XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

11 May 2016 - 13:52

Dövləti, ölkəni və xalqı  tanıtdırmanın və tanımağın əsasları:Coğrafi və coğrafi miqyaslı siyasi tanınma  və tanıtdırma (III yazı)

elshen-2

Elşən Nəsibov

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq

 

Üçüncü  yazı

I yazı bu linkdə: (http://strateq.az/arashdirma/55913/dovl%C9%99ti-h%C9%99mcinin-xalqi-tanitdirmanin-v%C9%99-tanimagin-%C9%99saslari.html)

II yazı bu linkdə: (http://strateq.az/arashdirma/56967/dovl%C9%99ti-v%C9%99-xalqi-tanitdirmanin-v%C9%99-tanimagin-%C9%99saslari.html)

 

Xalq öz coğrafi məkanına (yurduna və şəraitinə, həyat tərzinə, inkişaf göstəricilərinə) və yaradıcılığına, quruculuğuna mədəniyyətinə görə (bura siyasi, iqtisadi, mədəni abidələr və sistemlər, infrastruktur elementləri aid olur) tanınır və tanıdılır. Coğrafi və struktur, quruculuq və yaradıcılıq elementləri tanıtma üçün təbliğat və təşviqat ünsürü rolunu oynayır. Təbiət və ondan əldə olunan məhsullar xalqların tanınmasında əvəzsiz rol oynayır. Çünki xalqın iqtisadi, mədəni dəyərləri məhz təbiət elementərinə təsirlərdən əldə olunur.

Hər bir xalq müəyyən bir coğrafi, eləcə də mədəni, iqtisadi və siyasi  məkanda toplum olaraq yaşayır və dövlət kimi təşkilatlanır. Dövlətçilik sosial-siyasi mədəniyyətin, bu baxımdan da xalqların tarixən oturaq həyatlarının nəticəsi olaraq formalaşan bir qurumdur. Dövlət coğrafi məkanda məhz ölkə kimi öz kriteriyaları ilə (ölkə olduqda, burada daha çox iqtisadi və mədəni elementlər çıxış edir) tanınır.  Xalq öz məkanında yaradıcılıq və quruculuqla məşğul olmaqla coğrafi məkanı mədəni əsaslı edir. Coğrafi mədəniyyət, etnomədəniyyət formaları yaranır.  İnsan təbii şəraitə təsir edərək onu iqtisadi, siyasi və mədəni əsaslı varlığa çevirir. Hər bir xalqın mifik inancları və dini etiqadları da onun yaşadığı coğrafiyaya bağlı olur. Təbiət hadisələri elə inancların yaranmasında əvəzsiz təsirə malik olur. 

Coğrafi toponimlər xalqın siyasi-mədəni və coğrafi statusunu, siyasi və mədəni identifikasiyasını  müəyyən edir. Xalqın nümayəndələri regionlardan regionalara adlayarkən, öz identitifikasiyasını və statusunu qoruyub saxlayır. Eləcə də qonşu xalqların identifikasiya arenasının üzvünə çevrilir. 

Xalq həmçinin məkanda öz mədəni fəaliyyəti ilə regional coğrafi status qazanmış olur. Bu baxımdan da regionun tanınmış (qabiliyyətinə, istedadına, səriştəsinə, savad və biliyinə  görə)  xalqları amili meydana gəlir. Xalqlar öz məkanlarında  mədəni sistemləşmə proseslərini yaşayır. Bu proseslərə adi məişətdən tutmuş sosial adət-ənənələrə qədər, ondan da ictimai-siyasi səviyyəyə qədər olan proseslər aid olunur. Əmək və qazanc elementləri, maraq, ehtiyac və istək elementləri regionlarda xalqları maddi-ruhi kompozisiyada birləşdirir. Məsələn, Qafqaz xalqlarının coğrafi məkanı onların maddi və ruhi aləmlərinin birləşməsinə səbəb olub. Ümumi Qafqaz ruhu, mədəniyyəti mövcuddur. Eləcə də oxşar elementlərlə əks olunan ümumi Avropa ruhu mövcuddur. Bu ruh maddi amilə də təsir edib.  Xarici siyasətin zəruri əsasları dünya resurslarının paylanmasını təşkil edən amil rolunu oynayır.

Ölkələr və xalqlar qitə və materiklərdə nüfuz sahiblərinə çevrilirlər və qitə və materiklərdə daha çox mərkəzi elementlər kimi çıxış edirlər. Məsələn, Braziliya və Meksika, Argentina Latın Amerikasının aparıcı qüvvələridir. Çin, Hindistan, Pakistan isə Cənubi-Şərqi Asiyanın coğrafi mədəniyyətində əsas söz sahibləridir. 

Elementlər və davranış normaları ölkələrdən-ölkələrə, regionlardan-regionlara keçidlər edir. Ticarət və turizm sistemi, iqtisadi sistemlər  elementləri məkanlardan-məkanlara transfer etdirir. Bu nöqteyi-nəzərdən regionlar arasında oxşar davranış normaları meydana gəlir. Siyasi, mədəni və iqtisadi regionlar müəyyən coğrafi məkanda əlaqələrdən, müəyyənliyin keçidlərindən formalaşır. Yəni bir xalqın mədəni aspektləri keçidlər edərək digər xalqlarda da təzahür olunur.  Bu da öz növbəsində bölgü, paylaşma  rolunu oynayır. Qarışıq və qonşu  yaşayış formasının səbəb və nəticəsi olaraq region mədəniyyəti, bölgə adətləri, bölgənin iqtisadi, siyasi və mədəni əlaqələr sistemi meydana gəlir. Xalqların musiqisi, incəsənəti regionlardan-regionlara keçməklə oxşar məzmun əks etdirir. Rəngarənglik sayəsində regional vəhdət ünsürü, kompleksiyası ortaya çıxır. Bir xalq regionda geniş yayılır (məsələn, ərəblər, latın mənşəli xalqlar-ispanlar, portuqallar, italyanlar; almanlar; türk mənşəli xalqlar, slavyanlar; ingilislər və s.),  bir neçə dövlətə sahib olur. Region bu halda xalqın adı ilə (ərəb regionu, ərəb dünyası, türk dünyası, slavyan dünyası ) adlanır. Elə də olur ki, bir regionda çoxlu sayda xalq yaşayır regionun zəngin tərkib elementlərini özündə ehtiva edir. Məsələn, Qafqazı belə regiona aid etmək olar. Coğrafi tanıtımda mono və  multi kultural faktorlar da ayırdedici və xassələndirici, təsnifedici  rola malik olur.

Ölkə və xalq ilk növbədə coğrafi elementlə tanınır. Coğrafi tanınmanın öz kriteriyaları mövcuddur. Burada məkan və onun maddi elementləri (daxilindəki və üzərindəki elementlər-üzərindəki elementlərə dağlar, düzənliklər, çöllər, səhralar, ovalıqlar, göllər, çaylar, dənizlər və s. kimi relyef elementləri aiddir)  ilkin şərt kimi çıxış edir. Ruh elementlərini də aid etmək olar. Məsələn, xalqın mental dəyərləri onun yaradıcılıq kompozisiyasına daxil olaraq  elə ruh elementlərinə aid olan göstəricidir.   Dünyanın əlverişli coğrafi məkanlara malik olan ölkələri mövcuddur. Coğrafi məkanın əlverişli əsaslarına aid olur: təbii elementlər kimi-okeanlar və dənizlərlə əhatə olunması, daxili sularının zənginliyi, kənd təsərrüfatı üçün  münbit torpaq şəraitinin mövcudluğu, ərazisində zəngin landşaftın olması, turizm üçün əhəmiyyətli iqlimin olması, coğrafi sağlam ekologiyanın mövcudluğu, faydalı qazıntılar, dəniz resurları  və s. 

Coğrafi məkan həm ərazinin faydalılığı (məsələn, yaşayış üçün əlverişli iqlimin olması-Avropada bu, çoxluq təşkil edir, yay üçün günəşli çimərliklərin mövcudluğu – Şimali Afrika sahilləri, Aralıq dəniz sahilləri,  Karib hövzəsi, Braziliya sahilləri, Cənubi Avropa sahilləri, Avstraliya, ABŞ-ın Atlantik okean sahilləri,  Asiya-Hind okean və Asiya-Sakit okeanın günəşli çimərlikləri və s.), həm də coğrafi yerləşmə mövqeyi ilə müəyyən olunur.  Burada məkandakı elementlərin insanlar üçün maddi əhəmiyyət kəsb etməsi önə çıxır. Maddi elementlər sayəsində insan ruhu zənginləşir. Maddi amillərin zənginliyi ümumən ruh zənginliyini də yaradır. Məsələn, elm, təhsil, fiziki əmək vərdişlərinin sistemli olması müvafiq  məkanda yaşayan xalqın ruh zənginliyinin təmin edilməsini həyata keçirir.  Eləcə də füsunkar təbiət poetik ruhun formalaşmasını təmin edir. Coğrafi əlverişli məkanı müəyyən edən identifikasiya  kriteriyaları (həm məkanın özü, həm də məkanın üzərində və altında olan elementlər)  ümumiyyətlə, çoxluq təşkil edir. Bu kriteriyaların kompleks mövcudluğu ölkənin dünyada sürətlə və geniş şəkildə tanınmasını  şərtləndirir. Kompleks elementlərlə tanınma həm də dövlətlərin güclü olmasını ortaya çıxarır və təsir imkanlarını artırır. Məsələn, Misirdəki Süveyş kanalı, Misir piramidaları, Misir çimərlikləri və digər turizm elementləri, Nil çayı (dünyanın ən uzun çayı kimi),  tarixi İsgəndəriyyə şəhəri, Qahirə Universiteti və başqa tanıtım elementləri, turistləri cəlb edən elementlər Misirin tanınmasında mühüm rola malikdir. Misir bu kompleksi yaradan  komponentlərə görə təsiredici dövlətlər siyahısına aid oluna bilir.

Coğrafi mövqeyə nəqliyyatın dayanması və keçidi üçün əlverişli imkanları olan (keçid kanalları, dəniz və hava limanları, qatar yolları, tranzit avtomagistrallar) elementlər aid olunur. Coğrafi infrastruktura görə tanınma mövcud olur. Keçidlər kimi  yaradılan Panama kanalı, Süveyş kanalı ölkələrin geniş  tanınmasını təmin edir. Təbii keçidlər olan Bosfor boğazı, Mərmərə dənizi, Cəbəllütariq boğazı, La-Manş boğazı, Qırmızı dəniz, Fars körfəzi və digər tranzit  akvatoriyalar məxsusi (keçidlərin aid olduğu ölkələr) ölkələrin tanınmasını təmin edən elementlər sırasına aid olunur.

Coğrafi tanınmanın təbii aspektlərinə ölkələrin flora və fauna mühitləri də əlavə olunur. Bu kimi mühitlər sağlam ekoloji coğrafiyanın formalaşmasında böyük təsirə malik olurlar. Eləcə də turistlərin axınını şərtləndirir. Məsələn, Kenquru vətəni  olan Avstraliyaya turist marağını artırır.  

Beləliklə, coğrafi məzmunda tanınmanın üç əsas istiqaməti mövcuddur:

Birincisi, ölkənin fiziki-coğrafi  baxımdan tanınması – bura aiddir: ölkənin ərazisi, relyefi,  iqlim şəraiti, ölkənin təbii resursları. Ölkənin təbii resursları (yerüstü və yeraltı təbii resurslar, faydalı qazıntılar, minerallar-məsələn, Qafqazın, Şərqi Avropanın mineral suları) həmin ölkənin “vizit kartı”nı müəyyən edir. Məsələn, Səudiyyə Ərəbistanı, Rusiya, İran, Küveyt, İraq, BƏƏ-i, Venesuela, Azərbaycan, Qazaxstan və digər ölkələr dünyada neft-qaz ölkələri kimi tanınır. Kanada, Rusiya, Skandinaviya ölkələri, Braziliya, Mərkəzi Amerika, Hindi-Çin, eləcə də Cənub-Şərqi Asiya  və digər ölkələr dünyada meşə ölkələri kimi tanınır. Faydalı qazıntı ölkələri-Rusiya, ABŞ, Avropa, Çin, Hindistan və s. dünyada təbii resurslara görə tanınırlar. Dünyada təbii ehtiyatlarla zəngin olan ilk 10 ölkə sırasında-Rusiya, ABŞ, Səudiyyə Ərəbistanı, Kanada, İran, Çin, Avstraliya, Braziliya, Venesuela, İraq mühüm yer tutur. Ölkənin  yerüstü strateji məhsullar baxımdan tanınması da coğrafi – maddi elementlərə aiddir.  Taxıl,  düyü,  kartof, qarğıdalı, günəbaxan və meyvəçilk sahələrinə görə də dövlətlər tanınırlar. Burada maldarlıq, quşçuluq, balıqçılıq təsərrüfatları da tanıtım kriteriyalarına aid olur.  

Qeyd olunduğu kimi, coğrafi tanınmaya təbii resursların zənginlyi də aid olunur. Məsələn, dünyanın ən şirin su ehtiyatını özündə əks etdirən Baykal gölü Rusiyanı dünyada coğrafi baxımdan tanıdır. Dünyanın ən hündür dağı olan Comolunqma (Everest) Nepal kimi kiçik ölkəni tanıdır. Amerikada olan And sıra dağları Peru, Çili kimi ölkələri dünyada məşhur edir. Dünyanın ən hündür şəlaləsi olan Anhel Venesuelanı, Amazonka çayı Braziliyanı, Nil çayı Misiri, Qanq çayı isə Hindistanı tanıdır. Ümumiyyətlə, coğrafi resurs elementləri ölkələrin dünyada tanınmasında mühüm rol oynayır.  Yer kürəsinin ən hündür sıra dağları olan Himalay dağları Pakistan, Hindistan, Nepal və Butan kimi ölkələri tanıdır. Təbiət hadisələri olaraq qeyzerlər (isti buxar fəvvarələri) İslandiyanı məşhur edir. Etna və Vezuvi vulkanları İtaliyanı, Krakatau vulkanı isə İndoneziyanı dünyada tanıdır. Bu kimi təbiət elementləri ölkələrin coğrafi tanınmasında mühüm rol oynayır. Reyn və Dunay çayları, Alp dağları Avropa ölkələrinin tanınmasında mühüm əhəmiyyət daşıyır.  Avropanın münbit iqlim şəraiti ölkələri füsünkar təbiətli etməkdədir. Ölü dəniz İsrail və İordaniyanın tanınmasında böyük rol oynayır.

Təbiətdən birbaşa istifadə amilləri təbiət füsunkarlığını və özəlliyini şərtləndirir. Məsələn, Alp dağlarının xizəkçilik üçün əlverişli olması və bunun sayəsində İsveçrədə, Avstriyada qış turizminin inkişafı, Avstraliya, ABŞ, Braziliya sahil sularında surfing idman növləri və əyləncəsi bu kimi ölkələrin müxtəlif səviyyələrdə məşhurlaşmasını təmin etməkdədir. Alpinizm və digər ekstremal qış idman növləri  də təbii coğrafi tanınmada mühüm rol oynayır.

İkincisi, ölkənin coğrafi-tranzit və coğrafi-terminal mövqeyinə görə tanınması (yük və sərnişindaşıma potensialının mövcudluğuna görə). Məsələn, ABŞ-ın Atlanta hava limanı, Denver hava limanı, Çindəki Şoudu hava limanı, Dubay hava limanı, Londonun Hitrou, Parisin Şarl-de –Qoll hava limanları dünyada məşhurdur.  Dünyanın böyük konteyner (yük) limanları Çində yerləşir (Şanxay, Honkonq, Şençjen, Quançjou və digərləri), eləcə də Sinqapur, Dubay, Rotterdam (Hollandiyanın Haaqa şəhərində), Frankfurt (Almaniya)  limanları da nəhəng limanlar sırasındadır.

Üçüncüsü, ölkənin coğrafi məkandakı quruculuq elementləri baxımdan tanınması: bura aid olur-nəhəng yaşayış məskənləri, istehsalat və infrastruktur elementləri.  Burada həmçinin ölkələrin sosial-iqtisadi tanınma kriteriyaları  coğrafi kriteriyalarla kəsişir.  Məsələn, Nyu-York şəhəri ABŞ-ı, Mexiko şəhəri Meksikanı, Tokio şəhəri Yaponiyanı, Rio-de-Janeyro şəhəri Braziliyanı, İsgəndəriyyə şəhəri Misiri, Məkkə və Mədinə şəhərləri Səudiyyə Ərəbistanını, Sankt-Peterburq və Moskva şəhərləri Rusiyanı, Dubay şəhəri Birləşmiş Ərəb Əmirliklərini, London şəhəri B.Britaniyanı, Barselona və Madrid İspaniyanı, Roma İtaliyanı, Delhi və Mumbay Hindistanı,  İstanbul Türkiyəni dünyada tanıdır.  Bu meqapolislər həmçinin ölkələrin sənaye və mədəniyyət, iqtisadiyyat mərkəzləri kimi də tanınmasını şərtləndirir.

Coğrafi – siyasi tanınma əsasən ölkələrin regionda, müəyyən bir coğrafi məkanda iqtisadi, mədəni və siyasi gücünün tanınması ilə xarakterizə olunur. İqtisadi baxımdan güclü olan ölkələr digər ölkələrə təsir edir və həmin ölkələrin resurslarının, məsələn, əmək resursları, cəlb olunmasını təmin edir. Siyasi parametrlərə görə nüfuz dairələrinin geniş olduğu ölkələr ətraf ölkələrin əraziləri hesabına da öz mədəni, iqtisadi və siyasi təsirlərini genişləndirirlər. İqtisadi coğrafiya siyasi coğrafiyanın miqyasını böydürü. Məsələn, ABŞ iqtisadiyyatı Şimali Amerika materikinin coğrafiyasına öz siyasi təsirlərini göstərir. Çin iqtisadiyyatı Cənubi-Şərqi Asiyada dövlətin coğrafi-siyasi məkanını böyüdür. Bu da özlüyündə hardasa geosiyasi təsirləri gücləndirir.

Dünyada baş verən miqrasiya prosesləri müəyyən coğrafi regionlarda  immiqrant və emiqrant  ölkələrin formalaşmasını təmin etməkdədir. Mirqsiyanın coğrafi arealı qitə və ölkələri əhatə etməkdədir. Məsələn, Avropalıların geniş miqrasiyası Amerikada miqrasiya hesabına yaranan dövlətlərin tanınmasında böyük rol oynayır. Amerikanın bütün klassik dövlətləri məhz miqrantlar hesabına yaranmışdır. Avstraliya və Yeni Zelandiya kimi ölkələr də bu qəbildəndir. Hal-hazırda ABŞ və Kanada, Avropa və Rusiya, Avstraliya, Asiyanın inkişaf etmiş ölkələri müxtəlif səviyyələrdə miqrantları qəbul etməkdədirlər.

Coğrafi-siyasi tanınma və tanıtdırma proseslərinə nümunə kimi, ayrı-ayrı dövlətlərin beynəlxalq diplomatiya (təşkilat, konfrans,  sammit, konqres, məhkəmə və s.) mərkəzlərinə çevrilməsini də aid etmək olar. Bu baxımdan da ABŞ (BMT-nin əsas binası burada yerləşir), Belçika (məsələn, NATO-nun mənzil-qərargahı burada yerləşir), Avstriya (məsələn, OPEC burada yerləşir), Vyana şəhərində Vyana Beynəlxalq Mərkəzi –buna “BMT şəhəri” kimi də ad verilib-yerləşir. Vyana beynəlxalq danışıqlar mərkəzi kimi də (beynəlxalq format danışıqları)  xüsusi əhəmiyyət daşıyır. Burada BMT-nin çoxlu sayda təşkilatları fəaliyyət göstərir. Cenevrədə də BMT-nin bir çox qurumları, ixtisaslaşmış təşkilatları mövcuddur. Haaqada BMT-nin Ali Məhkəməsi yerləşir. Bu kimi qurumlar ölkələrin coğrafi-siyasi tanınmasında rol oynayır

 

(Ardı var)