XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 May 2016 - 20:05

Məmməd Süleymanov yazır:"Tacikistandakı Konstitusiya dəyişikliyinin sirri"

rahmon-rustam-1

63 yaşlı İmomali Rahmon Tacikistanın sükanını əlinə keçirəndə 39 yaşı vardı. Bu, o vaxtlardı ki, ölkədə keçmiş SSRİ məkanının ən qanlı və qəddar vətəndaş müharibəsi gedirdi.

Həmin müharibədə yüz minlərlə tacik həyatını itirdi. Qarşı tərəflər bir-birini “yurçiklər” və “vovçiklər” adlandırırdılar. “Yurçiklər”, nə qəribə də olsa, Yuri Andropovun tərəfdarları sayılırdı, “vovçiklər” isə adlarını “vəhhabilər” kəlməsindən götürmüşdü.

Savaşı “yurçiklər” uddu, “vovçiklər” pərən-pərən oldu, ölkədən qaçdı, ya da dağlarda partizan üsulları ilə mübarizəni davam etdirdi. 1992-ci ildə Tacikistanın idarəçiliyi İmomali Rahmona tapşırılandan sonra o, növbə ilə dünənki silahdaşlarını da (o cümlədən, “qanuni oğru” Sanqak Safarovu) aradan götürdü və sonunda təkhakimiyyətliliyə nail oldu.

Odur-budur, Tacikistan Rahmonla yol gedir. Ancaq nə vaxtadək?

***

Və budur, mayın 22-də taciklər referendumda səs verərək, Konstitusiyaya yeni dəyişiklik və düzəlişləri təsdiqlədilər. Sayı 41 olan bu yeniliklərdə əsas diqqəti çəkən 2 dəyişiklikdir, yerdə qalanları əhəmiyyətsiz və bu 2-si üçün şirmadır. Beləliklə, əsas dəyişiklik – bundan sonra İmomali Rahmon qeyri-məhdud sayda prezident seçilə bilər. Yəni, faktik olaraq, o, ömürlük prezident elan edilmiş olur.

Tacikistan Konstitusiyasına görə, eyni şəxs cəmisi 2 dəfə prezidentliyə iddia etmək hüququna malikdir. Və paradoks – yeni dəyişikliklərə baxmayaraq, bundan sonra istənilən başqa şəxs cəmi 2 dəfə prezident ola biləcək (Yəni, 14 il müddətinə. Orada prezidentlik müddəti 7 ildir). Ancaq Rahmondan başqa. Yəni, referendum yalnız Rahmonun əbədi prezidentliyini təsbit etməyə hesablanıb, istənilən başqa birisi üçün isə Konstitusiyadakı maddə qüvvədədir. Bir sözlə, istisna bircə adam üçündür. O şəxs üçün ki, rəsmən onun titulu bu cür göstərilir: “Millətin lideri, Sülhün və milli birliyin banisi”.

Maraqlısı odur ki, son dəfə 2005-ci ildə qəbul olunmuş Konstitusiyada Rahmona (o vaxta qədər artıq 13 ildir Tacikistanı idarə edən şəxsə) yalnız 2 dəfə prezident olmaq hüququ verilirdi. Əlbəttə, əvvəlki müddət hesaba alınmadan. Beləliklə də, 2020-ci ildə Rahmonun prezidentlik müddəti (hərəsi 7 il olmaqla 2 dəfə) tamamlanır və o vaxt artıq 67 yaşı olacaq “millətin lideri” təqaüdə yollanmalıdır.

Ancaq yox, taciklər bununla razılaşa bilməzlər. Ona görə də, 2020-ci ilə hələ 4 il qalmasına baxmayaraq, Konstitusiyada dəyişiklik etmək həvəsinə düşürlər.

Səsvermə başlayandan cəmisi 6 saat sonra Mərkəzi Seçki Komissiyasının sədri ilkin nəticələri elan edir – artıq seçicilərin 66,6 faizi səs verib. Axşam açıqlanan son rəqəmə görə isə, referendumda əhalinin 92 faizi iştirak edib, onlardan da 94,5 faizi Rahmonun ömürlük prezidentliyinə “Hə” deyib. Əleyhinə cəmisi 3,3 faiz çıxıb. Əhalisinin 1 milyon nəfərindən çoxunun iş dalınca Rusiya və qonşu ölkələrə səpələndiyi (və deməli, Rahmonun siyasətindən narazı qaldığı) ölkədə bu cür yüksək yetərsay, əlbəttə, rəsmi statistikanın möcüzələrindəndir.

Digər prinsipial dəyişiklik isə prezidentliyə namizədlik üçün yaş senzinin aşağı salınmasıdır. Yəni, indiyədək yalnız 35 yaşı tamam olmuş Tacikistan vətəndaşı özünün prezidentliyə namizədliyini irəli sürə bilərdi. Yeni qaydalara görə isə, 30 yaş yetərlidir. Və əlbəttə ki, bu metamorfozun da öz daxili məntiqi var. Yəni, taciklər heç də cavan nəslə “yaşıl işıq” yandırmaq arzusu ilə alışıb yanmırlar. Əksinə, bununla Rahmon ailəsinin gələcəyini bir daha sığortalayırlar.

Məsələ ondadır ki, kimsə özünü əbədi elan edə bilər, ancaq ölüm, ya ağır xəstəlikdən qaça bilməz. Türkmənbaşının qəfil ölümünü xatırlayaq. Eləcə də, əgər Rahmon 2020-ci ildə səlahiyyətlərindən könüllü əl çəkməli olsa, onun yerini kimin tutacağı taleyüklü məsələdir. Əsas namizəd isə Rahmonun oğlu Rüstəmdir. O, İmomali Rahmonun 9 övladından biridir.

Rüstəmin hazırda 28 yaşı var. Yəni, köhnə qaydalar qalarsa, o, 2020-ci ildə prezidentliyə namizəd ola bilməz (köhnə qaydada minimal yaş 35-dir). Ancaq indi hər şey onun xeyrinədir – 2020-ci ildə onun artıq 32 yaşı olacaq.

Referendumda taciklər bu dəyişikliyi də təsdiqlədilər. Ümumiyyətlə, onlar 41 dəyişikliyə bir-bir səs verməli olmadılar (xalqa əziyyət vermək nəyə gərək?!), çünki bülletendə cəmisi bircə sual vardı: “Siz Konstitusiyaya düzəliş və dəyişiklikləri dəstəkləyirsizmi?” O düzəliş və dəyişiklikləri ki, hamısını parlament əvvəlcədən qəbul etmişdi. Xalqa yalnız parlamentin təsdiqlədiklərinə “Hə” deyib onları Konstitusiyanın bəndlərinə çevirmək qalırdı.

Yəni, hər şey demokratik qaydalara əməl olunmaqla, lap hüquqi dövlətlərdəki kimi, ümumxalq səsverməsi ilə, könüllülük və şəffaflıq prinsipləri gözlənilməklə legitimləşdirildi. Seçkili demokratiya da elə budur. Yoxsa ki, kimlərsə ağızlarını büzüb Tacikistandakı diktaturadan və mütləqiyyətdən danışılar…

 

Məmməd Süleymanov

virtualaz.org