Kanavero: “Başı başqa bədənə birləşdirməkdən ötrü bizim cəmi bir saat vaxtımız olacaq”
Neyrocərrah Sercio Kanavero Aleksandr Belyayevin “Professor Douelin başı” fantastik romanında təsvir edilmiş elmi sınağı 2017-ci ildə həyata keçirmək niyyətində olduğunu bildirib. Transplantasiya üçün könüllü olaraq Rusiya vətəndaşı, 30 yaşlı proqramçı Valeri Spiridonov çağrılıb.O, nadir genetik xəstəlikdən – kürək əzələsinin atrofiyasından əziyyət çəkir və hərəkətsizdir.
Kanaveronun sözlərinə görə, onun məqsədi sadəcə başın köçürülməsi deyil (bundan sonra bədən iflic olur), insanın həyat qabiliyyətinin tam şəkildə bərpasıdır. O deyir ki, əlbəttə, ilk əməliyyat naqis olacaq, lakin sonra onu axına qoşacaqlar və istənilən münasib xəstəxanada etmək mümkün olacaq. Bu, insanlığın tarixini dəyişdirəcək.
Kanavero vəd edir: “Biz təzə bədən əldə edə bilərik. Tutaq ki, 60-a qədər yaşamısan və bircə cəhdlə qəttəzəsən”.
Lakin başın uğurla köçürülməsi, hər şeydən əvvəl, bir çox adamların həyatını xilas etməyə imkan verər və əlillər, çarpayı və arabaya məhkum olunanlar üçün qurtuluş yolu ola bilər.
İtaliyalı cərrah yayda ABŞ-da mətbuat konfransı keçirib əsrin əməliyyatının sirrini açmağı vəd edir. Hələlik isə mənzərə aşağıdakı kimi görünür.
Birinci mərhələdə donorun və müştərinin bədənləri Selsi üzrə 10-15 dərəcəyə qədər soyudulacaq. Bu, hüceyrələrə oksigensiz uzun müddət diri qalmaq imkanı verəcək. Bu cür prosedur (hipotermiya) beynin dərin nahiyələrindəki əməliyyat zamanı tətbiq edilir. Sonra nanobıçaq vasitəsilə başı bədəndən ayıracaq və bir neçə saniyə ərzində ikinci donorun (nəzərdə tutulduğu kimi, həlak olmuş və yaxud qəflətən ölmüş adamın) bədəninə qoyacaqlar. Onurğa beyninin ucunu xüsusi materialla – polietilenqlikolla, iri qan damarlarını isə mikroskpoik borucuqlarla birləşdirəcəklər.
Kanavero dəqiqləşdirir: “Başı başqa bədənə birləşdirməkdən ötrü bizim cəmi bir saat vaxtımız olacaq, beynin qanla təchizatı isə 15 dəqiqədən sonra başlanacaq”.
Sonra toxuma və neyronların daha yaxşı bitişməsi üçün müştəri, təxminən, bir ay süni koma vəziyyətində saxlanacaq.
Kanaveronun hesablamasına görə, bu müddətdə yeni orqan tam bitişəcək. İnsan ayılandan sonra üz əzələlərini idarə edəcək və özünün adi səsi ilə danışacaq. Neyrocərrah sinir sonluqlarının tam bərpasına, təxminən, bir il ayırır: “Beyin və yeni bədən bir-birinə alışmalıdır“.
Neyrocərraha növbə ilə çalışan 150 doktor və tibb bacısının kömək edəcəyi planlaşdırılır. Əməliyyat 36 saat çəkəcək və 15 milyon dollara başa gələcək. Təqribən, bir ildən sonra isə təzə baş köçürülmüş adam öz yeni bədəninin hərəkətlərini tamamilə əlaqələndirməyi öyrənəcək: gəzəcək və digər hərəkətləri yerinə yetirəcək…
Bütün bunlarda, heç olmasa, zərrə qədər də sağlam düşüncə varmı?
Moskva Dövlət Universiteti biologiya fakültəsinin neyrofiziologiya və neyrointerfeyslər laboratoriyasının rəhbəri, biologiya elmləri doktoru, psixofizioloq Aleksandr Kaplan deyir: “Başın bir bədəndən digərinə köçürülməsi üçün cərrahi əməliyyat birbaşa bu gün mümkündür. Məktəb yoldaşım Vladimir Demixov bunu itlər üzərində hələ yarım əsr əvvəl etmişdi. Düzdür, cüzi uğurla: köçürülmüş kəllə bir-iki həftədən çox həyat əlaməti göstərmədi. Mən fizioloq kimi başa düşürəm ki, başın köçürülməsi prinsipcə, deyək ki, ürəyin köçürülməsindən fərqlənmir, hətta asandır. çox ehtimal ki, italiyalı cərrah bu işin öhdəsindən gələcək. Başın yeni bədəni idarə edib-etməyəcəyi isə başqa məsələdir”.
Sercio Kanaveronun İtaliya neyrocərrahlar Assosiasiyasındakı həmkarları da eyni sualı verirlər. Onlar öz saytlarında məlumat yerləşdiriblər ki, “Kanaveronun planı nəzəri baxımdan Robert Uaytın 1970-ci illərdəki uğursuz eksperimentlərinə əsaslanır. O zaman baş köçürülmüş meymunlar sonda “heç bir hərəkət və hissi fəaliyyət nümayiş etdirmirdi. Kanaveronun istinad etdiyi heyvanlar üzərində bütün əvvəlki təcrübələr isə ölümlə başa çatırdı. Deməli, elan edilən əməliyyat əcaiblik və təhlükəli macəradır“.
Bu arada Kanaveronun sələfləri (o, həqiqətən də bu köçürməyə qərar versə) sovet cərrahı Vladimir Demixov və Amerika cərrahı Robert Uayt olublar. Demixov 1954-cü ildə dünyada ilk dəfə küçüyün kəlləsini itin kürəyinə köçürməyə cəhd etdi və bir neçə gün yaşamış ikibaşlı it yaratdı. Uayt isə əcaib varlığın üzərində təcrübə aparmadı, sadəcə, bir başı digəri ilə əvəz etdi. O, belə bir əməliyyatı 1970-ci ildə meymun üzərində həyata keçirtdi, lakin baş beyni onurğa beyni ilə bitişdirə bilmədi. Buna görə də heyvanlar hərəkət etmək qabiliyyətində olmadı. Bundan başqa, bədənin immun sistemi yeni başı rədd etdi.
Məhz başın bitişkənliyi və onun onurğa beyni ilə birləşməsi transplantologiyada irəliləyiş arayan alimlər üçün indiyədək ciddi maneə olaraq qalır.
İtaliya neyrocərrahları qeyd edirlər: “Uğurlara baxmayaraq, sinir sisteminin regenerasiyası sahəsində nailiyyətlərimiz azdır və təcrübə çərçivəsndə nanotexnologiya vasitəsilə doğranmış onurğa beyni, təəssüf ki, öz funksiyalarını bərpa etmir. Kanavero bu problemi həll etməyib. Həm də Uaytın zavallı meymunlarındansa hətta müştəri artıq yaşasa da, onun başı köçürüldüyü bədəni idarə edə bilməz”.
Kanavero bu tənqidə cavab olaraq bildirir ki, “onurğa beyninin elektrik stimulyasiysından istifadə edəcək, bu isə sinir ucluqlarının regenerasiyasını sürətləndirəcək”.
Aleksandr Kaplan deyir: “Kanavero həm elektrik stimulyasiyasını, həm də müəmmalı “bioyapışqan” təklif edir. Lakin bunlar ancaq hələlik hər hansı bir tədqiqatla təsdiqlənməmiş açıqlamadır. Başı gövdəyə mexaniki şəkildə tikmək mümkündür: bütün əzələləri tikmək, qan dövranını bərpa etmək, yad toxumanın zorla ayrılmasını sakitləşdirmək… Lakin müasir təbabət onurğa beyninin tam anatomik zədələnməsi halında aciz görünür. Hansısa cərrahın toxumaların ayrılması problemi olmazkən bir adamdakı bu zədələnməni bitişdirdiyi haqda hələlik heç bir nümunə yoxdur. Burada isə müxtəlif adamların başı və bədəni! Buna görə də belə çıxır ki, problem kvadratda və hətta kubda qəlizləşir”.
Kanavero dəqiqləşdirir: “Donorun baş
ı bədənlə yeni bağlayıcı materialla – etilenqlikol polimer vasitəsilə birləşəcək”.
Aleksandr Kaplan bildirir: “Onurğa beyni milyonlarla ötürücü zəncirdir. Elm və təbabət hələlik “nöqtəbənöqtə” uğurla birləşdirmək üsulunu bilmir. Kanaveronun polietilenqlikola ümidləri, görünür, haqlıdır. Bu, qida əlavəsi və tibbi yağlar da hüceyrə membranlarını bərpa etməyə qadirdir. Lakin polietilenqlikolun transplantologiyada tətbiqi imkanları hələlik araşdırılmayıb”.
Professor qeyd edir: “Bununla bağlı demək lazımdır ki, heyvanlar üzərində ilkin sınaqlarsız tibbdə istənilən radikal təklif həmişə həyat üçün olduqca yüksək təhlükə ilə doludur. İndiki halda başın köçürülməsi zamanı uğursuzluq riski səmərəsizcəsinə böyükdür. Axı Etika komissiyasından icazə alıb heyvanlar üzərində sınaq aparmaq imkanı var. Bu yolla niyə gedilməsin? Niyə əlüstü insanla risk edilsin? Heyvanlar üzərindəki əvvəlki əməliyyatlar başın köçürülməsinin ancaq texniki imkanlarını sübut edib. Lakin köçürülmüş başın sağ qalması sıfır nəticə göstərib. Başlıcası isə, məsələ heç onurğa beyni liflərinin birləşdirilməsinə də gedib çatmayıb”.
Kaplan hesab edir ki, əgər uzaq gələcəkdə baş beynindən gedən zəncirləri yad bədənə birləşdirmək mümkün olarsa, onda hərəkət vərdişlərinin mənimsənilməsi prosesi həftələr və aylar deyil, bəlkə də, illər çəkər: “Dünyada baş beyinlə onurğa beyni arasındakı əlaqəni tam itirmiş yüz minlərlə xəstə var. Bədbəxtlikdən, müasir tibbin cəhdləri onlara yenidən yeriməyi öyrənmək imkanı vermir. Deməli, başın köçürülməsi halında insan hətta ən yaxşı vəziyyətdə tam hərəkətsizliyə düçar olacaq. Belə çıxır ki, bir qabiliyyətsiz bədən digər idarəolunmaz bədənə dəyişdirilir?”
Alimlərin cavabını bilmədikləri daha bir sual var. Bu cür stress durumundan sonra baş beyin, ümumiyyətlə, yaşaya bilərmi? Yaşaya bilərsə, onda pasiyentin psixikasında dönməz patoloji proseslər meydana çıxa bilərmi? Sadə dildə desək, insan insan olub qalarmı? Rusiya EA insan beyni İnstitutunun neyrovizuallaşdırma laboratoriyasının əməkdaşı, neyroradioloq Dmitri Korotkov bildirir: “İnsan beyni olduqca böyük və bir çox baxımdan öyrənilməmiş möhkəmlik ehtiyatına malikdir. Adamlar ağır baş zədəsi alır, lakin bir müddətdən sonra yenə də bərpa olunurlar. ümumiyyətlə, bədəni başdan ayırsaq, beyin özünü necə aparacaq? Biz bunu bilmirik. Hələ ki buna dair nümunə olmayıb”.
Aleksandr Kaplan bildirir: “Baş beynin bədəndən ayrıca yaşaması istisna olunmur. Dünya neyrocərrahiyyəsinin bütün təcrübəsi göstərir ki, hətta ağır zədələrdən sonra insan bir neçə ay və hətta bir neçə il komada qalarkən prinsipcə özünə gələ bilir və çox vaxt bərpa olunur. Beyin olduqca plastik orqandır. Başın köçürülməsi məsələsində beynin zədələnməsi güman olunmur. Qalır yad toxumaların zorla qoparılması problemi”.
Doktor Kanavero kim olursa-olsun – insanlığın xilaskarı və transplantologiya sahəsində fədakar və yaxud həllolunmaz elmi proeblemlə spekulyasiya edən, lakin ancaq pul qazanmaq barədə düşünən macərapərəst – onsuz da onun ardıcılları tapılacaq. İnsanın başını da nə zamansa mütləq köçürəcəklər. ümidlər çox böyükdür. “Lehinə” və “əleyhinə” dəlillər də son dərəcə böyükdür. Bir tərəfdən insan həyatı ilə risk etməyə imkan verməyən elmi etika və ölümcül xəstə insanlara əsassız ümidlər vermək, digər tərəfdən isə minlərlə həyatın gerçək xilası, son nəticədə isə, ola bilsin, ölümsüzlük. Axı Kanavero başın köçürülməsini ancaq ilk addım kimi elan edir…
Vladimir Voskresenski