XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

16 May 2016 - 12:48

Qafqazlılar İŞİD-də niyə tez nüfuz sahibi olurlar? –"Rus dili İŞİD-də üçüncüdür"

Sisani

Antuan Asdey

Slate.fr (Fransa), 15.05.2016

 

Amerika rəsmiləri 2016-cı ilin martında bildirdilər ki, Suriyaya aviazərbə nəticəsində Ömər əş-Şişani, “ehtimal ki, öldürülüb”. Ömər Çeçenistanlı (əslində, o, Gürcüstan vətəndaşıdır) İŞİD sıralarında bir sıra yüksək vəzifələr, o cümlədən “hərbi nazir” vəzifəsini tutub. Bu bir daha təsdiq edir ki, Şimali Qafqaz islamçılarının əksəriyyəti Suriyada döyüşür və İŞİD-də müəyyən nüfuza malikdir. Beynəlxalq böhran qrupunun hesabatında Şimali Qafqazdakı islamçı üsyanın, təxminən, 2014-cü ildə Suriyaya necə “ixracat” edildiyindən danışılır.

Şimali Qafqaz islamçılarının böyük hissəsi çeçen separatçılarının sıralarından çıxanlardır və Çeçenistanda iki müharibənin gedişində özlərini göstəriblər. 1999-cu ildən bəri 75-dən çox terakt, o cümlədən 2002-ci ildə Moskva teatrında (130 qurban) və 2004-cü ilin sentyabrında Beslan məktəbində (334 şəhid) girovların götürülməsi onların hesabındadır. Bütün bunlara siyasi qətlləri və təhlükəsizlik qüvvələri əməkdaşlarına yüzlərlə hücumu əlavə etmək lazımdır. Onların lideri Doku Umarov 2007-ci ildə Şimali Qafqazın bütün respublikaları ərazisində “Qafqaz əmirliyi”nin (“Əl-Qaidə”yə bağlıdır) yaradılmasını rəsmən elan etdi. 2010-2012-ci illərdə zorakılığın episentri insidentlərin praktik olaraq gündəlik xarakter almağa başladığı Dağıstana keçdi. Bununla belə, fəallıq 2014-cü ildən kəskin şəkildə aşağı düşdü: qurbanların sayı 2014-cü ildə 46%, 2015-ci ildə 51% azaldı. 

 

Yüksəlişdən məğlubiyyətə

 

Bunun səbəbi çox sadədir: Rusiya xüsusi xidmətləri 2013-cü ilin başlanğıcından Şimali Qafqazda, xüsusən də Dağıstanda islamçıları aradan qaldırmaq və bununla da terakt imkanını tam pozmaq üçün bütün vasitələri işə saldı. Casuslar sızdırmaq, bütün rabitə vasitələrinə diqqətli nəzarət, qətllər, hətta qidanın zəhərlənməsi – nəticələr “Qafqaz əmirliyi” üçün həqiqətən də fəlakətli oldu. Bütün bunlar bölgədəki fəaliyyətlərinin  “Suriyadakından min dəfə çətin olduğu” döyüşçüləri hürkütdü.

Bir qaynağın qeyd etdiyi kimi, istisna deyil ki, Rusiya hökuməti Şimali Qafqaz islamçılarından can qurtardığını düşünərək onların Suriyaya gedişinə göz yumurdu. Lakin Rusiyanın ünvanına İŞİD təhdidləri onu öz fikrini dəyişməyə məcbur etdi.

2013-cü ildən Şimali Qafqazda radikal islamçılıqla mübarizə mistik sələfilərə qarşı amansız repressiyalarla müşayiət olunur. Repressiyalar daha çox Dağıstanda (burada vəhhabilik qadağan edilib) və Çeçenistanda (burada sufizm rəsmi din statusu daşıyır, lakin sələfilik qadağan olunub) tüğyan edir. Hesabatda insanların oğurlanması, divan tutmaq və işgəncələrin tez-tez tətbiqi xatırlanır. Sələfi məscidləri bağlanır, din xadimləri məhkəməyə verilir. Dağıstanda radikal islamçıların bütün qohumlarına və tanışlarına terrorçu damğası vurulur. Məruzədə qeyd edildiyi kimi, sələfilərə qarşı repressiyalar radikal əhvali-ruhiyyənin ancaq yüksəlməsinə və onları təcavüzə təhrikə səbəb olur. 

 

Böyük vədlər

 

İŞİD paralel şəkildə Şimali Qafqaza nisbətdə təbliğatı artırdı. Qurum 2014-cü ilin sentyabrında Rusiyanın ünvanına təhdidli videoyazı yaydı. Ömər əş-Şişani bir müddət sonra Rusiyayönlü Çeçenistan prezidenti Ramzan Kadırovun başına beş milyon dollarlıq qiymət qoydu. “Qafqaz əmirliyi”nin bütün “vilayətlər”i (əyalətlər) tam bir silsilə daxili münaqişələrdən sonra 2015-ci il iyunun 21-də İŞİD-ə sədaqət andı içdi (sonradan onları “Qafqaz vilayəti” adıyla İŞİD-in yeni vilayəti kimi göstərdilər). İŞİD 2015-ci ilin iyulunda rus dilində “Furat Media” KİV-ini işə saldı. 2015-ci ilin oktyabrında "Metrojet" şirkətinin 9268 reysində partlayış baş verdi, nəticədə 224 nəfər həlak oldu. İŞİD-in “Sinay vilayəti” məsuliyyəti öz üzərinə götürdü.

İŞİD öz ritorikasını istənilən profilə uyğunlaşdırmağı bacarır və Şimali Qafqazda da bununla məşğul oldu. Gələcəkdə perspektiv görməyənlərə (bu yoxsul bölgədə belələri xeylidir) maaş və ailə vəd edir. Dağıstan və Çeçenistanda sıxışdırılan sələfilərə İslam qanunları üzrə yaşayış vəd edir. Avtoritarizm və korrupsiyadan narazılara İlahi buyruqlar üzrə təşkil edilmiş rejimini təklif edir. Rusiyanın əzdiyi döyüşçülərə öncədən “beşulduzlu cihad” (onun təbliğat videolarından biri belə adlanır) və ruslarla hesablaşmaq (Bir fəal məruzənin  səhifələrində iddia edir: “Çeçenlər Suriyada özlərinin  başa çatmamış müharibələrini aparırlar”) imkanı müəyyən edir. Nəhayət, İŞİD hərbi və yaxud humanitar fəaliyyət vasitəsilə müsəlmanlara yardım perspektivindən danışır. Hökumətin  məlumatına görə, təkcə Dağıstandan Suriyaya 1000-dən çox adam gedib.

 

Yeni cəbhə

 

Şimali Qafqaz islamçıları üçün Suriyaya (və yaxud İraqa) yol bir neçə rusdilli icmanın olduğu Türkiyədən keçir. İslamçılığın Mövladi Uduqov (“Qafqaz əmirliyi”nin ideoloqu və Çeçenistan baş nazirinin keçmiş birinci müavini) kimi liderləri də oradadır. Orada 2014-cü ildə hökumətin basqısına görə Şimali Qafqazdan mühacirət etmiş və İŞİD-in adam toplayanları üçün asan hədəfə çevrilə biləsi dinc əhvali-ruhiyyəli sələfilər də var.

Qafqaz islamçıları Suriyaya çatarkən (ərəb dilini bilənlər çox azdır), adətən, bir yerdə olur və eyni dəstələrdə vuruşurlar. “Caiş əl-Muhacirun vəl əl-Ənsar” qrupunu (“Mühacir və partizan ordusu”) Ömər əş-Şişani yaratmışdı və 2013-cü ildə İŞİD-ə birləşənədək tam min nəfər döyüşçüsü var idi. Dəstənin bir hissəsi buna qarşı idi və 2015-ci ilin iyununda “Cəbhət ən-Nusra”nın (“Əl-Qaidə”nin Suriya bölməsi) sıralarına daxil oldu. Qafqazlıların bir çoxu az tanınmış dəstələrdə vuruşur. Bir qismi İŞİD-i, başqaları “Cəbhət ən-Nusra”nı dəstəkləyir. Tarixçi Stefan Mantunun sözlərinə görə, “qafqazlıların gəlişi bütünlükdə üsyançı döyüşçülərin sayını artırdı. Bu, “Cəbhət ən-Nusra” və İŞİD-in işinə yaradı. Bu iki qüvvədən kənarda qalan kiçik qruplar var və hazırda böyük çətinliklərə məruz qalırlar”.

 

İŞİD-də üçüncü dil

 

Qazandıqları cəsur döyüşçü nüfuzuna görə başqa islamçılar qafqazlılara (birinci növbədə çeçenlərə) hörmətlə yanaşırlar. Onların heç də hamısının böyük təcrübəsi olmasa da, karyera pillələri üzrə sürətlə qalxa bilərlər.

Beynəlxalq böhran qrupun layihə direktoru və məruzənin əsas müəllifi Yekaterina Sokiryanskaya izah edir: “Rus dili yayılma dairəsinə görə İŞİD-də üçüncü dildir, rusdilli icma böyükdür. Rusiya islamçıları isə (çox hissəsi Şimali Qafqazdandır) mahir və təcrübəli döyüşçü nüfuzuna malikdir ki, bu da onlara tezliklə müstəqil islamçı qrupların əmiri (komandiri) olmağa və yaxud İŞİD-in ikinci, üçüncü eşelonunda vəzifələr tutmağa imkan verir”.

Ömər əş-Şişani İraqın Əl-Anbar əyalətində və Suriyanın şərqində qələbələr sayəsində nişanlar qazandı. Bu ona İŞİD-də bir neçə önəmli vəzifə tutmağa və xüsusi bölmələrin komandiri olmağa imkan verdi. “Əbu Cihad” ləqəbli İslam Atabiyev təbliğat və toplama sahəsində İŞİD-də nüfuzlu simadır. Hər ikisi Şimali Qafqazdan Suriyaya döyüşçü idxalında aparıcı rol oynayıb.

Yekaterina Sokiryanskayanın qeyd etdiyi kimi, qafqazlılar İŞİD-də “təhlükəsizlik, təbliğat və KİV xidmətinin rusdilli bölmələrinin idarəçiliyində böyük muxtariyyətə malikdirlər”. Bununla belə, Stefan Mantu hesab edir ki, onların nüfuzunu yüksək qiymətləndirməyinə də dəyməz: “Ömər əş-Şişani İŞİD-in görkəmli üzvüydü və nəticə etibarilə xüsusən də uzun müddət döyüşdüyü Suriyanın şimalında hərbi qərarların qəbulunda müəyyən rol oynayırdı. O, xəlifə Bağdadinin  yaxın çevrəsinə daxil idi. Bununla belə, bundan nəticə çıxarmağına dəyməz ki, qafqazlılar İŞİD-də qərarların qəbul edilməsində hansısa özəl bir rol oynayırlar”.

 

Təcrübənin ötürülməsi

 

Nəhayət, müəyyən fərqlərə baxmayaraq, Çeçenistandakı üsyançı müharibə İŞİD-in hərbi taktikasına böyük təsir edib. Rusiya qoşunlarına qarşı vuruşan çeçenlər azlıqda, kiçik çevik dəstələrlə hərəkət etməyə vərdiş etmişdilər (2000-ci ildə Qroznı uğrunda üçüncü döyüşün gedişində 3 minə yaxın üsyançı 90 min rus əsgərinə qarşı idi). İŞİD-in daha çoxsaylı və yaxşı silahlanmış dəstələri olsa da, bu taktikanı əsas götürdü.

Ekspert Barak Barfi CTC Sentinel-dəki məqaləsində bunu sıradakı kimi izah edir:“Çeçenlər 2000-ci ildə Qroznını əldə saxlamaq üçün səngərlər qazdı və mürəkkəb lağımlar sistemindən istifadə etdilər. İŞİD oxşar müdafiə qurğularını Mosulda və Ər-Rakkada qurdu: iç-içə çevrələr şəklində divarlar və səngərlər. Çeçenlər də İŞİD-in Əz-Zuhurun mühasirəsində etdiyi kimi qapılardan tutmuş cəsədlərədək hər şeyi minaladılar. Onlar neft obyektlərində və kimya zavodlarında partladıcı quraşdırdılar”.

 

İslamçıların Rusiyaya dönüşü problemi

 

Stefan Mantu bu baxışla razıdır, lakin bir sıra çalarları qeyd edir: “İŞİD hərbi planda çeçenlərin Rusiya ilə iki müharibəsinin gedişindəki taktikadan ruhlandı. Lakin hər şey təkcə buna müncər edilmir”.

Suriyaya yollanmış islamçıların bəziləri Şimali Qafqazda teraktlar qurmaqdan ötrü geri qayıdırlar. Terrorzimdə ittiham üzrə yüzlərlə proseslər başlanıb. Rusiya hazırda radikalların Suriyaya getməyinə yol verməməyə cəhd edir və geri qayıdanları sistemli şəkildə həbsə alır. Lakin məruzə müəllifləri hesab edirlər ki, təkcə bu tədbirlər kifayət etməyəcək. Beynəlxalq böhran qrupu sələfilərə qarşı repressiyaları (bu ancaq radikal əhvalı qızışdırır) dayandırmağı, dini liderlərin və tövbə etmiş radikalların gəncliyə yönəlik çıxışlarını nəzərdə tutan əks-təbliğat proqramlarını inkişaf etdirməyi təklif edir.

 

Tərcümə Strateq.az-ındır.