XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 June 2015 - 10:34

Qədim türk mədəniyyətində At – Araşdırma

ümumtürk və eləcə də, əski Azərbaycan kültüründə atın özəl yeri var. Bizdə “at igidin qardaşı” olub, “atdı, muraddı” deyilib. Ulu babalarımız ova atla gediblər, döyüşə atla yollanıblar, ən sevimli içkiləri olan kımızı at südündən hazırlayıblar. At o qədər həyatlarının ayrılmaz parçasına çevrilib və o qədər əziz olub ki, atı namusları kimi qoruyublar. İsmayıl Şıxlının “Dəli Kür” romanının qəhrəmanı Cahandar ağa atının quyruğunun kəsilməsini namusuna sataşmaq kimi qəbul edir. Quyruğu kəsilmiş atı minməyi namussuzluq sayır və az qala onunla danışırmış kimi, atından dönə-dönə üzr istəyəndən sonra çox sevdiyi atını öldürmək zorunda qalır. Bu məqamda qeyd edim ki, əski zamanlarda atın quyruğunun kəsilməsi namusa sataşmağın ifadəsi sayılsa da, daha əski çağlarda atın quyruğunun kəsilməsi sahibinin ölümü ilə də bağlı olurdu. İgid ölürdüsə, sahibindən “yetim” qalan atın quyruğunu kəsirdilər. Biz bunu “Dədə Qorqud dastanları”nda da görürük. Beyrək ölməzdən öncə “atımın quyruğunu kəsin”- deyə vəsiyyət edir. Ən əski çağlarda bəzi türk boylarında döyüş öncəsi də atın quyruğunun kəsilməsi adəti vardı.

Klassik ədəbiyyatımızda at obrazına tez-tez rast gəlirik. Klassik şairlərimizin yaradıcılığında atın ayrıca yeri var . Burada at bəzən fələyin simvolu, bəzən küləyin ifadəsi kimi işlənir. Eyni zamanda igidin dostu sayılan at ən yüksək sözlərlə öyülür. Ən öndə gedən bahadırlar və sultanlar at belində təsvir olunur. 12-ci yüzillikdə yaşamış məşhur şairimiz Xaqani Şirvaninin “Şirvanşah Manuçöhrün tərifi” şeiri:

Göy cəlallı at üstündə şah bənd vurub gur çaya,

Baklan səddi kənarından dönüb gəldi saraya – beyti ilə başlayır. Yaxud, Xaqaninin qəzəllərinin birinin ilk beyti belədir:

Süsən iyli, at qürurlu, “sənsən” deyən türk nigar,

Hərdən nəzər salar, ancaq yaxın gəlməz o dildar.

Qürur sözünü ən yüksək şəkildə ifadə etmək üçün “at qürurlu” sözünün işlənməsi, ata olan münasibətin və doğmalığın aydın ifadəsidir.

Nizami Gəncəvi “Sirlər xəzinəsi”ndə:

Söz yolunun başına bayrağını dikənlər,

At çapar, Günəşi – top, Ayı – çövkən eləyər – deyərək atın adını ulularımızın qutsal saydığı Günəş və Ayla yanaşı işlədir, məharətlə at çapmağı böyük üstünlük sayaraq:

Elə at çap ki, doqquz minbərindən enərək,

Sənə şahlıq xütbəsi oxusun məğrur fələk – deyir.

Əski türklərin düşüncəsinə görə, göylər 9 qatdan ibarət idi. Ən yüksək məqam doquzuncu qat idi. Bu üzdən “atı elə çap ki, fələk ən yüksək məqamından – 9-cu qatdan enib gəlsin”– söyləyir.

Əski türk dastanlarında, əfsanələrində və digər janr yaradıcılığında at qədər adı keçən, öyülən, həyatının bütün məqamlarında özəl yeri olan və dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün türk soylarına at qədər doğma olan ikinci bir heyvan yoxdur. Mahmud Kaşğarlının “Divani-lüğət-it türk” əsərində 200 dəfəyə yaxın, Dədə Qoqud dastanlarında 90 dəfədən artıq at sözü işlənir.

Alman alimi Potrats “Əski zamanlarda at” adlı məqaləsində arxeoloji qazıntılara əsaslanaraq, atın ən azı 6 min il əvvəl türklər tərəfindən əhliləşdirildiyini yazır.

Ən əski türk boylarından bəzilərinin düşüncələrinə görə, türklərin kökəni nə zamansa göylərdən gəlmişdir. Göylərdən gələn türk məhz qanadlı atla gəlmişdir.

Şaman türklərinə və əski monqollara görə isə, atın özü göylərdən gəlmişdir.

Əski yakut türklərinə görə, bahadırların atı Günəşdən gəlirdi.

Əski uyğur düşüncəsinə görə, at Tanrı tərəfindən savaş üçün göndərilmişdir. Bəzi uyğurlar atı savaş ilahəsi (savaş mələyi) olaraq görürdülər.

Qazaxlar isə Tanrının atı küləklərdən yaratdığını düşünürdülər.

“Koroğlu” dastanında da at üstün özəlliklərlə təsvir olunur, göy mənşəli sayılır, atın qanadlarından bəhs olunur. Koroğlu “canım Qırat, gözüm Qırat”- deyib atı əzizləyir.

Ən əski çağlarda türklər ölmüş atlarını sayğın insanlar kimi dəfn edərdilər. Ural dağlarının güneyində aparılan qazıntılar zamanı bizim eradan əvvəl 17-16-cı yüzilliyə aid at məzarlığı tapılmışdı. Baykal gölünün batısında aparılan qazıntıda isə 140-a yaxın at məzarı üzə çıxarılmışdı. Eyni tapıntılara Tuvada, Monqolstanda və əski türklərin yaşadığı digər yerlərdə rastlanmışdır.

Əski çağlardan günümüzə qədər türk boylarının yaşadığı yerlərdə yüzdən artıq at növünün olduğu məlumdur. Başqurd atı, dilboz (dəliboz) at, xəzər atı, türkmən atı, yakut atı, Qarabağ atı, Anadolu atı, qırğız atı və digərləri bu növlərdəndir.

Əski çağlarda və eləcə də orta yüzilliklərdə, yaşamında önəmli rol oynadığı üçün türk soyluların dilində atın xeyli adı var. At adlarının bəzilərinin hazırda Azərbaycan dilində də işlənən və tam olmayan siyahısına diqqət edək:

Cılkı – biri erkək, digəri dişi olmaqla bir cüt at

Qulun – bir yaşına qədər olan at balası

Day və ya dayça (qazaxlarda tay) – bir yaşla iki yaş arasında olan at balası

Ayğır – erkək at

Canbağı – 2 yaşlı at

Kunan – 3 yaşlı at

Dönən (dönen) – 4 yaşlı yaşlı at

Bəstə (beste) – 5 yaşlı at

Baytat – dişi at (doğmamış)

Biyə – dişi at (doğmuş)

Kısrak – balası olmayan dişi at

Dişi atlara deyilən madyan sözü də var. Lakin bu söz dilimizə sonralar fars dilindən keçmişdir, əski türkcədə bu söz yoxdur.

Mamu – 3-4 bala doğmuş at

Tarpan – çöl atı, vəhşi at və sair.

Yuxarıda sadalanan at adlarının çoxu bu gün də qazax türkləri arasında çox yaxşı anlaşılır və işlənir.

Əski türkün dünyagörüşündə və yaşamında atın özəl yeri olduğu üçün həyatının və yaradıcılığının elə bir tərəfi yoxdur ki, orda at sözü keçməmiş olsun. At qutsal sayıldığı üçün “at, bir də arvad borc verilməz”, sonralarsa, “at, arvad, bir də silah borc verilməz” məsəli meydana gəldi. Ərlər, ərənlər atıyla tanınırdı. Bu üzdən “Divani-lüğət-it türk” əsərində “quş qanadıyla, ər atıyla”-deyilir. Qaraçay-balkar türkləri də “at ər kişinin qanadıdır” – deyir. Hazırda ayrı-ayrı türk boylarının atalar sözlərində atla bağlı yüzlərlə deyimlər var:

– “At ver dost ol, qız ver düşmən ol”;

– “Atdan qalanı öküzə tökərlər”;

– “At minən qılıncını taxar”;

– “Atı alarsan taydan, qızı alarsan soydan”;

– “At murad, qatır dövlət, eşşək qismət, dəvə qürbətdir”;

– “At bazarında eşşək anqırmaz”;

– “Yaxşı at özünə qamçı vurdurmaz”;

– “At muraddır” və sair.

Azərbaycanda atla bağlı olan “atüstü”, “qaçatbasdı”, “sür atını”, “atını çap” kimi ifadələr hazırda el arasında atın olmadığı yerlərdə belə, sıx-sıx işlənməkdədir.

Əski türk ordularında atın daha önəmli və özəl yeri vardı. Hər doğulan oğlan uşağı gələcəyin döyüşçüsü olduğu üçün lap kiçik yaşlarından ona at minməyi, dördnala çapmağı, çaparaq vəziyyətdə ox atmağı öyrədərdilər. Türklərin at belində doğulması, kiçik yaşlardan at çapması batı dünyasının böyük marağına səbəb olmuşdu. Əski Roma, yunan, çin, Bizans qaynaqlarında və digər yerlərin 2000-2500 il yaşı olan yazılı sənədlərində türklərin, özəlliklə də, hunların mahir süvari döyüşçü olması ilə ilgili yazılar var. Əski türklərin mahir süvari olması haqqında 4-cü yüzilliyə aid Roma qaynaqları “Yenicə yeriməyə başlayan hun uşaqlarının ayrıca atı olur” –yazırdısa, 7-ci yüzillikdə Bizans qaynaqları “türklər sanki at belində doğulmuşlar, onlar sanki yerdə yeriyə bilmirlər” – deyirdi. çin qaynaqları isə türklərin ata olan münasibətindən heyrətlənərək yazırdı: “ən yaxşı at təlimçisi olan Asiya hunları heç kəsin toxuna bilmədiyi çöl atlarını tutub əhliləşdirirdi”. Erkən orta yüzilliklərin qaynaqları çox sürətlə at çapa bilmək yetənəklərini təbiət hadisələri ilə müqayisə edib, “qasırğa kimi görünüb, quşlar kimi uzaqlaşırlar” – sözünü də məhz türk süvariləri haqqında yazmış və göründüyü kimi, heyrətlərini gizlədə bilməmişdilər. Döyüşlərdə zəfərin əsas təminatçısı olduğu üçün atların əhliləşdiriliməsinə, onların döyüş atları olaraq yetişdirilməsinə və qulluq edilərək çoxaldılmasına çox böyük önəm verilirdi. Döyüş atlarının quyruğunun kəsilməsi adəti də vardı. Kəsilən quyruğu əsgərlər əllərində tutduğu tuğa yerləşdirərdi. Tuğ 4 hissədən ibarət olurdu: tuğun dirəyi, dirəyin başına bağlanmış at quyruğu, tuğun baş hissəsi və tuğun başına qoyulan qurd başı. Döyüşdə ölən igidin atının quyruğunu da əski türklərin gömüt dediyi məzara igidlə birlikdə basdırardılar.

Əski türk dastan və əfsanələrində atın qutsal obrazı var. At əski türklərin dastan qəhrəmanlarının ən yaxşı dostudur. Əski türk dastanlarında at bəzən düşünən, tədbirli, ağıllı bir varlıq kimi təqdim olunur. 16 il dustaq olandan sonra azadlığa çıxan Beyrək, atına “at deməzəm sənə, qardaş deyərəm”– deyir. “Koroğlu” dastanında satılmasın və düşmən əlində qalmasın deyə Qıratın qəsdən özünü topal kimi göstərdiyini görürük. Qırat o qədər sürətlə qaçar ki, heç bir quş ona çata bilməz və ayağına palçıq yapışmaz.

Yakut türklərinin “Ər Saqatoh” dastanında sarı at güclü və qutsal varlıq olaraq təsvir olunur. Səfərlərinin birində atı Ər Saqatohu uçaraq çayın digər tərəfinə keçirir.

“Manas” dastanında Almam Bet çaparaq atı ilə uçan sərçəni tutur.

Türklərin atı qutsal olaraq görməsi, özlərinə çox doğma və əziz bilməsi onların atla bağlı inanclarında da özünü göstərir:

– At bir evin önündə başı evə doğru bağlanarsa, o evə bərəkət və uğur gətirər.

– At olan evə cin, şeytan girməz.

– Atın gözü yaşararsa, ya sahibi, ya da sahibinə yaxın olan insanlardan biri öləcək – deməkdir.

– At başı suya atılarsa, yağış yağar.

– Nəzərdən qorunmaq üçün evə at başı asılar.

İndinin özündə də nəzərdən qorunmaq üçün evin giriş qapısından at nalı asmaq inancı davam etməkdədir. Bu, min illərlə yaşı olan at sevgisinin, ona doğmalıq duyğusunun və atın qutsal hesab olunmasının genetik yaddaşlarda yaşamasının göstəricisidir.

Min illərdi türk soylarının həyatında çox önəmli yeri olan at, bu gün də bu millətin və eləcə də Azərbaycan insanının həyatının ayrılmaz parçası olaraq qalır, payızda və yazda köç zamanı tərəkəmələrə yoldaşlıq edir, dağlarda və geniş çöllərimizdə çobanlara qulaq yoldaşı olur, sərhədlərimizdə əsgərlərimizlə bərabər yurdun keşiyində durur, kəndlərimizdə əkin-biçinlə məşğul olan insanlarımızla yanaşı qışa hazırlıq mərhələsində zəhmətkeş və qayğıkeş dost kimi yardımçı olur…

Qaynaqlar:

1. Xaqani Şirvani “Seçilmiş əsərləri” ( “Lider nəşriyyatı, ” Bakı-2004)

2. Nizami Gəncəvi “Sirlər xəzinəsi” (“Lider nəşriyyatı, “Bakı-2004)

3. Bəhlul Abdulla “Azərbaycan folklorunda mifoloji at” (Bakı, 2000)

4. Şükrü ELçİN “Atların Doğuşları İle İlgili Efsaneler” (Ankara 1977)

5. Şakir lbırayev İbırayulı “Kazakların Eski inançlarında At, Türk Kültüründe At ve çağdaş Atçılık” (İstanbul 1995)

6. İbrahim Kafesoğlu “Türk Milli Kültürü” (İstanbul 1994)

7. Azad Nəbiyev “Azərbaycan dastanları” (Bakı 1977)

8. Bahattin ögel “Türk Mitolojisi” (Ankara 1998)

9. İsa özkan “Köroğlu Destanında Kahraman ve Atının Doğuşu İle İlgili

Motiflerin Tahlili” (“Türk Dili” dərgisi, Eylül 1997)

10. Abdulkerim Rahman “Uygur Folkloru” (Ankara 1996)

11. Saim Sakaoğlu “Türk Masallarında At Motifı, Türk Kültüründe At ve

çağdaş Atçılık” (İstanbul 1995)

12. Necati Fahri Taş “At Kültü” (“Türk Dünyası Araştırmaları”, iyun, 1990)

13. URAZ, Murat Uraz “Türk Mitolojisinde ve Folklorunda Atlar”

14. Mustafa Aksoy, “İskıtlardan türklere at kültürü və kımız” (“Yeni ufuklar” dərgisi, sentyabr 2013)

Namiq Hacıheydərli

Strateq.az