XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

11 Aprel 2016 - 15:09

Bir il keçdi:Poliuretan üzlük – doğrular və yalanlar

peno02

 

Düz bir il əvvəl – 2015-ci ilin aprelin 10-da Xətai rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verdi. Həmin günlərdə cəmiyyət hər yerdə bir sözü müzakirə edirdi. Əslində bir çox insanlara o vaxta qədər məlum olmayan bu söz bir-birinin ardınca baş vermiş yanğın hadisələrindən sonra xalq arasında populyar oldu. Dünyada çoxdan bəri əksər sahələrdə uğurla tətbiq edilən bir materialı ifadə edən bu söz – poliuretan – Azərbaycanda qorxunc kabusa dönərək özü haqqında müxtəlif məzmunlu fikirlər yaratdı.

Bir aydan sonra Binəqədi rayonunda daha bir hündürmərtəbəli binada baş verən yanğın bu müzakirələri yenidən şiddətləndirdi. Hətta baş vermiş yanğınların əsas səbəbi və nəticələri diqqətdən kənarda qalaraq, poliuretan üzlük müzakirələrin əsas mövzusuna çevrildi.

Bunun ardınca fasad üzlüklərin təcili sökülməsi prosesi başlandı. Əvvəlcə vətəndaşların başladığı bu proses sonradan dövlət tərəfindən dəstəkləndi və binalar bir həftə ərzində bu üzlüklərdən təmizləndi. Qeyri-müəyyənlik şəraitində gərginliklə və sürətlə aparılan sökmə kampaniyasında məqsəd əhalidə təşviş hissini aradan qaldırmaq idi. Binaların fasad üzlüklərinin sökülməsi ilə əhalidə bir "arxayınçılıq" yaradıldı – sanki yanğınların birmənalı səbəbi elə bu üzlük imiş.

Yaxşı, bəs bütün dünyada çox faydalı kəşf hesab olunan poliuretan niyə ölkəmizdə belə “əcinnə silahı”na çevrildi? Doğurdanmı bu material deyildiyi qədər qorxuludur?

Qısaca da olsa, poliuretanın tarixinə toxunaq.

Rezini, plastması və metalı əvəz edə biləcək universal materialın işlənib hazırlanması hələ ötən əsrin 30-cu illərində ABŞ və Almaniyada başlanıb. 1937-ci ildə alman alimi Bayer ilk dəfə olaraq elastik və bərk poliuretan əldə edə bildi. Onun sənayedə tətbiqi ilk olaraq 1944-cü ildə Almaniyada, 1957-ci ildə ABŞ-da başlandı. SSRİ-də poliuretanın tətbiqinə 60-cı illərdə diqqət verilib.

Bu kimyəvi sintez haqqında məlumatı olmayanlar və bu ada indi əyri-əyri baxanlar poliuretanın məişətimizdə necə mühüm yer tutğunu bilsələr, yəqin ki, çox təəccüblənəcəklər. Əslində poliuretan praktik olaraq gündəlik həyatımızda bizi əhatə edir.

Özünün xüsusi istehlak xassəsinə görə, poliuretan rezini, kauçuku, metalı və plastiki əvəz edir, kimya, poliqrafiya, ağac emalı, kağız, dəri sənayesində mühüm yer tutur. Avtomobil istehsalında, toxuculuqda, yeyintidə, tibbdə əvəzedilməzdir.

Tikinti sahəsində lövhələr, sendviç-panellər, poliuretan üzlük isti və soyuq hidroizoliyasialı örtüklər kimi çox populyardır. Bu gün tikinti sənayesi çox böyük sürətlə inkişaf edir və öncül texnologiyalara daha çox üstünlük verilir. Bu baxımdan digər materiallardan istilikkeçirmə qabiliyyəti, rütubətə qarşı davamlılığı, yüngül çəkisi, səs keçirməməsi, sürətli montaj işləri üçün münasibliyi, estetik görünüşü və bir sıra bu kimi xüsusiyyətləri ilə fərqlənən poliuretan dünya miqyasında uğurla tətbiq olunur.

Hər il Avropa İttifaqında 2 milyon ton poliuretan istehsal olunur. Sənayenin bu sahəsində 800 min adam çalışır. Avropa Birliyində poliuretan istehsalı ilə məşğul olan sənaye sahəsinin bazar qiyməti 15 milyard avrodur. BASF kimyəvi konsernin qiymətləndirməsinə görə, 2010-cu ildə poliuretanın dünya bazarında həcmi 14 milyon ton, və ya 33 milyard dollar olub. 2016-cı ildə dünya bazarında onun həcminin 18 milyon tona, və ya 55 milyard dollara çatacağı gözlənilir.

Azərbaycanın tikinti sektorunda 9 ilə yaxın tətbiq tarixi olan bu materialın dünya tikinti bazarında istifadə tarixi təqribən 60 ildən yuxarıdır. Məsələn, Türkiyənin poliuretan məmulatları istehsal edən “Decopol” şirkəti 25 illik, Rusiyanın “Evroplast” şirkəti 20 illik, Belçikanın “Orac Dekor” şirkətinin 40 illik, NMC şirkəti 65 illik təcrübəyə malikdir. ABŞ-ın “Faux Panels” şirkəti də poliuretan sahəsində böyük təcrübəsi var. 1972-ci ildən bu şirkət tikinti sektorunda polimer məhsullarının tətbiqi ilə bazarda yer tutub. ABŞ-da da bu polimerdən istifadə rəqəmləri maraqlıdır. 2009-cu ildə ABŞ-da poliuretan tikinti sektorunda istifadə olunan materialların 26,8 faizini, nəqliyyatda 23,8 faizini, mebel sənayesində 20,7 faizini, toxuculuqda 3,3 faizini təşkil edib.

Poliuretanın xüsusiyyətləri istifadədən asılı olaraq fərqlənə bilər. Texnoloji prosesdə resepti dəyişərək müəyyən korrektələr etdikdə poliuretanın ən müxtəlif növləri yaranır. Bu zaman polimerin yumşaq və elastik, sərt və möhkəm, köpüklü, şanvari, ən aşağı istilik keçirici formasını almaq olar.

Polimerlərin içində məhz poliuretan tətbiq baxımından ən universal hesab olunur.

Qeyd etdiyimiz kimi, poliuretanın tətbiq olunduğu sənaye sahələri genişdir: aviasiya, raket,  avtomobilqayırma, kənd təsərrüfatı, tikinti, mühəndis-inşaat, yüngül sənaye, elektronika, mebel sənayesi, gəmiqayırma, ictimai nəqliyyat, boru kəmərlərinin tikintisi, kimya sənayesi, metallurgiya, dağ-mədən sənayesi və sair.

Poliuretan ekoloji cəhətdən təmiz və təhlükəsiz boya və lak, yapışdırıcı materiallarında, dekorativ daşlarda, rəngləmə, boya məhsullarında, roliklərdə, izolyasiya məhsullarında, implantlarda tətbiq edilir. Poliuretan mebel sənayesində və bəzək işlərində çox yaxşıdır.

Hazırda ayaqqabı sənayesini bu polimersiz təsəvvür etmək mümkün deyil. Poliuretan ayaqqabı tikilişində və təmirində rezini, kauçuku, plastiki əvəz edir. Ayaqqabı istehsalında poliuretan material özünün rahat, istilik, elastik və davamlılıq xüsusiyyətləri ilə seçilir.

Avtomobil sənayesində poliuretandan sükan mexanizmində, salonda, klapanlarda, müxtəlif detallar və dizayn işlərində geniş istifadə edilir. Nəticələr göstərir ki, avtomobillərdə poliuretan detalların tətbiqi maşının idarə olunmasında rahatlıq yaradır, ekstremal şəraitdə idarəetməyə nəzarət imkanı verir. Kəskin sürət dəyişməsində, döngələrdə əyləcin basılması zamanı təkərlər əlaqəni maksimum şəkildə saxlayır. Poliuretan detallar yolda avtomobilin hərəkətini yaxşılaşdırır, arzuedilməz deformasiyanı azaldır. Poliuretan detallar zərbəni, vibrasiyanı və səs-küyü dəf etməklə rezindən daha yaxşı işləyir.

Bu polimer həmçinin müxtəlif elektrik kabellərinin izoliyasiyası, xüsusi texnikanın təkərlərinin və qoşqularının hazırlanmasında istifadə olunur.

Poliuretan uşaq oyuncaqlarının hazırlanması üçün yaxşı xammal sayılır.

Yaxşı istilik izolyasiya xassələrinə görə, poliuretan isti və soyuq izolyasiya üçün materiallarının yaradılmasında çox populyardır. Belə materiallar məişətdə istifadə olunan soyuducularda çox gözəl nəticələr verir. Məsələn, istehsal prosesinə poliuretandan istifadəyə görə, A++ markalı soyuducu modelləri enerji qənaətinə görə, 15 il əvvəl istehsal olunan soyuduculardan 60 faiz effektlidir.

Poliuretan tibbdə də tətbiq olunur. Ondan tikiş materialı, ürək-damar sistemi üçün protezlər hazırlanır.

Materialların tez xarab olduğu və tez-tez dəyişilməsi lazım olan yerlərdə poliuretan məhsulları daha çox xidmət edir. Poliuretanın hermetikliyi, istiyə qarşı yüksək davamlığı, bütün istiqamətlərdə möhkəmliyi, ən kəskin situasiyalarda uzunömürlü olması sənaye bazarında poliuretana böyük populyarlıq qazandırıb. Bu universal polimer müasir sənayedə və xalq təsərrüfatında geniş tətbiq edilir.

 

Poliuretan texnikanın daha etibarlı detallarının hazırlanması üçün lazım olan çətin məsələləri həll etdi. Bu kəşf sürətlə insan məişətinə daxil oldu.

Yanğına gəlincə isə, demək olar ki, inşaat sektorunda və məişətdə istifadə olunan əksər materiallar yanardır. Məsuliyyətsizcəsinə yerə atılmış bir kibrit çöpü böyük bir meşəni, balkondan atılan söndürülməmiş siqaret kötüyü istənilən binanı yandıra bilər. Odur ki, bütün dünyada yanğın təhlükəsizliyinə cavabdeh olan qurumlar hər il böyük məbləğdə vəsaitlər ayıraraq innovativ texnika alır, əhaliyə yanğına qarşı müdafiə qaydalarını öyrədirlər.

Ötən ildən bəri poliuretan ətrafında yaranmış qorxu plastik üzlük haqqında dəhşətli miflər yaradıb. Dünyada 60 ildən artıq bir müddətdə uğurla tətbiq edilən və istifadə sahələri günbəgün genişləndirilən belə materialın ətrafında ölkəmizdə qaldırılmış ajiotaj texnoloji yeniliklərin ölkəmizdə tətbiqinə ciddi manelər yaradır.

Kimya sahəsində inqilab sayılan poliuretanı kabus elan etməklə dünya texnoloji müstəvisində yenilikçi metodları qaralamaq məsələdən çıxış yolu sayıla bilməz.

 




Yuxarı Əvvələ Ana Səhifə