Elşən NƏSİBOV
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq,
İnsan hüquqları İnstitutunun əməkdaşı
(I yazı burada: İnsan hüquqlarının fəlsəfəsi: İnsan hüquqlarına aid biliklər)
Hüquq nədir?
Hüquq məzmunca Uca tanrıdan insanlara verilən dəyərdir. Bu dəyərlər ilə insanların dövlət və cəmiyyətlərdə yaşam, mövqe və status qaydalarını müəyyən edir. Hüquq insanın cəmiyyətdə potensialını müəyyən edir. Hüquq bütün sahələrdə tətbiq olunan universal bir dəyər amilidir. Hüquq bütövləşdirici və tərkiblər müəyyənedici etalondur, kriteriyadır. Hüquqlar insanlara fövqtəbiətdən, təbiətdən verilən təbii haqlardır. Bu baxımdan insanı Ulu Tanrıya, təbiətə və özünə bağlayan tellər şəbəkəsidir. Haqq düşüncə və ifadə ilə, özünütəsdiq, özünütanıtım yolu ilə reallaşır, büruzə verir. Hüquq insanları qarşılıqlı maraqlar ilə vəhdətləşdirir. Burada bağlayıcı funksiyanı yerinə yetirir. Hüquq insanların maraq və münasibətlərinin formalaşmasının əsaslarını meydana gətirir.
Hüquq fəaliyyət, əməl, hərəkət sayəsində reallaşan dəyərə çevrilir. Hüquq bir kriteriya olaraq əmələ, hərəkətlərə, fəaliyətə təkan verən, onları əsaslandıran, istiqamətləndirən, onlara məkanlar müəyyən edən dəyər rolunu da oynayır. Hüquq ehtiyac və tələbatların ödənilməsi məqsədilə insanlara fəaliyyət haqları və vəzifələri də müəyyən edir. Hüquq məzmunca siqnallarla formalaşan bir fizioloji-ruhi (mənəvi) müstəvidir. Düşüncələr kompleksi baxımından insan dərrakəsinin və özündərkin əsasıdır. Özünüdərk hüquqa şərt verir və fəaliyyəti və düşüncələri bağlayır, tamamlayır, harmoniyalaşdırır. Bu baxımdan da hüquq məfhumu fəlsəfənin əsas obyektidir. Hüquq insanı təmin edən, insanı qoruyan hərəkətverici və mühafizəedici amildir. Hüquq öz dəyərləri ilə insanın yaşadığı mühitdə: cəmiyyətdə, dövlətdə, dünyada onlara yaşam qaydalarını təqdim edən kriteriyadır. Düşüncələrdə hərəkətverici, istiqamətləndirici amildir.
Hüquq insanı təsdiq edən, ifadə edən, təsbit edən, təsvir edən və bütün fəaliyyət və həyat boyu insanı müşayiət edən məzmun kriteriyasıdır.
İnsanların maddi-mənəvi tələbatlarının ölçü amilidir, normasıdır. İnsanlar üçün dəyərlər qazandıran və dəyərlərdən istifadə etdirən amildir. Hüquq meyardır, dəyərdir, etalondur, kəmiyyət kriteriyasıdır. Bu kriteriya ilə vəzifələr və öhdəliklər müəyyən olunur. Hüquq müqayisə elementidir ki, bunun da sayəsində insanların maraqları ölçülərlə, imkanlarla təmin edilir. Hüquq insanlara həm yol açır, onlara status verir, həm də insanların maraq sferalarını sərhədlərlə nizamlayır. Buradan da sərhədlər daxilində məkanlar meydana gəlir. Bu baxımdan da hüquq həm icazəverici, həm də qadağanedici normalardan ibarət olan kriteriyadır. Bütün hallarda və məkanlarda hüquq sərhədləri genişləndirən və daraldan amil rolunu oynayır. Məkan və məkan üzərindəki resurs, bu resurslardan istifadə qaydaları və normaları hüquqlarla müəyyən edilir. Bu baxımdan da hüquq fərdi və kollektiv formalı subyektlərin maraq amilinə bağlı olur.
Hüquq insan həyatı üçün lazımi resursları qazandırır, resursların istifadəsini müəyyən edir.
Hüquq insan fəaliyyətini şərtləndirir, ona istiqamətlər verir, məcmulaşdırır. Hüquq konseptual məzmun baxımından daxilən kompleksləşən və qarşılıqlı komplektlərdən (komplekslərdən) ibarət olan elementlər cəmidir.
Hüquq insanı fərdi və kollektiv münasibətlər və əlaqələr fonunda müəyyən edən bir amildir.
nsana ailə, məişət, cəmiyyət və dövlət qurumlarını yaratmağa əsas verir. Hüquq bu aspektdə sistemləşdirici kriteriyadır. Kompleks xarakterli elementlər cəmidir. Hüquq insanı dövlət adlanan qurumda ifadə edir və dövlətin əsas elementlərindən birinə, aparıcı qüvvəsinə və digər elementlərin mərkəzləşdirici obyektinə və subyektinə çevirir. Bu baxımdan da hüquq insanın təşkilati maraqlarını (siyasi, sosial, mülki və digər sahələrdə) təmin edən əsas mərkəzləşdirici, təkanverici kriteriyadır.
Hüquq istək təmin edən vasitədir, yol müəyyən edən kriteriyadır. Sistemi şaxələndirən dəyərdir, alətdir.
Hüquq sistem yaradan və bu baxımdan da sistemi kompleksləşdirən subyekt üçün əsas istiqamət və səlahiyyət vasitəsidir. Hüquq subyekti mühafizə edən dəyərdir və subyektin fəaliyyətini müvafiq məkanlarda əhatə edir və normalaşdırır.
Hüquq siyasət, cəmiyyət, iqtisadiyyat, mədəniyyət kimi sahələrdə insan maraqlarını müdafiə və təmin edən əsas dəyər və ölçü vasitəsidir.
Təbii haqlar yolu ilə insanlar öz həyatlarını nizama salırlar, sahələrdə maraqlarını təmin edirlər, müdafiə edirlər. Təbii hüquqlar insanların təbii fəaliyyətini şərtləndirir və yeni məzmunlu təbii hüquqların törəməsini meydana gətirir. Təbii hüquqlardan əlavə təbii hüquqlar müəyyən olunur. Bu baxımdan da hüquq törədici funksiya daşıyır. Hüquqların törənməsindən təbii hüquqlar şəbəkəsi genişlənir. İnsan öz fəaliyyəti ilə təbii hüquqlar sistemini meydana gətirir.
Haqq anlayışı məzmun və tərkib elementləri baxımından ixtiyar, sahiblik, səlahiyyət, məxsusluq, aidiyyəti olmaq, mənsubluq; varislik, xələfilik, sələfilik, irsilik kimi tərkib elementlərdən, ifadələrdən ibarətdir. Bu yöndə hüquq anlayışı dəyər anlayışını yaradır.
İnsan hüquqları insanlara onların fizioloji və əqli mövcudluqları ilə bəxş olunub. Bu kriteriya fizioloji-əqli vəhdəti yaradır və insan mövcudluğunu lazımi axarlara yönləndirir. İnsan hüquqları insanların əqli-şüuri mövcudluqlarının məkanda və zamanda isbatıdır, bu kimi dəyərlərin reallaşma nəticəsidir, aşkarlığıdır, müəyyənliyidir. İnsan hüquqları insanları məkanlarda təsbit edir, əlaqələri və münasibətləri ifadə edən və yönləndirən kriteriyaya çevirir. İnsan hüquqları insan həyatını normalarla, qaydalarla, ölçülərlə nizamlayır. Hüquq -münasibət, əlaqə, tələbat, maraq, mənafə, hərəkət, qazanc kriteriyasına çevrilir. Hüquq istifadə, əlaqə və münasibət anlarında ölçü, kəmiyyət və keyfiyyət kriteriyasını da formalaşdırır.
Bütün hüquqlar insan üçündür
İnsan hüquq ünsürüdür, hüquq daşıyıcısıdır. İnsan hüquq subyektidir. Hüquq formalaşdıran tərəfdir. Hüquq müəyyən edəndir. Haqqın dərk olunması qabiliyyəti və şüuru, xarakteri insana xasdır. İnsan öz hüququnu ictimai-siyasi əlaqələr və münasibətlər kontekstindən dərk edir. İnsan öz hüququnu öz əməli və düşüncəsi ilə müəyyən edir. Daha doğrusu, baza hüquqlarını üzərə çıxarır. Hüquqların tətbiqi ilə baza hüquqlarını müəyyən edir, şərtləndirir və yeni hüquqların yaranması sistemini təşkil edir. Sistem ümumi normalardan ibarət olur və dəyər universal dəyər müstəvisi funksiyasını meydana gətirir. İnsan hüquqları ailədə, cəmiyyətdə, dövlətdə ifadə olunur. Bu baxımdan da dövlət və cəmiyyət adlanan qurum insan hüquqlarının müəyyən olunmasını təmin edir. Dövlət və cəmiyyət hüquq yaradıcısı və təminedici rolunda çıxış edir. Cəmiyyət və dövlət adlanan qurumlar əlaqələr və münasibətlər kontekstindən insan hüquqlarının təminedici ünsürləri kimi çıxış edir. İnsanlar haqlarını dərk edirlər və bu kriteriya ilə haqlarını təmin edirlər. Fəaliyyətlərini haqları ilə bütövləşdirir və şərtləndirirlər. Hüquq insan hərəkətlərinin istiqamətlənməsinə haqq qazandıran kriteriya rolunu oynayır. Münasibətlər və əlaqələr sferasında hər bir tərəfin öz hərəkət məkanını və miqyasını müəyyən edir. Hüquq ümumiləşdirir və məxsusiləşdirir. Hüquq düşüncə formalaşdıran meyar rolunu oynayır. Hüquq kriteriyası haqqı resurslara bağlayır. Resurslar üzərində münasibətlər və əlaqələr insan hüquqlarının formalaşmasını ifadə edir.
İnsan öz haqqını müəyyən edən və haqqını təmin edən ünsürdür. İnsan hüquqları insanla birlikdə gəzir və məkan əldə edir. İnsanların hüquqları nəzəri cəhətdən müəyyən olunmuş sferaya daxil olur. Yəni, insanlar hüquq sistemini təşkil edirlər və müəyyən sistemə də daxil olurlar. Sistem özü də daxilən dəyişir, yeniləşir. İnsanla doğulan haqlar məkanda əvvəlcə müəyyən olunmuş normalar sisteminə, normalar müstəvisinə və şəbəkəsinə daxil olur.
Hüquq insanın təbii haqqı olaraq müxtəlif formalarda – siyasi və sivil formalarında ifadə olunur. Hüquq amilindən insanlar özləri üçün bütün əlaqə və münasibət formalarını yaratmaq normaları və qaydaları üçün istifadə edirlər. Hüquq normaları sistemi özlüyündə cəmiyyətdə, dövlətdə və dövlətlərarası əlaqələrdə və münasibətlərdə sistemi, alt sistemi, strukturu, alt strukturu yaradır. Hüquq kriteriya olaraq məcmu yaradır. Bütün sahələrdə olan münasibət və əlaqələrdə əsas kriteriya, dəyər, bağlayıcı element rolunu oynayır. Hüququn şaxələndirici mahiyyəti, insanların bütün sahələrdə fəaliyyətinin geniş spektrləri hüququn insan fəaliyyəti üçün müstəvi forması almasını təmin edir.
İnsanların öz dövlətlərində, cəmiyyətlərində və dünya dövlətlərində fəaliyyətləri hüquqla müəyyən olunur və qorunur. Hüquq insan fəaliyyətinin kompleksləşməsini təmin edir. Hüquq insan fəaliyyətinin stimullaşmasını, istiqamətlənməsini təmin edən norma, qayda və ölçü funksiyasını yerinə yetirir.
Hüquq cəmiyyətdə və dövlətdə insanın pasportudur. Onu müşayiət edən dəyər etalonudur. Hüquq məkanda və resurslara münasibətdə insanları təsdiq və ifadə edir. Hüquq insanların məkana və resurslara olan münasibətlərini tənzim edir. Hüquq insanlar arasındakı münasibətlərdə dəyərləri ölçülərlə (paylar şəkilində) ifadə edir. Ölçü etalonu rolunu oynayır.
İnsanın həm fərd, həm də şəxsiyyət kimi cəmiyyətdə yeri hüquqla müəyyən olunur. İnsanlar cəmiyyət və dövlət kompleksini də hüquqla təmin edirlər. Hüquq kriteriyası cəmiyyəti və dövləti də haqlar əldə etməyə imkanlar yaradır. İnsanların cəmiyyətlərdə və dövlətlərdə bütün münasibət və əlaqə formaları hüquq normaları və qaydaları ilə müəyyən olunur.
Hüquq insan üçündür, insanın təbii haqqıdır. Hüquq fərdi olaraq insanla doğulur və insanla da öz müddətini başa çatdırır. Hüquq əlaqə və münasibət dəyəridir. İnsanlar arasında əlaqələri müəyyən edən kriteriyadır. Elmi fikirlərdə hüquqları iki qismə bölürlər: təbii və pozitiv hüquqlar. Təbii hüquqlar təbiətdən gəlir. Bölgü şərtidir. Ona görə ki, təbii hüquqları cəmiyyət və dövlət sahələrə ayırır. Təbii hüquqlar insanla birlikdə doğulur. Pozitiv hüquqlar isə imkan və şəraitlə müəyyən olunur. Pozitiv hüquqları dövlət müəyyən edir. Cəmiyyət müəyyən edir. İnsanların təbii hüquqları daha çox qurumlar olaraq ailələrdə, cəmiyyətlərdə və dövlətlərdə təsdiq olunur. Dövlət hüquqları ifadə edir. Müəyyən edir, normalara salır və sahələr üzrə bölür.