XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

07 Fevral 2019 - 18:51

Dünyada intiharlar azalıb –Hər il azı 800 min nəfər özünü öldürür

1990-cı ildən bəri dünyada intiharların sayı 30 faiz azalıb. Bu haqda “Frans Pres” agentliyi yazıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada hər il azı 800 min nəfərin özünü öldürdüyünü bildirir. Ölkələr üzrə ölüm səbəblərini araşdıran “Global Burden of Disease” təşkilatı isə son illər intiharların səviyyəsində azalma getdiyini üzə çıxarıb.

Qurum 2016-cı ildə 817 min nəfərin özünə qıydığını, bunun 1990-cı ildən bəri 6,7 faizlik artım olduğunu deyir. Amma son 30 ildə dünya əhalisinin sayı artıb deyə, əhalinin sayı və yaşına görə azalma qeydə alınıb. Yəni hər 100 min nəfərdən əvvəl 16,6 nəfər intihar edirdisə, 2016-cı ildə bu göstərici 11,2-yə düşüb. Bu, 32,7 faizlik azalma deməkdir.

“İntihar ölümün önlənə bilən səbəbidir və bu araşdırma onu göstərir ki, biz intiharların önlənməsi yönündə işimizi davam etdirməliyik”, – tədqiqatçı alim Heyze Orpana deyib.

“The Global Burden of Disease” ümumilikdə azalma tendensiyasını alqışlasa da, intiharın bir çox regionlarda əsas ölüm səbəbləri arasında qaldığını da vurğulayır. 2016-cı ildə dünya üzrə intiharlar nəticəsində 34,6 milyon illik həyat itirilib. Bu göstərici konkret regionda və ölkədə orta ömür uzunluğu ilə intiharın törədildiyi yaşın müqayisəsi nəticəsində əldə olunur.

Bundan başqa, bütün regionlar və yaş qrupları üzrə (15-19 yaşlıları çıxmaqla) kişilərin qadınlardan daha çox həyatına son qoyduğu bildirilir. Amma təhlildə bunun səbəbi göstərilmir. Qlobal miqyasda, hər 100 min nəfər üzrə 15,6 kişi və 7,0 qadın özünə qıyır.

(Azadlıq radiosu)




Yuxarı Əvvələ Ana Səhifə