir.

 

Mənzil oğurluqları cinayətlərinin tədqiqatı belə deməyə əsas verir ki, oğurluqların böyük hissəsi adətən yaz-yay aylarında və istirahət günlərində baş verir. Hər il mart ayından başlayaraq avqust ayının son günlərinədək mənzil oğurluqları ay üzrə 1,1 % artmağa başlayır. Payız fəslindən – sentyabr ayından başlayaraq noyabr da daxil olmaqla tədricən 3 ay ərzində oğurluqlarda təxminən 5,1% azalma müşahidə olunur. Qış aylarında isə bu cinayətlərin sayı dinamikada (dekabr-fevral aylarında) təxminən 3,3 % azalmaqla əks olunur. Beləliklə, əgər yaz-yay aylarında bu tərkibdən olan cinayətlər ümumi cinayətlərin təxminən 29,4 %-ni təşkil edirsə, payız fəslində aşkar olunmuş cinayətlərin faiz etibarı ilə kəmiyyət göstəriciləri təxminən 24,4%, qış mövsumu zamanı isə statistik göstəricilər daha az faizlə, təxminən 21,3% civarında özünə yer alır.

 

Qənaətim belədir ki, aprel ayından başlayaraq avqust ayına qədər mənzillərdən olan oğurluqların çoxalması məzuniyyət – bağ mövsümü ilə əlaqədar olur. Şəhər mənzillərinin əksəriyyəti bağ mövsümü zamanı boşalaraq baxımsız və sahibsiz vəziyyətdə qalır. Bu vəziyyət oğrulara geniş poliqon yaradır. Lakin, qış aylarında da mənzil oğurluqları artım ilə davam edə bilər. Bu, onunla izah oluna bilər ki, sakinlərin müəyyən qismi turist qismində başqa ölkələrə üz tutur, az qismi qışın istirahət günlərində kənd yerlərinə, doğmalarını ziyarət etməklə şəhər mənzillərini "Allaha təvəkkül", baxımsız qoyur, oğurluqlara “zəmin” yaradılır.

 

Toxunduğum səbəbləri də qanunauyğunluq kimi qəbul etmək olmaz. Artıq oğrular da ictimai marağa zidd əməllərini həyata keçirmək üçün sərfəli imkanlar axtarışında olur, yaxalanmamaq üçün müxtəlif və düşünülmüş “oğru-özəl” üsullardan faydalanırlar. Ona görə də, qeyri-aşkar şəraitdə baş verən bu cür cinayətlərin açılmasına bəzən uzun vaxt lazım gəlir. Zərərçəkən vətəndaşlar isə səbrsizliyə yol verir, polisi oğruları yaxalamamaqda suçlamaqdan çəkinmirlər. Səmimi etiraf edirəm ki, işin istintaqı ilə həyata keçirilən əməliyyat–axtarış tədbirlərində səhlənkarlıqlar olsa da, işin gedişinə nəzarət və tələbkarlıq həmişə sərt və prinsipal xarakter daşıyır.

Məsələn: uzun illər  yəni, 2015-ci il ərzində keçmiş illərdən bağlı qalmış 344 cinayətin açılması təmin edilib!

 

2015-ci il ərzində mənzillərdən olan oğurluqlar 13,5% (257 fakt 2014-cü il ilə müqayisədə) artıb. Bəzən silsilə mənzil oğurluqları və digər ağır cinayətlərin açılması bir mütəşəkkil dəstənin yaxalanması ilə təmin edilir. İctimaiyyətin bu işdə kənarda qalıb polisə dəstək verməməsi “cinayətkarların” məqsədli niyyətlərinin yerinə yetirilməsini asanlaşdırır.

 

Yenə şəxsi təhlillərim belə qənaətə gəlməyimə əsas verir ki, oğurluqlar daha çox saat 09:00-dan 17:00-qədər baş verir. Bu, sutkanın saat 17:00-dan gecə saat 01:00-qədər və gecə saat 01:00-dan səhər saat 09:00-qədər olan vaxt ərzində baş verən cinayətlərdən təxminən 15%, gecə saatlarında törədilən cinayətlərdən isə 40%-dən çoxdur. Yəni mənzillərin mühafizəsinə və baxılmasına səhər saat 09:00-dan 17-18:00-kimi daha çox ehtiyac var. Oğurluqlar mahiyyətinə görə “özgənin əmlakını gizli yolla talamadan” ibarət olduğuna görə, həmin ərəfədə mənzillər sahibsiz olduğundan cinayətkarlar bu vaxtdan istifadə edə bilirlər. Məhz ümumi oğurluqların 69%-dən bir az çoxu bu vaxtın payına düşür. Deməli, gündüz vaxtları oğurluqların baş verməsi üçün faydalı sayıla bilər.

 

Təcrübə göstərir ki, gecə saatlarında da mənzil oğurluqlarının sayı əhəmiyyətli dərəcədə dəyişir. Bu, həmvətənlərimizin rifah halı ilə də bağlı ola bilər. Şəhərdən – paytaxtdan kənar mülkləri olanlar gecəni mülklərində qalmağa üstünlük verməklə şəhər mənzilləri mühafizəsiz qalır, müəyyən qismi gecə həyat tərzini barlarda, gecə klublarında keçirtməklə məşğul olurlar. Mövcud, fərqinə varmadığımız imkanlardan da cinayətkarlar peşəkarcasına bəhrələnə bilirlər.

 

 Mənzil oğurluqlarına  xarici və daxili faktorlar da təsir edir.

 

Xarici faktorlara:

 

1. Cinayətin sübyektləri ilə (cinayətkarla qəsdin yönəldiyi obyekt arasında əlaqənin mövcudluğu;

2. Obyektin xarakteri (mənzil, bağ evi və s.);

3. Obyektin (maraq doğuran) olduğu yer;

4. Şəxsi əmlakın vəziyyəti;

5. İştirakçılığın mövcudluğu (Söhbət iki və daha çox şəxsin qəsdən cinayət-oğurluq törətməkdə qəsdən birgə iştirakından gedir);

6. Cinayət alətlərinin xarakterini aid etmək olar (Alətlərin hazırlanması və s.)

 

Daxili faktorlara:

 

– Cinayətlərin obyektləri və onların yerləşdiyi ərazi barədə hər hansı biliyin yoxluğu;

– əmlakın saxlanıldığı obyektlərə giriş və çıxışların olduğu yer, zərərçəkənin (obyekt-sahibinin) günün bölgüsü haqda məlumatlara malik olmaması;

– oğurluq təcrübəsi;

– Oğrunun fərdi xüsusiyyətləri (cəhətləri) və s.

 

Cinayət işlərinin ətrafında müqayisəli statistik məlumatları təhlil edərkən məlum olur ki, mənzillərə daxil olma zamanı diqqət çəkən primitiv üsullardan da istifadə edilir. Mənzil oğurluqları zamanı xüsusi olaraq qapı üçün açarların hazırlanması faktına çox nadir hallarda rast gəlmək olur.

 

Müasir təcrübədə, Lociya – binalara yapışıq və yaxud onun tərkibinə daxil olan açıq sütunlu qalereyadan mənzillərə, giriş qapısının sındırılması yolu ilə, pəncərə şüşələrinin çıxarılması, açarların sındırılması, açarların seçmə üsulla, açıq qalmış qapılardan daxil olma, bəzən də zərərçəkənin dəvəti və razılığı ilə eyvandan aşmaqla mənzilə daxil olma hallarına rast gəlinir.

 

Yuxarıda qeyd etdiyim sədləri aşmaqla əmlakın talanması hallarının təsnifi aşağıdakı üsullarla – qapının və açarların sındırılması, açarların seçmə yolu ilə, nəfəsliklərdən və pəncərələrdən keçməklə, açıq eyvanlardan istifadə etməklə həyata keçirilir. Mənzil oğurluqlarının təxminən 70-77% qeyd etdiyim üsullarla törədilir.

 

Mənzil sahiblərinin etibarından və ehtiyatsızlıqlarından istifadə etmək, müxtəlif xidmət sahələrinin adından faydalanmaq və zərərçəkənlərin unutqanlığı səbəbindən qapının açıq qalması nəticəsində baş verən mənzil oğurluqları təxminən 22-23% təşkil edir. Mənzillərə qanunsuz yolla daxil olmaların daha çox yayılmış üsullarına qapını, açarı sındırmaq, pəncərə şüşələrinin çıxarılması (və yaxud kəsilərək çıxarılması) açarların seçməsini aid etmək olar.

 

Qeyd etmək yerinə düşərdi ki, oğruların primitiv üsullarla mənzillərə daxil olması onların diletantlığı (şəxslərin oğurluğa həvəsi, bu sahədə naşılığı) ilə xarakterizə olunmur. Məsələ burasındadır ki, mənzil oğurluqlarında iştirak edən şəxslərin müvəffəqiyyəti və peşəkarlıq baxımından diqqət çəkən hal mənzilə daxil olmaların üsulları ilə yox, onların qanunsuz əməllərinin diqqətdən kənar, heç bir şahid bazası qoymadan və polisin müşahidə “obyektindən” yayınmasından ibarət olur.

 

Mənzil oğurluqlarının mahiyyəti və tipik cəhətlərindən biri oğrunun taladığı predmetlərin dəyərinə əhəmiyyət verməməsi və onu seçməməsidir. Nə gəldi – müxtəlif çeşidli əşyaları, billur qablar, qızıl, pul, məişət avadanlıqlarını və geyim əşyalarını sanki tələsərək talamaqda məqsədli olur. Amma bəziləri bahalı əmlaka (əşyalara), realizəsi daha tez və asan başa gələn mallara üstünlük verirlər.

 

Bu baxımdan:

1. Oğurluqların müəyyən hissəsi əvvəlcədən hazırlıq görülmədən baş verir: oğrular daxil olacaqları obyektləri bəzən planlaşdırır, bəzən də  saf-çürük etmir, öyrənmirlər, həmin obyektdə hansı əmlakın olması barədə məlumatları ya olmur, ya da səthi xarakter daşıyır. Lakin mənzil sahiblərinin olmadığı evlərə daxil olmaqda israrlı olurlar.

 

2. Müasir mənzil oğrularının əsas qismi  “peşəkar oğrular kateqoriyası”na aid deyillər.

 

Konstitutsion hüquqlar sırasında vətəndaşların şəxsi mülkiyyətinin toxunulmazlığı səviyyəsi cinayətkarların professionallığı ilə müqayisədə əhəmiyyətli dərəcədə geridə qalır. Vətəndaşların mənzillərinə tamahla müşahidə edilən “basqınlar” əksər (bəzi) hallarda dəqiq hazırlanmış plan əsasında həyata keçirilir.

 

Qeyd etdiklərim cinayətlərin ayrı-ayrı konkret növlərinin xəbərdarlığı və qabaqlayıcı tədbirlərin görülməsi üçün yeni forma və metodların hazırlanmasını aktuallaşdırır. Praktik işçilərin, alimlərin də (psixoloq və hüquqşünasların) mənzil oğurluqlarının xəbərdarlığı nəzəriyyəsi problem kimi diqqət çəksə də, cəmiyyətin inkişafını əks etdirən elmi tədqiqat xarakterli tədbirlər hazırlanmır. Alimlərimizin bu sahədəki hüquqi doktrinal baxışları hiss olunmur. SSRİ dağıldıqdan sonra həmin məkanda yaranmış müstəqil dövlətlərin hər birində cinayətkarlıqla mübarizə vəziyyəti müəyyən vaxt ərzində siyasi-hüquqi diqqətdən kənarda qaldığından davranışlarını budaya bilməyən, işsizlikdən əziyyət çəkən, iradəsinin hakimi yox, köləsinə çevrilən bəzi fərdlər keçid mərhələsindən sui-istifadə edərək öz çirkin əməllərini həyata keçirə bilmişlər.

 

1999-cu ildən başlayaraq bu sahədə ciddi islahatlara başlanıldı. Mərhum prezident Heydər Əliyevin formalaşdırdığı dövlət siyasəti digər sahələrlə yanaşı, cinayətkarlıqla mübarizə sahəsindəki tarixi islahatlarla da yadda qaldı. 1993-1995-ci illər ərzində Azərbaycan Respublikasında qeydə alınmış 13.145; 13.559; 19.958 cinayətlərin sayı artmaqda davam etsə də, 1996-1999-cu illərdə 17.528, 16.402, 14.937, 14.400 cinayətlər dinamikada qeydə alındı. Bu rəqəmlərə mütənasib olaraq oğurluqlar 1995-ci ildə 5065; 1996-cı ildə 3741, 1997-ci ildə 3084; 1998-ci ildə 2662; 1999-cu ildə 2557 cinayətlər tədricən (həmin ildən başlayaraq) azalmalarla müşahidə edilir. Məs: 1998-ci ildə 2088 (-444); 1999-cu ildə 1619 (-169); faktlarla statistikada qeydə düşüb.

 

Lakin iqtisadi inkişaf, bazar münasibətləri, vətəndaş cəmiyyətinin mərhələli inkişafı yeni cinayətlərin meydana gəlməsinə təsir etmiş, bəzi növ cinayətlərin – vətəndaşların şəxsi mülkiyyətinə yönələn qəsdlər və qeydiyyata alınan ümumi cinayətlərin sayı artdıqca mənzil oğurluqları da ümumi cinayətlərin sayına mütənasib olmuşdur. Əslində bu, dialektik qanunauyğunluqdur.

 

Cəmiyyətdə sosial problemlərin – maddi ehtiyacların tam həllinə və təminatına zəmanət verilsə də, tamah motivindən baş verən cinayətlərin sayı yoxa çıxmayacaq, “genetik məhkumluğun” uşaqları kimi həmişə doğulacaqlar. Vətəndaşların əmlak münasibətlərinə yönələn qəsdlər o vaxt və o yerdə aradan qalxacaq ki, orada hər kəsin maddi, mənəvi və ruhən tələbatları ödənilsin və sosial maneələr yox olsun. Belə cəmiyyətlər olmadığından, deməli, bu tərkibdən olan cinayətlərin də yoxluğuna zəmanət vermək ağlabatan deyil. Ona görə də, daha çox diqqət mənzil oğurluqlarının qarşısını almağa, profilaktik və xəbərdarlıq tədbirlərinə sərf etməyə yönəlməlidir. Amma xəbərdarlıq profilaktika və maarifləndirmə tədbirləri cinayətlərin baş verməsinə qədər həyata keçirilməlidir…

 

Mənzil oğurluqlarının xəbərdarlığının mühüm tərkib hissəsi polis orqanları tərəfindən viktimoloji faktorların neytrallaşması, vətəndaşların öz əmlaklarının mühafizəsinə istiqamətlənən funksiyasının möhkəmləndirilməsi ilə bağlıdır. Məsələn: pəncərə və qapıların qapanması, mənzilin mühafizəyə verilməsi ilə bağlı müqavilələrin bağlanması, müasir kamera tipli qurğuların quraşdırılması və s.

 

Qanunvericilik əksər hallarda (RF-da belədir) özgənin mənzillərinə gizli yolla daxil olub əmlakın talamasını ağırlaşdırıcı hal kimi qəbul edir. Belə cinayətlərin açılması RF-da təxminən 50% təşkil edir.

 

Mənzil oğurluqlarına qarşı müasir mübarizə metodlarının ən mühümü və səmərə verən üsulu mənzillərin siqnallaşdırılmasından keçir. Bunun üçün ilk növbədə mühafizə orqanları hərəkətləri və əməlləri ilə vətəndaşları inandıra biləcək addımlar atmalı və hər şeydən əvvəl, siqnallaşma ilə bağlı müqavilənin şərtləri – haqqın ödənilməsi vətəndaşların imkanları ilə uzlaşmalıdır. Müqavilənin qiyməti vətəndaşları qane etməlidir. Belə olarsa, mənzil sahibləri qeyd-şərtsiz müqavilə şərtlərinə imza atarlar. Yəni, pəncərə və qapılarda (mənzillərə girişin güman edilən yerlərinə) müxtəlif tipli səsli-küylü siqnalların yerləşdirilməsi (səsə, qapıya, pəncərəyə toxunulan hallarda reaksiya verən texniki qurğular) çox əhəmiyyət kəsb edir.

 

Mənzillərin qısa və yaxud uzun müddətə sahibsiz saxlanılması barədə yaxın tanışlarına məlumatın verilməsi də məqbul sayılmır. Cəzaçəkmə müəssisələrindən azad olmuş şəxslər, yeniyetmələr və heç yerdə işləməyənlərlə ərazidə sahə müvəkkilləri, ictimai şuralar müvafiq profilaktik xarakterli iş aparmalıdırlar. Yaşayış massivlərində kriminogen durumunun narahatlıq doğuran ərazilərində “videomüşahidə” kameralarının quraşdırılması artıq “hökm” olunan məsələlərdəndir. Mənzil oğurluqlarına, qarət və quldurluqlara sədd qoymaq üçün “videomüşahidə” qurğularının qoyuluşu dövlətin hesabına həyata keçirilməlidir.

 

Son illərin təcrübəsi görtərir ki, bir sıra təhlükəli əməllər müvafiq orqanlardan gizlədilsə də və yaxud, ictimai münasibətlərə zidd əməllərin subyektləri təhlükəli əməllərindən (qısa və yaxud uzun vaxt) yayınsalar da, texniki qurğuların və kameraların müşahidəsindən yayınmaq mümkün olmur. Bu baxımdan, videokameralar “cinayətkarlar”və bu niyyətə qapılanlar üçün “hədə-qorxu” aparatıdır, bunun ictimaiyyət üçün böyük töhfəsi ola bilər. Ona görə də vətəndaşların şəxsi əmlakının oğurlanmasının qarşısının alınmasına yönələn  xəbərdarlıq halları cinayətkarlıqla mübarizənin daha qısa və həqiqi yoludur. Bu zaman, baş verə biləcək hər hansı bir ictimai-təhlükəli əməlin, qeyri-hüquqi və qeyri-əxlaqi hərəkət və hərəkətsizliklərin baş verməsinin səbəb və şəraiti vaxtından əvvəl neytrallaşacaq,  “cəmiyyətin səfil uşaqlarının doğulması” bloklaşdırılacaq, bir növ anormallığın bətndə inkişafı dayandırılacaq. Cəmiyyət üçün fəsadlar yaradacaq kriminogen faktlar hərəkətə keçmədən zərərsizləşdiriləcək. Obrazlı desək “doğulsalar” da, vaxtsız doğulan körpələr kimi inkişafı olmayacaq.

 

Xəbərdarlıq vasitələrinin cəbbəxanası nə qədər lakonik  olsa, cinayətkar fəaliyyətin ayaq tutub yeriməsinə əngəllər yaranacaq, ictimai münasibətlərə zərər vuran vərdişlərin qarşısı da vaxtında alına bilər. Bu cür tədbirləri – mübarizəni gücləndirmək istiqamətində verilən tapşırıqların diqqətəlayiq  üsullarla yerinə yetirilməsi və təbii ki, ictimaiyyətə zərər dəymədən, ədalət mühakiməsinin mürəkkəb mexanizmi tam hərəkətə gətirmədən, dövlətin məcburetmə metodunu, cəzanın hər hansı bir növünü tətbiq etmədən cinayət törətmək istəyində olan şəxslərin islah olunmasına imkanlar yaranacaq.

 

Ümumi sosial xəbərdarlıq tədbirlərinin geniş diapazonda həyata keçirilməsi praktik olaraq cinayətkarlığa, onun bütün növlərinə, eyni zamanda oğurluqlara, cinayətkarlığı doğuran səbəb və şəraitə, onun determinasiyasına məhdudiyyətlər yaradacaq. Bu, xəbərdarlığın və profilaktikanın çox aspektli, kompleks xarakterə malik olması iqtisadi, sosial, mədəni-tərbiyəvi və hüquqi tədbirlərin qarşılıqlı vəhdətində mümkündür. Qeyd etdiyim kimi, xəbərdarlığın və profilaktikanın əsas gücü cinayətləri doğuran səbəb və şəraitə, onun determinasiyasına, necə deyərlər, “səbəblərin səbəbinə” sərf edilməlidir.

 

Xəbərdarlıq tədbirləri birinci halda baş verə biləcək təhlükəli əməllərin qarşısını almaqdan və mövcud şəraitin zərərsizləşdirilməsindən, habelə, şəxsiyyətin formalaşdığı qeyri-normal şəraitin aradan qaldırılmasından, onun cəmiyyətə zidd  davranışlarına korrektənin edilməsindən və mikromühitin sağlamlaşdırılmasından gedirsə, ikinci halda xəbərdarlıq təsir tədbirləri artıq cinayətləri törətmiş, cinayət təqibinə məruz qalmış və məhkumluğu ödənilməmiş şəxslərə qarşı yönəlir ki, həmin (belə) şəxslər geri-residivliyə qayıtmasınlar, qəsdən təkrar törədilən cinayətlərə meyl etməsinlər.

 

Davranış normalarına və ictimai münasibətlərə zidd hərəkət edən bəzi şəxslər haqqında fərdi-profilaktik tədbirlərinin həyata keçirilməsinə də zərurət yaranır. Cinayət təqibinə əsas verməyən hüquqpozmaları törədən belə şəxslər ətrafında fərdi profilaktik tədbirlərin reallaşması nəticəsində onları pis vərdişlərdən saxlamaq mümkün olur. Fərdi profilaktik tədbirlər bilavasitə fərdlərin davranışlarnın tənzimlənməsinə, onların mikromühiti və həyat tərzi ilə bağlı olan kriminogen faktorların aşkar olunmasına və aradan qaldırılmasına (bloklaşdırılmasına və neytrallaşmasına) istiqamətlənir.

 

Fərdi profilaktik tədbirlər azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan əməlləri törətmiş, islah işlərinə məruz qalan və belə cəzalardan azad olmuş, inzibati hüquqpozmalara görə tənbeh olunmuş şəxslər ətrafında da həyata keçirilir. Məqsəd, belə şəxslərin davranış həddinin aşmasına imkan verməmək, onun formalaşmasına mane olan şəraiti sağlamlaşdırmaq, şəxsiyyət kimi normal inkişafını təmin etmək, anticəmiyyət əlaqələrini zərərsizləşdirmək və kriminogen həyat şəraitini neytrallaşdırmaqdan ibarətdir.

 

Bir sözlə, cinayətkarlığın xəbərdarlığı insanları, cəmiyyəti, hakimiyyətin iqtisadi və siyasi əsasını, ətraf mühiti, vətəndaşların həyat və sağlamlıqlarını cinayətkar qəsdlərdən qorumaq kimi anlaşılmalıdır. Bunun tarixi kökləri dövlətin və hüququn, cinayət qanunvericiliyinin yaranması dövrünə aid edilir. Əməlin cəzalandırılması vacib sayılırsa, ictimai-təhlükəli əməlləri doğuran səbəbləri aradan qaldırmaq, habelə xəbərdarlıq tədbirlərini qanunvericiliyə xas tərzdə, cəmiyyətin ovqatına uyğun həyata keçirilməsi də vacib şərt kimi qəbul edilməlidir.