XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 September 2020 - 22:00

AMERİKALI DİPLOMATIN “VAHİD KİPR” LAYİHƏSİ:səfirlə türk şirkətlərinin rəhbərləri arasında hansı razılaşma əldə edilib?

Ərgün Dilər

“Takvim” qəzeti, Türkiyə, 18 sentyabr 2020-ci il

 

Demək olar ki, bir çox ölkələrdəki iri şirkətlər həmin ölkələrin qorumasındadır. Bu, heç də təəccüblənəcək bir şey deyil. Siyasi mövzularda da vəziyyət heç fərqli deyil. Bəzən həmin şirkətlər yerləşdikləri ölkələrlə, bəzən də digər iri güclərlə bir yerə gələrlər. İri güclər isə bəzən bu şirkətlərə yol açar, bəzən də verdikləri dəstəyin qarşılığını tələb edərlər.

Bu mövzuda çox nümunə çəkmək olar. Məsələn, ABŞ patentli bir şirkətin daşıyıcısı olan digər şirkətlər dünya üzərində o marka və o markanın aid olduğu ölkə ilə uyğun şəkildə işləyərlər. Eyni şey Almaniyanın “Siemens”, Fransanın “Peugeot” və “General Motors” şirkəti üçün də keçərlidir. Ya da Rusiyanın “Qazprom”u üçün, fərq etməz. Biz isə bu məsələnin siyasi tərəfinə baxacağıq. Yenə bəhs edəcəyimiz ünvan Aralıq dənizi olacaq.

Pandemiya səbəbindən ABŞ-ın Kipr planı pozulsa da, bu yöndə addımları davam edir. Kipr Adası dünyanın ən vacib quru hissələrindən biri olacaq. Əlbəttə, bunun üçün pula ehtiyac var. Dünyanın ən yaxşı 100 şirkəti bu möhtəşəm layihəni dəstəkləyir. Şübhəsiz ki, Şimali Kipr Türk CümhuriyyətiCənubi Kipr iki ayrı dövlətdir. Şimali Kipr tanınmasa da, Türkiyənin varlığı bu ada üzərindəki planların sürətini azaldır. Ancaq pandemiyadan sonra maraqlı bir inkişaf yaşandı. Kipri tək bir ölkə halına gətirmək üçün pandemiyadan sonra düyməyə yenidən basıldı.

Vaşinqtona uyğunlaşdırılan konstitusiya təşəbbüsləri sürətləndirildi. 7-8 illik çalışma da tamamlandı. Bir müddət öncə mərkəzində Kiprin dayandığı kiçik bir mübahisə var idi. Aprel ayında İngiltərənin “Guardian” nəşrinə müsahibə verən  KKTC -nin (Şimali Kipr Türk Cümhuriyyəti) prezidenti Akıncı bildirib ki, “Şimali Kiprin Türkiyəyə bağlanması Türkiyənin maraqlarına ziddir. Mən ikinci bir Tayfur Sökmen olmayacağam”.

Verilən reaksiyalardan sonra Akıncı öz açıqlamasında deyib ki, Kipr türkləri rumların daxilində azlıq olmağı da, Türkiyə ilə davamlı asılı qalmağı da istəmir. Önəmli olan, KKTC-nin iki bərabər qurucu dövlətdən birinə çevrilərək, federal qanunlar çərçivəsində və beynəlxalq hüquq içində layiq olduğu yeri tuta bilməsidir.

Prezident Akıncı bəlkə də fərqində deyil, ancaq “Vahid Kipr” layihəsi Türkiyədə müzakirə mövzusu olmuş ABŞ səfiri Fransis Rikiardonun bir ssnearisi idi. O, bunu çox arzulayırdı və bunun üçün çox çalışırdı. Ərdoğanın xəstələndiyi bir dövrdə “Hilton” otelində jurnalistlərlə görüşüb, “Sağlıq Toto” oynayan ABŞ səfiri Kipr üçün heç də boş dayanmırdı.  Adlarını çəkmək istəmirəm, ancaq bir çox türk şirkətlərinin rəhbərləri ilə xüsusi görüşlər də keçirdi. Ağlınıza nə qədər çox şirkət adı gəlirsə, onun əksəriyyəti bu görüşə qatılmışdı. Hər biri ilə ayrı-ayrılıqda Kipr mövzusu müzakirə edildi. İstənilən dəstək idi və bir çoxu o dəstəyi verəcəyini bildirdi.

Ancaq, məsələn, indi həyatda olmayan bir şirkət rəhbərini razı sala bilməmişdi. Çox böyük şirkətlər arasında yer alan 20 şirkət “Vahid Kipr” layihəsinə dəstək üçün ABŞ səfiri Fransis Rikiardoya söz verdi. Həmin bu iri şirkətlərdən olan, amma öz daxilində maliyyə bölünməsi yaşayan ailənin də önəmli üzvləri bu plana dəstək verəcəklərini bildirmişdilər. Ancaq indi həyatda olmayan həmin mərhum şirkət rəhbəri bu cür sonu bəlli olmayan və riskli hesab edilən plana ilkin mərhələdə daxil olmaq istəmədiklərini ABŞ səfirinə birbaşa demişdi.

Daha sonra ABŞ-ın Ankarada səfiri olmuş Con Bas bir neçə dəfə mərhumla görüşsə də, tam razılaşma əldə edə bilməmişdi.  Şirkət rəhbərinin Vaşinqtonla yaxın münasibətdə olduğu gerçək kimi görünsə də, onların hər sözünə “bəli” demək kimi bir xarakteri yox idi. Daha sonra bu şirkət rəhbəri həyatını itirdi və onun yerinə keçən digər ailə üzvləri digər şirkətlər kimi ABŞ-la razılaşdı, beləliklə, aradakı buzlar da əridi. Londonla Vaşinqtonun ortaqlığına inanırdılar. Ailənin böyükləri Fransis Rikiardonun təklifinə əvvəldən etibarən müsbət yanaşırdılar. Sadəcə istədikləri zəmanət idi.

Görünür, Con Bas həmin zəmanəti onlara vermişdi. Bu, dəqiq olmasa da, “Vahid Kipr” layihəsinə dəstək getdikcə böyük vüsət alırdı. Hər ölkədə iş adamları önəmlidir, Türkiyədə isə qat-qat çox önəmlidir. İsimləri açıqlamadığım təqdirdə, bu plana bu qədər dəstək verilirsə, bəziləri elə zənn edir ki, Kipr üçün son həmləni edirlər. Mərkəzində Aralıq dənizi olan yeni bir dünyada Kipr adası da əvəzsiz olaraq qalır. Vaşinqton Aralıq dənizində böyük bir güc olmaq istəyir. Fransa, İngiltərə Almaniya bunu bilir. Əsas problem ABŞ-ın Türkiyə ilə yaşadığı gərginlikdir. Yəni hər şeyə və hər kəsə rəğmən, Türkiyə ABŞ-a mane olur. Əgər bu gərginlik baş verməsəydi, bir çox böyük planlar indi reallaşdırılmışdı. Bu şərhi edən bir çox insan var.

İndi zaman sürətlə keçsə də, dünya pandemiya çaxnaşması ilə günə başlasa da, Aralıq dənizinin istiliyi hər yerdə hiss olunur. Körfəz ölkələri ilə İsrail arasındakı razılaşma da Aralıq dənizində quruldu.

Bunun da arxasında yenə Vaşinqton dayanırdı. Körfəz ölkələrinin İsrail ilə yaxınlaşması Ankaranı bölgədən təcrid etməyi hədəfləyir. Gələn ildən etibarən, ən çox danışacağımız digər mövzu Sevakin adası olacaq. Sudanın şimal-şərqində, Qırmızı dənizin qərb sahilində yerləşən Sevakin əsrlər boyu strateji və həyati əhəmiyyətə malikdir.

Bu gün Sevakin adasında söz sahibi Türkiyədir. İndi ABŞ Avropa Birliyinin bu ada ilə bağlı çıxışlarını gözləyir. Həmin zaman Vaşinqton bu məsələni həll edə biləcəyini iddia edərək iştirak edəcək. Vaşinqton əyalətində qərarların alındığı otaqda birinci mövzu Aralıq dənizi və Kipr adası, ikinci mövzu isə Sevakindir. Hər iki bölgədə də Türkiyə var. Təsəvvür edin, bununla belə, Vaşinqton Türkiyə ilə yaxınlaşmaqdansa, qarşıdurmanı üstün tutur.

Türkiyə ABŞ-dakı prezident seçkilərinin mərkəzindədir. Bu, ilk dəfədir baş verir və ikinci dəfə olmaq şansı yoxdur. İndi Türkiyə qarşısında olan seçimləri dəyərləndirib, yaxşı qərarlar vermək məcburiyyətindədir. Bu, Türkiyənin yüz illik gələcəyinə də təsir edəcək. Ölkə daxilində bəzilərinin hələ də Ankaranın apardığı mübarizəni anlaya bilməməsi məni təəccübləndirir. Açıq gözlə görsənən bu mənzərə necə olur ki, Ankaradan görsənə bilmir? Bəlkə, bilmədiyimiz başqa balanslar var? Ancaq bilinən odur ki, öz ölkə maraqlarımız mövzusunda birləşə bilmirik.  Bu da xarici qüvvələr üçün böyük üstünlüyə çevrilir.

Kipr Aralıq dənizindəki təyyarə gəmisinə bənzəyir. Hər kəs idarəedici mərkəzdə yerləşmək və göstərişlər vermək istəyir və istəyəcək də. Yaxın zamanlarda bunu da yaşayacağıq. Bunu ya siyasi oyunlarla, ya da zor gücünə edəcəyik. Türkiyə bütün üsullara hazırdır. Bunda problem yoxdur.  Ancaq daxildə xarici gücləri anlamağa çalışan beyinlər çoxdur. Problem olan da budur, ancaq öhdəsindən gəlmək olar.

Tərcümə Strateq.az-ındır.