XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

08 Aprel 2016 - 11:26

“Ölkədə kompleks islahatların aparılmasına ehtiyac var” –Vüqar Bayramovdan sensasion islahat çağırışı

vuqarbayram-1.jpg

Dünya Bankı bu il üçün qlobal neft qiyməti ilə bağlı proqnozunu aşağı salıb. Bankın nəşr etdiyi iqtisadi görünüş hesabatında bu il üzrə bir barel neftin orta qiymət proqnozu 53 dollardan 37 dollara endirilib.

Hesabatda həmçinin neftin orta qiymətinin bu il 30 dollar səviyyəsinə düşə biləcəyi də qeyd edilib. 2017-ci ildə neftin orta qiymətinin 48 dollar qalxacağını proqnozlaşdıran bank 2018-ci il üçün orta qiymət təxminini 51,4 dollar edib.

Dünya Bankı pessimist ssenaridə 2016-cı, 2017-ci və 2018-ci illər üçün neftin orta qiymət proqnozunu müvafiq olaraq 30, 40 və 45 dollar, optimist ssenaridə isə qiymətin 2016-cı ildə 50, 2017-ci ildə 53, 2018-ci ildə isə 55 dollar olacağını bildirib. 

Qeyd edək ki, bu günə olan məlumata görə, İCE London birjasında “Brent” markalı neft 5,7 faiz bahalaşaraq bareli 40,19 dollar olub. 

Dünya Bankının proqnozuna inansaq, qarşıdakı 3  ildə neftin bir barelinin qiyməti 50-55  dollardan yuxarı olmayacaq. Belə olan halda, Azərbaycan iqtisadiyyatı üçün neft amili bitmiş hesab olunur və qeyri-neft sektoru üzərində formalaşmış yeni bir iqtisadi modelin tətbiqi labüddür. 

İstər proqnozlar, istərsə də neftin qiymətinin hazırkı səviyyəsi onu göstərir ki, uzun müddət Azərbaycan üçün aparıcı olan neft sektoru əhəmiyyətini itirməkdədir. Lakin Azərbaycan iqtisadiyyatında yenə də neftin payı çoxdur. İxracatın 85 faizini neft təşkil edir. Neftin ucuzlaşmasına baxmayaraq, yenə də neft ölkəyə daxil olan valyutanın önəmli bir hissəsini diktə edir. Dövlət gəlirlərinin də 3 dəfəyə qədər azalmasını nəzərə alsaq, bu o deməkdir ki, azalmış gəlirlərdə neft sektorunun payı  yüksəkdir. Deməli, ölkəyə daxil olan gəlirlər azalmaqdadır. Bunun üçün də qeyri-neft sektorunun inkişaf etdirilməsi və qeyri-neft sektoru hesabına dövlət gəlirlərinin artmasını təmin etmək lazımdır. 

“Yeni Müsavat”a açıqlamasında qeyri-neft sektorunun inkişafı üçün zəruri olan islahatlardan danışan Vüqar Bayramov əsasən struktur və kadr islahatlarının aparılmasına diqqət çəkdi: “Qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən islahatlar bir-birini dəstəkləməlidir. Yəni bir sektorda islahatların  aparılması, digər sektorlarda islahatların aparılmaması nəticə etibarilə arzuladığımız hədəflərə çatmağa imkan verməyəcək. Ona görə də kompleks islahatların aparılmasına ehtiyac var. Bu islahatlar özünü həm də struktur islahatlarında göstərməlidir. Biz hələ 2011-ci ildə hazırladığımız təkliflər paketində struktur islahatlarının aparılmasını hökumətə təklif etmişdik. Buraya müxtəlif dövlət qurumlarının ləğv edilməsi və birləşdirilməsi daxildir. Bu məsələlər, zaman-zaman mətbuatda müzakirə olunur. Onlardan bir qismi artıq həyata keçirilib. DSMF-nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilməsi, Torpaq Komitəsinin ləğv edilməsi və sair. Ancaq bizim təkliflər paketində struktur islahatları ilə bağlı xeyli təkliflər var ki, hələ də istifadə olunmayıb. Məsələn, bəzi sektorlarda bir neçə qurumun olmasına ehtiyac yoxdur. Bu sektorlarda vahid dövlət strukturlarının yaradılmasına  ehtiyac var. Bu imkan verəcək ki, daha çevik qərarlar qəbul edilsin. Həmçinin büdcədən dövlət qurumlarına ayrılan vəsaitə qənaət olunsun. Məsələn, Gömrük Komitəsinin ayrıca komitə kimi fəaliyyət göstərməsinə ehtiyac yoxdur. Əgər gömrük rüsumu da bir vergi növüdürsə, o zaman bu, Vergilər Nazirliyinin tərkibində fəaliyyətini davam etdirə bilər”. 

Struktur islahatlarından biri kimi ekspert Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdirilməsinin önəmindən danışdı: “Vergilər Nazirliyi elektron hökuməti ən yaxşı tətbiq edən qurumdur. Bu isə o deməkdir ki, əslində Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdirilməsi həm də gömrük prosedurlarının sadələşdirilməsinə və elektronlaşdırılmasına səbəb olacaq. Proseslərin elektron şəkildə həyata keçirilməsi imkan verəcək ki, şəffaflıq təmin olunsun, korrupsiyaya qarşı mübarizə güclənsin və daha səmərəli sistem formalaşsın. Hökumətin bu təkliflərdən faydalanması vacibdir. 

Azərbaycanda aparılan islahatlar eyni zamanda kadr islahatları ilə müşahidə olunmalıdır. Biz Nazirlər Kabinetində kadr islahatlarının aparılmasının tərəfdarıyıq. Çünki qeyri-neft iqtisadiyyatına keçmək üçün hökumətdə yeni nəfəsə ehtiyac var". 

V. Bayramov kadr islahatlarını əsaslandırarkən bildirdi ki, istər beynəlxalq praktika, istərsə də nəzəriyyələr göstərir ki, islahatların səmərəliliyi həm də bu işi aparan qurumun rəhbərliyinin nə dərəcədə innovativ olmasından, çevik qərarlar qəbul etməsindən asılıdır: “Bu baxımdan struktur islahatları ilə yanaşı, Nazirlər Kabinetində kadr islahatları da aparılmalıdır. Əsas məqsəd xidmətlərin elektronlaşdırılması olmalıdır. ASAN xidmətin səlahiyyətlərinin genişləndirilməsinə, müxtəlif qurumların birləşdirilməsinə ehtiyac var. 

Biznesə müdaxilələr tamamilə aradan qaldırılmalıdır. Regionlarda biznesə müdaxilələrin aradan qaldırılması çox vacibdir. Eyni zamanda regionlarda struktur islahatlarının aparılmasına ehtiyac var. Azərbaycan kimi kiçik bir ölkədə bu qədər kiçik rayonların olmasına ehtiyac yoxdur. Rayonlar birləşdirilməli və təxminən 20 rayon olmalıdır. Eləcə də dövlət qurumlarının rayon şöbələrinin mərkəzləşdirilməsi vacibdir. Bu şöbələrin hər rayon üzrə deyil, region üzrə fəaliyyət göstərməsinə ehtiyac var. Bu həm büdcə vəsaitlərinə qənaət edilməsinə, həm də həmin şöbələrin yerli icra hakimlərinin müdaxilələrindən kənarda qalmasına səbəb olacaq. Bu baxımdan kompleks islahatlar aparılmalıdır ki, biz neftin qiymətinin aşağı düşməsindən itirilən gəlirləri qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası hesabına kompensasiya edə bilək".




Yuxarı Əvvələ Ana Səhifə