XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

02 İyun 2016 - 05:48

Amerikanın “Taliban” ovunun sirri:Niyə İŞİD-i yox, onu vurur?!

taliban-2

Suriyada müharibənin başlaması, İŞİD-in meydana çıxması bütün dünyanın nəzərlərini Yaxın Şərqə çevirsə də, Əfqanıstanda sakit savaş davam edir. ABŞ-ın pilotsuz uçan aparatları səssiz-sədasız şəkildə Əfqanıstan dağlarında “Taliban”çı “ovlayır”. 

Son olaraq ötən həftə ABŞ pilotsuz təyyarələrinin həyata keçirdiyi hava zərbələri nəticəsində “Taliban” lideri Molla Mansur öldürüldü. Artıq “Taliban” liderinin ölümü təsdiqlənib, qruplaşma isə özünə yeni liderini seçib.

Bu dərin düşmənçiliyin səbəbi nədir? Nədən ABŞ hələ də “Taliban”la ağır savaşı davam etdirir? İŞİD-dən daha çox “Taliban”la savaşır? Halbuki dünya üçün İŞİD-in daha təhlükəli olduğu təbliğatı aparılır. O zaman “Taliban”ı bu qədər Amerika üçün önəmli edən nədir? 

 “Taliban”ı Amerika üçün önəmli edən digər səbəblərə toxunmamışdan öncə bu hərəkatın ortaya çıxması, tarixi və yaradımasına toxunmaq lazımdır.

Hər şeydən öncə “Taliban” bir layihədir… ABŞ Vyetnam müharibəsində faktiki olaraq SSRİ-yə uduzdu. Sovet hərbi və kəşfiyyat strukturları Şimali Vyetnamın Amerikaya qarşı uğurlu savaşının əsas səbəbkarları idi. Amerikalılar Vyetnamın qisasını 1979-cu ildə SSRİ rəhbərliyi Əfqanıstanda sosialist hökuməti qorumaq üçün bu ölkəyə ordu göndərib “əfqan savaşına” səbəb olanda aldılar. Vyetnam savaşının əksinə olaraq, bu dəfə amerikalılar cəbhəyə ordu deyil, hərbi və kəşfiyyat təlimatçıları göndərdilər. 

SSRİ-nin Əfqanıstanı işğalı bütün müsəlman dünyasında qanlı işğal olaraq qəbul olundu. Tezliklə Əfqanıstanda sovetlərə qarşı cihad fətvası verildi və dünyanın müxtəlif bölgələrindən, xüsusən də Pakistan və ərəb ölkələrindən müsəlman könüllülər “kafir kommunistlərlə” savaşmaq üçün Əfqanıstana axışmağa başladılar. Çox sonralar məlum olacaqdı ki, bu proses bütövlükdə ABŞ kəşfiyyatının dəstək verdiyi böyük bir proje idi. Və bu proje çərçivəsində “Taliban” yarandı…

 

 “Taliban” – tələbə 

“Taliban” sözü puştun dilində “tələbə” mənasındadır, daha çox Pakistan və Əfqanıstanda dini mədrəsələrdə təhsil alanlara verilən ümumi addır. Ancaq “Taliban” ın yetişdiyi mədrəsələr sıradan din təlimi mərkəzi deyil, siyasi islam fikirlərinin yayıldığı mərkəzlərdir. İlk dəfə 1866-cı ildə Hindistanda qurulan (o zaman Hindistan və Pakistan ümumi bir müstəmləkə ərazisi idi – K.R.) Diyobendi mədrəsəsi ingilis müstəmləkəçiliyinə qarşı mübarizə fikirlərinin yayıldığı mərkəz idi. Bu, təxminən, ümumi İslam aləmində yayılmağa başlayan islam oyanışı dalğasının təsiri idi. Bu cür mədrəsə və məktəblər Hindistan və Pakistan ərazilərində yayğın idi, amma bu məktəblər daha çox fikri oyanışı təbliğ edirdilər. “Taliban” isə daha fərqli situasiyada meydana çıxdı.

Sovetlərin Əfqanıstanı işğalı ilə dini mədrəsə və qruplar cihad təbliğatına kökləndilər. “Taliban” eyni zamanda, bir dini hərəkat olmaqla yanaşı puştun tayfaları arasında çıxmış, dini və etnik xarakterlərini birləşdirən yerli şərtlərin də təsir etdiyi bir düşüncə cərəyanı idi. Əfqan savaşı bu düşüncənin genişlənərək özünə güc, özü də silahlı güc qazanmasına səbəb oldu. Nəticədə savaş zamanı böyük təcrübə toplayan, çoxlu sayda tərəfdarları olan hərəkat dövrün ən müasir silahlara sahib idi. 1989-cu ildə sovetlər Əfqanıstanı tərk edərkən ölkədə ən böyük mütəşəkkil qüvvə “Taliban” silahlıları idi. “Taliban”ı güclü edən bir neçə səbəb vardı. 

Birincisi, din amili. Savaş dini şüarla başladılmışdı, işğalçı ruslara qarşı cihad elan olunmuşdu. Ərəb ölkələrindən dini, mənəvi, siyasi, maddi və canlı qüvvə (yüzlərlə ərəb Əfqanıstanda sovetlərə qarşı savaşırdı – K.R.) dəstəyi alan “Taliban” hərəkatı sovetlərə qarşı savaşan ən böyük güc idi. Savaş müqəddəs savaş elan olunduğu üçün dini hərəkat olan “Taliban”ın üzə çıxması təbii idi. 

İkinci mühüm amil etnik amil idi. Puştun tayfaları Əfqanıstan və Pakistanda böyük saya malikdirlər. Məhz say çoxluğu və nüfuzlu tayfa olması faktı puştunlar arasından çıxan “Taliban”ın gücünü nümayiş etdirirdi.

Sovetlər Əfqanıstanı tərk edəndə ölkədə artıq bir neçə güclü silahlı birləşmələr vardı. Ölkədə ruslardan sonra başlayan daxili savaş 1996-cı ildə “Taliban”ın digər rəqiblərini məğlub edərək Kabili ələ keçirməsi ilə nəticələndi, ancaq savaş bitmədi. “Taliban” Əfqanıstanın 85 faizini ələ keçirərək “Əfqanıstan İslam Əmirliyi” elan etdi. 

taliban-3

Ümumi olaraq Hənəfi məzhəbinə mənsub olmasına və sufi təriqətləri təsiri olmasına baxmayaraq, “Taliban” təkfirçi idi. Digər dini inanclara qarşı, o cümlədən şiə tayfalarına qarşı qırğınlara səbəb oldu. Çoxlu sayda Xəzər tayfaları üzvləri günahsız olaraq öldürüldü. Ancaq “Taliban” eyni zamanda sünni müsəlmanlara qarşı da mülayim deyildi. “Taliban”ın hakimiyyəti altında olan ərazilərdə televizor, video, səsyazma qadağan idi. Məktəblər qapadıldı, qız uşaqlarının təhsil alması qadağan edildi. Qadınların məhrəm (yaxın qohumu) olmadan küçəyə çıxması yasaqlandı, evdən çıxan qadınlar yerli əfqan çadrası – başdan ayağa qədər örtən, yalnız gözləri görünən geyim – geyməli idilər. 

Eyni zamanda kişilərin saqqal saxlaması, saçlarının alına qədər uzadılmaması qadağası qoyulmuşdu. Əmmamə bütün uşaqlara və dövlət məmurlarına məcburi olub. Uşaqların göyərçin saxlaması, uçurtması, çərpələng uçurtması, şahmat oynaması qadağan olundu. Eyni zamanda, kağızdan çanta və tualet kağızı da daha əvvəl Quran səhifələrinin təkrar emalından ola biləcəyi şübhəsi ilə, yasaqlandı. Üzərində və ya qutusunda insan, yaxud heyvan rəsmi olan əşyaların satışı və sərgisi qadağan edildi. 

 

Amerikanın əzəli düşməni?

 

Ancaq təbii ki, “Taliban” bu yasaqlar və qəddar qanunlar səbəbi ilə Qərbin qəzəbinə gəlmədi. Hətta hakimiyyətdə olduğu dövrdə Pakistan, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi dövlətlər “Taliban” Əfqanıstan hökumətini rəsmən tanıyıb və diplomatik əlaqələr qurub. Eyni zamanda, bu ölkələr Əfqanıstan “Taliban” hökumətinə yardım ediblər. 

Ancaq 2001-ci il 11 sentyabr hadisələrindən sonra məlum oldu ki, Əfqanıstan müharibəsi zamanı sovetlərə qarşı “Taliban”la bir yerdə savaşmış “əl-Qaidə” Əfqanıstanda yerləşib və Vaşinqtonun tələblərinə baxmayaraq, “Taliban” liderləri “əl-Qaidə”ni, onun lideri bin Ladeni  Amerikaya təslim etmədilər. Nəticədə 2001-ci il oktyabrda hava zərbələri ilə başlayan Amerika hücumları qısa müddətdə Əfqanıstanın paytaxtı Kabilin alınması ilə nəticələndi. “Taliban” isə dağlara çəkildi. Bir müddət səssiz qalsa da, 2004-cü ildən başlayaraq “Taliban”ın Əfqanıstanda hücumları artmağa başladı. 2009-cu ildə isə yerli hökumət və ardınca isə amerikalılar Əfqanıstanda sülhün əldə olunması üçün “Taliban”la danışıqlara etməyin vacibliyindən danışmağa başladılar. 

Ancaq bununla belə,  ötən müddətdə savaş dayanmadı. Amerika əsas silahlı birləşmələrini Əfqanıstandan çıxarsa da, hərbi təlimatçılar hələ də əfqan hərbçilər və polislərə təlim keçir, onları “Taliban”a qarşı savaşa hazırlayır. Ancaq ABŞ-ın hazırda “Taliban”a qarşı ən təsirli silahı pilotsuz uçan aparatlardır. “Predator” tipli raket daşıma qabiliyyətinə malik uçan aparatlar ABŞ-dakı mərkəzlərdən idarə olunur və Əfqanıstan dağlarında “Taliban” silahlıları ovlayır. Amma bu zaman həm də yüzlərlə dinc əfqan da qurbana çevrilir. 

Amerikanlar yaxşı anlayır ki, Əfqanıstandan tamamilə çəkilib getsələr, bir neçə ildən sonra ölkə yenidən “Taliban”ın əlinə keçəcək. Bu isə yenidən ağır və üzücü müharibə və dəhşətli hadisələr deməkdir. Bu səbəbdən də ABŞ generalları “Taliban”ı zərbə altında saxlamaqda davam edirlər, birmənalı olaraq məhv etmək mümkün olmasa da…  

 

Kənan RÖVŞƏNOĞLU

Musavat.com