XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

25 May 2016 - 12:52

Yediyimiz pomidorlara hansı zərərli dərmanlar vurulur? –Bakı bazarlarından reportaj

pomidor-yesik

Son günlər sosial şəbəkələrdə Bakı bazarlarında satılan pomidorların zərərli olması, insan səhhətinə mənfi təsir edən dərmanla yetişdirilməsi ilə bağlı iddialar müzakirə olunur.

Deyilənə görə, kal pomidorun vaxtından daha tez qızarması üçün ona xüsusi dərman vurulur və bu dərman 10 günə qızarmalı olan pomidorun 1-2 günə qızarmasına səbəb olur. Həmin dərman pomidorun içinin yığılmasına səbəb olduğundan daha sonra iynə ilə silikon effekti verən və pomidorun daha ətli olmasını təmin edən başqa bir dərman vurulur. 

“Yeni Müsavat” sözügedən məsələylə bağlı araşdırma aparıb. Bəlli olub ki, ağız dadı ilə yediyimiz pomidorlar əslində… bizi ölümə aparan zəhər imiş. Şitil mərhələsində vurulan həşəratlar əleyhinə dərmanlar, daha sonra tez qızarması üçün sürtülən xüsusi maddələr, silikon iynələr və bilmədiyimiz daha nələr…

Əvvəlcə, bir alıcı gözü ilə Bakı bazarlarındakı pomidorların mənbəyini araşdırdıq. “8-ci kilometr” bazarında həm topdan, həm də pərakəndə satış həyata keçirən satıcılarla söhbətimizdən məlum oldu ki, pomidorlara dərman vurulması hər kəsə bəllidir. 

Bazara bu məhsullar əsasən Bakının Zirə kəndindən, Şəmkir rayonundan, İrandan və Türkiyədən gətirilir. Ancaq əhali yerli məhsullara üstünlük verdiyindən Türkiyədən gətirilən pomidorlar da yerli məhsul adı ilə alıcıya sırınır. Yerli Zirə pomidorlarının qiyməti 1.5-2.5 manat arasında dəyişdiyi halda, Şəmkir pomidoru 1.5 manat, Türkiyə pomidoru isə 1.2 manata idi. Görüntü baxımından da bu məhsullar bir-birindən fərqlənir. Zirə pomidorları əksərən üstündəki saplaqla birlikdə satışa çıxarılır və təzə olduğu hiss olunur. Lakin əksər Zirə pomidorlarını kəsərkən içinin yaşıl olduğu və dənələrinin hələ də göy qaldığını görmək olur. Bunun səbəbi isə yuxarıda qeyd etdiyimiz qızardıcı dərmandır. Həmçinin pomidorun içində boşluq olmasının da səbəbi odur. Şəmkir pomidorları isə nisbətən ətli pomidorlardır və ölçüsünə görə daha iridir. Satıcılar hazırkı fəsildə bazardakı məhsulların hamısının istixanalarda yetişdirildiyini dedilər. 

Bəzi satıcılar isə artıq Bakıda havaların isti keçdiyini, bu baxımdan istixanaların örtüklərinin qaldırıldığını bildirdilər.


Məhsula vurulan gübrələrə gəlincə, bəzi satıcılar şitil mərhələsində pomidorun şitilinin yarpaqlarının həşəratlar tərəfindən məhv edilməməsi üçün “göy daş” adlı dərman vurulduğunu dedilər. Bu məqsədlə istifadə olunan bir neçə dərman növünün olduğunu bildirdilər.

Ceyran adlı satıcı qadın məhsulun tez qızarması üçün ona el arasında “bit dərmanı” kimi tanıdığımız dərmanın su ilə qarışdırılmış məhlulunun sürtüldüyünü dedi. Onun sözlərinə görə, bu maddə yüksək istilik effekti yaratdığından qısa zamanda pomidorun qızarmasına səbəb olur. 

Müşahidə apararkən də bir çox pomidor məhsullarında iynə izlərinin olduğunu gördük.

Həmçinin bazarda yeşiklərlə Türkiyədən gətirilən pomidorlar aşkarladıq. Əksər alıcılar fikir verməsə də, üzərində “Aylinberk” yazılan qablaşmada olan məhsullar Türkiyədən gətirilmişdi ki, bunu satıcı da etiraf etdi. 

Uzun müddət Bakının Maştağa kəndində istixanalarda pomidor yetişdirən Əhliman Şahbazov bildirib ki, bəzi fermerlər məhsulun tez qızarması üçün müxtəlif üsullara əl atırlar: “Bu cür dərmanlar çoxdur. Həmin dərmanlar məhsulun bir neçə dəfə tez qızarmasına kömək edir. Həmin dərmanın dozasını düzgün müəyyənləşdirmək önəmlidir. Çünki normadan artıq olanda məhsulun içinin xarlamasına, qurumasına səbəb olur. Həmin pomidor çəkidə də az gəlir. Həmçinin kəsəndə içində boşluq görmək olar. Belə olanda da başqa bir dərman vururlar. O da silikon effekti verir, pomidoru şişirdir. Bu dərmanlar hamısı ziyanlıdır və bundan bütün fermerlər istifadə edirlər. Kim desə ki, mən dərmansız pomidor gətirmişəm bazara, yalan deyir”.

Ə.Şahbazov onu da iddia etdi ki, Zirə kəndində pomidor və xiyar məhsullarının tez yetişməsi üçün ona kanalizasiya suyu da verirlər: “Eşitdiyimə görə, məhsulun tez yetişməsi və iri olması üçün istixanalara kanalizasiya suyu da verirlər. Normalda pomidor şitili 3 aya yetişir, bir ay da qızarması üçün vaxt lazımdır. Ancaq kal pomidor hazır olan kimi, dərmanla bir-iki günə qızardıb bazara çıxarırlar”.

Azad istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da hazırda bazara çıxarılan tərəvəzlərdə sözügedən problemlərin olduğunu vurğuladı: “Bizə məlumat daxil olub ki, pomidora və qarpıza iynə vurulur, pomidora dərman çilənir. Bu məlumatlar yayılsa da, konkret hallar üzə çıxmır. Bizdə də konkret faktlar yoxdur. Ancaq belə dərmanlardan istifadə olunması istisna deyil. Biz daha çox pomidorlarda nitritlərin miqdarının normadan çox olmasını yoxlayırıq. Bizdə ziyanverici həşəratlar əleyhinə verilən gübrələrdən pomidorun tərkibinə keçən zərərli maddələrin miqdarını ölçən cihaz var, onunla müəyyən edirik. Qış aylarında təxminən pomidorların 10 faizində bu maddələrin miqdarının çox olması müşahidə edilir”. 

Tibb elmləri doktoru Adil Qeybulla ilə məhsulun tez yetişməsi üçün verilən dərmanların insan səhhətinə zərərli olduğunu bildirdi: “Azərbaycan ərazisinə genetik modifikasiya olunmuş xeyli ərzaq daxil olub. Sizin bazarlarda piştaxta arxasında xeyli meyvə-tərəvəz görə bilərsiniz ki, onlar sanki bir qəlibdən çıxıb. Pomidorun genini dəyişdirməklə, onu konkret bir temperaturda bir neçə il saxlamaq mümkündür. Yəni bu temperaturdan adi rejimə keçən kimi pomidor dəyir və xarab olmağa başlayır. Əslində bu maddələrin orqanizmə nə dərəcədə ziyanlı olması tam bəlli deyil, amma müzakirə olunan məsələdir. Pomidorun süni şəkildə qızardılmasına gəlincə, bu cür maddələr mövcuddur və istifadə olunur. Bakı Şəhər Gigiyena və Epidemiologiya Mərkəzindən bu cür faktlarla bağlı sorğu eləmək lazımdır. Əgər varsa, onunla mübarizə aparılmalıdır”. 

A.Qeybulla hesab edir ki, meyvə və tərəvəzlərin yeyilməsi mövsümi xarakter daşımalıdır: “Vaxtında əvvəl, süni şəkildə yetişdirilmiş məhsulların qəbulu yolverilməzdir. Hər meyvəni öz vaxtında yemək daha yaxşıdır. Bir çox xəstəliklər var ki, hazırda geniş yayılır. Ancaq biz bilmirik ki, həmin xəstəliklərin kökündə bu faktor dayanır, yoxsa yox”. 




Yuxarı Əvvələ Ana Səhifə