XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

28 Aprel 2020 - 19:21

ƏFV ÜÇÜN ŞAHA MÜRACİƏT ETMƏYƏN, EDAMI SEÇƏN BAŞ PROKUROR:son sözü "Yaşa, Azərbaycan" olan gənc niyə SSRİ-yə qaçmadı? - ARAŞDIRMA

Ramazan SİRACOĞLU, professor

 

1945 – 1946 – cı ildə mövcud olmuş Azərbaycan Milli Hökumətinin şəhid Baş Prokuroru Firudin İbrahimi (21.11.1918 – 23.05.1947 ) əslən Astara şəhərindən, solçu düşüncəli ailədən  idi. Astaranın nüfuz sahibi tacirlərindən olan atası Məşədi Qəni İranda sosial bərabərlik uğrunda fəal mübariz kimi tanınırdı. Elə bu fəaliyyətinə görə də Məşədi Qəni haqqında 1942-ci ildə həbs qəti-imkan tədbiri seçilmiş və o, bir neçə  ay Ərdəbildə, daha sonraTehranda həbsdə saxlanılmışdı. Həbsinə etiraz əlaməti olaraq özünü yandıran Məşədi Qənini Həmədan vilayətinin Məlayir şəhərinə sürgün etmişdilər.

Oğlu Firudin da atasının siyasi düşüncələrinin təsiri altında ərsəyə yetmişdi. O, ilk təhsilini Astarada almış, sonra Ənzəlidə oxumuş və orta təhsilini Təbrizdə tamamladıqdan sonra 1941-ci ildə Tehran Universitətinin hüquq fakültəsinə daxil olmuşdu.

O zamanlar II Dünya müharibəsinin qızğın çağı idi və Sovet qoşunları Böyük Britaniya ilə birlikdə 25 avqust 1941-ci ildə İranı işğal etmişdi. Təbii olaraq, Sovet İttifaqına məxsus ideoloji kadrlar İrandakı  fürsətdən yararlanaraq, gecə-gündüz xoşbəxt sovet həyat tərzi barədə təbliğat aparırdılar. İ. V. Stalinin qəzəbinə tuş gəlmiş monarx Rza Pəhləvi taxtdan salınaraq Cənubi Afrikaya sürgün edilmiş, onun yerinə taxta çıxarılmış 22 yaşlı oğul Məhəmməd Rzanın isə SSRİ-yə etiraz etməyə nə cəsarəti, nə də gücü vardı. Məhz belə bir  zamanda tələbə Firudin İbrahimi ciddi şəkildə marksizm-leninizmlə maraqlanmağa başlayır.

Bu maraq onu tezliklə (1945- 1946) gələcək Milli Hökumətin başçısı olacaq Seyid Cəfər Pişəvəri  (1892- 1947) ilə görüşdürdü.

Firudin İbrahimi 1943-cü ildə Hezb-e Tudenin (“Xalq partiyası”nın) gənclik təşkilatına üzv yazıldı. Öz ana dilindən  başqa, fars, fransız və ərəb dillərini də yaxşı bilən Firudin İbrahimiyə Xarici İşlər Nazirliyindən və “Ettelaat” ( اطلاعات – “Məlumat”) qəzetindən sərfəli təkliflər gəlməsinə baxmayaraq, o, bu təklifləri qəbul etməmişdi.

Öz bilik və bacarığını xalqın rifahı naminə sərf etmək üçün o zamanlar Tehranda nəşr olunan “Ajin” ( آژین – “Həyəcan siqnalı”) və Təbrizdə yayımlanan “Xavər-e nou” ( خاور نو – “Yeni Şərq”) qəzetlərinə siyasi məzmunlu məqalələr yazmağa başlayır.

Maraqlananlar üçün qeyd edək ki, “Ajin” qəzetinin sahibi Seyid Cəfər Pişəvəri, maliyyə dəstəkçisi isə Azərbaycan Sovet Sosialist Respublikası idi.

Təbiətcə çılğın və cəsarətli olan Firudin İbrahimi son dərəcə sərt üslublu, kəskin yazıları ilə o zamankı gənclərin təqdirini qazanmışdı. Məsələn, onun “Yeni Şərq”də çap olunmuş “Dəmir yumruq” adlı məqaləsində beş ay İran dövlətinin Baş Naziri olmuş (6 iyun 1945-30 oktyabr 1945 ) Möhsün Sədrül Əşrafın (1866 – 1962) xalqa qarşı  acımasız tutumu şiddətli tənqid atəşinə tutulmuşdu: “Biz yaxşı görürük ki, bizim intiqam günümüz çox sürətlə yaxınlaşır. Tezliklə qəhrəman Azərbaycan fəhlələrinin polad yumruqları, kəndlilərinin əzici qolları işə düşəcəktir.” 

Firudin İbrahimi şəmsi təqvimlə 1324- cü ilin  Azər ayının 21-də (12 dekabr 1945-ci il) Milli Hökumətin Baş Prokuroru təyin edildi. Tanınmış iranlı sosioloq Ənvər Xameyi (1917 – 2018 ) iddia edir ki, 1946-cı ilin avqust ayında Firudin İbrahimi sülh konfransında iştirak etmək üçün Parisə getmişdi. Orada Sovet səfirliyindən Moskvaya getmək üçün viza almağa çox çalışsa da , sovetlər ona SSRİ-ni ziyarət etməyə icazə vermədilər.

II Dünya müharibəsi qurtarandan sonra Böyük Britaniya və ABŞ-ın birgə təkidi ilə Sovet qoşunlarının İran ərazisindən çıxarılması məsələsi 2 dəfə BMT -də müzakirə olunmuşdu. Nəhayət, SSRİ ilə Böyük Britaniya arasında  bağlanmış 29 yanvar 1942-ci il müqaviləsinə uyğun olaraq, SSRİ 23 mart 1946-cı il tarixindən etibarən öz qoşunlarını İrandan çıxarmağa başladı və 26 mayda bu proses tamamlandı.

İran şahı da 1946-cı ilin may ayından sonra Qərbin dəstəyi ilə tədricən özünün varlığını büruzə verirdi. O, ABŞ-la gizli sövdələşmə əsasında 20 milyon dollarlıq silah-sursat aldı, Böyük Britaniya da gənc monarxa gərəkən yardımı əsirgəmədi.

II dünya müharibəsində müttəfiq olan SSRİ, ABŞ və Böyük Britaniya muharibə başa çatandan sonra fərqli mövqe nümayiş etdirməyə başladılar. Qərb siyasətçiləri SSRİ-nin Yaxın və Orta Şərqə doğru ekspansiya siyasətinin qarşısını almaq işində İranın önəmli məntəqə olduğunu hesab edirdilər.

1946-cı ilin dekabr ayında xarici qüvvələrin dəstəyindən cəsarətlənən Məhəmməd Rza Pəhləvi dövlət qoşunlarının Təbrizə qarşı qəti hərəkətə keçməsinə əmr verdi. Seyid Cəfər Pişəvəri xalqı müqavimətə çağırmaq istəsə də, SSRİ rəhbərliyi onu geri addım atmağa məcbur etdi. 20 Azər 1325-ci ildə ( 11 dekabr 1946-cı ildə ) Seyid Cəfər Pişəvəri firqə rəhbəri vəzifəsindən “istefa vərdi” və onun yerinə Milli Hökumətdə Maarif Naziri olan Məhəmməd Bağırzadə (Biriya)  (1913- 1984) “seçildi”, Pişəvəri isə gizli yolla SSRİ-yə getdi.

Milli Hökumətin Baş Prokuroru Firudin İbrahimi Təbrizi tərk etməməkdə, axıradək müqavimət göstərməkdə israrlı idi. O, ümid edirdi ki, dövlət qoşunlarının Təbrizə gəlişindən sonra normal seçkilər keçiriləcək və o da bu seçkilərə qatılaraq seçkini qazanacaqdır. Lakin Firudin İbrahiminin gözlədiyi kimi olmadı.

Ümidi doğrulmayan Firudin İbrahimi sona qədər silahlı müqavimət göstərmək qərarına gəldi. Ən yaxın silahdaşları ilə Firqə qərargahında 34 saat şah qoşunlarına qarşı mərdliklə vuruşan Firudin İbrahimi üç yerindən yaralanmış halda, ələ keçirildi. Qərbdən lazımı dəstək alan şah qoşunları, Təbriz başda olmaqla, bütün Cənubi Azərbaycan ərazisini silah gücünə təkrar öz nəzarəti altına aldı.

Həbs olunan Firudin İbrahim təqribən altı ay ağır işgəncələr altında  mühakimə olundu. Barəsində əvvəlcə ömürlük həbs cəzası kəsilmişdi, lakin şah bu qərarla razılaşmadığı üçün Firudin İbrahimini təkrar istintaqa başladılar. Gün kimi aydın idi ki, bu dəfə müstəntiqlər daha ağır işgəncələri işə salmaqla ondan istədikləri cavabları qoparmağa çalışacaq, onun cəmi bir il ərzindəki prokurorluq fəaliyyətini bütünlüklə cinayət aktı kimi yozacaqlar. Məsələn, Firudin İbrahimi “Niyə Baş Prokuror olduğunuz zaman bəzi müttəhimlərə qarşı ağır ittihamlar irəli sürüb barələrində edam cəzası tələb edirdiniz?” sualını belə əsaslandırmışdı: “Asılanların hamısı Azərbaycanın düşmənləri idilər”.

Firudin İbrahimi “Bəs Təbriz həbsxanasındakıların çoxunu hansı əsasla azad etdirdiniz?” sualına qürurla “Mən öz xalqımın və öz Milli Hökumətimin iradəsini icra etmişəm” cavabını vermişdir.

Məhkəmə sədri “Sənin Milli Hökumətin yoxdur” – deyə bağıranda, Firudin İbrahimi gur səslə hakimə etiraz etmişdir: “Milli Hökumət var olmuşdur və yaşayacaqdır!”

Şah rejiminin muzdurları gecə-gündüz çalışıb Firudin İbrahiminin əzmini qırmağa, onu sındırmağa səy göstərirdilər. Hətta bir dəfə ona demişdilər: “Sən hey təkrarlayırsan ki, xalqın mənafeyini qorumusan, amma o mənafeyini qoruduğun xalq hər gün həbsxana önünə gəlib bizdən sənin barəndə ölüm hökmü çıxartmağı tələb edir. Bəs o xalq haradadır, niyə sənin ölümünü istəyir?”

Firudin İbrahimi bu sözlər qarşısında da  öz qürurunu sındırmayıb: “Mənim  ölümümü istəyənlər imperialist ağalarının göstərişləri ilə hərəkət edənlərdir. Bu gün xalqımızın, bu zəhmətkeş fəhlələrin və kəndlilərin əl-ayaqları, eləcə də ziyalılarımızın dilləri və qələmləri bağlıdır. Lakin bu əsirlik zəncirləri daimi deyil və onlarin qüdrətli əlləri ilə açılacaqdır”.

Maraqlıdır ki, İslam inqilabından sonra Amerikada mühacir həyatı yaşayan Qulam Rza Əfxəmi də bir qrup insanın həbsxana önünə toplanaraq Firudin İbrahimiyə dərhal ölüm cəzası verilməsini tələb edən şüarlar söylədiyini yazır: “The people chanted slogans demanding his instant execuation”. (Bax: Gholam Reza Afkhami. The life and times of the shah. London, 2009, s. 104 ).

Şah rejiminin “ədalət məhkəməsi” Firudin İbrahimi barəsində çıxartdığı ömürlük həbs qərarını edam cəzası ilə əvəz etdi. Firudin İbrahiminin vəkili ona əfv olunması barədə ərizə yazmasını təklif etsə də, Firudin İbrahimi qətiyyətlə bundan imtina etmişdi. Edam ərəfəsində son arzu olaraq, ailə üzvlərindən Parisə sülh konfransına getdiyi zaman geyindiyi qara kostyumunu, ağ ipək köynəyini, qırmızı qalstukunu və qara tuflisini gətirmələrini istəmişdi.

Şəmsi təqvimlə 1326-cı ilin Xordad ayının 1-də ( 23 may 1947-ci il ) səhər saat 4- də cəlladlar onu ölüm kamerasından dar ağacına aparmağa gələndə Firudin İbrahimi şıx kostyumunda idi. Təbrizin Səttarxan xiyabanında, Gülüstan bağı qarşısında qurulmuş dar ağacına tərəf o, mətin addımlarla gəldi. Cəllad kəndiri onun boynuna keçirəndə, Firudin İbrahimi uca səslə hayqırır: “Romada qladiatorlar son döyüşə girəndə, “ölümə gedənlər imperatoru salamlayılar” söyləyirdilər. Mən isə var gücümlə deyirəm:  AZƏRBAYCAN, YAŞA, VAR OL!”

İran şahı, Milli Hökumətin 29 yaşlı Baş Prokrorunun şəhadətindən bir gün sonra – 24 may 1947-ci ildə qatarla Təbrizə yola düşdü. Bu gəliş onun Təbrizə siyasi ziyarəti idi. Əgər Qulam Rza Əfxəminin qeydlərinə inansaq, Məhəmməd Rza Pəhləvi Təbrizə gələndə, onu 12 km uzunluğunda insan seli qarşılamışdı (Gholam Reza Afkhami. The lifə and times of the shah. London, 2009, s. 104 ).

Firudin İbrahimi inanırdı ki, gələcək – halal zəhmətlə tər  tökənlərə aiddir, alın açıqlığı ilə işləyənlərə məxsusdur, əli qabarlılarındır. Bu qabarlı əllər bir gün bütün həbsxanaların və işgəncə otaqlarının qapılarını açacaq, bütün edamçıları və zalımları məhv edəcəkdir. Gün gələcək, İran xalqını hüquqlarından məhrum edən, milli mədəniyyətini və şərəfini tapdalayan, ciblərini və çantalarını qızılla doldurmaq üçün insanların zəhmətlərindən sui-istifadə edənlər günahlarına görə cavab verməli olacaqlar. Xəyanətkarlar mütləq öz əməllənin  qarşılığını alacaqlar.

29 yaşında şəhidlik zirvəsinə yüksəlmiş Firudin İbrahimi  tarixin özü qədər qədim olan Təbrizin ən əski məzarlıqlarından olan İmamiyədə uyuyur. Firudin İbrahiminin yurdsevərlər tərəfindən müntəzəm olaraq ziyarət etdikləri  məzar daşına İran Məşrutə hərəkatının dini rəhbərlərindən biri, məşhur fəqih  Seyid Məhəmməd Təbatəbainin (1842-1920) bir  kəlamı həkk olunub: “Seçici fələk, çəmənə daha çox gözəllik verən gülə aman verməz…”




Yuxarı Əvvələ Ana Səhifə