XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 November 2019 - 23:32

MƏNZİLLƏR, MÜLKLƏR, İRİ TORPAQ SAHƏLƏRİ…- Adı Putinlə qoşa çəkilən Alina Kabayevanın adına milyardlıq əmlak üzə çıxıb

Tanınmış rus gimnast, Rusiya Dövlət Dumasının keçmiş deputatı Alina Kabayeva yenidən mətbuatın gündəminə gəlib. Rusiya prezidenti Vladimir Putinlə yaxın münasibətlərinə görə hər zaman diqqət mərkəzində olan olimpiya çempionunun adı bu dəfə ifşaedici araşdırmada hallandırılıb. Rusiyanın ayrı-ayrı bölgələrində aparılan jurnalist araşdırmasından məlum olub ki, hazırda Kabayevanın özünə və yaxın qohumlarına məxsus 1 milyard 250 milyon rubl dəyərində daşınmaz əmlak var. Məsələn, Kabayeva və qohumlarının adına 6 mənzil, 2 mülk və 4 ayrı regionda 70 sot ərazi rəsmiləşdirilib.

2018-ci ilin iyul ayında Alina Kabayeva Rublyovo-Uspensk şossesində ilk dəfə öz adına torpaq sahəsi rəsmiləşdirib. Rusiya Reyestr Xidmətinin məlumatına görə, “Uspenskoye” istirahət evinin yerləşdiyi kənddə gimnastın adına 25 sot torpaq var. Bu ərazi Kabayevanın nənəsi Anna Zatsepelinaya məxsus olan 45 sotluq əraziyə bitişikdir.

Bundan başqa, Esto-Sadok kəndindən bir neçə kilometr aralıda da Kabayevaya məxsus və Baş nazir Dmitri Medvedevin də ziyarət etdiyi bir iqamətgah var. Bu xəbər Aleksey Navalnının rəhbərlik etdiyi Korrupsiyaya Qarşı Mübarizə Fondunun araşdırmasından məlum olmuşdu. Sonradan Alina Kabayeva Medvedevlə uzun illərdir ünsiyyətdə olduğunu etiraf etmişdi.

İdmançının nənəsi Anna Zatsepilina, bacısı Leysan Kabayeva Moskva və Sankt-Peterburqda təxmini dəyəri 740 milyon rubl olan 4 mənzilə sahibdirlər. Mənzillər Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafındakı insanlardan – Pyotr Kolbin, Gennadi Timçenko və Qrigori Baevskidən alınıb.

Beləliklə, Kabaeyva və qohumlarının adına bazar qiyməti 1 milyard rubldan çox olan daşınmaz əmlak rəsmiləşdirilib. Bu əmlaklar əksər hallarda qapalı qəsəbələrdən alınır. Bir maraqlı məqam da bu əmlakların keçmiş sahiblərinin “Qazprom”a bağlı şəxslər olmalarıdır.

Alina Kabayeva gəlir bəyannaməsini son dəfə 2013-cü ildə – Dövlət Dumasının deputatı ikən açıqlamışdı. Həmin vaxt o, gəlirinin təqribən 11 milyon rubl olduğunu bildirmişdi.

Keçmiş gimnastın hazırda rəhbərlik etdiyi “Milli Media Qrupu” illik hesabat yaymır. Bu səbəbdən onun illik qazancının nə qədər olduğu məlum deyil.

2008-ci ildə “Moskovskiy korrespondent” qəzeti yazmışdı ki, Rusiya prezidenti Vladimir Putin həyat yoldaşı ilə ayrılıb və Alina Kabayeva ilə evlənməyə hazırlaşır. Bu xəbərin dərcindən sonra qəzet fəaliyyətini dayandırmış, sonra da qapadılmışdı. Mətbuatın yazdığına görə, Putinlə Kabayevanın üç övladı var. Lakin tərəflərdən heç biri bu xəbəri təsdiq etmir…

Tərcümə Strateq.az-ındır