“Topaz” çökdürülür

“Topaz”ın reklamının axşam saat 23:00-dan səhər saat 07:00-a qədər yayımlanması təklif edilir
Azərbaycanda idman-mərc oyunlarının reklam vaxtının məhdudlaşdırılaraq axşam saat 23:00-dan səhər saat 07:00-a qədər yayımlanması təklif edilir. “Trend”in məlumatına görə, bu barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin martın 10-da keçirilən iclasında “Reklam haqqında” yeni qanun layihəsinin ikinci oxunuşunun müzakirəsi zamanı komitə üzvü Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, bu barədə məsələ yeni qanun layihəsinə daxil edilib. V.Əhmədov həmçinin sosial reklamların da vaxtına toxunub. O qeyd edib ki, sosial reklamların səhər saat 09:00-dan axşam saat 00:00-a qədər yayımlanması təklif olunur. Deputat əlavə edib ki, qanun layihəsinə edilən dəyişikliyə görə, ölkədə ümumilikdə yayımlanan reklamların ən azı 8 faizini – əvvəllər bu 5 faiz idi – sosial reklamların təşkil etməsi nəzərdə tutulub: “Yəni səhər saat 9-dan gecə saat 12-yə kimi sosial reklamların yayımı nəzərdə tutulub. Halbuki indiyə kimi sosial reklamlar daha çox gecələr verilirdi və bunun da elə bir müsbət təsiri olmurdu”.
Sözügedən qanun layihəsinin hazırlanması üzrə işçi qrupun rəhbəri olan V.Əhmədov vurğulayıb ki, parlamentdə birinci oxunuşun müzakirələrindən sonra işçi qrup tərəfindən qanun layihəsi üzərində ciddi işlənilib, ciddi təkmilləşdirmələr aparılıb.
Qeyd edək ki, son vaxtlar “Topaz” məsələsi Milli Məclisdə ciddi müzakirə mövzusuna çevrilib. Qüdrət Həsənquliyev və Fazil Mustafa bu mərc oyununun bağlanmasını təklif edib. Gənclər və idman naziri Azad Rəhimov Milli Məclisdə “Topaz” idman mərc oyunu operatorunun fəaliyyətinin dayandırılmasının vacibliyi barədə səslənən təklifə münasibət bildirərək deyib ki, deputatlar belə bir qərarı qəbul edəcəkləri halda, onu dəstəkləyəcək.
O, bir vətəndaş və şəxs kimi “Topaz”ın bağlanmasına heç bir etiraz etməyəcəyini bildirib: “Milli Məclis “Topaz”ın bağlanması barədə qərar qəbul etsə, mənim fikrim nə ola bilər? Sözsüz ki, dəstəkləyərəm. Ona görə ki, millət vəkillərimiz, Milli Məclis deputatları bütün xalqın seçdikləridir. Onlar hansı qərar qəbul edəcəklərsə, bu, xalqın qərarıdı. Birmənalı! Bir vətəndaş, bir şəxs kimi mənim bu qərara heç bir etirazım ola bilməz”.
Bir məmur kimi isə Rəhimovun reaksiyası belə olub: “”Qara bazar”la müqayisə etsək, “Topaz” çox yüksək vergi verir, tam şəffaf şirkətdir, dövriyyədən 4,2 faizi idmana xərclənir – bu da tam şəffafdır və pulların hara xərcləndiyini şirkətin saytına baxaraq, görə bilərsiniz. Vəsait tam olaraq, idmanın inkişafına sərf olunur. “Topaz” bağlanacaqsa, qoy qalsın “qara bazar”. Vergisiz. Orada özünü öldürənlər, asanlar və s. hallar çoxdur. Bilməyən insanlar bunu necə istəsələr, interpretasiya edə bilərlər. Qoy “qara bazar” işləsin və “Topaz”ı, mərc oyunlarını sevməyən insanlar xoşbəxt olsunlar”. Məlumatlara görə, bu biznesdə nazirin də ciddi payı var.
“Topaz”ın bağlanması ilə razı olmayan deputatlardan biri isə Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzovdur.
“Topaz”ın idmanın inkişafına dəstək olduğunu deyən S.Novruzov bu cür mərc oyunlarının yasaqlanmasının tərəfdarı olmadığını bildirir: “Bütün dünyada idman oyunlarının, məsələn, at yarışları, futbolun mərci oynanılır, lotereya yarışları keçirilir. Bu, bir növ idmana olan marağı da artırır. Bu yarışlardan gələn gəlirlə idmanın müxtəlif sahələrinə dəstək göstərilir”. Deputat “Topaz”ı digər kazino oyunları ilə eyniləşdirməyin düzgün olmadığını da
iddia edir: “Bu oyunlara böyük məbləğ qoyulmur. Az məbləğ qoyub udan da olur, uduzan da. “Topaz”a maraq göstərənlər əsasən öz komandalarının oyununu qiymətləndirir. Bu da onların idmana marağını artırır. Düşünmürəm ki, “Topaz” bağlanmalıdır. Lakin hər kəs fikirləşməlidir ki, oynamalıdır, ya yox. Bu cür oyunlar qanunla tənzimlənir. Bazar iqtisadiyyatı şəraitində bu cür oyunlar olmalıdır. Mən bu oyunların bağlanmasının tərəfdarı deyiləm. 18 yaşdan yuxarı şəxslər bu oyunlarda işitirak edə bilər. Bu yaş həddinə nəzarət edilməlidir. 18 yaşı olan gəncin özünün pul qazanmaq ehtimalı daha çox olur. öz vəsaiti hesabına bu oyunları oynayır. Yaş həddi 18 olanda heç kim valideynin vəsaitini gətirib bu oyunlara xərcləmir”.
“Topaz”da “Hafka” kimi tanınan iş adamı Hafiz Məmmədovun oğlu ilə yanaşı, nəqliyyat nazirini oğlu Anar Məmmədovun da payı olduğu iddia edilir.