XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

20 Aprel 2016 - 19:56

Supermarket sahibləri nə qədər haqlıdır? –Araşdırma

 

Qulu İbrahimli:Onlar imtiyazsızlığı həzm edə bilmirlər”

Elçin Qurbanov: “Problem vergi sistemində deyil, gömrük rüsumlarındadır”

Böyük supermarket şəbəkələri rəhbərlərinin İqtisadiyyat Nazirliyinə müraciətləri cəmiyyətimizdə birmənalı qarşılanmadı. Müraciəti sərtləşən vergi yığımının bəzi arxalı iş adamlarında yaratdığı əks-reaksiya kimi qiymətləndirənlər də var, etirazları haqlı görənlər də…

Məsələ burasındadır ki, bu zamana qədər iri supermarketlərin monopolist məmurlara bağlılığı və bunun da ticarət mühitində haqsız rəqabətə səbəb olduqları düşünülürdü. Hətta bəzi kiçik marketlər gündə göbələk kimi artan bu iri satış müəssisələriylə rəqabətə davam gətirə bilməyib bağlandığından bəhs edilir, bunun da istər-istəməz ölkəmizdə işsizlərin sayını artırdığı bildirilirdi.

Maraqlıdır ki, iri supermarket sahibləri də müraciətlərində eyni vəziyyətdən şikayətlənirlər. Onlar devalivasiyalardan sonra zəifləyən alıcılıq qabiliyyətinin supermarketlərin işgüzar fəaliyyətinə ciddi zərər vurduğunu, bir sıra filialların bağlandığını İqtisadiyyat Nazirliyinin diqqətinə çatdırır, yüngülləşdirici tədbirlər görülməsini xahiş edirlər. Müraciətdə hətta konkret güzəşt yolları da göstərilir: “Sahibkarların müraciətində deyilir ki, sosial əhəmiyyətli gündəlik tələbat mallarının, xüsusən yerli istehsal olan kənd təsərrüfatı məhsullarının, habelə uşaq qidalarının istehsalı və bütün satış zəncirinə ƏDV tətbiqi aradan qaldırılsın. Sahibkarlar xahiş edir ki, iqtisadiyyat naziri bu problemin həll edilməsi üçün qanunvericilikdə düzəliş təşəbbüsü ilə çıxış etsin”.

Bəs, sahibkarların bu tələblərinin yerinə yetirilməsi mümkündürmü?

Strateq.az xəbər verir ki, tanınmış iqtisadçı ekspert Qulu İbrahimli supermarketlərin bu tələbinin verginin ana qayəsinə uyğun olmadığını düşünür. İqtisadçı bu gün facebook səhifəsində paylaşdığı statusunda bildirib:

“Cəmiyyət ordusunun və vergi sisteminin arxasında durmalıdır. Dövlətə vergi ödənər də”.

Qulu İbrahimlinin fikrincə, Azərbaycanda vergi yükü yüksək deyil:“Sadəcə, indi ölkədə vergi inzibatçılığı gücləndirilib, bərabər rəqabət mühiti yaradılıb, himayədarlıq artıq keçmir. Özünü dövlətdən güclü hesab edənlər isə vergi və gömrük orqanları qarşısında sözlərinin keçməməsini həzm edə bilmirlər”.  

İqtisadçı bu narazılığın ölkədə aparılan vergi islahatlarıyla bağlı olduğunu, yaranmış yeni şəraitə ayaq uyduranların işgüzar fəaliyyətini davam etdirəcəklərini, ayaq uydura bilməyənlərin isə rəqabət meydanından məğlub ayrılacağına inanır:

“İndi Azərbaycanda həm dövlət, həm də biznes sferasında yenidən doğulma prosesi gedir. Belə yenidən doğuş sancısına qatlana bilməyənlər meydanı tərk edəcəklər”.

Strateq.az-ın suallarını cavablandıran vergi eksperti Elçin Qurbanov isə supermarket sahiblərinin qaldırdığı məsələyə sırf hüquqi və nəzəri qiymət verməyin tərəfdarıdır.

Elçin Qurbanovun fikrincə, müraciət aidiyyəti üzrə ünvanlanıb, amma İqtisadiyyat Nazirliyinin müraciətdə nəzərdə tutulan qanunvericilik təşəbbüsü hüququ yoxdur: “Bu hüquq  Azərbaycan Respublikası Konstitusiyasının 96 maddəsində təsbit edildiyi kimi Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına, Azərbaycan Respublikası Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur”.

Qanunvericiliyin bu tələblərini nəzərə alan ekspert müraciəti həmin orqanlara ünvanlamağı, ya da 40 min vətəndaşın imzasını toplayıb təşəbbüs qaldırmağı məsləhət bilir.

O ki qaldı iş adamlarının problemlərini ictimailəşdirməsinə, Elçin Qurbanov bunu cəmiyyət üçün faydalı hesab edir və alqışlayır: “Əlbəttə ki, şəbəkələrin həmrəylik nümayiş etdirməsi, mövcud problem barədə ölkə rəhbərliyini məlumatlandırması təqdir olunmalı və məsələnin həlli üçün bilavasitə və dolayı yollar araşdırılmalıdır”.

Bununla belə, ekspert işadamlarının istahlak malları üzərindən ƏDV-nin götürülməsi fikrinə bir qədər fərqli yanaşır:

Supermarketlərin mənə məlum olan problemlərindən biri satış dövriyyəsində kənd təsərrüfatı mallarının xüsusi paya malik olduğu halda, əvəzləşdirilməsində ortaya çıxan çətinlikləridir. Doğrudur, ƏDV məqsədləri üçün “0” dərəcə ilə vergiyə cəlb oluna bilən malların xüsusi siyahısı məlumdur. Amma sahibkarlardan aldığım məlumatda vergi tutulan dövriyyədən hesablanan vergi məbləği  ilə vergi hesab  fakturalarda müvafiq əvəzlədirilməsi nəzərdə tutulan (0- dərəcə ilə)  sənədlərin vergi orqanları tərəfindən tanınmaması iddia edilir. Halbuki, meyvə -tərəvəz bazarlarından marketlərə gətirilən məhsulların ƏDV məqsədləri üçün əvəzləşdirilməsi mümkün deyil. Yaranan satış dövriyyəsi 18% dərəcə ilə vergiyə cəlb olunur. Digər kənd təsərrüfatı istehsal məhsullarının əvəzləşdirilməsi mümkün olmadığı halda, marketinq fəaliyyətinin müflisləşmə risklərinin təhlükəli dərəcədə artması qaçınılmaz ola bilər. Bunu dövlət hökmən nəzərə almalıdır”.

Vergi mütəxəssisi Azərbaycanda istehlakçıların alıcılıq qabiliyyətinə mənfi təsir göstərən əsas amilin ƏDV-sindən qaynaqlanmadığını və 6-8%-lik verginin qiymət artımına da ciddi təsir etmədiyini fikirləşir. Onun fikrincə, istər qiymət artımına səbəb olan, istərsə də iqtisadiyyatımızın ən ciddi əngəli sayılan monopoliyaların yaranmasına yol açan əsas məsələ bir sıra idxal mallarına qoyulan ağır gömrük rüsumlarıdır.

“Proteksionizm (yerli istehsalı olan malların idxalına qoyulmuş məhdudiyyətlər-red.)  izlərinin monopoliya institutunun inkişafına dəstək verəcəyini A. Smit belə, hələ öz zamanında vurğulamışdır”-deyən Elçin Qurbanova görə, Azərbaycanda tətbiq olunan ifrat rüsumlar heç də yerli istehsalı gücləndirmək məqsədi daşımır: “Əgər xüsusi, antidempinq və kompensasiya rüsumlarının tətbiqi yerli istehsalı xarici rəqabətdən qorumaq üçündürsə, nə üçün bu siyasət həm də post-sovet ölkələrindən idxal edilən məhsullara eyni qaydada şamil olunmur, onlara xüsusi güzəştlər tətbiq edilir. Axı, biz vahid iqtisadi zona yaratmamışıq. Deməli digər ölkələrdən idxal edilən  malların, məhsulların 36+6 rüsüm + vergi  = 42 faizlə birlikdə yaranan dəyəri, eyni növ idxal məhsullarının MDB məkanından idxalı  ilə rəqabət apara bilmir. Burada haqsız rəqabətin (monopoliyanın) özülləri qoyulur. Hətta əldə etdiyim məlumata görə, gömrük keçid məntəqələrində loqistika fəaliyyəti qarşısında qanunsuz imperativ tələb irəli sürülür. Dəyəri 200 min manatdan az olan mal və məhsulların gömrük sənədləşdirilməsi məhdudlaşdırılır və ölkəyə buraxılmır. Çünki 6% dərəcə ilə vergi yalnız, yeni qanunvericiliyə görə, ticarət dövriyyəsi 200 min manatı keçən hüquqi və fiziki şəxslərə tətbiq edilir. Qoyulan tələbin təmin edilməsi isə ölkə ərzaisində qiymətlərin kəskin artmasına səbəb olur.  Məcmu tələb azalır və iqtisadi durğunluq yaranır”.

“İstehlak mallarının, yerli sənaye və istehsal müəsisələrinin əksəriyyətinin və xammal təchizatının idxala  köklənməsi  topdan satış sahəsində də qiymətlərin yüksək olmasını  şərtləndirir”- deyən iqtisadçıya görə, gömrük idxal siyasətində proqresiv yeniliklər həyata keçirilməlidir: “İdxal mallarının ağır rüsumlardan və ƏDV-dən azad edilməsi məsələsinə baxılmalıdır. Müraciətdə isə məsələ bu şəkildə qoyulmayıb. Hesab edirəm ki, təklif olunan malların yalnız idxalı ƏDV-dən azad olunarsa və malın gömrük dəyəri əvəzləşdirmə sənədi kimi vergi orqanı tərəfindən nəzərə alınarsa, qiymətlərdə azalma əldə etmək mümkün olar və problem aradan qalxar”.

Maliyyə elminin qarşısında dayanan ən mühüm məsələnin vergi yükünün vergi ödəyiciləri tərəfindən hiss edilməz səviyyədə təşkili olduğunu deyən iqtisadçı bu sahədə ciddi problemlərimizin olduğunu etiraf edir. Bununla belə, o, Vergi Məcəlləsinə sadələşdirilmiş 6-8%-lik vergi dərəcəsi ilə bağlı sonuncu əlavə dəyişikliklərin bu gün supermarketlərin fəaliyyətləri üçün qanaətbəxş olmasa da, kiçik inhisardan mühafizəedici xüsusiyyətlərə malik olduğuna da inanır:

Yeni qanuna görə, hüquqi şəxslər ƏDV-nin, mənfəət və əmlak vergisinin, fiziki şəxslər isə ƏDV-nin və gəlir vergisinin ödənilməsindən azad edilirlər. Belə dəyişikliklər əhəmiyyətli dərəcədə  sahibkarların mənafeyinə uyğundur. Sahibkarların qanuni maraqlarının müdafiəsində Vergilər Nazirliyi müvafiq addımlar atmaqda israrlı görünür”.

Elçin Qurbanov iş adamlarının narazı salınmasında subyektiv amillərin də xüsusi rol oynadığını bildirir: “Nazirlik vergi orqanlarında çalışan əməkdaşların əvvəlki ifrat təminatını ümumi sosial duruma uyğun formalaşdırmağa çalışır. Amma onu da etiraf edək ki, nazirlik eyni zamanda öz tərkibindəki korrupsiya və rüşvət halları ilə də ciddi  mübarizə aparır. Bu danılmaz gerçəklikdir. Bütün bunlara baxmayaraq hələ də vergi orqanlarında islahatlara ehtiyac çoxdur. Bu islahatlardan biri də nazirlikdə çalışan əməkdaşların sayının kəskin şəkildə azaldılması olmalıdır. Çünki onların sosial təminatı da bu gün dövlət üçün əhəmiyyətsiz yükdür”.

Heydər Oğuz

Streteq.az

P.S: Qeyd edək ki, Qulu İbrahimlinin fikirləri kimi istinad etdiyimiz sözlər onun facebook statusundan alınıb. Dəyərli iqtisadçının məsələylə bağlı daha geniş açıqlamasını da yayınlayacağıq.

P.S.S: Supermarket sahiblərinin fikirlərini də təqdim etməyə hazırıq




Yuxarı Əvvələ Ana Səhifə