XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 May 2016 - 18:25

Region üçün yeni təhlükə mənbəyi –Metsamor AES

metsom-3

Aprelin 27-28-də erməni hərbi birləşmələrinin Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəsi pozaraq mövqelərimizə zərbələr endirərkən kimyəvi silahdan da istifadə etməsi düşmənin bəşəriyyət üçün təhlükəli, qadağan olunmuş hərbi vasitələrə əl atdığını bir daha ortaya qoyub.
 
İşğalçı ölkə təkcə təmas xəttində insidentlər zamanı kimyəvi silahdan istifadə etməyə yox, eyni zamanda Ermənistanda yerləşən istismar müddəti bitmiş, uzun illərdir heç bir yenilənmə işləri aparılmayan Metsamor Atom Elektrik Stansiyasının (AES) nüvə tullantılardan istifadə edib “çirkli bomba" hazırlamağa da maraq göstərir.

Sovet dövründən qalma avandanlıqlarla fəaliyyətini davam etdirən Metsamor AES-də qəza baş verəcəyi təqdirdə, Ermənistanın özü də daxil olmaqla, geniş coğrafiyada yerləşən  bir çox ölkə nüvə qəzasının yaratdığı digər fəsadlarla üz-üzə qalacaq. Artıq uzun illərdir region ölkələri, Avropa İttifaqı və bir çox beynəlxalq təşkilatlar Metsamor AES-in yaratdığı təhlükə ilə bağlı həyəcan təbili çalır, milyonlarla insanın həyatını təhdid edən bu halın aradan qaldırılması üçün tədbir görülməsini tələb edirlər.

Metsamor Atom Elektrik Stansiyasının tikintisi barədə qərar SSRİ rəhbərliyi tərəfindən 1967-ci ildə qəbul olunub. AES-in tikintisinə 1973-cü ildə İrəvandan 40 km aralıda yerləşən Metsamor şəhərində başlanılıb. AES-in birinci enerji bloku 1976-cı ildə, ikincisi isə 1980-ci ildə istifadəyə verilib. 1983-cü ildə AES-in 3-cü və 4-cü enerji bloklarının tikintisinə başlanılsa da, 1986-cı ildə Çernobıl AES-də baş vermiş qəzadan sonra bu proses dayandırılıb. 1988-ci ildə Metsamordan 75 km aralıda yerləşən Spitakda baş vermiş zəlzələdən sonra 1989-cu il yanvarın 15-də AES-in fəaliyyəti dondurulub.

SSRİ-nin dağılması və ittifaq respublikalarının müstəqillik əldə etməsindən sonra Ermənistan üzləşdiyi ciddi böhranla əlaqədar 1993-cü ildə AES-in fəaliyyətini bərpa etmək barədə qərar qəbul edib və 1995-ci ildə stansiyanın 2-ci enerji bloku işə salınıb. Bu stansiya regionda birinci nəsil “VVGR-440” tipli Rusiya istehsalı olan reaktorla təchiz edilib. Hazırda AES-in ikinci enerji bloku fəaliyyətdədir.

Metsamor AES köhnə, istifadə müddəti bitmiş avadanlıqla təchiz edilib. Ona görə də, reaktorlarda qəzanın baş verməsi ehtimalı çox böyükdür. Ermənistan isə dünya ictimaiyyətinin AES-in fəaliyyətini dayandırmaq tələblərini qulaqardına vuraraq, onun istifadə müddətini 2026-cı ilə kimi uzatmaq barədə qərar qəbul edib. Bu da regionun daha 10 il ciddi təhlükə altında qalacağını göstərir.

Eyni zamanda, Metsamor AES 11 ballıq zəlzələ riski olan zonada yerləşir. Stansiya ətrafında 5 tektonik qırılma mövcuddur ki, onlardan biri AES-dən cəmi 500 metr aralıda yerləşir.

Ekspertlər hesab edirlər ki, AES-də təhlükəsizlik tədbirləri çox aşağı səviyyədədir. 1982-ci il oktyabrın 15-də AES-də baş vermiş yanğın yalnız 7 saatdan sonra ciddi səylər göstərildikdən sonra söndürülüb. Bundan sonrakı dövrdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, AES-in müasir təhlükəsizlik avadanlıqları ilə təchiz edilməsi istiqamətində heç bir addım atılmayıb.

Məsələ ilə bağlı İnsan Hüquqları 21-ci əsr Azərbaycan Fondunun sədri, hüquq müdafiəçisi Şahin Camalov bildirib ki, Ermənistanın 20 ildən artıqdır Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal altında saxlaması beynəlxalq hüququn pozulmasıdır. Onun sözlərinə görə, işğalçı ölkə bununla kifayətlənməyərək zəbt etdiyi Azərbaycan torpaqlarında narkotik maddələrin qaçaqmalçılığını həyata keçirir. Hüquq müdafiəçisi qeyd edib ki, eyni zamanda, ermənilər Dağlıq Qarabağda qanunsuz silah alveri ilə məşğul olur, orada terrorçu, cinayətkar qruplaşmaları yerləşdirir, onların növbəti terror hücumlarına hazırlıq görmələrini təmin edir.

Ermənistanın cinayətkar əməllərinin bununla kifayətlənmədiyini deyən Ş.Camalov bunların sırasına radioaktiv maddələrin qaçaqmalçılığını da əlavə edib: “Ermənilər Metsamor AES-dən əldə olunan nüvə tullantıları, radioaktiv maddələrin xaricdə satışını təşkil edir, onlardan kimyəvi silahlar hazırlanmasında istifadə edirlər. Şübhə doğurmur ki, bu maddələr terror qruplaşmalarının da əlinə keçə bilər. Metsamor həmin stansiyadır ki, Sovet dövründən qalma avandıqlarla qəzalı vəziyyətdə fəaliyyətini davam etdirir. Bu, region üçün böyük təhlükə mənbəyidir. Halbuki Ermənistan atom elektrik stansiyasının təhlükəsizliyini təmin etmək, ona nəzarət etmək imkanlarına malik deyil. Ona görə də, Metsamor AES-in fəaliyyətinə son qoyulmalıdır”.

Qeyd edək ki, Metsamor AES Azərbaycan və Gürcüstan sərhədlərindən 120 km, İran sərhədindən 60 km, Türkiyə sərhədindən 16 km aralıda yerləşir. Qəza nəticəsində radioaktiv tullantıların və digər fəsadların Rusiya, Orta Asiya, Xəzər və Qara dəniz ölkələrinin əhalisi üçün böyük təhlükə yaradacağı şübhəsizdir.

Metsamor AES-in Ermənistanda yerləşməsi nüvə materialları qaçaqmalçılığı ilə məşğul olan transmilli cinayətkar dəstələrin regiona diqqətini artırıb. Bu, onların işğal altında Azərbaycan ərazilərində sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradır. Metsamor AES-in nüvə tullantılarının Azərbaycanın işğal altında olan ərazilərində basdırılması ehtimalı böyükdür. Həmçinin, bu tullantıların qismən Kür və Araz çaylarına axıdılması ehtimalı da istisna edilmir.

Artıq ermənilərin radioaktiv materialları ölkədən çıxarılaraq müxtəlif cinayətkar qruplara satmaq cəhdlərinə dair onlarla fakt mövcuddur. Belə materialların Əl-Qaidə və İŞİD kimi beynəlxalq terror qruplarının əlinə düşəcəyi təqdirdə “çirkli bombaların” hazırlanması və istifadəsi riski kifayət qədər ciddiləşir.

1999-cu il mayın 22-də Ukraynanın Bereqovo şəhərində iki erməni 20 kq U-235 az zənginləşdirilmiş uran filizi satmağa cəhd göstəriblər və bu ölkənin hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar. Ermənilər uranın 1 kq üçün 35 min ABŞ dolları tələb ediblər. 2001-ci il dekabrın 19-da isə Gürcüstanın Samsxe-Cavaxetiya bölgəsində kəşfiyyat əməliyyatı zamanı 300 qram az zənginləşdirilmiş uran ələ keçirilib. Araşdırma nəticəsində həmin materialın Ermənistandan gətirildiyi müəyyən olunub. 2003-cü il iyunun 26-da da Ermənistan vətəndaşları qaçaqmalçılıq yolu ilə 170 qram yüksək zənginləşdirilmiş uran U-235-i Ermənistan-Gürcüstan sərhədindən (Sadaxlı-Baqrataşen nəzarət-buraxılış məntəqəsi) keçirməyə çalışıblar. Saxlanılan Ermənistan vətəndaşı Qarik Dadadyanın üzərində 170 qram uran aşkarlanaraq götürülüb. Dadadyan Ermənistana təhvil verilib, ona qarşı cinayət işi açılıb və həmin şəxs cəmi 2 il yarım müddətinə azadlıqdan məhrum olunub. Bu fakt radioaktiv qaçaqmalçılıqla məşğul olan ermənilərin hakimiyyət dairələri tərəfindən müdafiə olunduğuna işarədir.

Ermənilərin radioaktiv materialların qaçaqmalçılığı ilə məşğul olmalarına dair faktlar bununla bitmir. 2003-ci il dekabrın 29-da Ermənistan-İran sərhədində Mehri nəzarət-buraxılış məntəqəsində Ermənistanın Metsamor AES-dən çıxarılan Stronsium-90 radioaktiv maddənin konteyneri saxlanılıb. Spektral təhlil göstərib ki, obyekt yüksək radioaktivliyə malikdir. 2004-cü il martın 13-də isə Ermənistan-Gürcüstan sərhədində (Sadaxlı-Baqrataşen nəzarət-buraxılış məntəqəsi) Ermənistan vətəndaşı radioaktiv materiallarla saxlanılıb. Lakin məsələ ictimailəşdirilməyib. 2007-ci il oktyabrın 24-də isə Gürcüstan-Türkiyə sərhədində (Sarpi nəzarət-buraxılış məntəqəsi) xüsusi düzəldilmiş qızıl konteynerdə 2,04 qram Lourensiy-103 maddəsi aşkarlanıb və buna görə 4 Ermənistan vətəndaşı saxlanılıb. 2009-cu il avqustun 26-28-də Ermənistan-Gürcüstan sərhədində (Sadaxlı-Baqrataşen nəzarət-buraxılış məntəqəsi) Ermənistanın Qerarkunik vilayətinin Noratus kənd sakininə məxsus olan avtomobildə Sezyum-137 maddəsinin izləri aşkarlanıb. Lakin maddənin özü tapılmayıb və buna görə də sərnişinlər azad edilərək Ermənistana qaytarılıblar.

2010-cu ilin martında isə Tbilisidə biznesmen Smbat Tonoyan və İrəvan Fizika İnstitutunun əməkdaşı Qrant Ohanyan radioaktiv materialların alverində şübhəli bilinərək saxlanılıblar. Onların üzərindən 89 faiz zənginləşdirilmiş 18 qram uran aşkar olunaraq götürülüb. Tbilisidə məhkəmə prosesi zamanı müəyyən edilib ki, Tonoyan potensial alıcıdan 120 qram zənginləşdirilmiş uran üçün əvvəlcə 8 milyon dollar tələb edib, lakin sonradan 1,5 milyon dollara qədər qiyməti azaldıb. 18 qram məhsul nümunə kimi alıcıya nümayiş etdirilməli idi. Müsadirə edilmiş uranı Tonoyana 2003-cü ildə Gürcüstanda uran qaçaqmalçılığına görə həbs edilən Ermənistan vətəndaşı Qarik Dadadyan verib. 2003-cü ildə radioaktiv materialların qaçaqmalçılığı faktına görə məhkum olunmuş bu şəxs yüngül həbs cəzası çəkdikdən sonra yenidən öz fəaliyyətini davam etdirib.

2010-cu il sentyabrın 16-da isə Tbilisi hava limanında bir üzvü erməni olan cinayətkar qrup saxlanılıb. Saxlanılmış şəxslərin üzərindən 0,0004 kiloqram plutonium (Pu) və 0,00008 kiloqram az zənginləşdirilmiş uran aşkarlanaraq götürülüb. Araşdırma zamanı cinayətkarların radioaktiv materialları satmağı planlaşdırdıqları müəyyən edilib. 2014-cü ilin avqustunda isə Ermənistan-Gürcüstan sərhədində (Sadaxlı-Baqrataşen nəzarət-buraxılış məntəqəsi) Gürcüstan gömrükçüləri tərəfindən Sezyum-137-ni Gürcüstana keçirməyə cəhd göstərən iki erməni həbs edilib. 2016-cı ilin yanvarında da Ermənistan-Gürcüstan sərhədində (Sadaxlı-Baqrataşen nəzarət-buraxılış məntəqəsi) Gürcüstan gömrükçüləri tərəfindən Sezyum-137-ni sərhəddən keçirməyə cəhd göstərən üç erməni həbs edilib. 2016-cı ilin aprelində isə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən üç Ermənistan vətəndaşı və üç Gürcüstan vətəndaşı 200 qram Uran-238-i satmaq cəhdinə görə həbs edilib. Müəyyən olunub ki, Ermənistandan olan üç nəfər əvvəllər Metsamor AES-də işləyiblər. Bu qrup radioaktiv materialı Yaxın Şərq ölkələrinə satmağı planlaşdırırmış. Lakin sadalanan bütün bu faktlar hələ də öz nəticəsini verməyib. Ermənistanda bu gün də radioaktiv maddələrin qaçaqmalçılığı ilə məşğul olan cinayətkar qruplaşmalar var. Beynəlxalq birlik bu istiqamətdə sərt addımlar atmasa, təkcə regiona ölkələri deyil, bütün dünya bunun acı nəticələri ilə üz-üzə qala bilər.

Bütün bu təhdidlərin qarşısının alınması məqsədilə artıq “Stop Metsamor” kampaniyasına başlanılıb. “APA”nın məlumatına görə, bu məqsədlə bir qrup bloqger “change.org” saytında Metsamor AES-in bağlanmasını tələb edən “Stop Metsamor!” petisiyası üzrə (https://www.change.org/p/world-community-we-want-the-metsamor-npp-of-armenia-to-be-closed-as-it-is-hazardous-for-the-world?source_location=petitions_share_skip) imza toplanmasına start verib.

Əlavə olaraq sosial şəbəkələrdə “Stop Metsamor!” kampaniyasına dəstək vermək məqsədilə xüsusi səhifələr (https://www.facebook.com/STOP-Metsamor-765785693522161/?fref=ts&__mref=message_bubble, (https://twitter.com/StopMetsamor), (https://www.facebook.com/events/629474597206586) yaradılıb.

Fəallar beynəlxalq ictimaiyyəti Metsamor AES-in yaratdığı təhlükəyə biganə qalmamağa və həyata keçirilən kampaniyanı dəstəkləməyə çağırırlar.

Ceyhun ABASOV

525.az