XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

18 Fevral 2019 - 17:20

AVROPAYA VƏ DÜNYAYA NƏ QƏDƏR ƏHALİ LAZIMDIR:Almaniya, Çin, Yaponiya və Rusiya demoqrafik fəlakətə gedir – Araşdırma  

Dmitri Bobrov

inosmi.ru, 18.02.2019

 

BMT-nin proqnozlarına görə, Yer kürəsinin əhalisi yüzilliyin sonuna doğru indiki 7,5 milyarddan 11 milyarda qalxacaq. Bununla belə, bir sıra ölkələrdə insan resurslarının ciddi qıtlığı müşahidə olunur. Almaniya, Rusiya, Yaponiya və nə qədər paradoksal olsa da, Çin bunların içindədir. Bununla yanaşı, Afrikada Saxaradan güneydə və Yaxın Şərqdə tarixdə görünməmiş demoqrafik partlayış müşahidə olunur. Hər şeyə əsasən, perspektivdə planetin sosial və geopolitik sarsıntılarla qarşı-qarşı olacağı ciddi demoqrafik disbalans yaranıb.

Bertelsman fondunun Almaniya üzrə son məlumatları gurultulu xəbər olub: Almaniyanın əmək bazarına hər il 260 min adamın axını gərəkdir və bu, ən yaxın 40 ildə lazımdır! Bu, faktiki bildirir ki, qocalan Almaniya qastarbaytrerlər və ya əmək mühacirləri – adını nə qoyursan, qoy – olmadan yaşaya bilməz. Ölkə 2060-cı ilədək cəmi 16 milyona yaxın adamın axınını gözləyir. Mütəxəssislərin qənaəti birmənalıdır: hətta pensiya yaşı 70-ə çatdırılsa da, Almaniyanın öz əmək resursları bəs etməyəcək. Diqqətçəkəndir ki, işçi gücünün əsas kontingenti Avropa Birliyinə daxil olmayan ölkələrdən cəlb ediləcək. Bu onunla izah olunur ki, AB ölkələrinin özləri “demoqrafik çuxur”dadır, habelə Şərqi Avropa ölkələrindən insan resursu çəkməyin isə öz həddi var.

Avropa dünyanın demoqrafik balansında özəl yer tutur. “Qoca qitə”nin əhalisi 1993-də zirvəyə çatıb və o vaxtdan durmadan azalır. Parisin “Le Monde diplomatique” nəşri bu dönüşü “Berlin divarı”nın uçduğu və Avropada kommunist sisteminin çökdüyü 1989-cu ilin sonuna bağlayır. Bu, Şərqi Avropa ölkələrində təkcə sosial deyil, həm də demoqrafik fəlakət, insan resursunun Şərqdən Qərbə əzəmətli keçidini  törədib. Mütəxəssislər Fransa və Ukrayna arasında paralel aparırlar. Fransa əhalisi 1989-dan doqquz milyon çoxalıbsa,Ukrayanda bir o sayda  azalıb. Eyni zamanda ötən yüzilliyin 70-ci illərindən başlayaraq bu gün qadınbaşına 1,4-1,5 uşaq təşkil edən doğuş Almaniya, İtaliya və Avstriyada kəskin düşüb. İspaniya, Portuqaliya və Yunanıstanda daha az – 1,3-dür. Bir qadına 2,1 uşağın düşdüyü göstəricinin “demoqrafik tarazlıq” anı sayıldığı halda. Amma AB-nin bütün bu ölkələri qastarbayter və mühacirlərin kütləvi axını sayəsində demoqrafik potensialı saxlaya bilib. 1987-dən başlayaraq təkcə Almaniyaya əsasən Avropa ölkələrindən 10 milyon, İspaniyaya Mərakeş, Latın Amerikası və Şərqi Avropadan altı milyon adam gəlib. Eyni zamanda qitənin şərqində demoqrafik fəlakət baş verib. Rumıniya 30 il boyunca 3.2 milyon adam, yaxud əhalinin 14%-i, Moldova 17%, Ukrayna 18%, Bosniya 20%-ə yaxın, Bolqarıstan və Litva 21%, Latviya 25,3% itirib. Bunu təkcə gəncliyin mühacirəti deyil, həm də ölümün artımı doğurub – kommunizm dönəmində formalaşan səhiyyə və sosial dəstək sisteminin dağılması törədib. İspan tarixçisi və filosof Feniks Rodriqo Moranın yazdığı kimi, “Rumıniya və Şərqi Avropanın bir sıra ölkələri soyqırımla tutuşdurula biləsi demoqrafik intihar edib”.

BMT ekspertlərinə görə, Rusiya 2050-ci ilə doğru 20 milyon adam itirə bilər, çünki ölkədə ötən yüzilliyin 90-cı illərindən başlayaraq demoqrafik ehram pozulub. Əhali 147,8 milyondan 123 milyon  nəfərədək azalacaq. İsveçrənin “Tam” (“Le Temps”) nəşri qeyd edir ki, Rusiya dövlətinin  bu tendensiyanı dəyişməyə bütün səyləri hələlik nəticə verməyib. Səbəb – yüksək ölümün qarşılığında doğuşun aşağı səviyyəsidir. Mühacir axını (ildə 200-300 min nəfər) bu durumu yalnız 86% tarazlayır. Ali İqtisadiyyat Məktəbinin məlumatına görə, mühacirlər – əsasən, Orta Asiyadan – Rusiya əhalisinin artıq 12%-i təşkil edir. Lakin Rusiyada əhalinin azalmasını tarazlayan mexanizmin özü Almaniya, İspaniya və Avropa Birliyinin başqa ölklərindəkindən az seçilir.

Bütünlükdə avropalıların dünya demoqrafik balansındakı payı durmadan azalır. 1900-cü ildə Yer kürəsi sakinlərinin 25%-i Avropaya düşürdüsə, indi 10%-ə yaxındır. Eyni zamanda, BMT-nin hesabladığına görə, Afrikanın Saxaradan güneydəki əhalisi 2050-yə doğru 2,5 milyard, əsrin sonunda isə 4,4 milyad nəfər – planetin 1980-dəki əhalisindən çox – təşkil edəcək. Afrikada və Yaxın Şərqdə əhalinin orta yaşı 15-20-dir. Afrikanın gəncliyi övladsız, “qocalmaqda olan” Avropaya getdikcə daha çox can atır, qarşıda qoca qitəni növbəti “xalqların köçü” gözləyir. Nə qədər qəribə olsa da, Çin insan resursu qıtlığı ilə üzləşməyə başlayır. Ölkə əhalisi tarixdə ik dəfə artımı dayandırıb və hətta azalmağa başlayaraq 1,3 milyarda çatıb. O, 2018-ci il boyunca 1,2 milyon azalıb. Viskonsin-Medison universitetindən demoqraf İ Fusyanın fikrincə, bu, nisbətən kiçik say olsa da, prosesin dönməz xarakterini göstərir. Çin ötən yüzilliyin 70-ci illərinin sonundan başlayaraq “bir uşaq siyasəti” aparıb – özü də yetərincə sərt üsullarla. İndi ÇXR hökuməti əmək resurslarının qıtlığından qorxaraq iki uşağa icazə verib. Amma bu dönəm boyunca özəlliklə şəhərdə yaşayan çinlilərin şüur və vərdişlərində dönüş baş verib: bir uşaqdan artığına malik olmaq istəmirlər. Baş səbəb – rahat yaşamaq və uşağa yaxşı təhsil təmin etməkdir. Lakin doğuşun azalması və əhalinin qocalması artımı onsuz da yavaşıyan Çin iqtisadiyyatı üçün ciddi problem ifadə edir. Mütəxəssislər qeyd edirlər ki, Çində təkcə 2017-ci il boyunca əməkqabiliyyətli əhalinin sayı 5,5 milyon nəfər azalıb (16-59 yaş qrupunda). Özü də bu prosesin getdiyi artıq beş ildən çoxdur. Eyni zamanda 60 yaşdan yuxarı çinlilərin sayı durmadan çoxalır və demoqrafların hesablamasına görə, 2050-ci ildə əhalinin 35%-ə çata bilər. Feliks Rodriqo Moranın fikrincə, doğuş əmsalının 1,6 təşkil etdiyi Çini perspektivdə iqtisadi çöküş və kimsənin qulluq etməyəcəyi milyonlarla qocanın mənasız həyatı təhdid edir. Çində baş verən demoqrafik proseslər nəticəsində Hindistan tezliklə dünyanın ən sıx əhalisi olan ölkəsinə çevriləcək.

Yaponiya özəl hadisədir. Burada söhbət əsil demoqrafik fəlakətdən gedir. Yapon demoqraflarının dəyərləndirdiyinə görə, ölkə əhalisi 2065-ci ilədək 2015-ci ildəki 126 milyondan 88 milyona qədər azalacaq. Baş nazir Sindzo Abe bu durumu “milli böhran” adlandırıb. Əsas səbəb az  doğuşdur. Yaponiya Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə doğuş göstəricisi 1899-cu ildən bəri ən aşağı səviyyəyə çatıb. 2016-cı ildə 941 min yapon dünyaya gəlib və 1,3 milyon ölüb. Bu tendensiyanın birbaşa nəticəsi cəmiyyətin qocalması olub: artıq 65 yaşdan yuxarı adamlar cəmiyyətin 27,2%-i təşkil edirlər.  Nəticədə son 15 ildə büdcədə sosial xərclərin payı 17,6%-dən 27,6%-ə qalxıb. Eyni zamanda pensiya ödənişləri çoxalır, qocalara qulluq problemi kəskinləşir. Yaponiya işçi qüvvəsi qıtlığıyla üzləşərək sərt mühacirət qanunvericiliyini yumşaltmağa vadar olub, Abe hökuməti ölkəyə yüz minlərlə əcnəbi fəhlə buraxmağı planlaşdırır.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə