XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

12 İyul 2016 - 16:51

Multikulturalizm:Qərb üçün zərurət, Azərbaycanda həyat tərzi - Araşdırma

mescid-sinaqoq-kilse

Müasir dövrümüzdə dünya birliyi yeni çağırışlar və təhdidlər qarşısındadır. Qloballaşma prosesinin təsiri altında hətta dünyanın ən ucqar nöqtələrində baş verən hadisələr belə, planetar prizmadan mühüm əhəmiyyətə malikdir. Günümüzdə dünyanın harasında baş verməsindən asılı olmayaraq, etnik separatizm, dini ayrı-seçkilik və radikalizm, terrorizm və digər bu kimi trendlərin xüsusiyyətləri yerli çərçivəni çoxdan aşmışdır. Ən qorxulusu isə odur ki, baş verənlərə ədalətli yanaşma olmadıqda və ya proseslərin tənzimlənməsində beynəlxalq hüququn norma və prinsipləri nəzərə alınmadıqda, bəşəriyyətimizin qarşısında dayanan təhdidlər daha da mürəkkəb xarakter alır və müxtəlif radikal meyllərin güclənməsinə səbəb olur.

Yeni minillikdə qlobal müstəvidə ən mühüm çağırışlardan biri kimi, fərqliliklərin – fərqli sivilizasiyaların, mədəniyyətlərin, dinlərin, hətta xalqların birgəyaşayış fəlsəfəsi ilə bağlı baş verən dəyişikliklər və miqrasiya proseslərinin təsirini fərqləndirmək olar. Çünki ikinci dünya müharibəsindən sonra Qərbin artmaqda olan dominant mövqeyi cəmiyyətin həyatında "birgəyaşayış və miqrasiya'' nisbətini müəyyənləşdirmişdir. Bu model Qərb ölkələrinin ucuz işçi qüvvəsini mexaniki olaraq qəbul etməsi və yeni gələnlərin vahid, heç bir milli-mədəni-dini xüsusiyyətini nəzərə almayan universal dəyərləri qəbul etməsi üzərində qurulmuşdur. Sonrakı proseslər göstərdi ki, bu siyasət işçi miqrantların Qərb dəyərlərinə uyğunlaşdırılmasına deyil, daha çox təcrid olunmasına yönəlmişdir. Avropada yeni sakinlərə sanki "istismar müddəti'' başa çatdıqdan sonra geri qayıtmalı olan miqrantlar kimi baxılırdı. Bu isə "Qoca qitə''nin yeni sakinlərinin yalnız birinci nəsli ilə bağlı problemsiz yaşandı. Artıq ikinci nəsil miqrantların təhsil, sosial, dini ibadət, ailə kodeksi, mədəni dəyərlərinin nəzərə alınmaması Avropanın özünün elan etdiyi demokratik prinsiplər və multikultural dövlət doktrinası ilə ziddiyyət təşkil edirdi. Bütün bunlar üçüncü minilliyə doğru Avropa ölkələrinin daha əvvəl bəyan etdikləri prinsiplərdən geri çəkilməsinə səbəb oldu.

Qərbsayağı multikulturalizmin böhranı və ya məğlubiyyəti ilə bağlı mülahizələr bu mərhələdən başlayaraq səslənməyə başlandı. Burda əsas səbəb olaraq dominant etnosun yalnız öz mədəni və dini dəyərlərinə üstünlük verməsini göstərmək olar. Qərbin gözündə yeni gələn miqrantlar mühacir qəbul edən cəmiyyətin yeknəsəq tərkib hissəsi olmalıdır. Onların fərqli davranış və ya əxlaq normaları Qərb dəyərləri ilə uyğun gəlmədiyi üçün qəbuledilməzdir. Lakin hətta ikinci və üçüncü nəsil miqrantların uyğunlaşma problemləri və dini-mədəni ənənələri saxlaması multikultural siyasətdə nəyinsə çatışmadığını göstərdi.

"Qoca qitə''də Qərb dəyərlər sistemindən fərqli dəyər daşıyan yeni sakinlərin problemlərinin həllinə Avropa dövlətlərinin liderləri "kim bizim kimi deyilsə, bizimlə yaşaya bilməz'' fəlsəfəsi ilə baxmağa başladılar. Bu isə islamafobiya, ultra millətçilik, radikalizm meyllərinin və paralel olaraq beynəlxalq terrorizm şəbəkəsinin "ədalətli dünya'' qurulması ilə bağlı çağırışlarına qoşulanların sayının artmasına səbəb oldu.

Əslində isə dünyada artmaqda olan fərqliliklər arasında toqquşma və ziddiyyətlərin fonunda bəşəriyyətin gələcəyinə əsas ümid dialoq və harmoniyayadır. Çünki tarixi inkişaf boyu biz fərqli dinlər, mədəniyyətlər və sivilizasiya daşıyıcılarının eyni məkanda bərabər şərtlərlə yanaşı və birgə yaşamasının mümkün olduğu kimi, olmadığı hallarla da dəfələrlə rastlaşmışıq. Fərqli zamanlarda xristian və islam, xristian və bütpərəst, islam və bütpərəst, eləcə də Qərb və Şərq dəyər daşıyıcılarının ziddiyyəti onların bir-birindən təcrid olunmuş şəkildə yaşamasını şərtləndirmişdir və onların bir-birinə qarşı dözümlülüyünün yalnız bərabər gücə malik olduqları hallarda mümkün olduğunun şahidi olmuşuq.

Müasir dövrümüzdə isə qloballaşma proseslərinin bu qədər dərininə inkişaf etdiyi bir dövrdə artıq bu, mümkün deyil. Qloballaşan dünya fərqli mədəniyyətlərin birgəyaşayışı olmadan mövcud ola bilməz. Artıq dünyada monokultural və monoetnik cəmiyyət və ölkə anlayışı qəbul olunmur. Beynəlxalq münasibətlərdə də – istər siyasi, istərsə iqtisadi və ya mədəni sahə olsun – hər hansı dövlət özünütəcrid şəraitində inkişaf edə bilməz. Bəşəriyyət yalnız fərqliliklərin dəyərlərinə hörmət etməklə inkişaf edə bilər. Dünyada çox az sayda mövcud olan monoetnik ölkələr isə ya coğrafi, tarixi, siyasi səbəblərdən təcrid olunmuşlar, ya da bu ölkədə aparılan şovinist və dözümsüzlük siyasətinin təzahürüdür. Misal üçün, monoetnik ölkə olan Ermənistanda bu digərlərinə qarşı dözümsüzlük ideologiyasının nəticəsidir.

 

Qərb dəyərlər sisteminə təhlükə

 

Üçüncü minillikdə Yaxın Şərqdə baş verən hadisələr və nəticədə Avropaya istiqamətlənmiş əksəriyyəti müsəlmanlardan ibarət olan böyük miqrant ordusu, eləcə də dini radikalizmin artması və beynəlxalq terror şəbəkələrinin bundan istifadə etməsi Avropanı yeni dilemma qarşısında qoymuşdur. Suriya, İraq, Liviya, Əfqanıstan və digər müsəlman ölkələrində davam etməkdə olan qanlı hadisələr milyonlarla insanın Avropaya üz tutmasına səbəb oldu. Bu sayda yeni sakin demoqrafik nisbətdə onsuz da dəyişməkdə olan tarazlığa ciddi təhdid kimi qəbul olundu. "Qoca qitə''də ultra millətçi hərəkat, bu ideyaları təbliğ edən partiya və təşkilatların mövqeləri güclənməyə başladı. Artıq cəmiyyətdə və siyasi elitada islamafob qüvvələrin açıq təsiri özünü göstərir. Görünən odur ki, Avropada bu yeni miqrasiya trendi Qərbin dəyərlər sisteminə təhlükə kimi qəbul edilir. Bu yanaşma isə həm Avropa ölkələrinin siyasətində, həm də həmin ölkələrin cəmiyyətinin gündəlik həyatında özünü göstərir. Hələ 2011-ci ildə Anders Breyvikin törətdiyi terroru xristian-islam mübarizəsi motivində əsaslandırması və sonradan məhkəmə zamanı bu terrorçuya qarşı Qərb cəmiyyətinin münasibəti Avropanın islamafobiya ilə xəstələndiyini göstərirdi. Sonrakı illərdə Yaxın Şərqdə baş verən münaqişə və hərbi əməliyyatlarla əlaqədar milyonlarla insanın yeni miqrasiya dalğası isə Qərbin qorxusunu daha da artırmışdır.

Hazırda Avropaya miqrant axınının böyük hissəsinin müsəlman olması Qərbin qarşısında daha mühüm bir çağırış qoymuşdur. Avropada xristian və islam dini əqidə daşıyıcılarının bərabər hüquqlarla eyni məkanda birgəyaşayışı artıq zamanın tələbidir. Qərb isə bunu çağırış deyil, öz dəyərlər sisteminə və ümumiyyətlə gələcəyinə təhdid kimi qiymətləndirir.

Günümüzdə Avropada müsəlmanların öz dinlərinə sadiq qalmaları, bununla yanaşı islamın bir din olaraq populyarlaşması, müsəlman əhalinin demoqrafik artım göstəriciləri Qərb cəmiyyətinin gələcəyi üçün əsas narahatedici məqam kimi qəbul olunur. Bunun nəticəsidir ki, Qərbdə islamı bir fobiya olaraq görürlər. Azlıqların çoxluqlara çevrilməsi qorxusu Qərbsayağı multikulturalizmin qarşısında duran əsas çağırışdır.

Hazırda belə fikirlər səslənir ki, Qərb və İslam mədəniyyətləri birgə yaşaya bilməz. İslam əleyhinə kəskin çıxışları ilə tanınan hollandiyalı siyasətçi Qert Vilders "Multikulturalizmin yenilməsi yaxud İslam hücumunun qarşısını necə almalı” adlı məqaləsində İslamı təhlükəli ideologiya adlandırır və bildirir ki, İslam bizim Qərb həyat tərzimizlə uyğun deyil.

Tarixə nəzər saldıqda, Avropada indi islama qarşı sərgilənən münasibətin zamanında digər dinlərin daşıyıcılarına da tətbiq olunduğunu görürük. Tarix boyunca yəhudilər fərqli dini əqidə daşıyıcıları olduğu üçün bir neçə dəfə Avropadan qovulmuşlar. XV əsrdə İspaniyadan yəhudilərin qovulması, II dünya müharibəsi zamanı isə bütünlükdə Avropada yəhudilərin təqib olunmasını misal göstərmək olar.

Orta əsrlərdə baş qaldıran rekonkista hərəkatı da Qərbin dini müxtəlifliyə dözümsüzlüyünün əyani göstəricisidir. Məlum olduğu kimi, Ərəb intibahı dövründə islam dini bütün Cənubi Avropada geniş yayılmışdı. Xüsusilə, İspaniyada Kordova Xilafətinin təsiri altında yerli əhali arasında islam dini çoxlu tərəfdar toplamışdı. Lakin xristianlıq ideyaları üzərində yüksələn və digər dinlərə qarşı dözümsüzlük göstərən rekonkista hərəkatı nəticəsində müsəlmanlarla bərabər yəhudilər də qitədən sıxışdırılıb çıxarıldılar. 1492-ci ildə İspaniyada ərəblərin hakimiyyətinə son qoyulmasından sonra, 1610-cu ilə qədər müsəlmanların və yəhudilərin hamısı İspaniyadan qovuldu. Təkcə XVI əsrdə bu ölkədə üç milyon müsəlman sürgün və ölümlə üzləşmişdir.

Yəni, din Qərb sivilizasiyasının dəyərlər sistemində ən mühüm, hətta məhək daşı rolunu oynayır. Samuel Hantinqton "Biz kimik? Amerikan milli identikliyinə təhdidlər'' kitabında yazır: "Avropa millətçiliyinin ilkin dövründə milli identiklik əksər vaxt dini terminlərlə müəyyən olunurdu. XIX-XX əsrlərdə milliyyətçi ideologiya daha çox dünyəviləşdi. Almanlar, britaniyalılar, fransızlar, amerikalılar özlərinin hər hansı millətə mənsubiyyətlərini ənənə, dil, mədəniyyət üzərindən müəyyənləşdirməyə üstünlük verirdilər. Çünki ancaq dini əqidə üzərindən müəyyənləşdirmə ölkə vətəndaşlarının bir çoxunun  ayrı düşməsinə səbəb olurdu. Lakin XXI əsr belə görünür ki, dini dirçəliş dövrü olmağa vəd verir''.

Xristianlıq Qərb üçün tarixən birləşdirici funksiyanı yerinə yetirmək üçün mühüm alət olub və digər dinlərin təmsilçilərinə qarşı dözümsüzlük müşahidə olunub. Tarixi ardıcıllıqla baxsaq, multikultural dəyərlər Qərbdə birinci mərhələdə xristian dininə və Papalığa xidmət etmək üçün birləşdirici faktor olaraq nəzərdə tutulmuşdur. Məlumdur ki, Roma imperiyası dövründə katolik kilsəsinin əhatə dairəsi Avropanın və hətta imperiyanın hüdudlarını aşsa da fərqli mədəniyyətlərin simbiozuna səbəb ola bilməmişdir. Bizansın timsalında pravoslavlığın ayrılması isə kilsənin nüfuzuna daha bir zərbə oldu. Lakin Qərbin vahid dəyərlərinin yaradılması üçün kilsə öz səylərini davam etdirirdi. Xüsusən də, orta əsrlərdə Avropa dövlətlərinin bir-birinə qarşı amansız müharibəsi zamanı kilsənin üzərinə birləşdirici missiya daha çox düşürdü. Papalıq müxtəlif Avropa xalqlarının birgəyaşayışını təmin etmək üçün müəyyən mənada çökmüş imperiyanın da vəzifələrini yerinə yetirirdi.

Beləliklə, tarixi hadisələr göstərir ki, Qərbin dini tolerantlıq və multikultural dəyərləri yalnız öz dini dəyərlərinin digərlərinə qəbul etdirilməsi üzərində qurulmuşdur. Belə olan halda hazırda immiqrant ölkələr olaraq xarakterizə olunan Avropa dövlətləri fərqli mədəniyyət və dini daşıyıcılar olan mühacirləri Qərb cəmiyyətinə yalnız assimilyasiya etməyə çalışırlar. Yəni, Avropada çoxmədəniyyətlilik yalnız Qərb dəyərlərinin dominantlığı və vahid mozaik quruluşun heç nə ilə seçilməyən yeknəsəq tərkib hissəsi kimi qəbul olunur. Bu isə müasir dövrdə əhalisi müxtəlif mədəniyyətləri və millətləri təmsil edən Avropa ölkələri üçün multikulturalizmin gələcək taleyini təhdid edir. Bugünkü reallıq ondan ibarətdir ki, Avropanın əksər dövlətlərində artıq əhalinin ən az 10%-ni əcnəbilər təşkil edir. Buna görə də, multikulturalizm Qərb cəmiyyəti üçün bir seçim deyil, məhz zərurətdir.

 

"İlkin'' və "sonrakı'' müxtəliflik

 

Tarixən Qərbin öz dəyərlər sisteminə daxil olmayanlara münasibəti xüsusi maraq doğurur. Hələ Roma imperiyası dövründə romalılar yaşadıqları şəhəri "əbədi şəhər'' adlandırırdılar və Roma vətəndaşları özlərini hamıdan üstün hesab edirdilər. Əsl romalıya bütün digərləri ilə, o cümlədən başqa ölkələrdən gələnlərlə münasibətdə fərq qoyulurdu. Sivilizasiyalar mövzusunda tədqiqatçı Rocer Osborn bununla bağlı yazır: "Yunan, Ellin və Roma sivilizasiyalarının bütün ətraf xalqlara və mədəniyyətlərə "barbar dünyası'' kimi baxması sonradan ümumən Qərb sivilizasiyasının digər sivilizasiyalara ayrı-seçkilik meyarları ilə yanaşmasının başlanğıcı olmuşdur''.

XX əsrin ortalarında Avropada elan olunan multikulturalizm ilkin mənada tarixi milli azlıqlara münasibəti nəzərdə tutan yanaşma hesab olunurdu. Belə olan halda isə "ilkin'' və "sonrakı'' müxtəliflik anlayışları ortaya çıxır. "İlkin'' müxtəliflik eyni bir məkanda tarixən müxtəlif mədəni, dini, etnik daşıyıcıların birgəyaşayışına əsaslanır. Tarixin müxtəlif mərhələlərində bu fərqli qrupların biri və ya bir neçəsi dominant, digərləri isə azlıq (milli, dini) olurlar. Əsas məqam isə dominant-azlıq münasibətlərinin fərqli dəyər daşıyıcıları olsalar belə, birgəyaşayış formulunda birləşə bilməsindədir. Əslində bu cür "ilkin'' müxtəliflik dünyanın əksər ölkələrində mövcuddur və heç də hər yerdə problemsiz deyil. Məsələn, Britaniyada keltlər və anqlo-sakslar tarixən birgəyaşayış formatında problemlər yaşamışlar və bu gün də bu problemlər davam edir. Yaxud Çində çinlilərlə uyğurların yanaşı yaşamasının tarixi yüz illərlədir, lakin hələ də harmonik münasibətlərdən söhbət gedə bilməz. Yəni, "ilkin'' müxtəliflik heç də o demək deyil ki, əsrlərlə davam edən birgəyaşayış çoxmədəniyyətliliyə çevriləcək.

"Sonrakı'' müxtəliflik isə tarixən fərqli məkanda yaşayan və fərqli dəyərlər sisteminin daşıyıcılarının hər hansı bir dövrdə müxtəlif siyasi, iqtisadi, sosial və digər səbəblərdən birgəyaşayışına əsaslanır. İndiki halda münaqişə, yoxsulluq, işsizlik, təhsil və digər səbəblərdən Avropaya üz tutan Afrika, Asiyadan olan mühacirlərin miqrasiyası nəticəsində yaranan həyat şəraitini "sonrakı'' müxtəlifliyə aid etmək olar. Bu, əksər hallarda iqtisadi cəhətdən fərqli qütbləri təmsil edən yoxsul ölkələrdən siyasi cəhətdən sabit olan varlı ölkələrə doğru insanların köçü nəticəsində yaranır. Bu zaman yeni gələnlərlə yerli sakinlər arasında ziddiyyətlərin yaranması müşahidə olunur. Bu prosesin iqtisadi səbəbləri olduğu kimi, mədəni barışmazlıqdan və sivilizasiyaların toqquşmasından irəli gələn səbəbləri də vardır. Bununla bağlı akademik Kamal Abdullayev yazır: "…Sonrakı müxtəlifliklə bağlı real sosial nəticə odur ki, gəlmə multikultural dəyərlər, dəyərləri formalaşmış ölkədə özünə asanlıqla yer eləmir. Belə bir ölkədə yeni dəyərlərin calağı istər-istəməz süni alınır. Onun üçün də bəzi Avropa ölkələrində bu modelin iflasa uğramasının obyektiv səbəbləri yox deyil''.

Hazırkı mənada multikultural cəmiyyətin dayanıqsızlığının ən mühüm səbəblərindən birinin Qərbi Avropa ölkələrinin yeritdiyi miqrasiya siyasətinin olduğunu söyləmək olar. Çünki multikulturalizm ilkin mənada tarixi milli azlıqlara münasibəti nəzərdə tutan yanaşma hesab olunurdu. Lakin sonradan Avropa rəsmiləri tərəfindən işçi miqrantların vahid mədəni dəyərlərə inteqrasiyasına hesablanan miqrasiya siyasəti təşviq edilməyə başlandı. Bu siyasət isə özünü doğrultmadı və "sonrakı” müxtəlifliyi əhatə edə bilmədi. Bu gün Avropa rəsmiləri işçi miqrantların müvəqqəti gəldiklərini düşündüklərini bəyan etsələr də, bu, reallığı əks etdirmir.

Əslində hüquqi müstəvidə ilk dəfə Avropada miqrantlar tarixi milli azlıqlara bərabər tutulmuşdur. Belə ki, bu sahədə qabaqcıl ölkələrdən sayılan İsveçdə 1970-ci illərin ortalarından, Hollandiyada isə 1980-ci illərin əvvəllərindən miqrant azlıqların müdafiəsi ilə bağlı tədbirlər həyata keçirməyə başlamışdılar. Dövlət tərəfindən miqrantların ana dilində təhsil almaq, öz kütləvi informasiya vasitələrini dərc etmək, mədəni tədbirlər həyata keçirmək və digər hüquqları ilə bağlı addımlar maliyyələşdirilirdi. Ancaq bu, daha çox müəyyən məhdud dairə aktiv miqrantlara şamil olunurdu. Miqrantların sayının artması və öz dəyərlərinə sadiq qalması Avropa rəsmilərinin bu yanaşmadan imtina etməsi ilə nəticələndi. Hər iki ölkədə 1990-cı illərdə qanunvericilikdə geriyə addımlar atıldı. İsveçdə immiqrantların tarixi azlıqlara (saam, fin) bərabər tutan azlıqların müdafiəsi haqqında qanun dəyişdirildi. Niderlandda isə 1983-cü ildən azlıqların inkişafına dəstək proqramı dayandırıldı.

Beləliklə, Avropa "ilkin'' və "sonrakı'' müxtəlifliklərin vəhdəti əsasında birgəyaşayışa hələ hazır deyil. Bu, ilk növbədə, dini dözümsüzlük və islamafob meyllərin təsiri altındadır. Fərqli mədəni və dini dəyərlərin vahid universal dəyərlər sistemində nəzərə alınmaması hazırda Avropada multikultural cəmiyyətin birgəyaşayışına əsas maneə kimi görünür.

İkinci mühüm səbəb bütün dünyada davam etməkdə olan iqtisadi böhranla əlaqədar Avropa ölkələrinin apardığı miqrasiya siyasətinin multikultural və demokratik prinsiplərə cavab verməməsidir. Belə görünür ki, Avropada həyat səviyyəsinin aşağı düşməsi, yoxsulluq və işsizliyin artması yeni sakinlərə qarşı dözümsüzlüklə müşahidə olunur. Beləliklə də, siyasi, iqtisadi, dini səbəblərdən asılı olaraq hazırkı mərhələdə Qərbsayağı multikulturalizm "ilkin'' və "sonrakı'' müxtəlifliklərin harmoniyasını yarada bilməmişdir. Lakin bu, heç bir halda bütün dünyada multikulturalizmin böhranı üçün səbəb ola bilməz.

Dünyada "ilkin'' və "sonrakı'' müxtəliflikləri əhatə edə bilən multikultural tolerantlıq nümunələri də mövcuddur. Bu mənada Azərbaycan bütün dünyaya örnək ola biləcək dəyərlərə sahibdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ilin aprel ayında Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun açılışında səsləndirdiyi fikirlər Azərbaycanda cəmiyyətin multikultural həyat tərzinə baxışını çox dəqiqliklə ifadə edir: "Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur. Biz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülük və multikulturalizm burada hər zaman mövcud olmuşdur. Multikulturalizm sözü mövcud olmadığı bir zamanda belə, həmin ideyalar daim yaşayıb''.

Bu mənada Azərbaycanda multikulturalizmin həyat tərzi olmasına günümüzdə Avropanın imtina etdiyi dəyərlər prizmasından baxdıqda mənzərə daha aydın görünür. Günümüzdə Avropa yeni miqrasiya axını qarşısında "sonrakı'' müxtəlifliyi qəbul etmədi və bu yeni sakinlərin "Qoca qitə''nin həyat tərzinə uyğunlaşa bilmədiyi üçün multikulturalizmin böhrana uğraması ideyası ortaya atıldı. İndi Avropada fərqli mədəni, milli, dini dəyər daşıyıcılarının yalnız "ilkin'' müxtəliflik səviyyəsində birgəyaşayışa qadir olması ideyası təbliğ olunur. Lakin Azərbaycan nümunəsi göstərir ki, bu, heç də doğru yanaşma deyil. Azərbaycanda müxtəlif dinlərin və etnik qrupların nümayəndələri uzun əsrlərdir ki, dinc yanaşı yaşayırlar. Onlar arasında münasibətlər "ilkin'' müxtəliflik konsepsiyasında tolerantlıqla müşayiət olunur və multikultural dəyərlərin əsasında dayanır.

Bununla yanaşı, Azərbaycan "sonrakı'' müxtəliflik konsepsiyasında da multikultural cəmiyyətin formalaşmasında problemlərin olmadığını təsdiq etmişdir. Belə ki, "sonrakı'' müxtəlifliyin birgəyaşayışının mümkünsüzlüyünün tamamilə fərqli dəyərlər sistemini təmsil etməsi ilə əlaqədar olması ideyası Azərbaycan nümunəsində öz təsdiqini tapmamışdır. Məlum olduğu kimi, XVIII-XIX əsrlərdə ölkəmizdə bizim dəyərlər sistemindən olduqca fərqli olan müxtəlif sektant rus (malakan, duxabor) və alman koloniyaları məskunlaşmışdır. Bu yeni sakinlər ölkəmizdə hər hansı bir ayrı-seçkiliyə məruz qalmamışlar və onlara qarşı hər zaman tolerant münasibət bəslənmişdir. Keçən tarixi zaman kəsiyi təsdiq etmişdir ki, Azərbaycan "sonrakı'' müxtəlifliyi öz dəyərlər sistemində xüsusi yer ayırmaqla qorumuşdur. Bu isə vətənimizin "ilkin'' və "sonrakı'' müxtəlifiliyin bərabər şərtlər altında birgəyaşayış fəlsəfəsini və multikultural dəyərlər münasibətini ortaya qoyur. Fərqli dəyər sistemi dayışıcılarını qəbul edə bilməyən və bununla da multikultural cəmiyyətin gələcəyinə şübhə ilə yanaşan Avropadan fərqli olaraq, Azərbaycanda "ilkin'' və "sonrakı'' müxtəlifliklərin birgəyaşayışına əsaslanan multikultural dəyərlər böhran yox, intibah yaşayır. Çünki multikulturalizm Azərbaycanda həyat tərzidir.

 

Ərəstü Həbibbəyli,

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdir müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru

Newtimes.az




Yuxarı Əvvələ Ana Səhifə