XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

28 May 2015 - 20:23

İnsan Hüquqları Komitəsinin nəzarət funksiyası kimi dövlətlərin hesabatlarına baxılması – Elmi məqalə

sefter rehimli.jpg

II hissə

… İnsan Hüquqları Komitəsi öz fəaliyyətini həyata keçirərkən digər analoji qurumlarla sıx əməkdaşlıqda olur. Hələ 1998-ci ildə Komitə qeyd etmişdi ki, İnsan hüquqları Komitəsi olaraq, işgəncələrə qarşı Komitənin, Uşaq hüquqları Komitəsinin, irqi ayrı-seçkiliyin ləğvi üzrə Komitənin və digər orqanların iclaslarının nəticələri haqqında məlumatlara davamlı olaraq baxmaqdadır. İnsan hüquqları Komitəsinin fəaliyyətinin ümuməhatəli xarakter kəsb etməsi onun konvension qurum kimi, ilk olaraq təsis edilən qurumlardan biri olmasıdır. Bu səbəbdən də Komitənin fəaliyyəti onun yaradılmasından başlayaraq, siyasi xarakter kəsb etmişdir.

Komitə hesabatlara baxdıqdan sonra özünün zəruri bildiyi qeydlərini dövlətlərə göndərir. Komitə həmçinin dövlətlərin hesabatlarının qeydlərini EKOSOS-a göndərə bilər. Hesabatların formasına və məzmununa münasibətdə Komitə iştirakçı dövlətlərə Baş Katib vasitəsilə özünün istəklərini ifadə edə bilər. Paktın 40-ci maddəsinin 5-ci hissəsinə uyğun olaraq, iştirakçı dövlərlər də Komitənin qeydləri ilə bağlı öz baxışlarını Komitəyə təqdim edə bilərlər. Yenə də Prosedurun (68) qaydasına görə, Komitə iştirakçı dövləti hesabatın baxılma tarixi barədə məlumatlandırır. Hesabata baxılacaq sessiyanın başlanması, müddəti, yeri üzrə məlumatlar Baş Katib vasitəsilə bildirilir. Bir qayda olaraq dövlətlərin hesabatlarına baxıldığı zaman onların nümayəndələri də iclaslarda iştirak edirlər.

2001-ci ildə edilən dəyişikliyə görə, Komitə dövlətlərin nümayəndəsi olmadıqda da hesabatlara baxmaqdadır. Xüsusən də, davamlı olaraq beyanəlxalq öhdəliklərini yerinə yetrməyən və ya zəruri qaydada yerinə yetirməyən dövlətlərə münasibətdə bu qayda dövlətlə bağlı hesabata baxarkən, əlavə məlumat üçün dövlətin nümayəndəsini iclasa dəvət etmək səlahiyyətinə malikdir. Müvafiq nümayəndə dövlətin hesabatı üzrə bütün məlumatlara malik olmalı və verilən sualları cavablandırmalıdır. Dövlət özünün hesabatını göndərirsə, komitə Paktın 40-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq, hətta nümayəndə olmadan hesabata baxmağa başlayır.

Prosedurun 69-cu qaydasında iştirakçı – dövlət tərəfindən hesabatın təqdim edilməməsi halı ifadə edilib. Bu halda Baş Katib Komitəni məlumtlandırmalı, hesabatın və ya sorğu edilən əlavə məlumatın verilmədiyini bildirməlidir. Komitə öz növbəsində iştiakçı-dövlətin öhdəliyini təmin etmək üçün Baş Katib vasitəsilə həmin dövlətə hesabatın təqdim edilməsi məqsədilə bildiriş verir.

Komitənin nəzarət funksiyasında ən zəif nöqtə onun mövqeyinə iştirakçı dövlət tərəfindən reaksiya verilmədiyi haldır. Komitə ən yaxşı halda hesabat göndərməyən dövlətə bildiriş verdikdən sonra 69-cu Qaydaya görə, bu məsələni özünün illik hesabatında əks etdirilməklə İqtisadi və Sosial Şura vasitəsilə Baş Məclisə göndərir. Komitə bildiriş verdikdən sonar Paktın 40-ci maddəsinin 1 (a) və (b) bəndləri üzrə iştirakçı dövlət özünün hesabatını göndərdikdə Komitə yenə də Baş Katib vasitəsilə müvafiq dövləti məlumatlandırır ki, müvafiq hüquqlar üzrə həmin dövlətin həyata keçirməli olduğu tədbirlərə müstəqil olaraq Komitənin qapalı iclasında baxılacaq. Bu zaman Komitə müvəqqəti yekun qeydlər qəbul edib dövlətə göndərir.

İştirakçı dövlətlərin hesabatlarına baxılması müəyyən bir prosedura əsaslanir və 70 –ci Qayda ilə tənzimlənir. öncə hesabatda hansı məlumat əks edirilməsi məsələsinə baxmaq lazımdır. Prosedur qaydalarına görə, tələb edilən məlumat hesabatı formalaşdırmalıdır. Əgər tələb edilən məlumat hesabatda əks edilməyibsə, bu barədə Komitə baxılmaq üçün müddət göstərilməklə dövlətdən əlavə məlumatın təqdim edilməsini xahiş edə bilər. Hesabatın tam və dolğun olması üçün Komitə iştirakçı dövlətlərə kömək məqsədilə “başlanğıc prinsiplər” in Külliyyatını hazırlayıb. Eynilə BMT- nin İnsan hüquqlari üzrə Ali Komissarlığının ofisi tərəfindən “İnsan hüquqları üzrə hesabatların təqdimatının Prinsipləri”ndə bu məsələnin tənzimlənməsi mexanizimi ifadə edilib. Külliyyata görə, hesabat iki hissədən ibarət olub və ya ilk növbədə iştirakçı dövlətlər özlərinin siyasi-sosial sistemi, hüquq qaydası, ərazisi, əhalisi haqqında ümumi məlumatı əks etdirən ilkin sənədi hazırlayıb təqdim etməlidirlər. Bu ümumi məlumatı əks etdirən hesabat bütün ixtisaslaşdırılmış müqavilə orqanlarına təqdim edilir. ümumi sənəd hüquq qaydası və sistemlə bağlı məlumatları əks etdirdiyi üçün burada dövlətin Paktla bağlı həyata keçirdiyi tədbirlər, xüsusən də Paktın maddi hüquq normaları haqqında ümumi məlumat yer almalıdır. İştirakçı dövlətin Paktla və onun əlavə Protokolları ilə hüquqi bağlılığının tarixi, məzmunu, öhdəliklərin səviyyəsi təsbit edilməlidir.

İlkin məlumatı əks etdirən hesabatın təqdimatından sonra dövlətlər daha konkret “dövri hesabat”ı hazırlayırlar. Bu əsas hesabatda iştirakçı dövlətin əvvəlki hesabatından meydana gələn problemlər üzrə Komitənin yekun rəyinin yerinə yetirilməsi məsələləri təsbit edilməlidir. Hesabatlarda insan hüquqları ilə bağlı həm fərdi şikayətlərin, həm də dövlətlərarası şikayətlərin yerinə yetirilmə vəziyyəti ilə bağlı məlumatlar yer almalıdır. Hesabatda maddi hüquq normalarının təsbit edilməsi haqqında məsələ nə qədər əhəmiyyətlidirsə, onların yeriə yetirilməsində dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının fəallığı haqqında məsələ də daha çox maraq kəsb edir. Hesabatın hazırlanmasında müxtəlif dövlət, hökumət orqanları (QHT) mühüm rol oynayır.

Dövlətin qurumu kimi bir qayda olaraq Xarici İşlər Nazirliyi çıxış edir. Dövlətin hesabatının hazırlanması ilə bağlı müəyyən edilmiş metod olmasa da, Komitə hesab edir ki, mülki cəmiyyətin nə qədər geniş təbəqələri cəlb edilərsə, hesabat bir o qədər məzmunlu, dolğun ola bilər. Demokratik idarəçilik sistemli dövlətlərdə QHT-lər hesabatların hazılanmasında daha fəal rol oynayırlar. Hesabatların hazırlanmasında müxtəlif insan hüquqları institutları, o cümlədən insan hüquqları üzrə komissiyalar, ombudsman və digər qurumlar olduğu halda, hazırlıq prosesi daha məzmunlu olur. Mülki cəmiyyət institutları ilə hakimiyyət arasında fikir ayrılığı yarandığı halda dövlət özünün zəruri bildiyi formada hesabatı təqdim etməkdə sərbəstdir. Lakin dövlətin təqdim etdiyi hesabat Komitə tərəfindən rəsmən dərc edilmədən öncə QHT-lər də özlərinin fərqli mövqeyini Komitəyə təqdim etmək imkanına malik olmalıdırlar.

Komitə dövlətdaxili hüquq təminatı ilə bağlı hərtərəfli məlumata malik olmaq üçün cəmiyyətdəki bütün qrup maraqlarını ehtiva edən “əlavə hesabat” sənədini də qəbul etməkdədir. Belə bir hesabat iştirakçı dövlətlərin hesabat formatında hazırlanıb təqdim edilir.

İfadə etdiyimiz kimi, iştirakçı dövlətlərin hesabatlarına müəyyən bir qaydada baxılır. Tərəfsizliyi təmin etmək məqsədilə hesabatı təqdim edən iştirakçı dövlətdən seçilmiş Komitə üzvü (ekspert) müzakirələrdə və yekun qərarın qəbulunda iştirak etmirlər…