XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

10 Mart 2015 - 05:46

Stalindən Putinə… kim düşmənini necə zəhərləyib?

 Dünya tarixində məşhur zəhərlənmə hekayələri; Stalindən Putinə... kim düşmənini necə zəhərləyib?

Son günlərin dünya miqyaslı ən səs-küylü hadisələrindən biri də Türkiyənin İstanbul şəhərində Tacikistan müxalifətinin lideri Umarali Kuvvatovun öldürülməsidir. Umarali öz evində deyil, qonaq getdiyi evdə məhv edilib. Onun həyat yoldaşı və 2 azyaşlı uşağından ibarət olan ailəsi yemək vaxtı zəhərləniblər.

Ailə başçısı özünü pis hiss etdiyindən küçəyə çıxıb. Bu zaman bir nəfər onun başına sərrast atəşlə güllə vurub. Qətldən sonra onun həyat yoldaşı qohumlarına zəng edib. Bundan sonra qadın və iki uşaq huşunu itirib. Həkimlərin qənaətinə görə, ailənin yeməyinə qonaqlıqda zəhər qatılıb.
Stalin qaynını tənbəki ilə zəhərləyib
Bu hadisə bizi dünya miqyasında zəhərlənən siyasi liderlər, tanınmış simalar, onların hekayələrini yada salmağa sövq etdi. Heç kimə sirr deyil ki, dünyada gizli zəhərlənmə yolu ilə sui-qəsd halları daha çox siyasətdə özünü göstərib. “KQB” sistemində isə bu, çox geniş yayılmış üsul olub. Tarixi mənbələrə istinad etsək, məsələn, Stalin Trotskini dəfələrlə zəhərləmək cəhdləri edib. Əvəzində Trotskinin katibi və cangüdəni pnevmoniyaya oxşar qəribə xəstəlikdən qəfil vəfat ediblər.
Stalin qurbanlarının əzabını görməyi sevən adam olub. O, zəhəri öz ailəsində də qaynı Pavel Alliluyevə qarşı işlətməkdən çəkinməyib. Onu tənbəki ilə zəhərləmişdilər. Bolşevik dövləti emiqrasiya etmiş düşmənlərə qarşı işləyirdi. Xüsusi xidmət orqanları sosializmdə yaşamaq istəməyən keçmiş vətəndaşları xaricdə də rahat buraxmırdı. Kommunist zəhərinin “əli” qonşu dövlətlərin siyasi partiyalarına da çatırdı. Qorbaçovun bir qədər boşaltdığı buxovlardan sonra – Yeltsinin zamanında da Rusiya əvvəlki üsullarından əl çəkməmişdi. Fəaliyyəti yenidən bərpa edilmiş gizli laboratoriya bu dəfə milli təhlükəsizlik adıyla işini görürdü. 2004-cü ildə Şimali Osetiyada, Beslanda götürülmüş girovlar məsələsini tədqiq edən jurnalist Anna Politovskaya az qala isti içkinin qurbanı olacaqdı. Oliqarx Boris Berezovskinin zəhərlənməsi məsələsini tədqiq edən Aleksandr Litvinenko ölkədən qaçandan sonra kitabında gizli laboratoriyanın işindən danışırdı. O, açıq şəkildə Putini ittiham etdiyindən London hotellərinin birində səhər çay içərkən zəhərləndi. Bunu bilərəkdən açıq-aydın etdilər ki, qalanlara görk olsun.
Anatoli Sobçakın da qəribə ölümündən danışırlar. Onun ölümünü tədqiq etməyib hər şeyi zəif ürəyinin üstünə atdılar. Əslində o, mehmanxana lampasına yaxılmış, qızdıqda zəhərli buxar verən toksindən dünyasını dəyişmişdi. Litvinenkonun işinin ən qızmar vaxtında İrlandiyadan ağır vəziyyətdə qayıdan Yeqor Qaydarın vəziyyətini həkimlər «qeyri-qida zəhərlənməsi» kimi şərh etdilər.
Bu cür məsələlər “səssiz” həll edilib
Düşünülənin əksinə olaraq, tarixdəki bir çox sui-qəsdlər səs-küylü olmayıb. Əsasən “səssizcə” həll edilib. Bu mənada sui-qəsd təkcə silahın köməyi ilə baş vermir. Hədəflərindəki insanları məhv etmək üçün min bir yolu inkişaf etdirən sui-qəsdçilər “gizli sui-qəsd” üsulu ilə bir çox siyasətçi, əsgər, alimin həyatına son veriblər.
Ancaq bu ölümlərin isbatı o qədər də asan olmadığı və çox vaxt üstü örtüldüyü üçün onun üzə çıxarılması qeyri-mümkünə çevrilir. çünki normal görünən bir çox ölümün – Turgut özal, Adnan Kahveci, Recep Yazıcıoğlu, Alparslan Türkeş – arxasında bəzi gizli qüvvələrin olması şübhəsi vardı.
Türkiyədə bu mövzu ilə bağlı ən maraqlı araşdırmanın müəllifi yazar Atilla Akardır. Onun “Gizli sui-qəsdlər – şübhəli ölümlər” adlı kitabında ört-basdır edilmiş qəza, intihar, xəstəlik, infarkt halları araşdırılıb. A.Akar bildirib ki, gizli sui-qəsdlə açıq sui-qəsdin bir-birindən xeyli fərqi var. Belə ki, birincisi məqsəd və vasitə baxımından bu sui-qəsdlər fərqlənir. Açıq sui-qəsdlər hər kəsin bilməsi üçün və hamının gözü qarşısında həyata keçirilir. Adətən toplumda qarşıdurma, sensasiya, dəhşət və ya xaos yaratmaq üçün həyata keçirilir. Halbuki gizli sui-qəsdlər belə deyil: burada məqsəd hədəfdəki insanı yox etməkdən ibarətdir.
Açıq sui-qəsd zamanı tapança, tüfəng, bomba kimi hücumlardan istifadə olunduğu halda, gizli sui-qəsdlər zamanı zəhər, xəstəlik yaradan müxtəlif mikrob yükləmələri, intihar görüntüsü yaratmaq kimi metodlardan istifadə olunur. Əlbəttə, bunların özlərinə görə iz və dəlilləri olsa da, digərləri qədər bariz deyil və bu səbəbdən də asanlıqla ört-basdır edilir.
Zəhərli diş çöpü, yoxsa zəhərli kitab?
Müəllif öz kitabında gizli sui-qəsdin üsullarından da bəhs edib. Məlum olub ki, ildən-ilə bu metodlar daha da mükəmməlləşib və indi bu, az qala elm kimi formalaşıb. Hazırda bu mövzunu dərinliyinə qədər bilən toksikoloqlar, kimyagərlər, həkimlər, mühəndislər ixtisaslaşdırılıb. Nəticədə isə ağlınıza gələ biləcək hər şey gizli sui-qəsd vasitəsi ola bilər. Xüsusən də zəhərlər bu işdə əsas rolu oynayır. Qida və içkilərə zəhər qatmaq, zəhərli spreylər, zəhərli diş pastası, zəhərli diş çöpü, zəhərli kitab… bu kateqroiyaya aiddir.
İnfarkt yaradan dərmanlar, insan sağlamlığına zərbə vuran mikrob kokteylləri, mikrodalğa və ya radioaktiv şualarla insanın fiziki varlığı hədəfə alınır. Eləcə də intihar, maşın, motosiklet, təyyarə qəzası görüntüsü vermə üsulu da tətbiq oluna bilir. Burada Şahzadə Diananın avtomobil qəzasını da nümunə kimi yada salmaq olar.
Müəllif onu da yazıb ki, statistikaya görə, açıq sui-qəsdlər daha çoxdur. Xüsusən keçmiş dövrlərdə, saraydaxili intriqalarda gizli sui-qəsdlər çox geniş yayılmışdı. Hər padşah və ya kral zəhərlənmə riski altında olub. O səbəbdən də yanlarında hər zaman yeməklərini öncədən dadan insanlar saxlayıblar. Hazırda da bir çox prezidentlərin şəxsi heyətlərində belə şəxslər var. Onlar prezidentlərə yemək təqdim etməzdən əvvəl onun dadına baxırlar.
Müəllifin kitabında antisovet yazıçısı Lev Rebetin 1957-ci ildə infarktdan ölməsi faktı da öz əksini tapıb. Müəllif yazıb ki, bu hadisədən bir neçə il sonra DTK-da onun ölümünü təşkil edən şəxs xaricə qaçıb və Rebetin üzünə zəhərli qaz fısqırtdığını, bunun isə infarkta səbəb olduğunu etiraf edib.
Qızdırmalı və ya yuxuda gələn zəhərlənmələr də var
Daha bir qorxulu zəhərlənmə növü isə rutsin adlı zəhər vasitəsilə mümkün olur. Rutsinlə zəhərlənən şəxs qrip və qızdırmadan əziyyət çəkir, bir neçə gündən sonra isə dünyasını dəyişir. Son dövrlərə qədər bu zəhərə çarə tapılmayıb. 1978-ci ildə Londonda dünyasını dəyişən dissident Georgi Markovun bu vasitə ilə aradan götürüldüyü deyilir. Onun bədəninə dayanacaqda avtobus gözlədiyi zaman “təsadüfən” ucunda zəhərli iynə olan çətir dəyir. Bir neçə saat sonra isə o, qızdırmadan dünyasını dəyişir.
Zəhər mərkəzi əsəb sistemini sıradan çıxarır. Beyinə güclü təsir edən bu xoşətirli qazın cüzi miqdarı beynin funksiyasının pozulmasına səbəb olur. Bir müddət davam edən xəstəlik ölümlə nəticələnir.
Digər təhlükəli zəhər Poloniyum-210-du. Adətən nüvə araşdırmalarında istifadə edilən bu maddənin 7 pikoqramı (1 pikoqram – qramın trilyonda bir hissəsidir) insan üçün ölümcül doza sayılır. Zəhər 138 günə insanın bütün orqanlarını sıradan çıxarır. Bu zəhərin yaradıcısının qızı isə kapsulun sındığı laboratoriyada bir neçə saat işləyəndən sonra xərçəng xəstəliyinə tutulub.
Yuxuda ölüm gətirən zəhərlər də az deyil. Belə zəhərlər hələ orta əsrlərdən məlumdur. Zəhərlənən insan heç bir ağrı və narahatçılıq hiss etmir. Lakin yuxuya gedəndən bir müddət sonra ürəyi dayanır. Bu zəhərlərin əksəriyyətini sonradan orqanizmdə aşkar etmək mümkün olmur.



Yuxarı Əvvələ Ana Səhifə