XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

02 İyun 2015 - 10:49

Kleopatra: Sezarı ram edən qadın – Araşdırma

kleopatra-1.jpg

Əski dünya bir çox Kleopatra gördü. Haqqında danışacağım gerçək əfsanə isə VII Kleopatradır. O, bizim eradan əvvəl 69-cu ildə Misirin İskəndəriyyə şəhərində anadan olub. Cəmi 39 il yaşayan bu qadın, həm yaşam tərzinə, həm mübarizə dolu həyat yoluna, həm də müəmmalı ölümünə görə bu gün də dünyanın maraq dairəsində olan ünlü insanlardan biridir.

Kiçik yaşdan siyasətdə

Hələ 10 yaşı olarkən, atası Ptolomey Auletes ilə birgə Romaya getmişdi. Burada atasından Roma imperiyası rəhbərlərinin 10 min qızıl istədiyinin şahidi olmuşdu. Sonralar ölkəni yoxsullaşdıran əsas səbəblərdən birinin məhz hakimiyyətdə qalmaq üçün verilən xərac olduğunu anlamışdı. Və özü hakimiyyətdə olarkən bu ənənənin aradan qaldırılmasına çalışmışdı.

Dövlətin başında

Əski Misrin sonuncu kraliçası olan Kleopatra mahir siyasətçi idi. üstəlik bir neçə dil bilirdi. Bir sıra yüksək qabiliyyətləri ilə dövrünün əfsanəvi siyasətçilərini çətinlik çəkmədən təsir altına ala bilirdi. Yaşadığı dönəmdə onu dillər əzbəri edən özəlliklərindən biri də həddən artıq gözəl olması idi. Əslən yunan olan atası öləndə onun 18 yaşı vardı. Atasından sonra taxta oturdu. Lakin taxtı əldə saxlamaq və dövləti inkişaf etdirmək üçün çox çalışmalıydı. çünki o, hakimiyyətə gələndə Misirdə dövlət xeyli zəifləmişdi. üstəlik onun hakimiyyətə gəldiyi il əvvəlki illərdən fərqli olaraq Nil çayı daşmamışdı. Bu üzdən ölkədə qıtlıq var idi.

Kleopatra devrilir

Kleopatra xalqla daha yaxın olmaq üçün Misir xalqının dini inancını qəbul etmişdi. Lakin bu, onu devrilməkdən xilas edə bilmir. Kleopatra bacısı Arseone tərəfindən devrilir və sürgünə göndərilir. Onun Arseone ilə münasibətlərinin pozulmasında və devrilməsində sarayın hərəmağasının böyük rolu olduğu deyilir.

İmperator Sezarla görüş

Kleopatra yenilgi ilə barışmır. Böyük çətinliklərdən sonra məşhur Roma imperatoru Yuli Sezarla (bizim eradan əvvəl: 100 – 44) görüşür. Ağıllı mühakimələri, cəsarətli çıxışları və gözəlliyi ilə ilk görüşdən Sezarın diqqətini cəlb edir.

Misirə dönüş

Kleopatra Misirə qayıdır. Amma tək qayıtmır. Zamanının əfsanəvi imperatoru Sezarla birgə qayıdır. Sezar böyük bir donanma ilə dənizdən İskəndəriyyə şəhərinə daxil olur. Kleopatra bacısını devirib yenidən hakimiyyətin başına keçir. Misirə daxil olduqda Sezarın ilk işi hərəmağasını öldürmək olmuşdu. Kleopatranın bacısı Arseone isə, müəmmalı şəkildə Nil çayında boğulub ölmüşdü.

Böyük eşq

Böyük bir imperiyanın başçısı olan Sezar Kleopatraya dəlicəsinə aşiq olmuşdu. Bu zaman Sezarın 50, Kleopatranın isə 20 yaşı vardı. üstün qabiliyyətləri və gözəlliyi ilə Kleopatra onu özünə məftun etməyi bacarmışdı. Bu məftunluğun və eşqin nəticəsi olaraq onların bir oğlu da dünyaya gəlmişdi. Adını Sezarion qoymuşdular.

Kleopatranın arzusu

Kleopatranın çox böyük bir arzusu vardı. O, iki dövləti birləşdirərək Makedoniyalı İskəndərin xəyallarını gerçəkləşdirmək, dünya imperatorluğu qurmaq istəyirdi. Bu işdə ən böyük dəstəyi isə Sezar olacaqdı. Lakin eradan əvvəl 44-cü ildə Sezarın sui-qəsd nəticəsində ölməsi bu arzunun gerçəkləşməsini əngəllədi. Sezardan sonra Roma imperiyasında daxili qarşıdurmalar baş qaldırdı. Nəticədə bu böyük imperiya 2 yerə parçalandı.

Növbəti aşiq

Sezar özündən sonra qohumu (bəzi qaynaqlarda oğulluğu) Oktavianı öncədən yazılmış vəsiyyətnamə ilə varis təyin etsə də, imperiya iki yerə parçalandı və varis imperiyanın qərb hissəsinə rəhbərlik edə bildi. İmperiyanın şərq hissəsi isə Markusun nəzarətindəydi. Markusun ilk işi Misiri ziyarət etmək olur. Markus da Kleopatraya aşiq olur. Həm də dəlicəsinə aşiq olur. Bir qədər sonra evlənirlər. Bu evlilikdən onların 2 qızı olur. Qızlardan birinin adı Helios, digərinin adı Selene idi. Sonralar Fladelfus adlı qızlarının olduğu da deyilir. Onlar evləndikdən sonra bir müddət indiki Türkiyənin Tarsus ərazisində yaşayırlar. Birlikdə Oktaviana qarşı mübarizə aparsalar da nəticə uğursuz olur.

Müəmmalı ölüm

Bizim eradan əvvəl 31-ci ilin payızında Kleopatra və Markusun birləşmiş qoşunları ilə Oktavianın ordusu arasında ağır döyüş olur. Yunanıstan ərazisində baş verən bu müharibə tarixə Aktium müharibəsi kimi düşdü. Bu savaşda Oktavian qalib gələrək Romanın yeganə lideri olur. Müharibədə uduzduğunu görən Kleopatra və Markusun qaçmaqdan başqa yolu qalmır. Markus intihar edir. İskəndəriyyədəki sarayına gələn Kleopatra da məğlubiyyətlə heç cür razılaşa bilmir və bizim eradan əvvəl 30-cu ildə özünü öldürür. Onun özünü kobra ilanına sancdıraraq öldürdüyü deyilir. Lakin üzərində gəzdirdiyi zəhəri şəraba qatıb içərək öldüyünü yazanlar da var. Əski dünyanın Kleopatra adlı əfsanəsinin necə və hansı şəraitdə ölməsi haqda bilgilər bu gün də dartışma mövzusu olaraq qalır.

Və sirli olaraq qalan kraliça

Kleopatranın şəxsiyyəti və əxlaqı haqqında bilgilər birmənalı deyil. Yunan və Roma qaynaqları onu əxlaqsız və çox ehtiraslı biri olaraq təqdim edir. Roma imperiyasının parçalanmasında məhz Kleopatranı günahkar olaraq görürlər. Qərb ədəbiyyatı onun haqqında fahişə ifadəsini işlətməkdən belə çəkinmir. İngilis yazıçısı Şekspir də onu aşağılıq biri kimi təqdim edir.

Misir qaynaqları isə onun haqqında çox sayğı ilə danışır. Qısa kəsilmiş sarı saçları, mavi gözləri olan bu güzəl qadının zəkasından, çox düşünüb az danışmasından, dövlətin mənafeyi üçün çətinliklərə sinə gərməsindən, mübarizə dolu həyatından bəhs edir. Misir qaynaqlarına görə onun səs tonu də son dərəcə təsiredici idi. Ağıllı düşüncələri və məntiqli çıxışı ilə qarşısındakı adamı inandıra və öz təsirinə sala bilirdi.

Məncə, Misirdə dövlətin tam tənəzzülə uğradığı bir zamanda hakimiyyətə gələn, Misir, Roma, ərəb, fars, həbəş və digər bir neçə dili bilən, şəxsi həyatını belə fərdi istəklərinə görə deyil, dövlətin mənafeyi naminə quran, sonda məğlub yaşamaqdansa, ölməyi üstün tutan Kleopatra böyük zəka sahibi olan siyasətçi və uzaqgörən dövlət adamı kimi öyülməyə layiqdir.

Namiq Hacıheydərli

Strateq.az