XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

11 Mart 2019 - 10:33

“Facebook”un qurucusunu “taxtdan endirən” qız –Dörd il əvvəl biznesə başlayan gənc necə milyarder oldu?

“Forbes” jurnalının hazırladığı milyarderlər siyahısına görə, dünyanın ən gənc milyarderi Kayle – Kardaşyan ailəsinin ən gənc üzvüdür. 21 yaşlı Kayle Cenner milyardlarını özünün kosmetika şirkəti sayəsində qazanıb.

Beləliklə, bu məşhur qız 23 yaşında milyarder olmuş “Facebook” qurucusu Mark Zuckerbergi taxtından endirib. Təxminlərə görə, Kayle Cennerin öz adını verdiyi kosmetika brendinin məhsulları keçən il 360 milyon dollar civarında gəlir gətirib. Kayle şirkətini 4 il əvvəl qurub.

Cenner “Forbes” jurnalına verdiyi açıqlamada deyib ki, bu işə başlayanda heç bir gözləntisi olmayıb, varlanmağı planlaşdırmayıb: “Amma qabiliyyətimin təsdiqi gözəl duyğudur. İnsanların təqdirini görmək xoşdur”.

Bəs, Kayle Cenner necə varlanıb? Dodaqları nazik olduğu üçün natamamlıq kompleksi keçirdiyini etiraf edən Cenner 2015-ci ildə “Kayle Cosmetics” brendini yaradıb. Onun məhsulları internetdə digər məşhur brendlərdən qat-qat çox diqqət çəkib.

Kaylienin məhsulları o qədər populyarlaşıb ki, tezliklə hamısı satılıb qurtarıb. Nə də olsa, Kayle Cenner bir sosial media dahisidir, axı. Şirkətin əsas hədəf kütləsi “İnstaqram”dakı 18-34 yaş aralığındakı 128 milyon izləyicisidir.

Şirkətin xərcləri gəlirlərindən xeyli azdır – “Forbes” jurnalı bu xəbəri keçənilki nömrələrin birinin üz qabığında dərc etmişdi. Bunun səbəbi məhsulların internet üzərindən satılmasıdır.

Əməliyyatlara və istehsala başqa insanlar nəzarət edir. Cenner son dərəcə məşhur sosial media fenomeni olduğu üçün marketinqə, demək olar ki, qəpik-quruş xərcləyir.

Kris Cenner həm ana, həm də fövqəladə qabiliyyətə malik menecer olaraq övladlarının maliyyə işlərini idarə edir. Ailəsi məhz onun sayəsində nəhəng biznes imperiyaya çevrilib.

Gəlirin 10 faizi həcmində qonorar alan Kris Cenner maliyyə məsələlərindən tutmuş ictimaiyyətlə əlaqələrə qədər bir xeyli işi təkbaşına görür. Kayle Cennerin bazara çıxardığı dodaq boyasının dərhal satılması Krisə bu sahədə iş fürsəti olduğunu nişan verib.

“Shopify” adlı platformadan istifadə edən menecer ana “Kylie Cosmetics”in daha geniş satış meydanına çıxmasına şərait yaradıb. “Forbes” jurnalının Kayle Cenneri gənc yaşda öz bacarığıyla milyarder olmuş biri kimi tanıtması sosial mediada fərqli şərhlərə səbəb olub.

Xeyli sayda sosial media istifadəçisi Cennerin əvvəldən varlı olduğunu yazaraq buna etiraz edib. Kayle məşhurluğuyla hamının tanıdığı bir ailədə dünyaya gəlib.

Bu ailə 10 ildir ki, populyar mədəniyyətin diqqət mərkəzindədir, xüsusilə də televiziyada Kardaşyanlarla ayaqlaşmaq şousu göstərilməyə başlayandan bəri. Kardaşyan və Cennerlər ailəsi kosmetikadan tutmuş geyim sektoruna qədər bir çox sahədə fəaliyyət göstərir.

Kayle Cenner 10 yaşından etibarən televiziya proqramlarında iştirak edir. Kim Kardaşyan bacısını müdafiə edərək deyib ki, o, valideynlərindən məsləhətdən başqa bir şey almayıb.

(BBC Azərbaycan)




Yuxarı Əvvələ Ana Səhifə