XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Mart 2019 - 11:43

“İşəgötürmədə analığın cəzası” 38 faiz artıb –Beynəlxalq Əmək Təşkilatı

“İş yerlərində kişilərlə qadınlar arasında uçurumun qalmayacağı gələcək yaxındadır, amma ona çatmaqdan ötrü böyük sıçrayış lazımdır, tərəddüdlü addımlar deyil”. Bunu Beynəlxalq Əmək Təşkilatı 8 mart Beynəlxalq qadınlar günü münasibətilə açıqladığı hesabatında bildirir.

“Bunun baş verməsini reallaşdırmalıyıq və bu hesabat irəliyə yol göstərir”, – qurumun təmsilçisi Manuela Tomei deyib.

Beş il ərzində hazırlanmış hesabat üzə çıxarıb ki, son 27 ildə kişilərlə qadınların işə götürülmə səviyyəsindəki fərq iki faizdən də az azalıb. 2018-ci ildə qadınların kişilərə nisbətən işə götürülmə əmsalı 26 faiz az olub. Bu, “ILO-Gallup 2017” hesabatıyla ziddiyyət təşkil edir. Həmin hesabatda deyilirdi ki, qadınların 70 faizi evdə oturmaqdansa işləməyə üstünlük verir və kişilər də bununla razılaşır.

Bundan başqa, 2005-2015-ci illərdə “işəgötürmədə analığın cəzası” 38 faiz artıb. Yəni, yaşı 6-dan az uşaqları olan analar körpə uşağı olmayan analara baxanda işəgötürənlərə daha az cəlbedicidirlər.

Son 30 ildə qadınların rəhbərlikdə təmsilçiliyi də az dəyişib. Menecerlərin üçdə birindən də azı qadınlardır, baxmayaraq ki, onların kişi həmkarlarından daha yaxşı təhsilli olma ehtimalı var. Hesabatda deyilir ki, qadınların daha az işə götürülməsi, daha az maaş almasının əsas səbəbi təhsil deyil, onların təhsilə görə kişilər kimi divident almamasıdır.

“Liderlikdə analıq cəzası” da varmış: menecerlərin yalnız 25 faizi yaşı 6-dan az övladı olan qadınlardır. Körpə uşağı olmayan qadınlar isə menecerlərin 31 faizini təşkil edir.

Ümumilikdə isə qlobal səviyyədə genderə görə maaş uçurumu 20 faiz təşkil edir. Analar iş həyatları boyunca “analığa görə maaş cəzası” çəkirlər, atalara isə maaş bonusu verilir, hesabatda belə deyilir.