XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

12 İyun 2015 - 10:53

Folklor və etnoqrafiya vasitəsi ilə turizmi necə inkişaf etdirmək olar? – Araşdırma

leman-amea.jpg

Ləman VAQIFQIZI (SüLEYMANOVA)

AMEA Folklor Institutu Dədə Qorqud şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent

Folklor və etnoqrafiya vasitəsi ilə turizm sahəsinin inkişaf etdirilməsi ənənəsi dünyada çoxdan mövcud olsa da, bu məsələ Azərbaycanda demək olar ki, heç araşdırılmayıb. Bu yolla həm daxili, həm də xarici turizmin inkişafına xeyli təkan vermək mümkündür.

Müasir dövrdə turizm dünya iqtisadiyyatında mühüm rol oynayır. Turizmin inkişaf sürəti durmadan artır, bu sahə dünya iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməkdədir. Son illərdə Azərbaycanda da turizm sahəsi günü-gündən inkişaf edir. ölkəmizdə istər turizm sahəsinə aid kadrların hazırlanmasında, istər mehmanxanaların tikilişində, istərsə də turizmin müxtəlif qollarının (idman turizmi, dini turizm, sağlamlıq turizmi, çimərlik turizmi və s.) inkişafında yüksək bir canlanma müşahidə olunur. Bütün bu sahələrlə yanaşı, bizlərdə belə bir təsəvvür var ki, gələn turistlərə ancaq abidələri, istirahət mərkəzlərini, təbiəti və sairi göstərmək lazımdır. Yəni bizim turizm anlayışının içərisində xalq, xalqla ünsiyyət ya heç yoxdur, ya da çox azdır. Halbuki biz xarici ölkələrdən ölkəmizə gələn turistlərə təbiətimizin gözəllikləri, abidələrimiz və sairlə yanaşı, xalqımızı, folklorumuzu, etnoqrafiyamızı da təbliğ edə bilsəydik, həm bu sahədə iqtisadi bazamızı daha da gücləndirmiş olardıq, həm də xalqımızı daha dərindən tanıtmış olardıq. Məsələn, dekabrın 21-ci gününün gecəsi ilin ən uzun gecəsi − “çillə gecəsi” sayılır. Bunu bəzən “Yelda gecəsi” də adlandırırlar. Bu günü xalqımız bayram edərmiş. Səbəb də bu idi ki, qarşıdan ilin ən çətin dövrü gəlir, böyük çillə girir. Bu gecəni səhərə kimi yatmaz, hamı bir yerə yığışar, yeyər, içər, şənlənərdi. Balacalara tapmacalar söyləyər, kim tapmacanın cavabını bilməsə, yanında oturanlara bir kənd və yaxud ərazi “bağışlamağa” məcbur olardı. Bu, simvolik xarakter daşıyardı. Yəni tapmacanın cavabını tapmayanlar ətrafda nə qədər yer-yurd adları vardısa, hamısını növbə ilə sadalamağa məcbur olardılar. Bu da kiçikyaşlı uşaqlara yaşadığı ərazini daha yaxşı tanıtmaq və sevdirmək məqsədini güdərdi. çillə gecəsi bundan başqa oyunlar da oynayar, mahnılar oxuyardılar. Bu gecə çillə qarpızı da kəsərdilər.

Bunları söyləməkdə məqsədimiz nədir? Təsəvvür eləyək ki, dekabrın 21-də hansısa xarici ölkədən gələn turist həm də çillə gecəsinin keçirilməsini görür, burada özü də iştirak edir, bu gecə üçün hazırlanmış yeməklərdən yeyir. Təbii ki, həmin gecədən zövq alacaq və növbəti ilin bu günü yenidən Azərbaycana can atacaq. Eyni sözləri digər bayramlarımız – “Xıdır Nəbi”, “Novruz” və sair haqqında da söyləmək olar.

Bütün bunları nəzərə alaraq aşağıdakı təklifləri irəli sürürük:

1) Şəkidə Hacı dayının adı ilə bağlı lətifə bayramı və müsabiqələrin keçirilməsi məqsədəuyğundur. İlin ən yaxşı lətifə deyəninin mükafatlandırılması da gözəl olardı. Şəki şəhəri ilə Bolqarıstanın Qabrova şəhərinin qardaşlaşmasını bir daha qabartmaq da yerinə düşərdi.

2) Lətifələr əsasında kiçik səhnəciklər hazırlanması məqsədəmüvafiq olardı.

3) Lətifə qəhrəmanlarını əks etdirən kiçik fiqurların hazırlanması və satışının təşkil edilməsi həm iştirakçılarda maraq oyadar, həm də turizmin maddi-texniki bazasının möhkəmləndirməsinə xidmət edərdi (məsələn, Molla Nəsrəddin eşşəyə tərs oturan vəziyyətdə və s.).

4) Tapmaca yarışmalarının keçirilməsi iştirakçılarda maraq yaradar.

5) Müxtəlif bölgələrimizdə yerləşən inanc yerlərinə (Bibiheybət ziyarətgahına, Xıdır Zindəyə və s.) turlar təşkil etmək zənnimizcə, həm daxili, həm də xarici turizmin inkişafına kömək edərdi.

6) Kənd turizmini inkişaf etdirmək bu sahədə irəliyə doğru atılmış addım olardı. Bunun üçün turizm bölgələrindən bir neçə kəndi seçərək elə etmək lazımdır ki, həmin kəndlərin əhalisi turizmi başlıca məğuliyyət sahəsinə çevirsinlər.

7) Qədim xalq tamaşaları əsasında bərpa olunmuş səhnələrin göstərilməsi bizcə, turistlərdə maraq yaratmaqla bərabər, Azərbaycan folklorunun, etnoqrafiyasının təbliğinə gözəl şərait yaradırdı. Məsələn:

a) Qax rayonuna məxsus Tunqay Məlik, Dunbul Bəkir xalq oyunları səh­nə­ləş­di­ril­məsi;­

b) Kəlbəcər rayonuna məxsus Kilimarası və Maral oyunu səhnələşdirilməsi;

v) Qaragöz tamaşaları göstərilməsi;

c) Ordubad rayonuna məxsus “Xanbəzəmə” oyunu səhnələşdirilməsi;

d) Əksər bölgələrimiz üçün xarakterik olan “Qodu-qodu” oyunu səhnələşdirilməsi və s.

8) Şərur “Yallı”larının bütün variantları videolaşdırılması həm bu yallıların itib-batmasının qarşısını alar, həm də bu rəqslərin təbliğinə yardım edərdi.

9) Milli güləş sahəsinin – zorxana oyunları yenidən dirçəldilməsi maraq oyadardı.

10) Xalq yaradıcılığı paytaxtlarına turlar təşkil olunması iştirakçılara gözəl təsir bağışlayardı.

11) Müxtəlif bölgələrimizdə məhsul yığımı bayramları keçirilməsi də məqsədəmüvafiqdir (Qax-Zaqatala böl­gəsində fındıq, Göyçay rayonunda nar, Lənkəranda çay, Qubada alma, Salyanda üzüm yığımı və s.).

12) Turistlərin iştirak etdiyi səhnəciklərin (kiçik həcmli folklor mətnlərini − tapmacalar, bayatılar və s. əzbərlətmək) təşkil edilməsi iştirakçılarda yüksək əhval-ruhiyyə yaradardı.

13) İsmayıllının Lahıc, Basqal kəndlərində, Şəki şəhərində və s. yerli sənətkarların hazırladıqları müxtəlif sənətkarlıq məhsullarının nümayişi keçirilməsi və onlarla bağlı yaradılmış folklor nümunələri təbliğ edilməsi məqsədəuyğundur.

14) Milli mətbəximizin təbliğinə geniş yer verilməsini də düzgün hesab edirik. Müxtəlif regionlarımıza xas yeməklərin nümayişi (Şimal bölgəsinə xas qaxac ət, bağırsaq dolması, piti, sürhüllü və sair, Qərb bölgəsində daha məhşur olan olan əriştə aşı, qurut və sair, Cənub bölgəsinə xas olan ləvəngi, ləvərəng, turşu kabab, qiymə qatıq və sair, Şərq bölgəsi üçün xarakterik olan xəmir xörəklərinin – qutab, düşbərə və s.) həm daxili tu­riz­min, həm də xarici turizmin inkişafına təkan verə bilər.

15) Müxtəlif bölgələrimizdə yaşayan azsaylı xalqların milli rəqsləri, oyunları, ha­zır­ladıqları sənətkarlıq nümunələri, milli yeməkləri və s. nümayiş etdirilməsi maraq doğurardı.

16) Arxeoloji turizm – arxeoloji qazıntıların aparıldığı bölgələrə turlar təkil edilməsi məqsədəmüvafiqdir (Qubada arxeolji qazıntılar zamanı aşkara çıxmış erməni vəhşiliklərini özündə əks etdirən qəbirstanlığa səyahət və s.). Bu, eyni zamanda Azərbaycan tarixinin xarici­lə­rə təbliğində əhəmiyyətli rol oynaya bilər.

17) Turistlər üçün milli geyimlərin kirayəsinin və ya satışının təşkil edilməsi turizmin maddi-texniki bazasının inkişafına xidmət edərdi.

18) Dünya üzrə turist axınlarının zamanını müəyyənləşdirmək və yuxarıda sadaladığımız mərasimlərin bir hissəsini o zamana uyğunlaşdırmaq olduqca səmərəlıi olardı. Eyni zamanda turistlərin özlərini də həmin mərasimlərin iştirakçısına çevirmək maraq yaradardı.

Bunlardan başqa, açıq hava muzeyləri təşkil etmək də yaxşı olardı. Şəhərlərə yaxın yerlərdə və ya turistlərin daha çox səfər etdikləri ərazilərdə Azərbaycan etnoqrafiyasına aid əşyaların nümayişi həm mədəniyyətimizin təbliğinə, həm də turist axınını gücləndirməyə kömək edərdi. Bu təcrübə dünyada uzun müddətdir ki, mövcuddur. Türk tədqiqatçısı Alparslan Santur bu məsələdən danışarkən 1985-ci ildə Ankarada keçirilmiş “Folklor Açıq Hava Muzeylərinin Türkiyədə Qurulma İmkanları Simpoziumu” iştirakçılarının fikirlərinə də toxunur, onlardan misallar verir: “Bu muzeylərdən Avropada irili-xırdalı 250-yə qədər qurulmuş olduğunu öyrəndiyimiz zaman bizim bu məsələdə nə qədər gecikdiyimizə üzülməmək mümkün deyil. Bununla belə, bu məsələdə avropalılardan daha şanslıyıq. çünki etnoqrafiyamızın önəmli bir hissəsi hələ də xalq arasında canlı şəkildə yaşayır. Bu, işimizi xeyli asanlaşdıracaq. Amma nəzərə almalıyıq ki, zaman dayanmır, çox sürətlə maddi və mənəvi mədəniyyətimizi yox edir. Bugünki fürsətlər bir daha əlimizə keçməyə bilər. Daha sürətlə hərəkət etmək məcburiyyətindəyik”.

Alparslan Santurun sitat kimi verdiyi cümlələri eynilə Azərbaycanda bu sahənin, eləcə də mədəniyyətimizin digər sahələrinin tədqiqinə və təbliğinə aid edə bilərik. Bu fikirlər 1985-ci ildə keçirilmiş konfransda ürək ağrısı ilə söylənilmişdir. Nəzərə alsaq ki, artıq bu fikirlərin üzərindən nə az, nə çox 30 il keçib, onda bizim nələri itirdiyimiz bir daha aydın olar. Nə qədər ki, gec deyil, həm folklor sahəsinin, həm də turizm sahəsinin mütəxəssisləri bu sahələrin təbliği üçün öz sözlərini deməlidirlər.