XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

22 Mart 2016 - 15:40

Korrupsiya:ölkənin inkişafına və milli təhlükəsizliyə mane olan əsas problem haqda nə bilirik?

zakir-2-41

Zakir ŞİRİYEV,

Hüquqşünas

 

Korrupsiyaya qarşı mübarizə hər bir dövlətin həm qəbul etdiyi qanunvericilik aktları, həm də qoşulduğu beynəlxalq konvensiyalar və digər öhdəçiliklərlə tənzimlənir.

Bəs korrupsiya nədir?

Korrupsiya latın sözü ("corrupio") olub, "rüşvətlə satınalma" mənasını daşıyır.

Bu isə bilavasitə müvafiq səlahiyyəti olan vəzifəli şəxsin tutduğu vəzifəyə görə ona verilən hüquqlardan sui-istifadə etməsi nəticəsində varlanması, dövlətə, hüquqi və fiziki şəxslərə ziyan vurması kimi başa düşülür.

Korrupsiya mülkiyyət və iqtisadi cinayətlərin ən ağır formalarında özünü göstərməklə, cəmiyyətin həyatının bir çox sahələrinə, o cümlədən insanların sosial-iqtisadi problemlərinin həllinə dağıdıcı zərbə vurur. Odur ki, inkişaf etmiş demokratik dövlətlərdə, o cümlədən müstəqillik əldə etmiş MDB dövlətlərində bir-birindən fərli olsa da korrupsiyaya qarşı mübarizə proqramları, ayrı-ayrı qanunlar işlənib hazırlanır və bu sahədə beynəlxalq əməkdaşlıq gücləndirilir.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra 1991-1993-cü illərdəki hakimiyyət dəyişiklikləri, 1994-cü ilin oktyabr, 1995-ci ilin mart aylarında dövlət çevrilişlərinə cəhdlər və terror aktları, SSRİ dağılandan sonra bir-biri ilə bağlı olan iqtisadi əlaqələrin pozulması, Dağlıq Qarabağ qaçqınlarının və Ermənistandan deportasiya olunan köçkünlərin problemləri, milli sərvətlərinin talan edilməsinə münbit şərait yaratmışdı. Yaranmış vəziyyətdən istifadə edən müəyyən qruplar iri sənaye-istehsal müəssisələrində istehsal edilib, lakin satılmayıb müəssisələrdə qalmış hazır məhsul və xammalı müxtəlif  işbazların vasitəsilə SSRİ məkanında və digər xarici ölkələrdə satmağa başladılar.

Eyni zamanda istehsal müəssisələrində əsas vəsaitlərin inventarizasiyası aparılıb yenidən ucuz qiymətləndirilməklə, metal adı altında dönərli valyuta ilə xarici ölkələrə satılıb talan edilməsi kütləvi hala çevrilmişdi.

Qara və əlvan metallar, pambıq, şərab məhsulları və digər qiymətli məhsulların alınıb-satılması ilə məşğul olan bu sahələri inhisara çevirən və himayədarlıq edən yüksək vəzifəli şəxslərdən ibarət korrupsion qruplar yaranmağa başladı.

07 avqust 1992-ci il tarixdə qəbul edimiş Azərbaycan Respublikasının banklar və  bank  fəaliyyəti  haqqındakı Qanundakı boşluqlar və bir sıra müddəalar həmin dövrdə xaricdən alınan kreditlərin təyinatı üzrə istifadə edilməyib, talan edilməsinə şərait yaratmışdı.

Bundan əlavə, fəaliyyətini davam etdirən fabrik və zavodlarda MDB məkanında olan dövlətlərə göndərilən istehsal təyinatlı məhsulların əvəzinə pul vəsaiti müəyyən müddət müxtəlif müəssisələrin hesabında “istifadə” edilib, xeyli gəlir götürüldükdən sonra həmin müəssisə üçün istehsal təyinatlı olmayan, lakin bazar üçün tez satılan mallar gətirib, özlərinə məxsus olan müəssisələrin adına rəsmiləşdirib, “istehsal təyinatı” adı ilə gəldiyinə görə də gömrük rüsumundan azad olunan həmin məhsullar satılıb xeyli gəlir əldə edildikdən sonra əmək haqqı və s. borclar ödənilirdi.

Ölkənin müstəqilliyinin təhlükədən qorunması və sabitliyinin bərpası imkanı verdi ki, iqtisadi cinayətlərə qarşı mübarizə gücləndirilsin.

Məhz buna görə də “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında” 09 avqust 1994-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin Fərmanı verildi. Həmin fərmanla iqtisadi cinayətlərə qarşı mübarizə aparmağın konkret sahələri, mübarizə metodları və s. geniş formada qeyd edildi.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” 17 iyun 1996-cı il tarixli, "Dövlət nəzarət sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” 07 yanvar 1999-cu il tarixli fərmanlar və “Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsində bəz tədbirlər haqqında” 27.01.1998-ci il tarixli sərəncamı qəbul edilməklə bu sahədə xeyli əsaslı səmərəli tədbirlərin görülməsinə şərait yarandı.

Bu günə kimi bu sahə üzrə iqtisadi inkişafa uyğun olaraq yeni qanunvericilik aktları qəbul edilməkdədir.

Korrupsiyaya qarşı mübarizəyə dair qeyd edilən normativ aktlar heç də dekorativ xarakter daşımadı. Onların tətbiqi, cinayətkarlığa qarşı mübarizədə səmərəli nəticə verdi. Lakin ölkədə gedən iqtisadi islahatlarla yanaşı, cinayətkarlığın qarşısının alınmasında daha səmərəli mübarizənin aparılması zərurəti də ortaya çıxdı və“Korrupsiyaya  qarşı mübarizə haqqında” 13 yanvar 2004-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qəbul edildi.

Həmin Qanundan başqa, Azərbaycan Respublikası Prezidentinin 03 sentyabr 2004-cü il tarixli sərəncamı ilə 2004-2006-cı illəri əhatə edən korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramı təsdiq edildi. Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Proqramında bu sahə üzrə görülən işlər ətraflı qeyd olunub. Dövlət proqramının məqsədi, proqramda qeyd edildiyi kimi, vahid sistem çərçivəsində kompleks tədbirlərin həyata keçirilməsini təmin etməklə korrupsiyaya qarşı mübarizəni  gücləndirməkdən və sosial-iqtisadi münasibətlərin daha sağlam əsaslar üzərində formalaşmasına şərait yaratmaqdan ibarətdir.

Həmin Qanunun 1-ci maddəsində qeyd edilir ki, korrupsiya vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd  olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 28 oktyabr 2004-cü il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi yaradılıb. Həmin idarənin fəaliyyəti bu gün də özünün səmərəli nəticələrini verməkdədir.

Qeyd etmək lazımdır ki, xarici ədəbiyyatlarda korrupsiya nəzəri cəhətdən şərti olaraq iki qrupa bölünür: dövlət, yəni yuxarı və aşağı korrupsiya.

Dövlət korrupsiyası o vaxt yaranır ki, yüksək çinli dövlət məmurunun səlahiyyəti daxilində olan vəsaitlər barədə qərar qəbul etmək və ya etməmək imkanı olur. Bu səlahiyyətlərə büdcə vəsaitləri, dövlət və ya bələdiyyə əmlakı, dövlət sifarişi və ya güzəştlər, cərimə, vergi və qanunla nəzərdə tutulan digər ödənişləri toplamaq və s. daxildir.

Lakin standart korrupsiya forması olmadığından hər belə fakta fərdi yanaşmaq lazımdır.

Dövlət korrupsiyasının səviyyəsi məmurların öz səlahiyyətləri daxilində onların səlahiyyətlərinə verilən dövlət vəsaiti barədə qərar qəbul etmək və ya etməmək dərəcəsindən asılıdır. 

Dövlət məmurunun qərar qəbul etmək səlahiyyətlərindən olan büdcə vəsaitləri, dövlət və ya bələdiyyə mülkiyyəti, dövlət sifarişi, güzəştlər və s. korrupsiyanın mənbəyi ola bilər.

Qanunla müəyyən edilən cərimə, vergi və ya qanunla müəyyən edilən ödənişlər də həmin vəsaitlərdən hesab edilir.

Əslinə qalanda dövlət məmuru bütün hallarda konstitusiya və ya digər normativ aktlarla müəyyən edilmiş səlahiyyətlərinə qanuna müvafiq, həmçinin mədəni və mənəvi dəyərlər çərçivəsində yanaşmağa borcludur.

Lakin vəzifəli şəxs qeyd edilənlər əvəzində tamah məqsədilə müəyyən edilmiş konkret hərəkətlər etməklə (o cümlədən hərəkətsizliklə) korrupsiya yaradır.

Yaxud götürək, kommersiya və ya qeyri-hökumət təşkilatlarının nümayəndəsini. Əgər həmin təşkilatın əməkdaşı qeyd edilən təşkilatın nizamnaməsinə, həmçinin həmin təşkilatın əməkdaşlarının maraqlarına zidd olaraq təşkilata məxsus olan vəsaiti saxta sənədlərlə özgəninkiləşdirərkən və yaxud kredit verərkən rüşvət alma halları olduqda, korrupsiya yaranır.

Yaxud da dövlət məmuru qanuna müvafıq olaraq vətəndaşların müraciətlərinə baxıb, konkret qərar qəbul etməyə cavabdehdir. Lakin o, süni maneələr yaratmaqla ona müraciət edənin ona rüşvət verməsinə şərait yaradır.

Elə hal ola bilər ki, dövlət məmuru qanu­na zidd olaraq ikinci tərəfin xeyrinə qərar qəbul etsin. Məsələn, müəyyən edilmiş şərtlər daxilində keçirilən tenderdə dövlət sifarişini qəbul etmək üçün maraqlı tərəf kimi hər hansı bir özəl təşkilata üstünlük versin və s.

Ola bilər ki, dövlət məmuru şantaj və ya təzyiqlər nəticəsində qanunsuz qərar qəbul etsin.

Yuxarı və aşağı korrupsiyanı fərqləndirən əsas cəhət birincinin siyasi dairələri əhatə etməklə yüksək qiymət məsələsində qanunun mətnində dəyişiklik edilməsi, dövlət sifarişi, mülkiyyət formasının dəyişdirilməsi və s. məsələlərin həllinə səlahiyyəti çatması ilə səciyyələnir.

İkincidə isə orta və aşağı səviyyədə yayılan, daimi vətəndaşlarla əlaqəsi olan məmurlara aiddir. Məsələn, cərimə, qeydiyyata alma və s. məsələlərlə məşğul olan məmurlar.

Siyasi və iqtisadi əlaqələrin genişlənməşi bəzi hallarda korrupsiyanın həddini aşıb milli problemə çevrilməsi ilə nəticələnir. Belə ki, bu halda korrupsiya milli təhlükəsizlik problemi kimi iqtisadi, sosial və siyasi fəsadları ilə xarakterizə olunur.

Korrupsiyanın iqtisadi nəticələri ilk növbədə gizli iqtisadiyyatın genişlənməsi ilə səciyyələnir.

Bu zaman büdcəyə vergi ödənişləri az daxil olur və dövlət maliyyə yollarını iqtisadi idarəetmədə itirir, nəticədə büdcə göstəricilərinin azalması sosial problem yaradır.

Eyni zamanda bazarda rəqabət mexanizmi pozulur, rəqabətə tab gətirmək üçün rüşvət verilir, bazarda rəqabət və bazarın təsirinin azalması və nüfuzdan düşməsi ilə nəticələnir.

Büdcə vəsaitlərindən səmərəli istifadə edilməməsi, о cümlədən dövlət sifarişi və bölgüsündə, həmçinin kreditlərin veri1məsində rüşvət əsas rol oynayır. Bu da ölkə büdcəsində problem yaradır.

Korrupsiyanın “daimi xərclərinə” görə qiymətlər qalxır, nəticədə isə istehlakçı çətinliklərlə üzləşir.

Korrupsiyanın sosial nəticələri ilk növbədə cəmiyyətin ümumi inkişafında iri vəsaitlərin qoyuluşunun yayındırılmasında öz əksini tapır. Nəticədə büdcədə böhran yaranır və hökumətin sosial problemlərin həllindəki fəaliyyəti azalır.

Həmçinin əmlak bərabərsizliyi qəflətən möhkəmlənir və genişlənir. Yoxsulluqla yanaşı, oliqarx qrupların əmlakı artır, əmlak uğrunda mübarizə güclənir. Nəticədə dövlət və ictimai münasibətləri tənzim edən qanunlar nüfuzdan düşür, dövlət nümayəndələri tərəfindən vətəndaşların cinayətkarlardan müdafiəsizliyi formalaşır.

Belə vəziyyətdə korrupsiyalaşmış hüquq-mühafizə orqanlarının fəaliyyətsizliyi nəticəsində mütəşəkkil cinayətkarlığın möhkəmlənməsinə, о cümlədən çirkli pulların yuyulması üçün daha əlverişli şərait yaranır.

Son nəticədə sosial gərginlik artır, siyasi stabil olan dövlətlərdə iqtisadiyyat təhlükə qarşısında qalır.

Korrupsiyanın siyasi nəticələri ümummilli inkişafla bağlı siyasətin bütövlükdə dəyişməsi ilə nəticələnir. Bu isə hökumətdə təmsil olunan oliqarxların vasitəsi ilə icra edilir.

Burada ilk növbədə hakimiyyətə etibarın azalması, hakimiyyətə qarşı təzyiqlərin artması, beynəlxalq aləmdə ölkənin nüfuzdan düşməsi, iqtisadi və siyasi təcridetmə təzyiqlərinin artmasına səbəb olur.

Qeyd edilən şəraitda siyasi rəqabət zəifləyir. Vətəndaşların isə demokratik dəyərlərə ümidləri azalır, demokratik instituta qarşı təzyiqlər artır. Bütün bunların nəticəsində demokratik dəyərlər aradan götürülməklə korrupsiya nəticəsində diktatura meyilləri artır və korrupsiyaya qarşı mübarizə isə azalır.

Məlum olduğu kimi, hər bir ölkənin siya­si, sosial və iqtisadi problemi korrupsiyanın miqyası, xüsusiyyətləri və dinamikasından asılıdır.

İqtisadi tənəzzül və stabil olmayan siyasi durum korrupsiyanın dinamikasına təsir edən əsas amillərdən birinə çevrilir.

Eyni zamanda təkmilləşdirilməmiş, sadəcə olaraq qanunvericilik bazasının yeniləşdirilməməsi, dəqiqləşdirilməmiş qanunveri­cilik prosedurası korrupsiyanın müxtəlif növlərinin yaranmasına gətirib çıxarır.

Ziddiyyətli qanunvericilik bazası, qanunların boşluğu, məmurların vətəndaşlardan şantaj və zorla pul almalarına ideal şərait yaradır.

Dünya təcrübəsində belə hallarda yeni dövlət quruculuğunda bütün dövlət aparatını öyrənməklə mülkiyyət hüququnu qanunun gücü ilə müdafiə etmək və bazar münasibətlərini tənzim etmək zərurəti ortaya çıxır. Lakin iş adamı dövlətdən belə qayğı görmədikdə ona lazım olan sahə ilə məşğul olan konkret dövlət məmurunu axtarmağa məc­bur olur. Nəticədə də korrupsiyanın yaranmasına şərait yaranır.

Nomenklatura sisteminin dağıdılıb müasir sistemin yaradılmaması, qohumluq, tanışlıq xətti ilə ixtisas dərəcəsi olmayan dövlət məmurlarının kadr kimi seçilməsi və dövlət xidmətində qabağa çəkilməsi ilə nəticələnir. Bu isə son nəticədə dövlət məmurlarını müasir sistem üzrə formalaşması prosesini ləngidir.

Demokratik dövlət öz problemlərini bu halda vətəndaş cəmiyyəti institutu ilə həll edir. Lakin vətəndaş cəmiyyəti institutunun formalaşmaması, vətəndaşların sosial-iqtisadi vəziyyətinin pisləşməsi, inkişaf etməmiş siyasi partiya sistemi, partiya kadrlarının irəli çəkilməsi məqsədilə məsuliyyəti öz üzərinə götürmək iqtidarında olmaması və digər faktorlar da korrupsiya üçün şərait yaradır.

MDB dövlətlərində əsas ağrılı məsələ zəif məhkəmə sisteminin olması, əhalinin hüquqi düşüncəsinin inkişaf etməməsi və s. bağlıdır. Belə ki, totalitar partiya-nəzarət rejimində insanlar öz hüquqlarını müdafiə etmək üçün məhkəməyə deyil, digər orqanlara müraciət edirdilər. Həmin düşüncə tərzi hal-hazırda tam dəyişməyib.

Məhkəmə fəaliyyətinin büdcə vəsaiti ilə zəif təmin edilməsi, məhkəmə qərarlarının icrasının zəif təşkili, iqtisadi məhkəmələrdə işlərə ləng baxılıb müddətin əsassız uzadılması nəticəsində kommersiya fəaliyyəti ilə məşğul оlan tərəflərin işlərinin iflic vəziyyətinə düşməsi hallarına da çox təsadüf edilir.

Bu, öz təsirini yeni iqtisadi şəraiti bilən ixtisaslaşdırılmış kadrların çatışmazlığında da göstərir.

Müəyyən edilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarının dövlət və ictimai mənafeyi qorumaqda öz maraqlarının olması da korrupsiyanın artmasına şərait yaradır.

Korrupsiyanın səviyyəsi cəmiyyətdə mövcud olan mənəvi psixoloji mühitdən də çox asılıdır.

Əksər məmurlar gec və yaxud da tez vəziyyəti nəzərə alıb, korrupsion qərar qəbul etməyi və ya etməməyi düşünür. Məmurların belə fikrə gəlmələrinin əsas səbəbi daşıdıqları vəzifədə hansı müddətdə qalıb-qalmamalarını düşünmələri ilə bağlıdır.

Buna səbəb ilk növbədə stabil olmayan şərait, məsul iş və ixtisası və peşə hazırlığına uyğun olmayan aşağı məbləğdə əməkhaqqı almaları, xidməti pillələrdə inkişafda ədalətsizlik, aşağı səviyyəli və təşkilatçılıq qabiliyyəti olmayan rəislərin rəhbərliyi altında işləmələri və sairdir.

Eyni zamanda keçid dövründə yeni sistemə keçməyin əleyhinə olanlar təxribat törətməklə bu işə mane olmağa çalışırdılar.

Korrupsiyanın törətdiyi fəsadlara gəldikdə isə, Azərbaycan Respublikasında Korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramı korrupsiyanı milli təhlükəsizlik problemi kimi qəbul edirÇünki korrupsiyanın həm iqtisadi, həm də sosial sahədə ağır fəsadları olur.

Həmin proqramın məzmunundan və xarici dövlətlərin təcrübəsindən göründüyü kimi, korrupsiya nəticəsində gizli iqtisadiyyat genişlənir, büdcəyə vergilər azalmaqla büdcənin icrasında problemlər yaranır. Nəticədə dövlət iqtisadiyyatın idarə olunmasında əsas dayaqlarını itirir, büdcə öhdəçilikləri icra olunmur və yekunda sosial problemlər yaranır.

Bundan əlavə, bazarda rəqabət mexanizmi pozulur, inhisarçılıq və rüşvətxorluq artır, korrupsiyanın xeyrinə qiymətlər qalxmaqla, istehlakçıya ziyan dəyir.

Qeyd etmək lazımdır ki, inhisarçılıq və istehlakçının hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası qanunvericiliyində konkret hüquqi baza vardır.

Dövlət vətəndaşların hüquqlarını məhdudlaşdıran qanunazidd hərəkətlərin qarşısını almaq üçün inzibati və cinayət cəzası tətbiq edir, о cümlədən iqtisadi inkişafın səviyyəsinə uyğun olaraq güzəştlər edilir.

Tez-tez belə bir sualla rastlaşırıq: elə ölkə varmı ki, orada korrupsiya olmasın?

Dünyada elə ölkə tapılmaz ki, özünü korrupsiyadan sığortalasın.

Azərbaycan Respublikasına gəldikdə, müstəqilliyin ilk illərində postsovet məkanında bir iqtisadi sistemdən yeni iqtisadi sistemə keçid, iqtisadi, sosial sahələrdə, o cümlədən, qanunvericilik sahəsindəki islahatların tam aparılmaması xarici müdaxilə və dövlət çevrilişi cəhdləri, Azərbaycanın ərazi bütövlüyünün pozulması və sair ağır problemlərə baxmayaraq, mərhum prezident Heydər Əliyevin dövlət quruculuğu sahəsində müstəqil strateji proqramı nəticəsində respublikamız iqtisadi böhrandan çıxdı.

Təbii ki, dünyada o cümlədən MDB dövlətlərində olduğu kimi, Respublikamızda da korrupsiyanın mövcudluğunu danmaq olmaz. Bu real nəticənin əsas səbəbləri qeyd etdiklərimlə bağlı ola bilər.

Beləliklə də son dövlərdə respublikada iqtisadi təhlükəsizliyə dair qeyd edilən normativ aktların qəbulu və bu sahədə görülən real tədbirlər iqtisadi inkişafa təkan verib.

Qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası MDB ölkələri içərisində yeganə ölkədir ki, həm əhalisi deportasiyaya, soyqırıma məruz qalıb, məcburi köçkün problemiylə üzləşib və həm də ərazisinin xeyli hissəsi işğal altındadır.

Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ və onun ətrafındakı rayonlarında milli sərvətimiz talan olunur.

Maraqlı cəhət odur ki, hal-hazırda iqtisadiyyatımıza böyük zərbə vuran özünəxas, yəni işğal edilmiş bölgənin korrupsiya mexanizmi nədənsə korrupsiyanı araşdıran təşkilatların tədqiqat obyekti deyil və bu, acı bir gerçəklikdir.

Onu da vurğulamaq lazımdır ki, müasir cinayətkar birləşmələr (dövlətdaxili və beynəlxalq) həm sıx, həm də mütəşəkkil formada fəaliyyət göstərirlər. Belə birləşmələr əvvəl özünün  fəaliyyətini milli  vətənpərvərlik və inqilabi formada pərdələyir, öz ətrafına çoxlu sayda cinayətkar elementlər cəlb edə bilirlər. Nəticədə isə öz silahlarını demokratik ictimai gücə yönəldir, xüsusilə də müstəqillik əldə etmiş ölkələrdə dövlət quruculuğuna mane olmağa cəhd edirlər.

Bu isə hər bir dövlətin təlükəsizlik probleminə çevrilir.

Nəzərə almaq lazımdır ki, ölkəmizə qarşı da belə təhdidlər olub, bunların qarşısı vaxtında alınıb və bundan sonrada alınacaqdır.

Hal-hazırda dünyada gedən qlobal iqtisadi böhranla yanaşı, idarəolunan terror təşkilatlarının fəaliyyətləri də aktivləşib.

Belə vəziyyətdə ölkədə daxili və xarici siyasətdə zəruri tədbirlər görülsə də, aparılmasına start verilən iqtisadi islahatlarla yanaşı, məhkəmə-hüquq sahəsində də daha da təkmilləşdirilmiş islahatların həyata keçirilməsi zərurətini meydana çıxarır.

Nəzərə almaq lazımdır ki, hüquq mühafizə orqanlarında ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə və əməliyyat-axtarış tədbirlərində əsas ağırlıq Daxili İşlər Orqanlarının üzərinə düşür.

Azərbaycan Respublikası prezidentinin 02 mart 2016-cı il tarixli Fərmanı ilə ictimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi qaydaları təsdiq edilmişdir. Şübhə yoxdur ki, ictimai asayişin qorunması və cinayətkarlığa qarşı mübarizədə qeyd edilən Fərmanın səmərli nəticələri olacaqdır.

İnkişaf etmiş dövlətlərdə, məsələn, Yaponiyada sosial, iqtisadi sferada, insanların həyat və sağlamlıqlarının qorunmasında, bazar iqtisadiyyatının tənzim edilməsində ictimaiyyətlə əlaqələr xeyli səmərəli nəticələr verib. Yaponiyada ictimai asayişin qorunması və cinayətkarlığa qarşı mübarizədə yerlərdə yaradılmış 690 min vətəndaşın könüllü asossasiya məntəqələrinin fəaliyyətinin təhlili ortaya çıxarıb ki, polis orqanları həmin asossasiyalar vasitəsilə həm ictimai asayişin qorunması, həm cinayətkarlığa qarşı mübarizə, həm də cinayətkarlığı doğuran səbəblərin araşdırılıb aradan qaldırılmasında olduqca səmərəli nəticələr əldə ediblər.

Respublikamıza gəldikdə, korrupsiyaya qarşı mübarizədə vəzifəli şəxslərin və ailə üzvlərinin hər il aidiyyatı təşkilatlara (Korrupsiyaya Qarşı Mübarizə Komissiyası və s.) maliyyə xarakterli bəyannamə vermələri və bu bəyannamənin yoxlanması zəruri şərtlərdən biri hesab edilir.

“Korrupsiyaya Qarşı Mübarizə haqqında” 13 yanvar 2004-cü il tarixli Qanun 1.8-ci maddəsi və “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydalarının təsdiq edilməsi haqqında" 24 iyun 2005-ci il tarixli Qanun tələblərinə müvafiq olaraq, təqdim edilən bəyənnamədə (ər və ya arvad və onunla birgə yaşayan valideynləri və uşaqları) əmlaka və əmlak xarakterli öhdəliklərə dair məlumatlar daxil edilir və hər ilin 1-30 yanvarınadək təqdim olunur.

Bəyənnamənin düzgün olub-olmaması araşdırıla və bununla bağlı yoxlama aparıla bilər.

Həmin Qanunlar qüvvəyə minəndən bu günə kimi, vəzifəli şəxslərin maliyyə xarakterli bəyənnamələri ilə bağlı görülmüş işlərin nəticələri səlahiyyətli orqanlar tərəfindən araşdırılır. Odur ki, korrupsiyaya qarşı mübarizənin daha da səmərəli olmasını təmin etmək üçün vəzifəli şəxslərin tərtib etdikləri bəyənnamələr daha ciddi yoxlanılmalıdır.

Lakin bütün hallarda “Varidata təminat verilməsi haqqında” Azərbaycan Respublikasının 15 yanvar 1993-cü il tarixli Qanun tələbləri nəzərə alınmalıdır.

Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsinə əsasən, vətəndaşların bərabərlik hüququnun təminatı cinayət törədərkən heç kəsə müstəsna toxunulmaz hüququ vermir və buna görə də bütün səlahiyyətli şəxslər öz məsuliyyətlərini artırmalıdırlar.

Eyni zamanda maddi-mənəvi dəyərlərin qorunması, vətənpərvərlik, o cümlədən, hüquqi maarifləndirmə tədbirlərinin gücləndirilməsi, kadrların seçilib yerləşdirilməsində  peşəkarlıq səviyyəsinə qiymət verilməsi də vacib şərtlərdən biridir.

Korrupsiyaya qarşı mübarizədə dövlət nəzarəti ilə yanaşı, ictimai nəzarətin də gücləndirilməsi zəruridir və bu sahədə ciddi işlər görülür.

Qeyd edilənlərlə yanaşı, vətəndaşların sosial, vergi bank, kredit münasibətlərdə və digər sahələrdəki problemlərinin həllində süründürməçilik və bürokratik hallara son qoyulmalı, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsindəki fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsinə dair konstitusion müddəasına ciddi və qeyd-şərtsiz riayyət edilməsi də zəruridir.

Nəzərə almaq lazımdır ki, dövlət və dövlətçiliyi qorumaq təkcə bu sahəyə cavabdeh olan səlahiyyətli  vəzifəli şəxslərin deyil, hamımızın borcudur. Odur ki, korrupsiyaya, eləcə də dövlətə qarşı yönələ bilən hər bir istər daxili, istərsə də xarici təhdidlərə qarşı hamımız birgə mübarizə aparmalıyıq.

 

Xüsusi olaraq, Strateq.az üçün 




Yuxarı Əvvələ Ana Səhifə