XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

05 Aprel 2016 - 17:33

Dollar kreditləri məhdudlaşdırılmalıdır –Ekspertdən yeni təkliflər

samir eliyev-1

Samir ƏLİYEV, İqtisadçı

Fevralın 28-dən etibarən Qırğızıstanda ipoteka və istehlak kreditlərinin xarici valyutada verilməsi qadağan edilir. Oxşar addımlar bu və ya digər şəkildə Rusiyada, Belorusda, Qazaxstanda da atılıb. Təbii olaraq Azərbaycanda da xarici valyutada kreditin verilməsinə qadağa məsələsi gündəmə gəlib.

Bu tip qadağaların səbəbi aydındır. Milli valyutaların dəyərsizləşməsi valyuta krediti götürən müştərilərin ödəmə qabiliyyətini çətinləşdirir, hətta bir sıra hallarda bunu mümkünsüz edir, bankların aktivlərini pisləşdirir. İqtisadiyyatın dollarlaşması isə ölkənin xarici təzyiqlərə müqavimətini azaldır.

Ölkədə 2015-ci ilin sonuna xarici valyutada olan kreditlərin həcmi 10,7 milyard manat olub ki, bunun da 3 milyard manatı istehlak kreditlərinin payına düşür. Bu qədər vəsaitin hansı hissəsinin banka qayıda biləcəyi artıq sual doğurur. Həmin vəsaitin müəyyən hissəsi indidən ümidsiz borc sayıla bilər. Vacib olaraq vurğulamaq istəyirəm ki, valyuta kreditlərinin ödənməməsi problemi çox ciddi məsələdir və həllini tapmalıdır. Onun bankların və əhalinin üstünə atılması düzgün deyil. Çünki bunun fəsadları təkcə bank sektoru üçün yox, həm də ümumilikdə ölkənin makroiqtisadi sabitliyi üçün ağır nəticələrə gətirib çıxara bilər.

Azərbaycanda xarici valyutada kredit verilməsini qadağan etmək lazımdırmı? Bu, nə qədər səmərəli addımdır?

Bu suala birmənalı cavab vermək çox çətindir. Çünki ortada vətəndaşların, bankların və ölkə iqtisadiyyatının mənafeyinə təsir edəcək bir durum var. Məsələyə ancaq mövcud problemin həlli kontekstində baxmaq olmaz. Problem həm dərindir, həm də təcili həll tələb edir. Hər bir halda hökumət qarşısında duran əsas vəzifə iqtisadiyyatın dollarlaşmasını səngitmək və valyuta kreditləşməsinin payının azaldılması istiqamətində səyləri gücləndirməkdir. Bunun üçün iqtisadi alətlərlə yanaşı inzibati mexanizmlərdən istifadə edilə bilər. Ancaq bu metodlar yalnız qadağalara köklənməməlidir, daha yumşaq formada seçilməlidir, yəni müəyyən məhdudiyyətlərə əsaslanmalıdır. Xarici valyutada kreditlərin verilməsinin qadağan edilməsi ideyası müştərilər üçün cəlbedici olsa da ümumilikdə çıxış yolu deyil və bankların fəaliyyətində problemlər yarada bilər.

Ona görə də hökumət qadağa tətbiq etməzdən öncə mümkün məhdudiyyət imkanlarını nəzərdə keçirməlidir.

Məhdudlaşdırıcı tədbirlər aşağıdakılar ola bilər:

1. Xarici valyutada gəlirləri olmayan müştərilərə valyuta kreditlərinin verilməsinin müvəqqəti qadağan edilməsi. Bu qadağa daimi yox müvəqqəti olmalıdır. Yəni vəziyyətdən asılı olaraq 1-3 il müddəti əhatə edə bilər.

2. Fiziki və hüquqi şəxslərdən cəlb edilmiş və xarici valyutada olan vəsaitlər üzrə məcburi ehtiyat normasını 0,5%-dən 5%-ə qaldırılması

3. Xarici valyutada kredit verilməsinə qadağanın ancaq ipoteka kreditlərinə şamil edilməsi.

4. Risk dərəcəsi üzrə ölçülmüş aktivlərin hesablanmasında xarici valyutada verilmiş istehlak kreditləri üzrə daha yüksək əmsalın tətbiqi (bu əmsal 2 dəfə artırıla bilər) və bununla da kapitala tələbatı artırmaq

5. Ölkə daxilində istifadə edilən kredit kartları üçün ancaq milli valyutada kreditlərin ayrılması

6. Aktivlərin təsnifləşdirilməsi zamanı xarici valyutada olan aktivlər üzrə keyfiyyət meyarlarının sərtləşdirilməsi

7. Milli valyutada olan kreditlərin fiaz dərəcələrinə Mərkəzi Bankın tətbiq etdiyi yuxarı hədd götürülür (hazırda istehlak kreditləri üzrə 29%, mikrokreditlər üzrə 25%-dir). Əvəzində xarici valyutada olan kreditlər üzrə daha da endirilir. Bu hədd mikrokreditlər üçün 17-18%, istehlak kreditləri üçün 20% ola bilər

Məhdudlaşdırıcı tədbirlərin tətbiqi zamanı xüsusi halların nəzərə alınması vacibdir. Xüsusilə də ixracatçı şirkətləri və xaricivalyutada gəlirləri olan şəxrlər fərqləndirilməlidir. Bundan başqa hansısa məhdudiyyəti tətbiq etməzdən öncə Mərkəzi Bank bankları və digər kredit qurumlarını zəruri manat vəsaiti ilə təmin etməlidir.

Hər bir halda addımlar kompleks şəkildə atılmalıdır. Ayrı-ayrı addımların atılması problemi nəinki həll edə bilməz hətta daha da dərinləşdirə bilər. Mərkəzi Bank prosesə hərtərəfli yanaşmalı, milli valyutanın sabitiyini təmin edəcək addımlara üstünlük verməlidir.