XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

18 İyun 2015 - 12:18

PKK-ya sığınan azərbaycanlı tələbələrlə bağlı ilginc faktlar – Rəsmi araşdırma genişləndi

“Xarici İşlər, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri Ankaradakı Azərbaycan səfirliyi vasitəsilə Türkiyədə təhsil alan üç azərbaycanlı tələbənin PKK sıralarına qoşulmaları ilə bağlı məsələni araşdırır”.

Strateq.az xəbər verir ki, bunu BBC-nin Azərbaycan xidmətinə Azərbaycan Təhsil Nazirliyinin Türkiyədəki təmsilçisi Nəcibə Nəsibova deyib.

İyunun 15-də Youtube şəbəkəsində yayılmış videoçarxda Türkiyədə təhsil alan üç tələbənin Türkiyə və Qərbdə terrorçu qrup kimi tanınan PKK təşkilatının sıralarına keçdiyindən bəhs edilir.
özlərini “Yıldırım Beyazıt Universitetinin sosioloji bölümündə oxuyan Feremez Azeri”, “Turqut özal Universitetinin işlətmə fakültəsinin tələbəsi Babek Hakır” və “Balıkesir Universitetinin tələbəsi Azad Mirkan” kimi təqdim edən gənclər PKK sıralarına keçmələrinin səbəblərindən danışıblar.
Tələbələrdən Sənan Güləhmədov və Mobil Tağızadənin valideynləri övladlarının yoxa çıxması ilə bağlı səfirliklə telefon vasitəsilə əlaqə saxlayaraq köməklik göstərilməsini xahiş edib. Buna müvafiq olaraq da səfirlik Türkiyənin müvafiq qurumlarına müraciət edib” – deyə Azərbaycanın Ankaradakı səfirliyinin mətbuat katibi Elbəy Əliyev bildirib.
Lakin səfirlikdən hadisə ilə bağlı geniş şərh vermək istəməyiblər. Videoçarxda Sənan Güləhmədov özünü Feremez Azeri, Mobil Tağızadə isə Azad Mirkan kimi təqdim edirlər.
Səfirliyin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova isə deyir ki, internet resurslarında yayılmış videogörüntüdə danışan üçüncü tələbənin adı Məhəmmədhüseyn Rüstəmovdur.
O, məlum videoçarxda özünü “Turqut özal Universitetinin işlətmə fakültəsinin tələbəsi Babek Hakır” kimi təqdim edib. Təhsil müşaviri tələbələrlə bağlı bəzi təfərrüatlardan da bəhs edib.
Nəcibə Nəsibova deyir ki, adiçəkilən hər üç tələbə universitetlərin II kursunda oxuyublar və “dövlət imtahanından keçmədən, özəl təhsil şirkətlərinin xətti ilə Türkiyəyə gəliblər. Onun sözlərinə görə, fəaliyyətinin əsas hissəsi kimi, tələbələrin hamısı ilə məşğul olur.
Şəhər-şəhər gəzirik, universitetlərə, yataqxanalara gedirik, tələbələrin hamısı ilə görüşür, öz aralarından tələbə təmsilçiləri seçib onlarla sıx əlaqə saxlayırıq. Amma bu tələbələr əvvəldən bizim tələbələrdən uzaq gəzərdilər. Mənə elə məlumatlar gəlirdi ki, onlar siyasi görüşlü tələbələrin arasında olurdu. Tələbələrimizdən soruşurdum ki, onları tanıyırsınızmı, deyirdilər, bizimlə oturub-durmurlar, daha çox kürdlərin arasında olurlar. Bunlar qeyri-dövlət xətti ilə, şirkətlərin vasitəsilə attestatla burda yerləşən tələbələrdir. Bunların heç biri dövlət xətti ilə imtahan verməyib” – Nəcibə Nəsibova deyib.
Təhsil müşaviri PKK sıralarına keçdiklərini bəyan edən tələbələrdən dərs davamiyyəti və qiymətlərinin zəif olan “savadsız tələbə” kimi bəhs edib.
Tələbələrin verdiyi məlumata istinad edən N.Nəsibova deyir ki, Məhəmmədhüseyn Rüstəmov Şamaxıdakı bir axundun oğludur.
BBC müxbiri axundla telefonla əlaqə yaratmağa çalışsa da telefona cavab verən şəxs “mən o adam deyiləm” deyərək telefonu qapadıb.
Təhsil müşaviri tələbələrin PKK sıralarına maraq göstərməsində onların valideynlərinin də məsuliyyətindən danışıb: “Tələbələr itkin kimi qeydiyyata alındıqları ilk vaxtlarda Sənanın (Güləhmədov) anası zəng edib dedi ki, oğlum hardadır, bilmirəm onu hardan tapım, necə edim. Dedim, biz də maraqlanırıq, rəsmi dairələrə yazmışıq. Ağladı ki, onu yəqin öldürüblər. Dedim əgər ölüm hadisəsi olsa, mütləq səfirliyə xəbər verərdilər. Deyir, əgər sağ olsaydı, o, mənə mütləq zəng edərdi. çünki o, hər gün mənə zəng edirdi, sağ deyil ki, zəng eləmir. Dedim, oğlun hər gün səninlə danışırdısa, bilirsənmi ki, bu ildən heç dərsə getməyib. Deyir, hə, bilirəm. Dedim, yaxşı bəs bilirdinsə, bu uşaq sabah yuxudan durub axşama kimi nə ilə məşğul olduğundan həqiqətən xəbərin olmayıbmı, necə anasan sən… Deyir o, sosioloqdur, sosioloq insanların arasında olmalıdır. Dedim, o zaman küçədə boş-boş gəzənlər sosioloq olsunlar”.
BBC müxbiri Turqut özal Universiteti iqtisadiyyat və idarəetmə fakültəsinin işlətmə bölümünün rəhbəri Yavuz Kahramanla Məhəmmədhüseyn Rüstəmovun tələbə həyatı barədə danışıb.
Yavuz Kahramanın sözlərinə görə, Məhəmmədhüseyn Rüstəmov universitetdə 2013-2014-cü dərs ilində qeydiyyatdan keçib və burada ödənişli təhsil alıb: “Tələbə ilk ilində dərslərinə normal gəlib, oxuyub. Amma ikinci yarımildə dərsləri çox pis olub. Bir çox dərsindən qalıb, sonra bəzi imtahanlarını verə bilib. Bu dönəmdə isə qeydiyyatdan keçməyib”.
Y.Kahramanın sözlərinə görə, itkin düşmə ilə bağlı məlumatın çıxdığı ilk günlərdə tələbənin ailəsi universitetə gəlib.
“Bizim sistemimizdə qeydiyyatda olan telefonu, e-maili, ünvanının heç biri vasitəsilə onunla əlaqə yaratmaq mümkün olmadı” – Məhəmmədhüseyn Rüstəmovun müəllimi deyib.
Yavuz Kahraman dərsə gəldiyi ilk dövrlərdə tələbənin bilik səviyyəsinin 100 ballıq cədvəl üzərindən 50-60 balla qiymətləndirilə biləcəyini deyib: “O, universitetin ortanın altında olan və ya orta sayıla biləcək tələbələrindən olub”.