XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

09 Aprel 2016 - 13:51

Bir təmtərağın sirri: “Globus” ticarət mərkəzi necə ərsəyə gəlib?-ŞOK

eldar-111

“Uğurlu biznes, rahat alış-veriş, komfortlu istirahət – bütün bunlar “Globus” ticarət mərkəzində”

Bu təmtəraqlı sözlər Bakının ən bahalı məkanında yerləşən ticarət mərkəzinin rəsmi reklam mətnindəndir. İnsafən, haqsız sözlər də deyil. Ətrafındakı binalardan hər cür şəraiti və komfortu ilə seçilən ticarət mərkəzinin təmtərağına söz ola bilməz. Reklam mətnində etiraf edildiyi kimi, Nizami metrosunun yaxınlığında yerləşən, yanından keçənlərin gözünü oxşayan, dəbdəbəli görünüşüylə Bakı sakinlərinə “gəl-gəl” deyən bu bina  Azərbaycanda biznes qurmaq istəyən hər kəsin xəyalını bəzəyən məkan özəlliklərinə sahibdir.

 

 

Yəqin ki, bir çoxlarımız bu göz oxşayan binanın təmtərağının necə başa gəldiyindən xəbərsizik. Elədirsə, gəlin, bu təmtərağın sirrinə ötəri bir nəzər salaq.

İlk əvvəl ondan başlayaq ki, dəbdəbəsiylə insanı valeh edən bu bina keçmiş MTN-nin son naziri ünvanıyla tarixə düşməyi bacaran Eldar Mahmudova məxsusdur. Bina 2008-ci ildə inşa olunmağa başlayıb. Yəni MTN şefi təyin olunduğu 23 iyul 2004-ci il tarixindən cəmi 3 il sonra. 

Təsəvvür edirsinizmi, milli təhlükəsizliyimizi qorumaqla mükəlləf olan bir nazir cəmi 3 ilə Bakının göbəyində böyük bir biznes mərkəzi tikdirəcək qədər ciddi imkan əldə edə bilib. Hansı ki, ən varlı biznesmenlərin belə bir neçə ilə bu qədər gəlir əldə etməsi müşkül məsələdir. Azərbaycan qanunvericiliyinə görə isə, nazir, deputat və digər dövlət yetkililəri heç bir biznes fəaliyyəti ilə məşğul ola bilməz, yalnız quru maaşla ailəsini saxlamalıdır. 

 

 

Eldar Mahmudov isə nazir təyin olunmasından sonra biznes məşğuliyyəti ilə məşğul olması, hətta təmtəraqlı mərkəzini yaratması bir tərəfə, həm də dəyəri milyon dollarlarla ölçülən şəxsi ev, şadlıq evləri, restoranlar, müxtəlif mağazalar, müxtəlif ölkələrdə bahalı villalar inşa etdirib.

Maraqlıdır ki, MTN-in yeni nazirinin təyinatından qısa müddət sonra-2005-ci ildə ölkə başçısı hakimiyyət nümayəndələrinin korrupsiyaya bulaşmasının qarşısını almaq məqsədilə gəlir deklarasiyasının hazırlanması barədə qərar qəbul edib və işin icrasını Nazirlər Kabinetinə tapşırıb. Hətta qanunvericilikdə dəyişikliklər apararaq, hər kəsə dərs olsun deyə, ilk əvvəl öz maaşını münimum əməkhaqqının 600 misli  dəyərində olması prinsipini ləğv edərək, 15.000 manat həddində saxlayıb. Yeni maaş sisteminə əsasən, prezidentdən sonra ən çox məvacib alan Baş nazirin aylıq gəliri 2406 manat, müavinlərinin məvacibi 2000-2100 civarında müəyyənləşib. Nazirlərə isə, uzağı, 1875 manat məvacib layiq görülüb. Yəni, Eldar Mahmudov bu qədər böyük imkanlarını nəzəri olaraq, 1875 manat məvacibiylə reallaşdırmış kimi görünür. 

 

 

Peyğəmbər övladında belə olmayan bu “bərəkətin” sirri indi-indi ortaya çıxır. Mətbuatın son zamanlar ortaya çıxardığı məlumatlardan aydın olur ki, sabiq nazir əslində bu böyük vəsait tələb edən varidatına, həqiqətən də, böyük xərc çəkmirmiş. Əlindəki dövlət gücünün imkanlarından istifadə edərək, ölkədə bütün iş adamlarının mülkiyyətindən xəbərdar olan nazir onları şantaj edərək, həm bütün varidatlarını ələ keçirir, həm də istədiyi binanı müftə-müsəlləh tikdirtdirmiş. “Globus” ticarət mərkəzi də bu cür ərsəyə gəlib.

 

Moderator.az-ın əldə etdiyi məlumata görə, biznes mərkəzinin yerləşdiyi əraziyə belə, 5 qəpik pul ödənilməyib. Həmin yer MTN-nin balansında imiş. Nazirliyin keçmiş Yasamal şöbəsinin yerləşdiyi ərazi nazirin xoşuna gəldiyindən şöbəni 2007-ci ildə indiki Abbas Mirzə Şərifzadə küçəsinə-gözdən uzaq, könüldən iraq məkana köçürərək, onun yerində şəxsi cibini dolduracaq biznes mərkəzi ucaltmağa qərar verib. Biznes mərkəzinin reklam elanında nazirin Cəfər Cabarlı küçəsilə Bəsti Bağırova küçəsinin kəsişməsində yerləşən həmin məkanı niyə bu qədər bəyənməsinin sirləri yatır: 

“Mərkəz şəhərin işgüzar rayonunda yerləşir. Mərkəz bir sıra dövlət obyektləri və müasir tipli yaşayış kompleksləri ilə də qonşudur. Marketinq araşdırması nəticəsində aydın olmuşdur ki, 1 km radiusda mərkəz ətrafında: 

65000-dən çox insan yaşayır,

15000-dən çox insan çalışır,

ərazidə nəqliyyat axını, təxminən, 30000 avtomobil təşkil edir”.

 

Sadəcə bir km-lik radiusun verdiyi bu qədər münbit biznes şəraitinə malik ərazidə ucalan ticarət mərkəzinin inşası da Eldar Mahmudova baha başa gəlməyib. Hər halda redaksiyamıza ötürülən məlumatlar belə deməyə əsas verir. 

 

 

Məlumata görə, biznes mərkəzinin bünövrəsindən tutmuş, tikintisinə, dekorasiyasına qədər bütün işləri müxtəlif iş adamlarına gördürən Eldar Mahmudov bu işlərin müqabilində ödədiyi cüzi məbləği belə, daha sonra iş adamlarını şantaj edərək bir neçə misliylə geri qaytarmağı bacarıb. Bunun ən bariz nümunəsi biznes mərkəzinin özülünün inşasını tapşırdığı Vüqar Ağayevin başına gətirilən müsibətlərdir.

Əldə etdiyimiz məlumata əsasən, uzunluğu və eni 80 metr olan, dolayısıyla sahəsi 6400 min kvadrat metr ərazidə yerləşən bu biznes mərkəzinin bünövrəsi 25 metr dərinliyində qazılıb. Bunun üçün isə əvvəl ərazidə yerləşən MTN-nin ikimərtəbəli keçmiş binası və yanındakı “Odessa” restoranı sökülüb.  Bünövrəsinin qazılmasından sonra torpağı daşınıb. Özülünə diametri 1 metr, uzunlugu 34 metr olan 250 ədəd “svay” vurulub (cəmi 8500 metr uzunluğunda). Binanı qrunt sularından qorumaq üçün “svay”ların arasına  500 atmosfer təzyiqlə  sulfidli sement doldurulub. “Svay”ların baş hissəsinə 1metr/ 60 sm kəmər çəkilib. Qazılan özüldə hər 5 metrdən bir “ankraj” (“svay”lari saxlamaq ucun dəmir trosslarlar vurulur və onlar kəmər vasitəsi ilə bir-birinə bərkidilir) işləri görülüb ve 80sm/40 sm qalınlığında kəmər çəkilib. Özülün döşəməsinə 600 ədəd 25 sm diametr, 3 metr dərinliyində “svay” vurulub və 8.10 sm qalınlığında beton örtük çəkilib və izolyasiya edilib. Armaturdan çərçivələr toxunub və 3 metr qalınlığında beton tökülüb ( 80 metr / 80 metr). Yəni bu bina şahların “topdağıtmaz” saraylarından daha möhkəm bünövrə üzərində ucaldılıb.

 

Eldar Mahmudov “torbasını tikdiyi” iş adamları içərisində özünün şəxsən görüşərək “şərəfləndirdiyi” və özülün atılmasını həvalə etdiyi Vüqar Ağayev nazirin bu “xeyirxahlığına” laqeyd qalmaq istəməyib. Göstərdiyi bu yüksək etimada görə nazirə başqalarının 6 milyon manat “oxuduqları” iş üçün cəmi cümlətanı  3. 900. 000 manat qiymət deyib. Yəni heç bir xeyir gözləmədən sadəcə çəkəcəyi xərclərin ödənməsini istəyib. 

 

 

İş adamının bu ailcənablığının bir başqa səbəbi isə nazirin öz evinin inşasını da ona tapşırması olub. Vüqar Ağayev də “aldığın ətin sümüyü də olar” məntiqi ilə biznes mərkəzinə nazirlə qurduğu işgüzar əlaqələrin “sümüyü” kimi baxıb, “əti” evdən çıxarmağı fikirləşib. Nazir isə “sümüyü” verib, “əti” verməyib. Başqa sözlə, tikdirdiyi ev üçün 5 qəpik pul verməyəm Eldar Mahmudov biznes mərkəzinə çəkilən xərclərin isə bir qismini ödəyib. Əvəzində iş adamının özülün tökülməsi üçün aldığı 1000 kvadrat metrlik dəmir qəlib sistemlərinə (apalovka) belə göz tikib. İş adamı isə bu qəlib sisteminə nə az, nə çox, düz 920.000 manat xərc çəkibmiş. Bundan başqa inşaatda istifadə olunan digər dəzgah və materiallar da nazirin qəzəbinin güdazına gedib.

Eldar Mahmudova göstərdiyi etimadın acı meyvələrini dadan iş adamı borclandığı adamların, xüsusilə də fəhlələrin yanında üzüqara olduğundan, məcburən, nazirdən haqqını istəməli olub. Eşitdiyi sözlərə isə qulaqları inanmayıb: “Hər kəs ölkənin təhlükəsizlik naziriylə görüşmək üçün bütün əmlakını qurban verməyə hazır olduğu halda, sən məndən pul istəyirsən?”

Vüqar Ağayev nə illah edibsə, nazirə başa sala bilməyib ki, bəs, yaxası borcluların əlində qalıb. Gərək borclarını ödəyə. Yoxsa, o, hörmətli naziri bu cür “kiçik məsələlərə” görə narahat etməzdi. 

İş adamının bütün sözlərini qulaq ardına vuran nazir Vüqar Ağayevi gördüyü işi yoxlamaq üçün kommisiya göndərib təftiş etməklə təhdid edib və həqiqətən də, yaxın qohumu Musa Mahmudovu obyektə göndərib.

 

 

Bildirildiyinə görə, MTN nazirinin təftişçisi Musa Mahmudov bir neçə gündən sonra iş adamının qarşısında əlindəki cizma-qarayla peyda olur və yoxlamalar nəticəsində ciddi yeyinti faktları aşkarladığını bildirir. Vüqar Ağayevin “hansı yeyinti faktları” sualına cavab verməyən təftişçi bu barədə nazirin hüzurunda hesabat zamanı onu məlumatlandıracağını deyir. 

Vəziyyətin tünd olduğunu, özünə “torba tikildiyini” anlayan Vüqar Ağayev obyektə müstəqil ekspert çağırılmasını və təftiş işini bərabər aparmağı tələb edir. Hazırda vergi cinayəti ittihamıyla həbsxanada yatan Musa Mahmudov isə ona MTN nazirinin obyektini heç bir ekspertin araşdıra bilməyəcəyini, buna kimsənin cəsarətinin çatmayacağını bildirir. Həqiqətən də, Ağayevin üz tutduğu bütün ekspertlər ilk əvvəl təkliflə razılaşsalar da, məsələnin mahiyyətini anladıqdan sonra təftişçilikdən vaz keçməli olublar. 

 

 

Beləcə, borclu olduğu azmış kimi, yaxası həm də MTN şefinin əlində qalan iş adamı tam çarəsiz vəziyyətdə qaldığı bir zamanda telefonuna zəng gəlir. Zəng edən Musa Mahmudov imiş. O, iş adamını nazirlə görüşə dəvət edir. “Hesabat” gününün gəldiyini anlayan Vüqar Ağayev sənədləri qoltuğuna vurub nazirin qəbuluna yollanır. 

Maraqlıdır ki, iş adamını MTN-dəki kabinetində qarşılayan nazir onun təqdim etdiyi sənədlərin üzünə belə baxmır. Heç Musa Mahmudovun araşdırıb ortaya çıxardığı “yeyinti faktları” da müzakirəyə çıxarılmır. Nazir sadəcə iş adamından üzərində işlədiyi “Ağ ləpələr” layihəsini istəyir. Və ona “Ağ ləpələri” nazirin adına keçirməsi üçün 1 sutka vaxt verilir.

2002-ci ildə başladığı yüksəliş karyerasının tamamlandığını anlayan Vüqar Ağayev suyu süzülə-süzülə evə gəlir, atası Asif Ağayevlə məsləhətləşir. Ailə daxili müzakirəsindən sonra iş adamının bütün mülkiyyətini öz atasının adına keçirməsi və ölkəni tərk etməsi qərara alınır. Vüqar Ağayev məcburən əvvəl Gürcüstana, ordan Fransaya, daha sonra isə Amerikaya qaçır.

 

 

MTN quldurbaşısının böyük “məharətlə” çökdürdüyü Vüqar Ağayevin bu taleyi Eldar Mahmudova böyük pullar qazandırmaqla qalmır, həm də onun iş adamları üçün “göz dağı”na çevrilir. Mətbuatın ortaya çıxardığı faktlardan məlum olur ki, Eldar Mahmudovun bandası sözə baxmayan bütün iş adamlarına Vüqar Ağayevin taleyi barədə ağız dolusu danışır və hər kəsi bundan dərs almağa çağırırmışlar. Hətta sabiq nazirin öz qohumu “Royal” şirkətinin sədri Elşad Seyidova belə bu taledən ibrət dərsi alması tövsiyyə olunub. Ona bu tövsiyyəni verən isə Eldar Mahmudovun “təftişçisi” Musa Mahmudov olub. 

Elşad Seyidovun bildirdiyinə görə, Şərurda öz atasının adına məktəb tikdirən Eldar Mahmudovun “təftişçisi” ona 2 milyondan artıq xərc müqabilində cəmi 430 min manat pul verir. İş adamı pulunu istəyəndə isə Musa Mahmudov bildirib: “Şükür elə ki, sən hələ yaxşı qurtarmısan, səndən əvvəl biri var idi, torpağını tələb edirdi, onun bütün əmlakı əlindən alındı, özü də qaçıb Amerikaya getdi”.

 

(Ardı var)

 

P.S: Növbəti yazımızda “Ağ ləpələr”in taleyini araşdıracağıq.




Yuxarı Əvvələ Ana Səhifə