XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

20 İyun 2016 - 19:37

3 ölkənin payına düşən dünyadakı qaçqınların yarısı… –BMT QAK-dan sensasion hesabat

qacqin

BMT-nin qaçqınlar üzrə orqanı olan BMT QAK-ın bu gün yaydığı hesabata əsasən, münaqişə və təqiblər 2015-ci ildə qlobal miqyasda zorla didərgin salınma hallarının kəskin artmasına səbəb olub ki, nəticədə bu hallar hər hansı dövrdə qeydə alınmış ən yüksək səviyyəyə çatıb və hədsiz insan iztirablarına gətirib çıxarıb.

BMT QAK-dan Strateq.az-a verilən məlumata görə, hökumətlərdən, tərəfdaşlardan, o cümlədən Zorla Didərgin Salınma Hallarının Monitorinqi Mərkəzindən daxil olan məlumatlar və təşkilatın öz hesabatlarındakı informasiyalar əsasında bütün dünyada zorla didərgin salınma hallarını özündə əks etdirən BMTQAK-ın "Qlobal tendensiyalara dair illik hesabat"ında deyilir ki, 2015-ci ilin sonuna olan məlumata görə 65,3 milyon insan didərgin salınıb ki, bu da sadəcə əvvəlki on iki ayla müqayisədə 59,5 milyon nəfər artım deməkdir. İlk dəfədir ki, 60 milyon nəfərlik hədd keçilib.

65,3 milyon nəfərlik ümumi saya bunlar daxildir: inkişaf etmiş sənaye ölkələrində yerləşdirilən, 2015-ci ilin sonuna olan məlumata görə sığınacaq məsələsi ilə bağlı qərarların qəbulunu gözləməkdə olan 3,2 milyon insan (bu, BMTQAK tərəfindən qeydə alınmış ən yüksək ümumi saydır), bütün dünya üzrə 21,3 milyon qaçqın (bu, 2014-cü ilə nisbətən 1,8 milyon nəfər çoxdur və 1990-cı illərin əvvəllərindən bəri qaçqınların ən yüksək ümumi sayıdır) və evlərini tərk etməyə məcbur edilmiş, amma öz ölkələri daxilində olan 40,8 milyon insan (bu, 2014-cü ilə nisbətən 2,6 milyon nəfər artım deməkdir və qeydə alınmış ən yüksək saydır).

Yer kürəsinin 7,349 milyon nəfər əhalisi ilə müqayisədə bu rəqəmlər o deməkdir ki, hər 113 nəfərdən 1-i ya sığınacaq axtaran, ya zorla didərgin salınan, ya da qaçqındır – risk səviyyəsinin bu həddə çatması BMTQAK üçün misli görünməmiş haldır. Bütövlükdə bu gün zorla didərgin salınmış insanların sayı Birləşmiş Krallığın, Fransanın və ya İtaliyanın əhalisindən çoxdur.

Zorla didərgin salınma halları ən azı 1990-cı illərin ortalarından bir çox regionlarda artmağa başlayıb, amma son beş ildə onların artım səviyyəsi yüksəlib. Bunun üç müştərək səbəbi var: iri qaçqın köçlərinə səbəb olan situasiyaların uzun müddət davam etməsi (məsələn, Somali və ya Əfqanıstandakı münaqişələr, müvafiq olaraq, hazırda üçüncü və dördüncü onilliyinə qədəm qoyub), yeni yaranan və ya təkrarlanan dramatik situasiyaların tez-tez meydana çıxması (bu gün ən irimiqyaslı bu cür situasiya Suriyada yaranıb, amma ötən beş il ərzində bu situasiya Cənubi Sudanda, Yəməndə, Burundidə, Ukraynada, Mərkəzi Afrika Respublikasında və s. yerlərdə də var) və soyuq müharibənin bitməsindən bəri qaçqınların və məcburi köçkünlərin problemlərinin həll edilməsində azalma tendensiyası. Cəmi 10 il bundan əvvəl, 2005-ci ilin sonunda BMTQAK orta hesabla hər dəqiqədə 6 nəfərin didərgin düşdüyünü qeydə almışdı. Bu gün bu rəqəm hər dəqiqədə 24 nəfərdir – bu isə dəqiqə ərzində yetkin yaşlı insanın tipik nəfəsalma tezliyinin miqdarından az qala iki dəfə çoxdur.

"Müharibə və təqiblər getdikcə çoxlu sayda insanı didərgin salır və bu özlüyündə narahatedici haldır, amma qaçqınlara təhlükə yaradan amillər də çoxalır", – deyə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib:

"Dənizdə hər il narahatlıq doğuran sayda qaçqın və miqrantlar ölürlər; quruda isə müharibədən qaçan insanların yolunu qapalı sərhədlər bağlayır. Bəziölkələrdə siyasət sığınacaq vermənin əleyhinə yönəlib. Xalqların təkcə qaçqınlar naminə deyil, insanların ümumi maraqları naminə birgə işləməyə hazır olması bu gün sığnağa çəkilir və bu birlik ruhunun üstünlük təşkil etməsinə bu gün hədsiz dərəcədə ehtiyac var".

Dünya qaçqınlarının yarısı 3 ölkənin payına düşür…

"Qlobal tendensiyaya dair hesabat"ın əhatə etdiyi ölkələr arasında bir neçəsi xüsusi qeyd olunur: Suriyada 4,9 milyon, Əfqanıstanda 2,7 milyon, Somalidə isə 1,1 milyon qaçqın var ki, bu da bütün dünyada BMTQAK-ın mandatının şamil olunduğu qaçqınların yarısından çoxdur. Eyni zamanda, Kolumbiyada 6,9 milyon, Suriyada 6,6 milyon, İraqda isə 4,4 milyon məcburi köçkün var ki, bu da ən çox məcburi köçkün sayıdır. Yəmən 2015-ci ildə ən çox sayda – 2,5 milyon nəfər və ya əhalisinin 9 faizi miqdarında yeni məcburi köçkünün meydana çıxdığı ölkədir.

…və onlar əsasən dünyanın cənub hissəsindədirlər

Avropanın Aralıq dənizi vasitəsilə qitəyə gələn bir milyondan artıq qaçqın və miqrant axınının öhdəsindən gəlmək uğrunda səyləri 2015-ci ildə çoxlarının diqqət mərkəzində oldu, hərçənd, hesabatdan görünür ki, dünyadakı qaçqınların böyük əksəriyyəti digər ölkələrdədirlər. Bütövlükdə 2015-ci ildə BMTQAK-ın mandatının şamil olunduğu qaçqınların 86 faizi aşağı və orta gəlir səviyyəsinə malik olan və münaqişə vəziyyətindəki yerlərə yaxın olan ölkələrdə idi. BMT-nin törəmə təşkilatı olan UNRWA-nın (BMT-nin fələstinli qaçqınlara yardım və işlərin təşkili üzrə Yaxın Şərq agentliyi) cavabdehliyi altında olan fələstinli qaçqınları da buraya daxil etsək, bu rəqəm dünya qaçqınlarının ümumi sayının 90 faizindən də çox olar. Türkiyə bütün dünyada ən çox qaçqını – 2,5 milyon nəfəri qəbul etmiş ölkədir. Eyni zamanda, Livan hər hansı digər ölkəyə nisbətən əhalisinin sayı ilə müqayisədə ən çox qaçqın qəbul edib (hər 1.000 nəfər sakinə 183 qaçqın). Konqo Demokratik Respublikası isə iqtisadiyyatının həcminə nisbətdə ən çox qaçqın qəbul edib (alıcılıq qabiliyyəti pariteti ilə ölçdükdə ÜDM-in hər dollarına 471 qaçqın düşür).

Sığınacaq üçün müraciətlər artıb

İnkişaf etmiş sənaye ölkələri arasında 2015-ci il həm də yeni sığınacaq müraciətləri baxımından rekord il olub, həmin il iki milyon müraciət olub (onlar ilin sonu üçün icraatda olan 3,2 milyon sığınacaq işinə əlavə olunub). Almaniya hər hansı digər ölkəyə nisbətən daha çox sığınacaq ərizəsi (441.900) qəbul edib ki, bu da onun Avropaya Aralıq dənizi vasitəsilə gəlmiş insanları qəbul etməyə hazır olduğunu xeyli dərəcədə əks etdirir. Sığınacaq üçün ən çox insanın müraciət etdiyi (172.700) ikinci ölkə Birləşmiş Ştatlardır, bu şəxslərin çoxu cinayətkar dəstələrin zorakılıqlarından qaçanlardır. Həmçinin İsveç (156.000) və Rusiyaya da sığınacaq üçün xeyli sayda müraciət edildiyi (152.500) müşahidə olunub.

Qaçqınların təxminən yarısı uşaqlardır

BMTQAK-ın toplaya bildiyi məlumatlara əsasən, 2015-ci ildə dünyadakı qaçqınların 51 faizini uşaqlar təşkil edib (tam demoqrafik məlumatlar hesabat müəllifləri üçün əlçatan olmayıb). Bu narahatedici haldır ki, onların çoxu valideynlərindən ayrı düşüblər və ya səfərə təkbaşına yollanıblar. Valideynləri tərəfindən müşayiət olunmayan və ya valideynlərindən ayrı düşən uşaqlardan ümumilikdə 98.400 sığınacaq ərizəsi daxil olub. Bu, BMTQAK-ın şahidi olduğu ən yüksək rəqəmdir və qlobal miqyasda zorla didərgin salınmanın yeniyetmələrin həyatına necə qeyri-mütənasib təsir göstərdiyinin faciəli təzahürüdür.

Evə qayıtmaq imkanının olmaması

Bütövlükdə qlobal didərginlik hallarının sayı hər hansı dövrdə olduğundan yüksək olmaqla yanaşı, evlərinə qayıtmaq və ya digər həll yolu tapmaq (ilk sığınacaq tapdığı ölkədə yerli cəmiyyətə inteqrasiya və ya digər bir yerdə məskunlaşdırılma) imkanına malik olan insanların sayı aşağı olub. 2015-ci ildə 201.400 qaçqın doğma ölkələrinə (əsasən Əfqanıstana, Sudana və Somaliyə) qayıda biliblər. Bu, 2014-cü ildəki ümumi saydan (126.800) artıqdır, amma 1990-cı illərin əvvəllərindəki pik göstəricilərlə müqayisədə hələ də azdır. 2015-ci ildə təxminən 107.100 qaçqın məskunlaşdırılmaq üçün 30 ölkədə qəbul ediliblər ki, bu da BMTQAK-ın mandatının şamil olunduğu qaçqınların cəmi 0,66 faizini təşkil edir (müqayisə üçün deyək ki, 2014-cü ildə 26 ölkə 105.200 qaçqını məskunlaşdırmaq üçün qəbul etmişdi ki, bu da BMTQAK-ın himayəsi altında olan qaçqın əhalinin 0,73 faizini təşkil edirdi). İl ərzində azı 32.000 qaçqın naturalizasiya yolu ilə vətəndaşlıq əldə edib, onların çoxuna Kanadada, az sayda digərlərinə isə Fransa, Belçika, Avstriya və digər ölkələrdə vətəndaşlıq verilib.

2015-ci ildə regionlar üzrə didərginlik halları:

(çoxdan aza doğru)

1. Orta Şərq və Şimali Afrika

Suriya müharibəsi dünyada didərginliyin və onunla əlaqədar iztirabların əsas səbəbkarı olaraq qalır. O, 2015-ci ilin sonu üçün ən azı 4,9 milyon insanın qaçqın kimi didərgin düşməsinə, 6,6 milyon insanın isə ölkə daxilində köçkün düşməsinə səbəb olub ki, bu da Suriyanın müharibəyə qədərki əhalisinin təxminən yarısına bərabərdir. İraq münaqişəsi ilin sonu üçün 4,4 milyon insanı ölkə daxilində köçkün salıb və dörddə bir milyon nəfərdən artıq qaçqın kütləsi yaradıb. Yəməndə 2015-ci ildə başlamış vətəndaş müharibəsi dekabrın sonu üçün 2,5 milyon insanı köçkün salıb ki, nəticədə bütün dünyada hər hansı digər münaqişəyə nisbətən ən çox sayda yeni didərginlik halları meydana çıxıb. UNRWA-nın mandatının şamil olunduğu 5,2 milyon fələstinli qaçqının, evlərini tərk etməyə məcbur olan və ölkədə qalan təxminən yarım milyon liviyalının, üstəgəl sayı nisbətən az olan bir sıra digərlərinin didərgin düşməsi halları da daxil olmaqla, Orta Şərq və Şimali Afrika regionu hər hansı digər regiona nisbətən ən çox didərginlik hallarının baş verdiyi məkandır.

2. Saxaranın cənubundakı Afrika ölkələri

Saxaranın cənubundakı Afrikada ölkələrində 2015-ci ildə Orta Şərqdən və Şimali Afrikadan sonra ümumilikdə ən çox didərginlik halları baş verib. 2015-ci ildə Cənubi Sudanda, habelə Mərkəzi Afrika Respublikasında və Somalidə davam edən kəskin münaqişə, üstəgəl digər ölkələrdə, o cümlədən Nigeriya, Burundi, Sudan, Konqo Demokratik Respublikasında və digər yerlərdə meydana çıxan və ya həmin ölkələrdən kənara çıxan yeni və ya davam etməkdə olan kütləvi didərginlik halları birlikdə ilin sonu üçün 18,4 milyon nəfər qaçqın və məcburi köçkün kütləsi yaradıb. Eyni zamanda, Saxaranın cənubundakı Afrikada ölkələri ümumilikdə təxminən 4,4 milyon qaçqını qəbul ediblər ki, bu da hər hansı digər regiondan çoxdur. Dünyada ən çox didərginləri qəbul etmiş 10 ölkədən beşi Afrika ölkələridir, onların siyahısına Efiopiya başçılıq edir, onun ardınca isə Keniya, Uqanda, Konqo Demokratik Respublikası və Çad gəlir.

3. Asiya və Sakit Okean regionu

Asiya və Sakit Okean regionu dünyada qaçqınların və məcburi köçkünlərin təxminən altıda bir hissəsinin meydana çıxdığı məkandır və nəticədə ümumilikdə ən çox didərginlik hallarının baş verdiyi üçüncü regiondur. BMTQAK-ın mandatının şamil olunduğu hər altı qaçqından biri (2,7 milyon nəfər) Əfqanıstandandır, orada təxminən 1,2 milyon insan məcburi köçkündür. Myanma regionda qaçqınların və məcburi köçkünlərin meydana çıxdığı ikinci ən böyük ölkədir (451.800 qaçqın və 451.000 məcburi köçkün). Pakistan (1,5 milyon nəfər) və İran İslam Respublikası (979.000 nəfər) dünyada qaçqınları qəbul etmiş aparıcı ölkələr sırasında qalmaqdadırlar.

4. Amerika qitəsi

Şimali Amerikada cinayətkar dəstələrdən və digər zorakılıqlardan qaçan insanların sayındakı artım geniş regionda didərginlik hallarının 17 faiz artmasına şərait yaradıb. Salvadordan, Qvatemaladan və Hondurasdan olan qaçqınların və sığınacaq axtaranların ümumi sayı 109.800 nəfərə çatıb, onların çoxu Meksikaya və Birləşmiş Ştatlara gəlirlər və onların sayı üç il ərzində beş dəfədən də çox artıb. Bu cür durumun uzun müddətdən bəri hökm sürdüyü Kolumbiya dünyada ən çox sayda (6,9 milyon) məcburi köçkünlərin olduğu ölkə olaraq qalır.

5. Avropa

Ukraynadakı vəziyyət, Avropanın Suriya və İraqa yaxın olması, üstəgəl əsasən dünyada qaçqınların meydana çıxmasına səbəb olan ölkələr arasında ilk onluqda qərarlaşan ölkələrdən milyondan artıq qaçqının və miqrantın Aralıq dənizi vasitəsilə buraya gəlməsi 2015-ci ildə regionun didərginlik mənzərəsində üstünlük təşkil edib. Avropa ölkələri birlikdə təxminən 593.000 qaçqının meydana çıxdığı məkan olublar (onların çoxu Ukraynadandır) və 4,4 milyon qaçqını qəbul ediblər (onların 2,5 milyonu Türkiyədədir). Ukrayna hökuməti tərəfindən təqdim edilmiş rəqəmlərdə 1,6 milyon ukraynalı didərgin düşmüş şəxslər kimi göstərilir. "Qlobal tendensiyalara dair hesabat"da göstərilir ki, Almaniyada sığınacaq üçün 441.900 müraciət olub və orada qaçqın əhalinin sayı 2014-cü ildəki səviyyədən 46 faiz artaraq 216.000 nəfərə çatıb.