XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

16 Yanvar 2016 - 06:06

İnsan hüquqlarının fəlsəfəsi: [color=red]İnsan hüquqlarına aid biliklər – I yazı

elshen-2.jpg

Elşən Nəsibov

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq,

İnsan hüquqları İnstitutunun əməkdaşı

 

Biliklər insan düşüncələrində formalaşan sistemli və strukturlu, bu baxımdan da qarşılıqlı şərtləndirici, sistemləşdirici və ümumən bütövləşdirici məlumatlardır. İnsanlar biliklər sayəsində sistemli dərketmə qabiliyyətinə malik olurlar. Biliklərin artırılması özlüyündə elə insan təfəkkürünün formalaşmasına-mürəkkəbləşməsinə və sadələşməsinə səbəb olur. İnsan müxtəliflik sayəsində sahələr üzrə elmi biliklərini formalaşdırırlar. 

Biliklər – dini, rasional və empirik (təcrübələrə əsaslanan) formaya malik olur. Empirik (elmi təcrübələrə əsaslanan) biliklər qaydalar yaradır. Əməl qaydaları burada formalaşır. Məsələn, istənilən bir fiziki və məzmunu dəyişiklik yaratmaq üçün laboratoriyalarda texniki-kimyəvi və fiziki proseslər həyata keçirilir. Bu dəyişiklik özlüyündə bir qayda olur və biliklərdən yaranan qaydalar sayəsində ardıcılı fiziki və kimyəvi proseslər tətbiq olunur. Burada empirik biliklər ardıcıl şəkildə tətbiq olunur. Biliklər sistemləşir. Empirik biliklər yeni təcrübələrə əsasən dəyişə, təkmilləşə və genişlənə  bilir.

Rasional biliklər isə daha çox təfəkkürün müstəqil məntiqi nəticələrinə söykənir. Bu kimi biliklər ideal düşüncələrin yaranmasını təmin edir. İstər rasional, istərsə də empirik biliklər qeyri-müəyyənliyi müəyyənliyə çevirir. Empirik biliklər maddi-fiziki aləmi əhatə edirsə, özünə obyekt kimi müəyyən edirsə, rasional biliklər mənəvi, ideal aləmi obyekt kimi müəyyənləşdirir.

Onu da nəzərə almaq lazımdır ki, hər iki bilik mənbəyi, sahəsi əqli nəticələrin sayəsində qazanılır. Burada nəticə etibarilə formaların əldə olunması prosesləri həyata keçir və bilik normaları və qaydaları əldə olunur. Bu qaydalar özlüyündə öyrənmə və öyrətmə xassələrini yaradır.

Biliklər düşüncələri istiqamətləndirir, sistemləşdirir və yönləndirir. Bu baxımdan da düşüncələr müstəvisi də meydana gəlir. Biliklər müstəvisindən, sahələrdə formalaşan biliklərdən, strukturlu biliklərdən məhz elmi istiqamətlər formalaşır. İnsan hüquqlarına aid olan biliklər (burada müəyyən olunaraq normalara və qaydalara salınan biliklər, nəzəri mülahizələr, elmi nəticələrdən əldə olunan məlumatlar, müşahidə sayəsində əldə olunan məlumatlar, rasional düşüncələrdən əldə olunan məlumatlar və s.) bu sahədə olan elmi sistemləşməni meydana gətirir. İnsan hüquqlarına aid olan biliklər müvafiq sahələrdə insan hüquqlarına aid olan fənlərin yaranmasını təmin edir. “İnsan hüquqları” məfhumu bilik kateqoriyası olaraq, bu məfhumun əks olunduğu bütün sahələrdə biliklərin formalaşmasının baza kriteriyasını təşkil edir. İnsan hüquqları məfhumu bilikləri sahələr üzrə ayırır və mərkəzləşdirici kateqoriya olaraq özündən şaxələndirir. Bu şaxələnmə sayəsində düşüncələr də genişlənir və sahələrdə sintezlər və analizlər çoxalır. Bu baxımdan da insan hüquqları məfhumu mərkəzi sistemləşdirici, analizedici kriteriya, etalon, eləcə də dəyər rolunu oynayır. Bu məfhum bütün sahələrdə (dövlətdə, cəmiyyətdə, ailədə, məişətdə) insanı müşayiət edir. İnsan hüquqlarına aid olan biliklərin törənməsi prosesləri zamanı məfhum mərkəzi kateqoriya kimi mərkəzləşdirici və genişləndirici funksiya kəsb edir. 

İnsan hüquqlarının nəzəri əsaslarının öyrənilməsi, həmçinin nəzəri istiqamətin tərkibi olaraq, ayrı-ayrı ölkələrdə müəyyən olunma və təcrübi olaraq təmin olunma prosesləri qaydalarının öyrənilməsi, ayrı-ayrı ölkələrdə hüquq pozuntusu faktlarının araşdırılması və bu halların norma və qaydalara müvafiq olaraq uyğunlaşdırılması və halların biliklər şəkilinə salınması özlüyündə məhz insan hüquqları üzrə fənnin (hüquq elminin tərkibi olaraq) meydana gəlməsini şərtləndirir.

Biliklər nədir?

Biliklər insanların obyektlərə olan münasibətlərinin və əlaqələrinin ifadəsidir. Bu baxımdan da obyektlər konkret-mütləq və mücərrəd-mütləq olmaqla şərti olaraq, iki hissəyə ayrıla bilər. Bu ayrılmalardan da rasional və empirik biliklər yarana bilir. Düşüncələr və düşüncələrin ifadəsi olan məlumatlar, ifadə olunmuş cümlələr də (burada məntiqin təfəkkürdən hasil etdiyi cümlələr) biliklər rolunu oynaya bilir. Eləcə də obyektlər üçün mühüm əhəmiyyət kəsb edir. Düşüncələrin (subyektiv məzmunlu düşüncələr) ifadə olunması özlüyündə məhz biliklərin yaranmasını şərtləndirir, ifadələr də düşüncələr üçün obyekt rolunu oynayır.

Biliklər bir tərəfdən öyrənmə üçün elmi sahələrin formalaşmasını təmin edir, digər tərəfdən də davranış norma və qaydalarını meydana gətirir və fəaliyyətin əsaslarını yaradır. İnsan hüquqları üzrə biliklər hüquqların həm da mahiyyətini aşkarlayır. Burada artıq fəlsəfi məzmun yaranır. Tərkib isə elm tərəfindən öyrənilir. Elm tərkibi tezis, sintez və analiz yolu ilə öyrənir. Analiz başqa tezis üçün başlanğıc rolunu oynayır. 

Biliklər obyektlərin insan şüurlarında, təfəkkürdə obrazlanmasıdır. Ətraf mühit siqnallarının insan beyinində inikasıdır. Biliklər məlumatların qavranılması, yaddaşda saxlanılması və emalı ilə meydana gəlir. Bu baxımdan da öyrənilən biliklər də məlumatlar kimi xammal mənbəyini təşkil edir. Məsələn, insan hüquqları sahəsində yazılmış fundamental əsərlər özlüyündə digər əsərlər üçün bilik mənbəyi (faktlardan və düşüncələrdən meydana gəlmiş bilik mənbəyi) rolunu oynayır. Hüquqa dair ilkin (qədim dövrdə meydana gələn) biliklər sonrakı dövrlərdə hüquq sahəsində biliklərin genişlənməsini təmin etmişdir. Buradan da hüquq elmi meydana gəlmişdir. Hüquq elminin sahələri dövlətçilik və cəmiyyət nəzəriyyələrindən (siyasi və mülki baxışların əlaqələndirilməsindən), dini baxışlardan ortaya çıxmışdır. Hüquq sahəsində olan biliklər toplusundan elmin qolları meydana gəlmişdir. Hüquqa dair biliklər istehsal münasibətlərindən, kapital və ona sahiblik səlahiyyətlərindən, əmlak məxsusluğundan formalaşmışdır.

Biliklər idrak formaları olan anlayışlar, mühakimələr və əqli nəticələrdən əldə olunan və ötürülən məlumatlardır. Biliklər mühakimələrdir, anlayışlardır və anlayışların tərkib elementləridir. Biliklər təsvirlərdən və təsəvvürlərdən, təxəyyüllərdən, təcrübə və nəzəri biliklərdən (bunlara fiziki və kimyəvi forma üzərində qərarlaşan faktiki biliklər demək olar) əldə olunan məlumatlardır. Biliklər məlumatların sistemləşdirilməsindən, qruplaşdırılmasından, mexanizmlərlə qaydalara tabe olmasından, qaydaların meydana gəlməsini təmin edən məlumatlardır. Buna görə də biliklərdən elmi müstəvi formalaşır. Biliklər duyğu orqanlarının insana qəbul etdirdikləri məlumatlardan ibarət olur. Biliklər və onların əlaqəli öyrənilməsi elmin sistemli xarakterini müəyyən edir.

İnsan hüqüqları sahəsində olan məlumatlar – analitik fikirlər və əks olunan sahələrin ifadəsi biliklərdən ibarətdir. İnsan hüquqları sahəsində biliklər – tədqiqatçıların subyektiv bilikləri, obyektiv hüquqi biliklər – burada əsərlər, dövlətlərin qanunvericilik aktları, beynəlxalq hüquqi sənədlərdə əks olunan müddəalardan ibarətdir. Biliklər tarixi dövr və mərhələləri, mövcud zamanı və gələcək zamanı əks etdirir. Biliklər şəraitlərin ifadəsini təzahür etdirir. Biliklərin formalaşması əsasları mövcud olur. Biliklər duyğuların yaratdığı məlumatların da təəssüratları şəkilində meydana gəlir. Biliklər düşüncələri şəbəkələndirir, əhatələndirir, çünki informasiya çoxluğu insan düşüncələrində məkan tutumunu artırır. Burada artıq hissi biliklər, intuitiv biliklər önəm kəsb edir. İntuitiv biliklərin məntiqi düşüncələrlə ifadə olunması özlüyündə sistemli bilikləri yaradır.

İnsan hüquqları üzrə biliklər analogiyadan (müqayisə kriteriyalarından) da meydana gəlir. Müqayisə kriteriyalarına insanların fiziki müxtəlifliklərindən tutmuş, mənəvi və əməli-təcrübi müxtəliflikləri də aid olunur. Əmlak və vəzifə fərqləri, cəmiyyətdə və dövlətdə fərqli mövqelər, fərqli potensial müqayisə amillərini yaradır. Biliklərin müqayisəli təhlili özü ilə yeni hüquqi biliklərin nəticələrini formalaşdırır. Analogiyanın tətbiqi biliklərin yaranması proseslərində tətbiq olunan metodlardan birinin xassələrini təşkil edir. Analogiya (müqayisələr əsasında təhlillərin qurulması) sintez və analizin məhsulu olaraq formalaşır.

Biliklər sadə, adi şüurun qavradığı səviyyədə və mürəkkəb–konstruktiv məzmunlu olur. Mürəkkəb biliklərin konstruksiyası, məcazi mənada ifadə etsək, sadə biliklər arasında olan məsamələrdən meydana gəlir. Sadə biliklər arasında olan məsamələr çox daralarsa, onda sıxılma, bərkimə və gərilmə yarana bilər. Bu halda məsamələrin çoxalması “monolit”, “monoton” biliklərin yaranmasına səbəb olar. Bu da özlüyündə tərkibi çətin ayırd edən mürəkkəb məzmunlu sadə bir biliyin yaranmasına səbəb olar. Analoji olaraq, təsəvvür edək ki, armaturlar birləşir və bütöv bir monolit dəmir tökmə, dəmir tirlər (rusca, "brevno", "brus", "balka") yaranır. Dəmir tirin tərkib məsamələri çox sıx olduğundan onu görmək üçün laborator şərait lazım olur. Bu baxımdan da bilikləri sadə-kiçik həcmli və sadə-böyük həcmli, böyük tutumlu olmaqla, şərti olaraq iki qismə ayırmaq olar. Bu iki qism arasaında çoxlu sayda hissəələr mövcud olur.

Əgər biz hüquq sahəsində və digər sahədə olan bilikləri öz tərkib elementlərinin kəmiyyətinə görə təsnif etsək, onda belə nəticəyə gələ bilərik ki, biliklər sadə-adi şüur səviyyəsində qəbul edilən, mürəkkəb-elmi səviyyədə dərk edilə bilən və mürəkkəb-sadə – fəlsəfi mahiyyəti özündə əks etdirə bilən  xassəli olur. Biliklərin qavranılması dərəcələri daxili (yalnız elmi dairələr üçün) və xarici (bütün təfəkkürlü insanlar üçün – təbii ki, müəyyən yaş dövrünə gəlib çatmış insanlara aid olur) olmaqla sadəlikdən mürəkkəbliyə, mürəkkəblikdən də sadəliyə doğru formalaşır, dəyişir. Konstruktiv məzmun baxımından bilikləri sadə-a), mürəkkəb-b) və mürəkkəb-sadə-c) hissələrə, səviyyələrə bölmək olar. İnsan hüquqları üzrə biliklər sadəlikdən mürəkkəbliyə doğru dəyişdikcə forma və üst məzmun da dəyişikliyə məruz qalır, lakin baza məzmun olduğu kimi qalır. Yəni insan hüquqları anlayışı öz baza məzmununu, köklü mahiyyətini  saxlamış olur. Bu mahiyyət bütün fərqli sahələrdə özünü köklü formada olduğu kimi təsdiq edir. (Qeyd: insanın özünün mövcudluğu elə özündə öz hüquqlarının daşıyıcısı olmasını sübuta yetirir). Daxili məzmununu genişləndirir. “İnsan hüquqları” məfhumu bir kriteriya kimi genişlənir və bu genişlənmədən onun tərkib və bölgü ünsürü meydana gəlir.

Elmi tədqiqatçıların əsas funksiyası məlumatları qeyri-müəyyənlikdən müəyyənliyə çevirərək sistemləşdirmək, əldə olunan bilikləri mürəkkəb və sadə məzmunlu etməkdən ibarətdir. Biliklərin sintezi zamanı isə sadə və mürəkkəb xassələri ayırd etmək onların başlıca funksiyalarına aid olur. Tədqiqatçılar, mütəxəssislər xam məlumatlardan biliklər istehsal etməklə məşğul olmalıdırlar. Biliklərin (məlumatların) emalı (təkrar müəyyən olunması) və təkrar emalı onların əsas fəaliyyət məqsədlərini təşkil etməlidir.

İnsan hüquqları üzrə biliklər yaranır: əxlaq norma və qaydalarından, məişət normaları və qaydalarından, sosial norma və qaydalardan, dövlətin qanunvericilik sənədlərindən, dini kitablardan, qeyd olunan sahələr üzrə yazılan ayrı-ayrı müəlliflərin əsərlərindən. İnsan hüquqları üzrə biliklər normativ-məcburi, normativ-zəruri, normativ-tövsiyələrverici məzmunlu olur. Hüquq üzrə biliklər təsdiqləyici mahiyyətə malik olur. Biliklərin dərrakəni aydınlaşdırır və təfəkkürün təsdiqini meydana gətirir.

İnsan hüquqları üzrə biliklərin formalaşması üsulları: düşüncələrin ifadə olunması, o cümlədən məntiqi nəticələrə gəlinmə, sahələrə ayırma və sahələr arasında sintezin formalaşdırılması, həyata keçirilən proseslərin təzahürünün ifadə olunması, müşahidələrin həyata keçirilməsi, qaydalardan yeni qaydaların qəbul olunması; təcrübənin nəzəriyyəyə uyğunlaşdırılması, nəzəriyyə və təcrübə arasında əlaqələndirmədən. Bütün proseslər parçalayıcı və birləşdirici formalarla, üsullarla həyata keçirilir.




Yuxarı Əvvələ Ana Səhifə