XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2015 - 21:15

İnsan Hüquqları Komitəsinin nəzarət funksiyası kimi dövlətlərin hesabatlarına baxılması – elmi məqalə

sefter-2.jpg

Səftər Rəhimli

[email protected]

Beynəlxalq hüquqi problemlər

III yazı

Hesabatlara baxılmasının mövcud sisitemi 2001-ci il dəyişikliyi ilə təsis edilib. Bütün yekun aktlarda məhdud sayda əsas problemlər təsnifatlandırılır və bu problemlərin iştirakçı dövlətlə müzakirə edilməsini də təmin edən Xüsusi hesabatçı postu təsis edilib. Qəbul edilmiş problemlərin həlli üçün dövlətə 12 ay müddətində vaxt verilir. Xüsusi hesabatçı gələcək tədbirlərlə bağlı Komitəyə tövsiyələr vermək üçün dövlətin yerinə yetirməli olduğu öhdəliklə bağlı istənilən mənbədən məlumat alır və onları qiymətləndirir.Yalnız Xüsusi hesabatçının təqdimatından sonra Komitə dövlətlərin dövri hesabatının vaxtı üzrə qərar qəbul edir. Bu zaman Komitə iştirakçı dövlətlə dialoqu genişləndirmək, konkret məsələ üzrə əlavə məlumat üçün hakimiyyət nümayəndələri ilə əməkdaşlıq məqsədiylə Xüsusi hesabatçıya tapşırıqlar verə bilər.

Xüsusi hesabatçının dövlət nümayəndələri ilə yenidən görüşü fayda vermədiyi halda, Komitə özünün hesabatı ilə məsələni BMT Baş Məclisinə təqdim edir. Bu məsələ Paktın 45-ci maddəsilə tənzimlənir. Həmin maddədə deyilir ki, Komitə özünün fəaliyyəti haqqında ilkin hesabatını EKOSOS vasitəsilə BMT Baş Məclisinə təqdim edir.

Hesab edirik ki, Komitənin nəzarət fəaliyyətində onun yurisdiksiyasının möhkəmləndirilməsi məqsədilə EKOSOS-a çıxış hüququ saxlanmaqla Baş Məclisə də birbaşa çıxış hüququ təmin edilməlidir.

XXI əsrin əvvəllərindən başlayaraq, insan hüquqları üzrə BMT strukturlarındakı islahatlar, xüsusən də BMT-nin İnsan hüquqları Komissiyasının 2006-cı ildən İnsan hüququları Şurasına transformasiyası və sonuncunun birbaşa Baş Məclisə çıxış hüququnun təmin edilməsi Komitə üçün də yararlı ola bilər. Məlum olduğu kimi, Komitənin iştirakçı dövlətlərə təsiri çox zəifdir. Yalnız Baş Məclis dövlətlərin öhdəliklərinin yerinə yetirilməsi səviyyəsi haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. BMT Nizamnaməsinin 11.2 maddəsinə görə, 12-ci maddənin istisnası nəzərə alınmaqla istənilən məsələ üzrə maraqlı dövlətlərə və ya dövlətə tövsiyələr vermək səlahiyyətinə malikdir. Həmçinin 13-cü maddənin 1-ci hissəsinin (b) bəndinə görə, dinindən və dilindən, irqindən asılı olmayaraq hamı üçün insan hüquqularının və əsas azadlıqlarının həyata keçirilməsi məqsədilə Baş Məclis təhqiqatlar aparmaq və tövsiyələr vermək səlahiyyətinə malikdir.

Komitənin əsas fəaliyyət istiqamətindən biri də qəbul etdiyi Yekun qeydinin müvafiq dövlətin ictimaiyyəti tərəfindən hərtərəfli müzakirəsini təşviq etməkdir. İştirakçı dövlətin hesabat üzrə irəli sürülmüş tövsiyələri məqbul səviyyədə yerinə yetilməsinə nail olmaq üçün Yekun qeydlər çoxsaylı nüsxələrlə, elektron mətbuatla qeyri-hökumət təşkilatlarının ünvanlarına yerləşdirilməlidir. Qanunvericiliyə (Beynəlxalq müqavilələrin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında (1995) Qanuna) görə, beynəlxalq müqavilələr tərcümə edildikdən sonra “tərəfdar çıxılma” proseduruna yönəldilir. Komitə kimi qurumların qeydləri, tövsiyələri haqqında, daha doğrusu, onların tərcümə edilib yayımlanması qanunvericilikdə birbaşa nəzərdə tutulmayib. Bu mənada iştirakçı dövlətlərdən müvafiq qeydləri və onların implementasiya səviyyəsinin ictimaiyyətə milli və yerli dillərə tərcümə edilməklə çatdırılması tələb edilməlidir. Hüquq fakültələrində insan hüququları üzrə ixtisaslarda hesabat üzrə qeydlərin yerinə yetirilməsi tədris proqramlarına daxil edilməlidir. Bununla bərabər, Parlametin ayrıca sessiyası mətbuatın iştirakı ilə bu məsələnin həlli vəziyyətinə həsr edilməli və bu proses Komitənin nəzarət dairəsində saxlanmalıdır. Cəmiyyətin geniş tərkibdə problemin həllinə müdaxiləsi insan hüquqularının təşviqi və müdafiəsi üzrə qanunvericiliyin daha çevik dəyişdirilməsinə yardım etmiş olur. Yekun qeydlərin müzakirəsində ictimaiyyət nə qədər geniş tərkibdə təmsil olunarsa, iştirakçı dövlətin hesabat üzrə cavablandırılmaları da dolğun ola bilər və bu cavablar gələcək hesabatların hazırlanmasında əvvəlki Yekun qeydlərin realizəsi baxmından mühüm əhəmiyyət kəsb etməlidir.

Reallaşdırılan tədbirlərə baxmayaraq, hələ də dövlətlərin Paktla təsbit hüququların həyata keçirilməsi haqqında hesabatları lazımi qaydada təqdim edilməməkdədir. Problemin müxtəlif səbəbləri olsa da, bu səbəblərdən hüquqi, təşkilati məsələləri ayrıca qeyd etmək lazımdır. Hesabatların vaxtnda verilməməsi və ya verildikdə belə tam olmaması bir sıra hüquqi, qanunvericilik məsələlərinin həllini tələb edir. Bunlardan:

– əksər halda dövlətdaxili hüquq çərçivəsində insan hüquqlarının maddi və prosessual təminatının təsnifatlandırmaması beynəlxalq müqavilə qurumları ilə münasibətlərdə qarşılıqlı hesabatların təqdimatında təkrarçılığa gətirib çıxarır. Problemi nəzərə alaraq, iştrakçı dövlətlərin hesabat modeli qəbul edilməlidir;

– dövlət hakimiyyət orqanlarında çalışan hüquqşünasların insan hüquqları, o cümlədən Pakt üzrə normaların milli hüquqi implementasiyası ilə bağlı zəruri biliklərinin olmaması problemini aradan qaldırmaq üçün beynəlxalq hüquq, insan hüquqularının beynəlxalq hüququ fənlərinin tədrisi sistemi genişləndirilməli, bu fənlərin olmadığı ölkələrdə həmin tədris sistemi tətbiq edilməlidir;

– hesabatların mükəmməl sistemli hazırlanması üçün Komitənin fəaliyyətinin session deyi, fasiləsiz olması məqsədə müvafiqdir. Düzdür, 2001-ci ildə iştirakçı dövlətlər üzrə Xüsusi hesabatçı institutu bu məsələnin həllinə müəyyən mənada xidmət edir. Lakin bu problemin hərtərəfli həllinə imkan verməyəcək. Əgər iştirakçı dövlətlərin hamısı və ya böyük çoxluğu hesabatlarını vaxtında təqdim edərsə, bu hesabatların Komitə tərəfindən qiymətləndirilməsini qeyri-mümkün edəcək;

– Komitənin ümumi mövqeyinin zəif olması və öncə ifadə etdiyimiz kimi, Komitənin hesabatlarının Baş Məclisə verilməsi proseduru ilə bağlıdır. Hesabatların digər əsas qrumu olan EKOSOS vasitəsilə Baş Məclisə təqdim edilməsi də Komitənin avtoritetinə təsir etməyə bilməz. Komitənin Baş Məclisə və BMT-nin digər əsas orqanlarına birbaşa çıxış hüququ təmin edilməlidir.

(ardı var)