XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

11 Mart 2015 - 07:35

11 sentə ölkəyə gətirilən kartofun baha satılmasının müəmmalı sirri…
Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərdən (bax: – http://www.stat.gov.az/source/trade/) məlum olur ki, ölkəyə gətirilən çayın 1 kiloqramının dəyəri 2,26 dollar, kartofun 1 kiloqramının dəyəri isə 11 sent (11 qəpik) təşkil edib. Pərakəndə satış məntəqələrində isə bu məhsulların dəyəri bundan dəfələrlə yüksəkdir.
ötən ayın 21-də milli valyutamız – manat ABŞ dolları qarşısında 33%-dən çox ucuzlaşdı. Bundan sonra topdan və pərakəndə satış məntəqələrində bəzi məhsulların qiymətində artımlar müşahidə olunmağa başladı. Hökumət qiymət artımlarının əsassız olduğunu bəyan etdi.
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən satış məntəqələrində yoxlamalar keçirilərək qiymət artımının qarşısı alındı. Ancaq bəzi ekspertlər qiymət artımının qarşısını almaq məqsədilə həyata keçirilən inzibati tədbirlərin bir müddətdən sonra öz təsirini itirəcəyini və qiymətlərin yenidən bahalaşacağını bildirirlər.
Ekspertlər belə hesab edirlər ki, bahalaşmanın qarşısını almaq üçün ölkəyə gətirilən məhsulların idxal qiymətləri ilə pərakəndə satış qiymətləri arasındakı kəskin fərqi azaltmaq lazımdır.
Dövlət Statistika Komitəsinin 2013-cü ilin yekunları ilə bağlı açıqladığı rəqəmlərdən məlum olur ki, həqiqətəndə ölkəyə gətirilən məhsulların idxal qiymətləri ilə pərakəndə satış qiymətləri arasındakı ciddi fərq var. Məsələn, həmin hesabatda (bax: – http://www.stat.gov.az/source/trade/) göstərilir ki, il ərzində ölkəyə 20 milyon 321 min dollar dəyərində 8 min 955 ton çay gətirilib. Buradan belə nəticəyə gəlmək olur ki, ölkəyə gətirilən çayın 1 kiloqramının dəyəri 2,26 dollara və ya 2013-cü ildəki məzənnə ilə 1,76 manata bərabərdir.
Eyni hesabatda idxal olunan kartofun 1 kiloqramının 11 sentə və ya 11 qəpiyə bərabər olduğu göstərilir. Aydın məsələdir ki, bu qiymətin üzrərinə bütün vergi və rüsumlar əlavə olunsa belə, yekun nəticə pərakəndə satış qiymətlərindən çox aşağı olacaq.
Onu da qeyd edək ki, son 2 ildə ölkədə ciddi inflyasiya olmayıb və pərakəndə satış qiymətlərində də ciddi dəyişiklik baş verməyib. Belə olan halda idxal qiymətləri ilə pərakəndə satış qiymətləri arasında kəskin fərqin olması başadüşülən deyildir. Bəzi ekspertlər iddia edirlər ki, sahibkarlar vergidən yayınmaq məqsədilə gömrük orqanları ilə razılaşaraq qiymətləri aşağı göstərirlər.
Məsələyə münasibət bildirən millət vəkili Vahid Əhmədov qəzetimizə verdiyi açıqlamada bildirdi ki, səslənən iddialarla tanışdır:
“Mən də bu barədə eşitmişəm. Ancaq əlimdə bunu sübut edəcək dəlil yoxdur. Belə söz-söhbətlərin olmaması üçün gömrük bəyannamələrinin ASAN xidmət tərəfindən qəbul edilməsini təklif etmişəm. Belə olarsa burada şəffaflıq olar”. Millət vəkili həmçinin qeyd etdi ki, pərakəndə satış qiymətlərinin formalaşmasında subyektiv amillər rol oynayır və bunu inkar etmək olmaz: “Hökumətin bu sahədə araşdırma aparması və qiymətlərin aşağı salınması ilə bağlı tədbirlər görməsi lazımdır”.
Statistika Komitəsinin açıqladığı digər bir hesabatda fərqli rəqəmlər öz əksini tapıb. Komitənin “Fiziki şəxslər tərəfindən gömrük yük bəyannaməsinin tərtib edilməsi tələb olunmayan idxal-ixrac edilən malların həcminə (dəyərinə) dair statistik müayinənin nəticələri” adlı hesabatında
(bax: – http://www.stat.gov.az/source/trade/az/f_trade/F_S_idxal_ixraci_2014_09.pdf) qeyd olunur ki, fiziki şəxslər tərəfindən 2014-cü ilin sentyabr ayında ölkəyə gətirilən 1 kiloqram 6,65 dollara (5,2 manat) bərabər olub. Həmin hesabatda idxal olunan kartofun 1 kiloqramının 46 sent (36 qəpik) təşkil etdiyi qeyd olunur. Göründüyü kimi yük bəyannaməsinin tərtib edilməsi tələb olunmayan idxal mallarının qiyməti pərakəndə satış qiymətlərinə uyğundur. Lakin gömrük bəyannaməsi ilə rəsmiləşdirilən idxal mallarında qiymətlər daha aşağı göstərilib.
Onu da qeyd edək ki, bu məsələ əvvəllər də gündəmə gətirilib. Ancaq məsələ ilə bağlı hər hansı bir rəsmi açıqlama verilməyib.
Əslində əsas ticarət tərəfdaşımız olan ölkələrdəki qiymətlərə nəzər salsaq Statistika Komitəsinin 2013-cü ilin yekunları ilə bağlı açıqladığı statistik göstəricilərin həmin ölkələrdəki qiymətlərə də uyğun olmadığını görmək olar. Qeyd etdiyimiz kimi, həmin hesabatda 1 kiloqramının düyünün ölkəyə 36 sentə daxil olduğu göstərilir. Halbuki dünyanın heç bir ölkəsində kiloqramı 36 sentə düyü satılmır. Hətta düyünün ən ucuz olduğu Şri Lanka, Banqladeş və Misir kimi ölkələrdə belə 50 sentdən ucuz düyü tapmaq mümkün deyil. Düyü ölkəmizə əsasən Hindistandan gətirilir ki, bu ölkədə də düyünün 1 kiloqramı 70 sentdən bahadır. ümumiyyətlə dünyanın heç bir ölkəsində Statistika Komitəsinin hesabatında göstərildiyi kimi, 2,4 dollara mal əti, 77 sentə quş əti, 36 sentə düyü, 11 sentə kartof, 2 sentə yumurta satılmır. Məşhur “numbea.com” saytındakı məlumatda göstərilir ki, dünyada yumurta ən ucuz qiymətə Hindistanda satılır – 7 sent, kartof ən ucuz qiymətə Banqladeşədə satılır – 28 sent və s.
Lakin bütün bunlara baxmayaraq Statistika Komitəsinin hesabatında yer alan məhsulların idxal qiymətləri rəsmi rəqəmləri əks etdirir və pərakəndə satış qiymətləri müəyyən olunarkən bu qiymətlər əsas alınmalıdır. çünki ölkəyə gətirilən idxal məhsullarına tətbiq olunan rüsum və vergilər Gömrük Komitəsində rəsmiləşdirilən qiymətlər üzərindən alınır. Belə olan halda idxal qiymətləri ilə pərakəndə satış qiymətləri arasında kəskin fərqin olması başadüşülən deyildir.
Rəsmi qurumların, o cümlədən də İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin bu məsələyə aydınlıq gətirməsi lazımdır.
Allahverdi Cəfərov,
zaman.az