XƏBƏR LENTİ

21 Fevral 2020

Digər Xəbərlər

31 Mart 2019 - 13:45

DAHİLƏRİN ƏCAİB DAVRANIŞLARI:yırtıq tuflidə ölən Stalin, qoxumuş almalardan ilham alan Şiller, Hitleri yuxuda məğlub edən Çörçill… - Araşdırma

İosif Stalin

 

Stalin sadə geyimə meyli ilə ad çıxarmışdı – özü də eyni geyimə. Hansısa geyimə vərdiş edirdisə, onu süzülənə kimi geyinərdi. “Onun ancaq bir cüt bayır ayaqqabısı vardı, – Rəhbərin cangüdəni A.S.Rıbin xatırlayır. – Tuflinin dərisi  tamam cadar-cadar olmuş, altı yeyilmişdi. Bir sözlə, atılmalıydı. Hamı özünü pis hiss edirdi ki, Stalin işə də, qəbullara da, teatra da və adamların çox olduğu başqa yerlərə də onu geyinir. Mühafizə təzə tufli tikdirmək qərarına gəldi. Matryona Butuzova gecə onu divanın  yanına qoydu, köhnəni apardı…” Amma dəyişdirmə baş tutmadı. Simic baş katib yuxudan ayılanda hay-küy saldı ki, köhnə çəkmələrini qaytarsınlar. Onu, az qala, ölənə kimi geyindi.

Salvador Dali

 

Böyük rəssam və qalmaqalçı öz həyatında mümkün qədər əcaibliyə can atıb. Hətta ispanların nahardan sonra yatmaq vərdişini tamamilə sürrealist çalara keçirmişdi. Dali bunu “günortadan sonra açarla dincəlmək”, ya da “bir çimir yuxu” adlandırırdı. Rəssam kürsüyə oturur, böyük mis açarı sol əlinin baş və şəhadət barmaqları arasında saxlardı. Sol ayağının yanına üzüquylu metal kasa qoyulurdu. Bu vəziyyətdə yatmaq lazım gəlirdi. Məqsədə çatan kimi açar boşalmış əldən düşür, səs salır və Dali ayılırdı. O inandırırdı ki, bir çimir yuxu inanılmaz təravət gətirir və heyranedici görüntülər bəxş edir.

Yeri gəlmişkən, istisna deyil ki, burada hətta hansısa elmi əsas var. Çağdaş araşdırmalar göstərir ki, yuxunun birinci mərhələsi olan mürgüdən ikinci mərhələyə keçid anında insanın yaradıcı potensialı açılır, həllolunmaz görünən problemlərin tamamilə gözlənilməz həllini təklif etməyi bacarır.

Fridrix Şiller

 

Alman filosofu və şairi Şillerin yazı masasının gözü … iylənmiş almalarla dolu olmasaydı, yaza bilmirdi.

Şillerin dostu Höte nağıl edirdi: “Bir dəfə Fridrixə baş çəkməyə getmişdim, amma o, harasa çıxmışdı və arvadı iş kabinetində gözləməyi xahiş etdi. Kürsüyə əyləşdim, dirsəyimi masaya söykədim və birdən kəskin öyümə hiss etdim. Hətta açıq pəncərəyə yaxınlaşdım ki, təmiz hava udum. Əvvəlcə bu qəribə halın səbəbini anlamadım, sonra başa düşdüm ki, məsələ kəskin iydədir. Tezliklə onun qaynağı da üzə çıxdı: Şillerin masasının gözündə yarıxarab almalar vardı! Qulluqçunu səslədim ki, bu biabırçılığı rədd etsinlər, amma mənə dedilər ki, almaları ora bilə-bilə qoyublar, sahib başqa cür işləyə bilmir. Fridrix qayıtdı və bütün bunları təsdiq etdi”.

 

Aleksandr Suvorov

 

Məşhur sərkərdə əsil torağay quşu idi: hava işıqlanmazdan xeyli qabaq gecə saat ikidə, ya üçdə ayılardı. Bundan sonra soyuq suda yaxanar, səhər yeməyini yeyər və döyüş vaxtı olsaydı, mövqelərə baş çəkər, xoruz kimi banlayıb əsgərləri oyadardı. Qraf artıq səhər saat yeddidə nahar edir, axşam  altıda isə yatmağa uzanırdı.

Napoleon Bonapart

 

Fransa sərkərdəsi isti vannalara dəli sevgisiylə məşhurlaşmışdı. Sülh şəraitində gündə bir neçə dəfə vannaya girərdi. Özəl qulluqçu göz qoymalıydı ki, vannadakı su həmişə gərəkli istilikdə olsun. Bir saata qədər buğlanar, məktub diktə edər, ziyarətçiləri qəbul edərdi. Hərbi ekspedisiyalara hökmən yürüş vannası götürərdi.

Devrilmiş imperator Müqəddəs Yelena adasında ömrünün axırına yaxın, demək olar, bütün günü isti vannada keçirərdi.

Bonapartın daha bir xarakterik vərdişi çox sürətlə, diqqətsiz və pinti şəkildə, tamamilə tək səhər yeməyi yemək idi (otağa iltimasçılar və arvadıyla uşağı buraxılardı, amma heç birini masaya dəvət etməzdi). İmperator tələb edirdi ki, bütün yeməklər eyni vaxtda gətirilsin və sıyıq, qızartma və salat arasında fərq qoymadan eyni anda bütün boşqablardan yeyirdi. Səhər yeməyi, adətən, on dəqiqədən artıq çəkməzdi.

Onun məşhur üçkünc şlyapasına gəlincə, yürüşlər zamanı həmişə onu qoyardı. Amma şlyapa tez-tez dəyişilərdi: sərkərdədə qəzəblənərkən onu yerə çırpıb tapdalamaq vərdişi vardı.

Henrix İbsen

 

Norveç dramaturqunun da öz ilham pərisiylə olduqca qəribə münasibətləri var idi. İbsen iş zamanı kəskin nifrət etdiyi İsveç dramaturqu Avqust Strindberqin divardakı portretinə arabir baxarmış. Şved norveçliyə qarşılıqlı cavab verərmiş: İbsendən zəhləsi gedər və onu həyasızcasına plagiatçılıqda ittiham edərmiş. İbsen öz növbəsində Strindberqi psixopat adlandırırdı. Yeri gəlmişkən, bunun üçün müəyyən əsası var idi. Avqust izlənmə maniyasından əziyyət çəkirdi: bəzən qəflətən çevrilərək bıçağını çıxardır, görünməz düşmənləri hədələyirdi.  Dostları İbsendən Strindberqin onun divarında neylədiyini soruşanda norveçli cavab verərdi: “Bilirsinizmi, bu divanə gözlər mənə baxmasa, bir sətir də yaza bilmirəm!”

Bencamin Franklin

 

ABŞ-ın qurucu atası, birincisi, erkən yuxudan durmaqla ad çıxarmışdı (səhər beşdə artıq ayaqüstə olurdu), ikincisi, Napoleon kimi isti vannanı sevirdi. Franklin vannada işləməyə – elmi və publisistik əsərlər, bəzən isə ABŞ-ın Müstəqillik Bəyannaməsini yazmağa üstünlük verirdi.

Ser Bencamin habelə hava vannalarını çox faydalı sayırdı, yəni, sadəcə, lüt əyləşir və yenə də mətnlərin üzərində əlləşirdi. Belə deyək, düşüncəni heç nəyin sıxışdırmamağını sevirdi.

Viktor Hüqo

 

Fransa klassiki ölməz əsərlərini tez-tez çılpaq halda yazardı. Bu, bir növ, özünü şantaj etmək idi: Hüqo qulluqçuya bütün paltarları götürməyi əmr edərdi ki, evdən çıxmaq və işdən yayınmaq həvəsini istisna etsin.

Tomas Edison

 

Böyük ixtiraçı dostlarına həmişə qürrələnərdi ki, gündə üç-dörd saat yatmaqla kifayətlənir. Bu, bir yandan, həqiqət idi: Edison yataqda dörd saatdan çox uzanmazdı. Amma onda gün boyunca ən uyğunsuz yerlərdə mürgüləmək vərdişi var idi. Tomas kürsüdə, laboratoriyasında skamyada, dolabda və hətta laboratoriya ştativ masasına dirsəklənib yatmaq vərdişi var idi. Bu yuxu, bir qayda olaraq, yarım saata yaxın çəkirdi və elə dərin olurdu ki, bu an heç kim ixtiraçını oyada bilməzdi.

Uinston Çörçill

 

Britaniya baş nazirinin erkən səhər siqar çəkmək və viski içmək vərdişi onsuz da bəllidir. Böyük siyasətçi həm də günorta yuxusunun ölüsüydü. O, evdən, adətən, yalnız axşamlar çıxardı. Çörçill erkən səhər yeməyi yeyir, birbaşa yataqda işgüzar yazışmayla məşğul olur, sonra vannaya girir, nahar edir, sonra isə arvadıyla kart oynayır və ya rəssamlıqla məşğul olur, pijamasını geyinir və yenə də bir-iki saatlığa yataq otağına çəkilirdi.

Müharibə vaxtı evdəki qaydanı bir qədər dəyişmək lazım gəldi, amma baş nazir hətta parlamentin binasında da şəxsi çarpayı saxlayır, cəbhədən hər hansı xəbərə baxmayaraq, günorta həmişə mürgüləyirdi. Hətta Çörçill hesab edirdi ki, o məhz gündüz yuxusunun sayəsində Hitlerin Britaniyaya hava hücumunu dəf etməyə nail olub.

Lev Landau

 

Alim yayda bağ evində kartla pasyans düzməyi çox xoşlardı – xüsusən də variantları hesablamaq lazım gələndə. Onda hətta ən qəliz variantlar həmişə alınırdı. O deyərdi: “Bu sizə fizika deyil, burada düşünmək gərəkdir!”

 

Strateq.az