XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

14 İyun 2016 - 19:27

Məmməd Süleymanov yazır:Bir fotonun tarixçəsi - Çe Gevara...

che-gevara-111

Bu, Sartrın “Dövrümüzün ən mükəmməl adamı” adlandrdığı Ernesto Çe Gevaranın ən məşhur fotosudur. Onu 1960-cı ilin 5 martında Havanada fotoqraf Alberto Alberto Korda çəkib.

Çe Gevaranın bu portretini Merilend incəsənət institutu “Dünyada ən məşhur fotoqrafiya və XX əsrin simvolu” adlandırıb.

Fotonu Alberto Korda belçikalı matrosların dəfn mərasimində çəkib. Belçikalılar Kuba üçün ərzaq yardımı gətirirdi və onların gəmisini sahilə yaxınlaşanda ABŞ kəşfiyyatı tərəfindən partladılmışdı.

Korda fotonu yerli qəzetin redaksiyasına aparır, ancaq şəkil qəzetdə dərc olunmur – redaktor Fidelin şəklinə üstünlük verir. Və Korda şəkli öz evinin divarına vurur.

Onun haqqında, yəqin ki, heç kəs də bilməyəcəkdi, əgər 1967-in yayında Havanaya məşhur italyan milyonçusu, naşiri (“Doktor Jivaqo”nu da ilk dəfə o nəşr edib) və inqilabçısı Cancakomo Feltrinelli gəlməsəydi və fotonu görməsəydi. Feltrineli əfsanəvi bir personajdı. O, İtaliyada Sol terrorun ideoloqu, sponsoru və iştirakçısıydı (aksiyalarda şəxsən iştirak edirdi). Sonunda elə bomba ilə də həlak oldu (Bəzi versiyalara görə isə bu, qətl idi).

Korda şəkli Feltrinelliyə bağışladı və sonuncusu onu özü ilə Milana apardı. Sentyabrda Feltrinelli Çenin Boliviyada mühasirəyə düşdüyünü eşidəndə oraya yollandı. O, ümid edirdi ki, danışıqlar yolu ilə dostunu xilas edə biləcək. Ancaq özü Boliviyada həbs olundu, sonra isə İtaliyaya qovuldu.

Çe Gevaranın qətlindən dərhal sonra Feltrinelli bu portreti poster şəklində dərc etdi. İlk tiraj – 2 milyon nüsxə bir anın içində satıldı. Paris tələbələri və Vudstokda hippilər Çenin portretini Azadlıq simvolu seçdilər. Şəkli sinəsində gəzdirmək istəyənlər çox idi və tələbat təklif doğurdu. Çenin obrazı brendə çevrildi.

Bu təsviri çap edib gəlir qazanmaq çox asan idi – axı heç kəsə müəlliflik hüququna görə pul ödəmək lazım deyildi. Alberto Korda istəsə öz hüquqlarını sübut edə bilərdi, ancaq o, buna heç cəhd də etmədi. Onun fikrincə, Çenin obrazının yayılması inqilabi işə böyük xeyir verəcək. Elə bu da bəsidir.

Nəticədə, Çenin obrazı sadəcə ticarət markasına çevrilib “burjuylar”a milyonlar qazandırdı. Yeganə maddi xeyir götürməyən şəxs isə fotonun müəllifi oldu.

1990-cı illərrdə bu obraz bütün bazarı doldurdu: onu Almaniyada “Mersedes”in, İslandiyada qəhvənin, Polşada kompüterlərin, Rusyada mobil telefonların reklamında işlətdilər. Satılan köynək və suvenirlərin sayı isə hesabsızdır.

che-ressam

Alberto Korda çox səbr etdi və yalnız bir dəfə onun səbr kasası daşdı – şəkli “Smirnoff” arağının etiketində görəndə. “Çenin simasının araq satışında istifadəsi – onun adını və xatirəsini təhqir etməkdir”, – fotoqraf söylədi və məhkəməyə müraciət etdi.

Kordanın fotoya özünün mülkiyyət hüququnu təsdiqlətməməsinə baxmayaraq, o, prosesi uddu. Araq kompaniyası reklamı yığışdırdı və Kordaya 50 min dollar kompensasiya ödədi. O isə məbləği dərhal Kuba Səhiyyə nazirliyinə bağışladı.

2001-ci ildə Alberto Korda Kubada vəfat etdi. İndi onun varisləri Çenin fotosunun harada gəldi istifadəsinə qarşı mübarizə aparır…

Yekunda nə alındı? Burjuaziya Sol-un simvolunu özünün ticarət brendinə çevirib milyonlar qazanmaqda davam edir. Və bunun həm də İnqilab üçün reklam olduğuna inananlar – yanılırlar.

Bəlkə də Reji Debre (fransız intellektualı və Çe Gevaranın Boliviyada ekspedisiyasının “Danton” ləqəbli iştirakçısı) haqlıdır: “Çe Gevara iki dəfə qətlə yetirildi. Birinci dəfə Boliviyada serjant Teranın güllələri ilə, ikinci dəfə isə özünün milyonlarla portreti vasitəsilə…”

 

Məmməd Süleymanov

P.S. 14 iyun – Ernesto Çe Gevaranın doğum günüdür

Virtualaz.org