XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 May 2016 - 11:02

İstanbulda maraqlı hərrac –Türkiyənin məğlubiyyət sazişi satışa çıxarılır!

kaynarca-1

Murad Bardakçı

Habertürk, 24.05.2016

 

Tariximizdəki ən sarsıdıcı məğlubiyyətin sübutlarından biri bu həftə hərraca çıxarılacaq. İstanbul hərrac evinin mayın 29-da "Point Hotel"də keçiriləcək ticarətdə Kiçik Qaynaraca sülh müqaviləsinə on səhifəlik əlavə sazişin orijinalı üç min türk lirəsi start qiyməti ilə sərgiyə çıxarılır. 1768-ci ildə Rusiya ilə girişdiyimiz müharibədə məğlubiyyətimizdən sonra 1774-cü ildə imzalanmış sülh müqaviləsinə görə qəbul etməli olduq ki, Krım tam şəkildə əlimizdən çıxır. Sözügedən əlavə saziş sonradan imzalandı və Rusiya gəmilərinin boğazlardan keçid qaydasını tənzimlədi.  

Türkiyə Polşanın (o vaxt Reç Pospolita) işlərinə daim müdaxilə edən, Balkanlarla yanaşı Yunanıstanı da bizə qarşı qızışdıran və durmadan sərhədi pozan Rusiyaya 1768-ci il oktyabrın 8-də müharibə elan etməyə məcbur oldu. Altı il ərzində davam edən müharibədə ordumuz müəyyən uğurlara nail olsa da, cəbhələr zaman-zaman çökdü, dalbadal uğursuzluğa düçar olduq, Şumlada türk ordusunun Rusiya ordusu tərəfindən mühasirəyə alınmasından sonra Osmanlı imperiyası məğlubiyyəti etiraf etməli oldu.

 

Əraziləri də, nüfuzu da itirdik

 

Sülh müqaviləsi 1774-cü il iyunun 21-də indiki Bolqarıstan ərazisində Dunay çayının sahilindəki Kiçik Qaynarca kəndində bağlandı, ilk və ən böyük məğlubiyyətimizin sübutu kimi tarixə düşdü. Lakin müqavilənin birinci bəndinə əsasən, əsrlərlə bizim ərazimiz olan Krım sanki müstəqil olsa da, əslində, onu Rusiyaya güzəştə getdilər. Krımla yanaşı başqa ərazilər də Rusiyaya keçdi və Türkiyə çox böyük təzminatlar ödəməli oldu. Bu müqavilənin başqa bir önəmli bəndi bundan ibarət idi ki, Rusiya Osmanlı imperiyasının xristian əhalisini rəsmən öz müdafiəsi altına götürdü.

Rusiyada çariça II Yekaterinanın, Türkiyədə isə I Əbdül Həmidin hökmran olduğu dövrdə imzalanmış Küçik Qaynarca sülhü Osmanlı imperiyasının bir dövlət qarşısında məğlubiyyətini etiraf edərək imzalamağa məcbur olduğu ilk saziş oldu. Bundan başqa, bu müqavilə Rusiyanı o vaxtdan bəri rahatsızlığımızın ən böyük qaynaqlarından birinə çevirdi. Əvvəllər dəfələrlə (hər şeydən əvvəl, Baltaçı Məhməd Paşanın Prut yürüşünün gedişatında) məğlub etdiyimiz Rusiya bundan sonra qarşmızda güclü dövlət kimi çıxış etdi, biz isə I dünya savaşında Sarıqamış faciəsinədək ruslarla girişdiyimiz praktik olaraq hər bir döyüşü uduzduq.

 

Boğazlar haqda məsələnin əzəli

 

İstanbul hərrac evi mayın 29-da 1789-cu il noyabrın 4-də imzalanmış və həmin Kiçik Qaynarca sülhünə əlavə olmuş türk və fransız dillərindəki on səhifəlik sənədi satışa çıxaracaq. Bu mətndə Türkiyənin 1774-cü ildə Rusiyanın ticarət gəmilərinə boğazlardan özəl icazəsiz keçmək hüququ, Qara və Aralıq dənizlərində hərəkət azadlığı verərkən razılaşdığı müqavilə bəndlərinin tətbiqi müəyyən edilir. Beləliklə, hərraca çıxarılan saziş boğazlar haqda məsələnin əsrlər boyu saxlanması üzrə bağlanmış ilk sənədlərdən biridir.

 

Tərcümə Strateq.az-ındır.