XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

01 İyun 2016 - 09:20

Cənubi Qafqaz:Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqlar

ermeni-45

Bir sıra analitik və ekspertlər son dövrlərdə Cənubi Qafqazda geosiyasi mənzərənin dəyişib-dəyişmədiyi haqqında müxtəlif fikirlər bildirirlər. Burada yeniliklərdən bəhs edənlər də var, yenilikləri inkar edənlər də. Ancaq dəyişikliklər dedikdə, əsasən, məsələyə ABŞ, Rusiya, Türkiyə və İranın bölgəyə təsir dərəcəsinin analizi prizmasından yanaşılır. Bunlar, təbii ki, ciddi faktorlardır. Lakin bunlarla yanaşı, region dövlətlərinin yeritdikləri siyasətin ümumi geosiyasi mənzərəyə təsiri kifayət qədər araşdırılmır. Faktların təhlili göstərir ki, Ermənistan tam dağıdıcı rol oynamaqla bölgə üçün əsas təhlükə mənbəyi olaraq qalmaqdadır. Gürcüstan tərəddüd etməkdədir. Yalnız Azərbaycan konkret layihələri və geosiyasi təşəbbüsləri ilə regional siyasətə yeni dinamika verir. Bu məqamın analizi son dərəcə aktualdır.

 

Böyük güclər: ittihamlar və risklərin artması

 

Son zamanlar analitiklər Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşdığını tez-tez vurğulayırlar. Bunun iki mənbədən qaynaqlandığı qeyd edilir. Birincisi, Yaxın Şərqdə müsəlman ölkələri daxilində məzhəb faktorunun oynadığı mənfi roldur. Məzhəbçilik böyük sürətlə öz təsirini Cənubi və Şimali Qafqazda göstərə bilir (bax: məs., Федор Лукьянов: "На Ближнем Востоке идет расползание границ, которые мировые державы чертили по своим лекалам" / "Вестник Кавказа", 5 dekabr 2014).

İkincisi, ABŞ və Rusiya arasında geosiyasi nüfuz uğrunda mübarizənin yeni səviyyədə intensivləşməsidir. Bunu, demək olar ki, bütün postsovet sərhədi boyu hiss etmək olur. Vaşinqtonla Moskva son günlər qırıcı təyyarələr arasında gərginliklərin yaradılmasına qədər bir-birinə hədə gəlirlər. NATO-nun Avropadakı silahlı qüvvələrinin komandanı Filip Bridlav birbaşa vurğulayır ki, Kremlə ciddi təzyiqlər olmalıdır. Moskva da öz mövqeyini bildirməkdən çəkinməyib bəyan edir ki, NATO Rusiya sərhədlərinə yaxınlaşsa, ona uyğun əks-addımlar atılacaq. Məsələn, İsveç NATO-ya daxil olsa, Kreml dərhal xüsusi qaydada cavab tədbirləri görəcək (bax: Лавров сказал, как Россия может ответить на вступление Швеции в НАТО / "Новое Время", 29 aprel 2016).

NATO isə öz növbəsində Rusiyanın daha təhlükəli addımlar atdığını deyir. Məsələn, general F.Bridlav xəbərdaredici tonda deyir: "Rusiya sübut etdi ki, o, öyrənə və adaptasiya edə bilər… Ona görə də Rusiyanı diqqətlə izləmək lazımdır" (bax: Главком сил НАТО в Европе призвал США усилить слежку за Россией / "Rns.online", 2 may 2016).

Bu cür qarşılıqlı ittihamlar getdikcə güclənir və daha çox müxtəlif regionlarla bağlı meydana gəlir. Onların sırasında ekspertlər Cənubi Qafqazı da görürlər. Belə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə Rusiyanın intensiv olaraq münasibət bildirməsi, atəşkəsin baş tutması üçün fəal diplomatik addımlar atması buna misal kimi göstərilir. Qərb ekspertləri hesab edirlər ki, belə bir vəziyyət Rusiyanın Cənubi Qafqazın geosiyasi dinamikasına daha güclü təsir etmək arzusunu ifadə etməkdədir. Lakin buna qarşı ciddi bir proses də başlayıb.

ABŞ başda olmaqla Qərb Rusiyanın Qafqazda yeganə nüfuz sahibi olmadığını sübut etməyə çalışır. Bir sıra analitikin fikrinə görə, bu zaman onlar Cənubi Qafqazı Avropa siyasi məkanının bir parçası qismində görmək istəyirlər (bax: Игорь Мурадян. Новые реалии в регионе? / "Lragir.am", 27 aprel 2016).

Türkiyə isə regiona Yaxın Şərq kontekstində yanaşır. Bu məqamda Ankara ilə Vaşinqtonun mövqelərində fərq vardır. Yekun olaraq isə erməni ekspert hesab edir ki, "region bir siyasi dönəmi yaşadı, ancaq bu, prinsipial geosiyasi və siyasi dəyişikliklərə gətirib çıxarmadı" (bax: əvvəlki mənbəyə). Bəs burada "prinsipial geosiyasi və siyasi dəyişiklik dedikdə", o, nəyi nəzərdə tuturmuş? Sən demə, "Azərbaycan demokratiya və tərəfdaşlıq barədə heç bir təsəvvür çərçivəsinə sığmır", Ermənistanla bağlı "hər şey aydındır", ancaq hərbi sahədə konkret nəticə yoxdur. Başqa sözlə, Amerika ermənilərin təhlükəsizliyi məsələsini həll etməyibmiş.

 

Region dövlətləri: Azərbaycanın təşəbbüsləri yeni sabitləşdirici faktor kimi

 

Onu deyək ki, regional və qlobal geosiyasi reallıqlardan yüksək pafosla və yeni geosiyasi terminlərlə yazan əksər erməni və bir sıra Qərb analitikləri bu cür bəsit məqsədlərə xidmət edirlər. Onlar başqa qərəzli "ekspertlər"dən yeni elmi terminləri müxtəlif kontekstlərdə işlətməkdən başqa heç nə ilə fərqlənmirlər. Baxın, məhz Azərbaycan demokratiya və tərəfdaşlıq sferasında Cənubi Qafqazda özünü tam təsdiq etmiş ölkədir. Bakı siyasət, geoiqtisadiyyat, enerji, mədəniyyət və başqa sahələrdə onlarla səmərəli təşəbbüsün müəllifidir.

Sadəcə bir neçə misal göstərək. "Bakı prosesi", III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Humanitar Forumu, BMT-nin Sivilizasiyalar Alyansının VII Forumu, mədəniyyətlər və sivilizasiyalararası dialoqa həsr olunmuş beynəlxalq konfranslar, "Yeni İpək Yolu", TAP, TANAP, "Cənub qaz dəhlizi" layihələri və sair. Sadalanan layihələr haqqında Qərbin ən yüksək dairələrindən ciddi dəstək vardır və Avropa İttifaqının rəhbərləri Azərbaycanın bu sahədə atdığı addımların dünya üçün böyük əhəmiyyətinin olduğunu dəfələrlə vurğulayıblar.

Azərbaycanın atdığı addımların yalnız cüzi bir hissəsi kimi misal gətirilən bu real faktlar onun yüksək səviyyədə müasir tərəfdaş olduğunu sübut edir. İqor Muradyan bu məsələdə böyük bir yanlışlığa yol verir. Üstəlik, onun özünün də vurğuladığı kimi, "ermənilər Rusiya ilə vassal münasibətdə olmağa səs veriblər" (bax: əvvəlki mənbəyə) və regional səviyyədə əməkdaşlıqla bağlı real bir təşəbbüsdə olmayıblar. Onların təhlükəsizliyini Qərb hansı formada təmin edə bilər?

Maraqlıdır ki, erməni ekspert bu mövqeyində yalnız deyil, Qərbdə də bir sıra analitiklər buna yaxın fikirlər ifadə edirlər. Deməli, Cənubi Qafqaz regionu ilə bağlı kifayət qədər ziddiyyətli və mürəkkəb geosiyasi yanaşmaların müşahidə edilməsi təsadüfi deyil. Burada konkret məqsədlər vardır. Ekspertlərin də ümumi geosiyasi mənzərədən danışıb, ortaya Ermənistanın təhlükəsizliyinin təmini sualını atmaları və məhz bu aspektdə Cənubi Qafqazda prinsipial geosiyasi dəyişikliyin olmadığından dəm vurmaları onların daxili xislətinə uyğun haldır. Bəs reallıqda geosiyasi aspektdə Cənubi Qafqazda hansı proseslər gedir?

Azərbaycan Ordusunun aprel ayında uğurlu döyüş əməliyyatlarından sonra, doğrudan da, regionda geosiyasi hadisələrin dinamikasında ciddi dəyişikliklər baş verməkdədir. Burada Türkiyənin dünyada artan geosiyasi nüfuzunu da mütləq qeyd etmək lazımdır. Azərbaycan və Türkiyə Cənubi Qafqazda qüvvələr tarazlığını təmin edirlər ki, bu da hadisələrin nəzarətdən çıxmasına mane olur. Son zamanlar bu məqamın region üçün əhəmiyyəti daha da artıb.

Bundan başqa, Azərbaycan üçtərəfli yeni regional əməkdaşlıq formatlarının təşəbbüskarı kimi həmin istiqamətdə fəaliyyətini gücləndirib. Belə ki, Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Rusiya-İran əməkdaşlıq formatları artıq konkret məzmun kəsb edən layihələr üzərində işləyirlər. Burada iqtisadi-ticari, energetik, nəqliyyat, təhlükəsizlik və mədəniyyət sahələri üzrə əlaqələrin inkişafı ayrıca yer tutur. Onu deyək ki, Bakının birbaşa aktiv iştirakı ilə yuxarıda sadalanan əməkdaşlıq formatları "Yeni İpək Yolu" layihəsi ilə həmahəng fəaliyyəti də nəzərdə tutur. Eyni zamanda, məsələnin digər tərəfi Şərqlə Qərb arasında əməkdaşlıq körpüsü missiyası ilə sıx bağlıdır.

Beləliklə, Azərbaycan faktiki olaraq qısa bir müddətdə iki vacib aspektdə geosiyasi dinamikaya yeni təkan verdi. Birincisi, regional əməkdaşlıqda yeni formatları aktivləşdirməklə təhlükəsizlik sistemində yeni qüvvələr balansı yaratdı. İndi regionun böyük dövlətləri Rusiya, İran və Türkiyə üçlü əməkdaşlıq formatları ilə digər məsələlərlə yanaşı təhlükəsizlik aspektində də bir-birinə bağlıdırlar.

İkincisi, Cənubi Qafqaz ölkəsi olaraq Azərbaycan Ermənistanın bölgədə xaos yaratmaq cəhdlərinin qarşısını kəskinliklə almaq iqtidarında olduğunu təsdiqlədi. Ermənistan və onun havadarlarını ən çox narahat edən də bu məsələdir. Məhz ona görədir ki, onlar rəsmi İrəvana dərhal Azərbaycanın azad etdiyi torpaqları yenidən zəbt etmək əmrini veriblər. Ancaq Azərbaycan onların hamısının arzusunu puç edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da öz sözünü deyib: "Ermənistan odla oynayır".

Belə çıxır ki, Cənubi Qafqazın geosiyasi mənzərəsi Azərbaycanın fəallığı nəticəsində daha nikbin ritmə keçir. Ancaq mənfur düşmənin hər an hiylə ilə vəziyyəti mənfiyə doğru dəyişməyə çalışmayacağına təminat yoxdur. Bu səbəbdən regionda geosiyasi dinamikanın hələlik çox həssas olduğunu demək mümkündür.

Newtimes.az