XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

23 Sentyabr 2020 - 16:06

İmam Mustafayev: “Kürd qəbilə başçılarına silah vermişdim” –XATİRƏLƏRDƏN SEÇMƏLƏR

Əziz Rzazadə

“Strateq”, 23.09.2020

 

Çağın oxucusu uzun-uzadı şərhləri oxumaqda maraqlı deyil, o, qısa qeydlərə meyllidir. Macal dardır, iş-güc də başdan aşır, sürət əsrində yazı xalçasının ilmələrini sökməyə heç kimin həvəsi yoxdur. Sosial şəbəkədə paylaşımlarımı da buna görə qısa etməyə çalışıram. Yaxın dostlar bu qeydləri toparlamağı tövsiyyə edir, mən də qulaq ardına vurmadım. Bəlkə, kitab halına saldım, fani dünya ilə vidalaşdıqdan sonra məndən bir xatirə olaraq qalsın qalsın deyə…

 

Kor Əli hələ yadınızdadır?

Hüseynqulu Sarabski “Köhnə Bakı” adlı xatirələrində yazır: “Hər məhələdə bir qoçu, hər qoçunun da bir çayçı dükanı olardı. Çayçı dükanının dal tərəfində qumarxana olardı. Məşhur qoçu Ağakərimin dükanı Quba meydanında idi. Ağakərimin özündən başqa iki qardaşı vardı. Birinin adı Əli, o birininki Hüseynqulu idi. Əli ilə Hüseynqulunun kabab dükanları var idi. Bunlar Quba meydanının “Allahı” idilər. Quba meydanına ətraf kəndlərdən nə qədər meyvə gəlsəydi, gərək Ağakərimin əli ilə satılaydı, ona “bığyağı” düşəydi. Ondan izin almamış heç bir kəndli Quba meydanında malını sata bilməzdi.

Yaxşı yadımdadır, 1890-cı idi. Bir gün səhər erkən meydana getmişdim. Ağakərimin Əli adlı qardaşı əllərini belinə vurub bir qocanı söyürdü. Qoca isə ağlayırdı.

– Köpək oğlu, sən gərək bu meydandan çıxasan!

Bunu deyərək irəli gəlib kişinin kabab manqalına bir təpik vurdu. Manqal çevildi, şişə çəkilmiş ciyər kababının hər tikəsi bir yana dağıldı. Zavallı qoca ağlaya-ağlaya:

– Əli qardaş! Bu gün axşam mən sənin qulluğuna gələcəkdim.

Əli etina etməyib getdi.

Mən o kişiyə yanaşaraq məsələnin nə yerdə olduğunu soruşdum. O isə mənə nağıl etdi:

– Ay qardaş oğlu, mənim səkkiz baş külfətim var. Hər gün ciyər kababı bişirib şişi iki qəpiyə satıram, birtəhər başımı girləyirəm. Mən gərək manata iki qəpik hər axşam aparıb Əliyə verəm. Keçən gün isə vermədiyim üçün bu gün məni burada kasıbçılığımı etməyə qoymur.

Mən təəccüb edib soruşdum:

– Ay əmi, məgər burada polis idarəsi yoxdur, qaradovoy yoxdur?

– Ay qardaş oğlu, nə qoyub nə axtarırsan? Hər yerə gedirəm, heç kəs qulaq asmır. Hamısı əlbirdir. Bax, o qaradovuyu görürsən? Bir az bundan əvvəl burada idi. Əli məni söyməyə başlayanda, özünü bilməməzliyə vurub bizdən uzaqlaşdı”.

 

***

Anatoli Quskov, qısa müddətə də olsa, 50-ci illərdə Azərbaycan KQB-nin sədri olub. İmam Mustafeyevlə ixtilafı ucbatından tezliklə başqa vəzifəyə keçirilmiş rus-sovet kəşfiyyatçısı memuarlarında qeyd edir:  “Birinci müavinim general-mayor Atakişiyev sosialist qanunçuluğunun pozulması faktları ilə ciddi şəkildə özünü ləkələmişdi və fikrimcə, ciddi cəzalandırılmalı idi, buna görə də “dayaq” ola bilməzdi.

Digər bir müavin, Nuru Həsənoviç Quliyev, Cənubi Azərbaycan Demokrat Firqəsinin lideri Pişəvərinin ölümü ilə əlaqədar başlanan istintaqa cəlb olunmuşdu.

Bu iş təqdimat ardıcıllığından kənarlaşmamaqla, bir qədər izah olunmalıdır.

1946-cı ildə İran hökumətinin təqib etdiyi Demokrat Firqəsinin bir qrup üzvü İrandan (Cənubi Azərbaycan, Təbriz) SSRİ ərazisinə köçüb. Ümumən 11 min nəfər idilər. Sovet hökumətinin gördüyü tədbirlərlə onlar Azərbaycanın bölgələrinə yerləşdirilib, iş, təhsil və yaşayış yeri ilə təmin olunublar.

Demokrat Firqəsinin başçısı Pişəvərinin avtomobillə Azərbaycanın cənub sərhədi bölgəsinə etdiyi səfərlərindən birində onu o vaxt Azərbaycan Dövlət Təhlükəsizliyi nazirinin müavini olan polkovnik Nuru Həsənoviç Quliyev müşayiət edib.

Pişəvəri sürücünün yanında, ön oturacaqda oturub. Tamamilə boş yolda sürücü maşını yol dirəyinə çırpıb, nəticədə, Pişəvərinin başı ön şüşəyə dəyib və yerindəcə ölüb. Quliyevin ayağı sınıb və sürücü kiçik xəsarətlər alıb.

Bu faktı araşdırmaq üçün Bağırovun istəyi ilə SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyindən o vaxt nazir müavini E.P.Pitovranovun rəhbərlik etdiyi əməliyyat və istintaq işçiləri qrupu gəlib.

İstintaq, zənnimcə, adını çoxdan unutduğum əslən Cənubi Azərbaycandan, ancaq milliyyətcə erməni olan sürücünün naməlum xarici kəşfiyyat xidmətinin göstərişi ilə maşını yol dirəyinə vuraraq Pişəvərini qəsdən öldürdüyü iddiası ilə açıq bir qərəzlə aparılıb. Amma bu fərziyyə şübhə doğurur. Avtomobilin sürücüsü qəribə bir şəkildə sağdan sola (qarşıdan gələn) zolağa keçib. Bu vəziyyətdə sürücü özü daha çox risk altındaydı.

Təqsirləndirilən şəxsin və şahid Nuru Quliyevin ifadələrində bir çox ziddiyyətli məlumatlar var idi, lakin ətraflı araşdırılmadı. Bu səfər ərəfəsində sürücünün demək olar ki, gecə yatmadığı və dediyinə görə, maşın sürərkən, yuxuladığı məlum idi, lakin fərziyyəni təsdiqləmək və ya inkar etmək üçün heç bir araşdırma aparılmadı. Daha sonra sürücü günahını etiraf etdi və Pişəvərinin qətlinə görə 15 il həbs cəzasına məhkum olundu.

Həbsdə olarkən, bir çox şikayət yazdı ki, istintaq zamanı döyüldüyünü, buna görə də, yalan ifadə verdiyini iddia etdi. Məhkumun şikayətləri mahiyyətcə yoxlanılmadı və nəticəsiz qaldı.

İstintaq Quliyevə qarşı heç bir ittiham irəli sürmədi, odur ki, müalicə olunduqdan sonra o, dövlət təhlükəsizlik orqanlarındakı işində qaldı.

Ancaq bir müddətdən sonra, şərtlər dəyişdirildiyi üçün yenidən bu işə qayıtmalı olacağıq”.

 

***

İmam Mustafayevin İran xatirələrindən: “Urmiya vilayəti İran-İraq-Türkiyə sərhədləri birləşən üçkünclükdə yerləşir. Geopolitik və strateji cəhətdən çox mühüm yer olmaqla bərabər, Urmiya vilayətnndə azərbaycanlılarla yanaşı, çoxlu kürd qəbilələri yaşayır, şəhər və qəsəbələrdə isə aysorlar da məskundur. Burada siyasi məfkurələrin qaynadığı bir dövrdə ikinci “Hizbi-Azadeyi-İran”, Azərbaycan Demokrat Firqəsi, “Aysorların Azadlığı” Firqəsinin təşkil edilməsi, xalqlar arasında dostluq münasnbətlərinin bərpasına köməkedici siyasətin aparılması bizim mühüm vəzifəmiz idi.

..Kürdlərin qəbilə başçıları, siyasi partiyaların lider və nümayəndələri tez-tez yanımıza məsləhətə gəlirdilər.

…[General Selevanovun] gəlişlərindən birində kürdlər Mehbalı Əmiraslanovu özlərinə yaxın hesab edərək onun vasitəsəsi ilə… onlara bir qədər silah verilməsəni xahiş etmişdilər… kürd başçılarına silah vermişdim. Kimsə bundan xəbər tutub Zaqafqaziya Hərbi Şurasına məktub yazıb xəbər vermişdi ki, trofeyadan (qənimət silahdan) müsadirə olunmuş silahları qanunsuz dağıtmışıq. O vaxt elə bir hərəkət qanunsuz hesab olunurdu. Bu hadisədən təxminən 20-25 gün keçmiş “VÇ” telefonu ilə mənə xəbər verildi ki, Zaqafqaziya Hərbi Dairəsindən xüsusi komissiya gələcək. Həmin silahların vəziyyətinn yoxlayacaqlar. Odur ki, silahları yığmaq lazımdır ki, hər şey öz qaydasında olsun.

Biz elə ölçü götürdük ki, üç gün ərzində bütün paylanmış silahlar qaytarıldı, öz yerlərində, şkaflarda düzüldü. Gələn komissiyanın tərkibində iki rus, bir gürcü, bir erməni var idi.

Onlar çox odlu-alovlu danışırdılar, az qala bizi silahların satılmasında və dağıdılmasında təqsirləndirmək istəyirdilər.

Silahların siyahısı olan jurnalı onlara təqdim etdim, onlar yoxlamağa başladılar. Siyahıda olan silahların hamısının yerində olduğunu görən komissiya üzvləri bir-birinə baxaraq quruyub qaldı. Bircə onu izhar edə bildilər ki: “Kakiye vı vostoçnıye lyudi xitrıye” (“Siz şərqlilər necə də hiyləgərsiniz”). Mən isə cavabında dedim: “Burda heç bir “xitrost” (hiylə) yoxdur. Sizə kim bu yalan məlumatı veribsə, gedin onunla haqq-hesab çəkin”.

Komnssiya üzvləri getmək istədilər, mən isə etiraz etdim, akt tərtib etmələrini tələb elədim. Məcbur olub təzədən akt yazdılar və hər şeyin qaydasında olduğunu qeyd etdilər. Beləliklə, bu hadisə “sülh” yolu ilə həll edildi.

…İranda olan zaman biz Türkiyə-İran-İraq sərhədlərində yaşayan kürd qəbilə başçılarını Bakıya aparmışdıq. Bizimlə birgə Əmiraslanov da Bakıya getmişdi. Kürd qəbilələri arasında tanınan Qazıməhəmməd Mühabatlı, Rəşid bəy, Nuru bəy, Musa xan, Həsən Telo, Həsən Hənari, Məcid xan və başqaları var idi. Onlar bir həftə Bakıda olandan sonra vətənlərinə qayıtdılar. Hətta bu hadisə ingilis-Amerika diplomatlarının da narahatlığına səbəb olmuşdu…”




Yuxarı Əvvələ Ana Səhifə