XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

22 Mart 2016 - 16:26

Professor Cəmil Həsənli yazır:"Sovet dönəmində dilimiz uğrunda Bakı-Moskva qarşıdurması"

cemil-hsenli-1

 

Cəmil HƏSƏNLİ

Milli Şura sədri, professor

 

…Sovet Kommunist partiyasının XX qurultayından sonra milli kimlik məsələsi gündəliyə gəlmişdi. 1956-cı ilin avqust ayında Azərbaycan konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında ayrıca maddə əlavə edildikdən sonra sovet ideologiyası zəminində ilk dəfə olaraq yerli əhali özünü bu ölkənin sahibi kimi hiss etməyə başladı.

Əlavə məlumat üçün deyim ki, 1936-cı ildə SSRİ konstitusiyası qəbul edildikdən az sonra – 1937-ci ildə ayrı-ayrı sovet respublikalarının konstitusiyaları qəbul edildi. Həmin vaxt yalnız iki respublikaya – Gürcüstan və Ermənistana öz ana dillərini dövlət dili kimi əsas qanunlarına salmağa icazə verilmişdi. Bu, milli münasibətlər baxımından Cənubi Qafqaz respublikaları arasında qeyri-bərabərliyə gətirib çıxarmışdı. Stalinin ölümündən sonra Azərbaycan rəhbərliyi bu qeyri-bərabərliyi aradan qaldırmağın yollarını axtarırdılar.

1956-cı ilin fevral ayında keçirilən XX qurultay müəyyən yumşalma meyllərini yaratdı və həmin ilin avqust ayında SSRİ partiya orqanları ilə razılaşmadan, respublikanın əsas qanununa ana dilinin dövlət dili olması haqqında xüsusi maddə əlavə edildi. Bununla Azərbaycan rəhbərliyi qonşu respublikalarla aralarında olan ayrıseçkilik faktını aradan qaldırmış oldu. Dil haqqında xüsusi maddə işlək mexanizmə çevrildikdən sonra Bakıda yaşayan erməni, rus və digər qeyri-azərbaycanlılar Moskvaya çoxlu şikayət məktubları yazırdılar. Azərbaycan rəhbərliyində millətçiliyin güclənməsi haqqında məlumatlar göndərirdilər.

Azərbaycanlılar işlədikləri müəssisələrdə iclasların və kargüzarlıq işlərinin azərbaycanca aparılmasını tələb edirdilər. Məsələn, instrumental ansamblın iclasına sədrlik edən iclası rusca açdığı üçün ansamblın azərbaycanlı üzvləri ondan tələb etmişdilər ki, azərbaycanca danışmaq lazımdır. Bu mübahisə hətta dərinləşib dava-dalaşa çevrilmişdi. Yaxud institutların birində milliyyətcə erməni olan əməkdaş iclasda rusca danışmağa başlayanda, onu tribunadan qovmuşdular ki, ya azərbaycanca danış, ya da tribunadan düş aşağı. Ona görə də, respublika partiya təşkilatının birinci katibi İmam Mustafayev 1956-cı ilin dekabr ayının 20-24-də Moskvada keçirilən Sov.İKP MK-nın plenumunda iştirak edərkən, MK-nın müttəfiq respublikalar üzrə partiya orqanları ilə iş şöbəsi müdirinin birinci müavini general İvan Şikin onu yanına çağıraraq, Azərbaycan Ali Sovetinin son sessiyasında qəbul olunmuş dövlət dili haqqında qanunla və onun tətbiqi ilə bağlı Moskvaya çoxlu şikayətlərin gəldiyini bildirmişdi.

Eyni zamanda Şikin, Mustafayevə tapşırmışdı kı, Bakıya qayıtdıqdan sonra ən qısa zamanda dövlət dili haqqında məsələni Azərbaycan KP MK bürosunun müzakirəsinə çıxarsın. Bu tapşırıq bir növ qabaqlayıcı addım kimi nəzərdə tutulmuşdu. Çünki dekabr ayının 29-da respublika Ali Soveti “Respublikanın bəzi nazirliklərində Azərbaycan dilinin işlədilməsi haqqında” məsələni müzakirəyə çıxarmalı idi. Bu məqsədlə Ali Sovet əvvəlcədən mədəniyyət, maliyyə, daxili işlər və kənd təsərrüfatı nazirliklərinə müvafiq komissiyalar göndərmiş və vəziyyəti dərindən araşdırmışdı. Komissiya müəyyən etmişdi ki, Kənd Təsərrüfatı nazirliyinin Baş Maşın Traktor Stansiyasında işləyən 42 nəfərdən yalnız 9 nəfəri, material-texniki təchizat idarəsinin 36 nəfər işçisindən ancaq 6 nəfəri Azərbaycan dilini bilir.

Yoxlama zamanı məlum olmuşdu ki, milli dilin tətbiqi baxımından Maliyyə nazirliyində vəziyyət daha ağırdır. Yoxlama müəyyən etmişdi ki, maliyyə nazirliyində işləyən 156 nəfər əsas işçılərdən 78 nəfəri, 22 nəfər idarə, şöbə rəisləri və rəis müavinlərindən 7 nəfəri, respublikanın yerli maliyyə orqanlarında işləyənlərin 78,4 faizi Azərbaycan dilini bilmir.

Mədəniyyət nazirliyi ilə bağlı komissiya müəyyən etmişdi ki, nazirliyin 1956-cı ilin oktyabr ayının 1-dən noyabr ayının 12-dək verdiyi 102 əmrin ancaq üçü Azərbaycan dilində yazılmışdır.

Komissiyanın hesabatında deyilirdi: “Məgər Ağstafa rayonu mədəniyyət şöbəsi müdirinin işdən azad edilməsi və onun əvəzinə başqa bir yoldaşın təyin edilməsi haqqındakı əmri Azərbaycan dilində yazmaq olmazdı?”

Komissiyanın hesabatında deyilirdi ki, nazirliyin aparatındakı beş makinaçıdan ancaq biri Azərbaycan dilində işləyir. Digər nazirlik, idarə və müəssisələrdə də milli dilə münasibət təxminən bu vəziyyətdə idi və bütün bunlar dekabr ayının 29-da Ali Sovetdə keçiriləcək iclasda müzakirə ediləcəkdi…




Yuxarı Əvvələ Ana Səhifə