200 mindən çox Suriya vətəndaşının qatilləri məhkəmə qarşısında duracqmı?
Beynəlxalq istintaq komissiyası məlumat verib ki, rəsmi sənədlərin Suriyadan çıxarılması üzrə üç il davam edən əməliyyat prezident Bəşər Əsədi və daha 24 yüksəkrütbəli məmuru məhkəməyə vermək üçün yetərincə sübutlar ortalığa qoyub. Suriya liderlərinə qarşı ittihamlar indiki Suriya münaqişəsini doğurmuş 2011-ci il etirazlarının boğulmasında onların əlinin olması ilə bağlıdır. On minlərlə özgə cür düşünməkdə ehtimal edilən insan həbs edilib, əksəriyyətinə Suriya həbsxanalarnda işgəncə verilərək öldürülüb.
Sübutları ədalət və məsuliyyət üzrə beynəlxalq Komissiya (ƏMBK) toplayır. Komissiyada təhqiqat və hüquqi məsələlər üzrə əvvəllər Beynəlxalq cinayət məhkəməsində və keçmiş Yuqoslaviya və Ruandadakı hərbi cinayətlər üzrə işləmiş mütəxəssislər çalışır. Rejimin sənədlərini ölkədən çıxartmaq üçün təhlükəli vəzifəni yerinə yetirmiş 50 suriyalı müstəntiq onlarla birgə işləyir. İş müddətində müstəntiqlərdən biri öldürülüb, biri ağır yaralanıb və daha bir neçə nəfər rejim tərəfindən həbs edilərək işgəncələrə məruz qoyulub.
Komissiyanı Qərb ölkələri, o cümlədən Britaniya, ABŞ, AB, Almaniya, İsveçrə, Norveç, Kanada və Danimarka maliyyələşdirir. O, sübutlar toplayır və gələcəkdə hərbi tribunal qurulacağı ehtimalı ilə ittihamnamə hazırlayır. BMT-dəki veto hüququndan istifadə edən Rusiya həm Beynəlxalq Cinayət Məhkəməsində (BCM) Suriya rejiminin fəaliyyətinin təhqiqatını, həm də Suriya üçün özəl məhkəmə yaradılmasını əngəlləyir. Bununla belə, hərbi uğursuzluqlar silsiləsi və Suriya hökumətinin ali heyətindəki münaqişələr ehtimal etməyə əsas verir ki, yekunda Əsəd rejimi çökə bilər. Belə olan halda funksionerləri məsuliyyətə cəlb etmək mümkün olacaq.
Komissiya hazırda həm hökumətin, həm də ekstremist müxalif qruplaşmaların cinayətlərini araşdırır. Artıq üç iş məhkəmə üçün hazırdır. Birinci iş böhranın nizamlanması üzrə Mərkəz qrupun (BNMQ) komanda zəncirinin fəaliyyətinə yönəlib. Bu işdə, əsasən, Əsədin, daxili işlər naziri Muhəmməd əş-Şəərin və 2011-ci ilin martından sentyabrına qədər BNMQ-ə altı ay rəhbərlik edən, BƏƏS partiyası katibinin köməkçisi Muhəmməd Səid Bəhəytanın adları keçir.
İkinci iş birbaşa BNMQ-ə tabe olan orqanın – Milli Təhlükəsizlik Bürosunun fəaliyyəti ətrafında cəmləşib. Dörd əsas xüsusi xidmətin başçısı Büronun tərkibinə daxildir.
üçüncü iş BƏƏS-in yerli şöbəsinin rəhbərinin başçılıq etdiyi Dəyr-əz-Zor əyalətinin təhlüksizlik komitəsinin fəaliyyətinə aiddir.
BNMQ-nin sənədləində adı keçən qalan 22 məmurun adı Qərb hökumətlərinə məlumdur, lakin hələlik dərc edilməyib.
Əvvəllər aparılmış təhqiqatlar Suriya rejiminin hərbi cinayətlərdə əli olmasını artıq müəyyən edib. Məsələn, BMT-nin komissiyası 2013-cü ilin dekabrında bildirdi ki, “sübutlar yüksəkrütbəli məmurların və şəxsən dövlət başçısının təqsirindən xəbər verir”.
Lakin ƏMBK-nin rəhbəri Bill Uayli hesab edir ki, komissyanın işinin özəl əhəmiyyəti var. Belə ki onun həmkarları faktların sübutlarla şərhi və tətbiq ediləsi hüquqi normalar daxil olmaqla ittiham üçün hüquqi baza hazırlayıblar.
Uayli bildirir: “BMT-nin komissiyasını fərdi hüquqi məsuliyyət maraqlandırmır, buna görə də ittiham üçün sənədlər hazırlamır. Bunda onun günahı yoxdur – bu cür şeylər, sadəcə, onun səlahiyyətinə aid deyil. Biz isə beynəlxalq humanitar cinayət və fərdi cinayət məsuliyyəti üzrə ixtisaslaşmışıq”.
ƏMBK-nin qənaətləri, birinci növbədə, gətirilmiş sənədlərin məlumatlarına əsaslanır. Komissiya təhlükəsizlik üzündən adını çəkə bilməyəcəyimiz Qərb paytaxtlarından birindəki mənzil-qəragahında BNMQ-nin əyalət və dairə rəhbərləri ilə mübadilə etdiyi yarımmilyon səhifəlik arxiv – əmr və raportları saxlayır. Bu kağızlar “hadisələri mənfi yöndə müzakirə etmək” kimi yayğın qəbahətə görə həbs etmək göstərişlərini ehtiva edir.
ƏMBK-nın hər bir əyalətdən müstəntiqlər komandası var. Komanda daha çox məmurların tərk etdiyi və yaxud müxalif yaraqlıların tutduğu hökumət binalarından Suriya güc idarələrinin kağızlarını toplayır. Bu sənədlər sonradan ölkədən çıxarılır. Həm də onları çox vaxt ordunun və yaxud döyüşçüləri Qərb qurumlarının istənilən işçisini öldürməyə hazır olduqları ekstremist qruplaşmaların nəzarət etdiyi blok-postlardan keçirtmək lazım gəlir.
Baş müstəntiq Adili (ləqəb) bir neçə dəfə, az qala, öldürəcəkdilər. O, Fars körfəzi ölkələrinin birinin paytaxtından bildirir: “Bu iş ailəm üçün imtahan oldu. Uzun səfərlər və daim qorxu. Lakin mən əvvəlki kimi ədalət məhkəməsinin işinə inanıram. ümid edirəm ki, Suriya rəhbərləri bir gün ədalət məhkəməsinin qarşısında duracaqlar və etdikləri cinayətlərə görə cavab verəcəklər”.
ƏMBK həmçinin 400-ə yaxın müsahibə alıb (o cümlədən, Suriya qaçqınlarından), lakin Uayli rejimə qarşı itithamnamənin start nöqtəsi kimi məhz Suriya sənədlərini qəbul edir: “Lap əvvəldən ən mühümü sənədləri əldə etmək və ölkədən çıxartmaq idi. Ən başlıcası bu idi”.
Müxalif esktermist qruplaşmaların həyata keçirdiyi cinayətlərin ayrıca təhqiqatı daha çox şahidlərin ifadələrinə, təbliğat xarakterli və şahid videoyazıları kimi materialların tapılmasına əsaslanır. ƏMBK 470 000-dən çox bu cür sənədi öz arxivinə yığıb. Hazırda onlar təhlil olunur və komisiyaya işləyən Suriya qaçqınları onları xülasə edir.
Lakin Dəməşqdə hakimiyyət və yaxud BMT-nin Təhlükəsizlik Şurasında əhvali-ruhiyyə dəyişilməyincə rejimin fəaliyyətinin tam mənzərəsini əldə edə bilməyəcəyik.
Culian Borcer
“The Guardian” (Böyük Britaniya), 14.05.2015