Strateq.az saytının Türkiyədə sadəcə yaşamaq izni almaq üçün “tələbə”olanların ölkəmizin imicinə vurduğu zərbələr haqda araşdırması (Attestatla Türkiyədə “tələbə olan” azərbaycanlıların “çirkli biznesi” –Araşdırma) ciddi rezonans yaradıb. Xüsusilə, qonşu ölkədə yaşayan azərbaycanlılar bu məsələyə dərhal reaksiya verərək, bu rüsvayçı prosesin qarşısının alınması üçün səfərbər olmağın vacibliyi haqda çağırışlar səsləndiriblər.
Bununla bağlı hazırda Türkiyədə tələbə olan gənclərin fikirlərini də ala bilmişik. Onlar xüsusilə qızların əxlaqsızlıqla məşğul olmalarını ürək yanğısı ilə vurğulayaraq, azərbaycanlı qızların Türkiyəyə getməsinə hər yolla əngəl olmağın gərəkliyini vurğulayıblar. Səbəbini isə belə izah ediblər: “çoxu imkansızlıqdan bu yola əl atır. Maddi durumu zəif olur, məcbur qalıb imkanlı türk oğlanlarından istifadə edir. Əlbəttə, maddi durumu yoxdusa, geri də qayıda bilər. Ancaq təəssüf ki, əksəriyyəti qalmağa üstünlük verirlər. Ona görə də belələrinə görə, gerçəkdən oxumağa gedən digər tələbələrimiz də pis, çıxılmaz vəziyyətə düşürlər. Bunların əlindən bezmişik artıq, xəcalət çəkirik. Bir sözlə, Türkiyədə oxumaq çox çətinləşib”.
Söhbətin hansı çətinliklərdən getdiyi, kimlərin kimə problem yaratdığına ötən yazımızada aydınlıq gətirdiyimizdən, söhbətə şərh verməyə lüzum görmürük…
Türkiyəyə tələbə göndərən ölkələr sırasında ikinciyik
Türkiyənin Ali Təhsil Təşkilatının (Yükseköğretim Kurulu Başkanlığı – YöK) məlumatına görə, 2013-2014 təhsil ilində burada 48 min 183 xarici tələbə təhsil alıb. Onların sırasında Türkmənistan və Azərbaycan vətəndaşları üstünlük təşkil edib. Türkmənistandan 6 min 945, Azərbaycandan 6 min 906, İrandan 4 min 342, Əfqanıstandan 2 min 333, Suriyadan 1784, Yunanıstandan 1500 tələbə Türkiyədə ali təhsil alıb.
Qonşu ölkənin Bakıdakı səfirliyinin mediaya açıqlaması isə daha diqqətçəkəndir. Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayının getdikcə artdığını deyən Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Abdulqafur Büyükfırat bildirib ki, hazırda onun ölkəsində 8-10 min azərbaycanlı tələbə təhsil alır. Bir neçə il əvvəl bu rəqəmlərin fərqli olduğunu deyən təhsil müşaviri qeyd edib ki, illər öncə, təxminən, 3000-3500 azərbaycanlı tələbə Türkiyədə, 10 minə yaxın türkiyəli tələbə isə Azərbaycanda təhsil alırdı: “Hazırda bu rəqəmlər dəyişib. Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayının gələcək illərdə daha da artacağı gözlənilir. Azərbaycanlı tələbələr Türkiyənin 174 universitetində təhsil ala bilərlər. Gələcək illərdə Türkiyədə təhsil alan tələbələrin sayının 15 minə çatacağı gözlənilir”.
Səslənən fikirlər belə qənaətə gəlməyə əsas verir ki, rəqəmlərin kəskin artması attestatla Türkiyə universitetlərinə tələbə qəbulunu həyata keçirən yerli şirkətlərin “xidmətlərinin” nəticəsidir. Bəs bu “xidmət”lər hansı zərurətdən yaranıb?
Statistika göstərir ki, ölkəmizdə orta məktəbi bitirən məzunların, demək olr ki, hamısı ali məktəblərə qəbul olmaq üçün sənəd verirlər. Qəbul planı isə onların sayından dəfələrlə azdır. üstəlik, TQDK ilbəil qəbul qaydalarını sərtləşdirir. Ona görə də abituriyentlərin əksəriyyəti ali məktəb auditoruiyalarından kənarda qalırlar. Bu isə əsgərlikdən yayınmaq istəyən oğlanların və şəhərdə yaşamağa can atan qızların xəyallarının alt-üst olması deməkdi.
Yeni təhsil “xidmətləri”nin PKK-ya aparan yolu
Bir yandan övladlarını bu “çətin durumdan” çıxarmaq istəyi, digər tərəfdən “qonşudan qalma dala” prinsipi ilə yaşamaları valideynləri alternativ yollar tapmağa sövq edir. Əvvəllər həmin yollar Rusiyanın əyalətlərində fəaliyyət göstərən müxtəlif institutların filiallarına aparıb çıxarırdı. Təhsil Nazirliyinin bir neçə illik əməyinin nəticəsində həmin şəbəkənin işi iflasa uyğadı. Ancaq əvəzində Türkiyə universitelərinə imtahansız qəbul aparan “xidmətlər” meydana çıxdı.
Və elə həmin şirkətlər də indi oğlanların əsgərlikdən yayınmalarında, müxtəlif radikal təmayüllü təşkilatların təsirinə düşmələrində, qızların isə fahişəliklə və digər bu kimi alçaldıcı işlərlə məşğul olmalarında əsas rol oynayırlar. Bunu, təxminən, 10 gün öncə sosial şəbəkələrdə PKK terror təşkilatının silahlılarına qoşulduqlarını elan edən 3 azərbaycanlı tələbənin yaydığı videodan sonra verilən açıqlamalar da təsdiqləyir.
“BBC Azərbaycanca”ya açıqlama verən Azərbaycanın Türkiyədəki Səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova deyib ki, adiçəkilən hər üç tələbə universitetlərin ikinci kursunda oxuyublar: “Onlar dövlət imtahanından keçmədən, özəl təhsil şirkətlərinin xətti ilə Türkiyəyə gəliblər. Şəhər-şəhər gəzirik, universitetlərə, yataqxanalara gedirik, tələbələrin hamısı ilə görüşür, öz aralarından tələbə təmsilçiləri seçib, onlarla sıx əlaqə saxlayırıq. Amma bu tələbələr əvvəldən bizim tələbələrdən uzaq gəzərdilər. Mənə elə məlumatlar gəlirdi ki, onlar siyasi görüşlü tələbələrin arasında olurdular. Tələbələrimizdən soruşurdum ki, onları tanıyırsınızmı, deyirdilər, bizimlə oturub-durmurlar, daha çox kürdlərin arasında olurlar. Bunlar qeyri-dövlət xətti ilə, şirkətlərin vasitəsi ilə attestatla burda yerləşən tələbələrdir. Bunların heç biri dövlət xətti ilə imtahan verməyib”.
Həm N.Nəsibova, həm də həmin tələbələrin müəllimləri PKK sıralarına keçdiklərini bəyan edən tələbələrin dərs davamiyyəti və qiymətlərinin aşağı olduğunu və “savadsız tələbə” kimi tanındıqlarını bildiriblər.
“Attestatınızı indi gətiri
n, ödənişi 2 ay sonra edin!”
Attestatla tələbəlik şansı verən şirkətləri tapmaq isə ciddi səy tələb eləmir. “Google” axtarış sistemində sorğu verən kimi, Türkiyədə ali təhsil vəd edən bir xeyli şirkətlərin adı çıxır.
Eyni zamanda, bu şirkətlər müştəri cəlb etmək üçün sosial şəbəkələrdə də xeyli aktivdilər. Müxtəlif elanlarla hər gün, az qala, gözümüzə girirlər. Hətta televiziyalarda belə, geniş reklam kampaniyaları aparırlar. Bu, bir tərəfdən onu təsdiqləyir ki, ortada küli miqdarda qazanc var, eyni zamanda arxasında himayədarları olduğundan, bu şirkətlər öz çirkin niyyətli “xidmətlər”ini açıq-aşkar, heç kimdən çəkinmədən göstərirlər.
Məsələn, Bilik Tədris Mərkəzi, “Memory” xaricdə təhsil mərkəzi, “Elit Akademy”, “Akademy”, “Azəredu”, “Universaledu” və s. kimi attestatla tələbə qəbulunu reallaşdıran xeyli sayda şirkətlər fəaliyyət göstərir. “Campus Turkey” adlı şirkət isə öz rəqiblərini qabaqlayaraq, həta bu il daha sərfəli təkliflərlərlə də çıxış edib: “Siz Türkiyə universitetlərində təhsil almaq istəyirsiniz? Lakin maddi durumunuz buna imkan vermir? Və universitetlərin qeydiyyat vaxtının bitdiyini düşünürsünüz? Sənədlərinizi gətirməklə qeydiyyatdan keçib 2 ay sonra təhsil haqqını ödəyəcəksiniz. Bunun üçün lazım olan sənədləri hazırlayıb sadəcə bizə təhvil verməniz kifayətdir. Siz universitetə qəbul üçün maddi durumunuzu düşünməyin. Campus Turkey”… Bax, belə!
Hansı universitetlərə qəbul aparılır?
Həmin şirkətlərin bir neçəsi ilə əlaqə saxlayıb “qəbul qaydaları” ilə də maraqlandıq. Telefonla məlumat verməkdə maraqlı olmadıqları ilk sözlərindən bəlli olsa da, bəzi məqamları aydınlaşdıra bildik. Məlum oldu ki, onların “xidmətindən” istifadə etmək o qədər də çətin deyil. Türkiyədə oxumaq həvəsinə düşən abituriyent attestatını, fotoşəkil və şəxsiyyət vəsiqəsini götürüb həmin işbazların ofisinə getməlidi. Universitetə qəbul olmaq üçün öncə həmin şirkətə xidmət haqqı ödəməlidir. Məbləğsə ancaq ofisdə razılaşmadan sonra açıqlanır.
Tələbə olmaq istəyənlərlə söhbətlərimizdən bəlli oldu ki, həmin şirkətlərdə xidmət haqqı 1500 manat təşkil edir. Lakin regionlarda bu rəqəm xeyli aşağıdı -300manat.
Qeyd edək ki, bölgələrdə attestatla qəbul aparan şirkətlər daha çox keçmiş “Araz” kurslarının bazasında yaradılan hazırlıq kurslarıdır.
Türkiyədəki univetsitetlərin illik təhsil haqları isə 200-1700 manat arasında dəyişir. Tibb fakültələrinin qiymətləri isə 500-2500 manat arasındadır.
Aşağıda şirkətlərin qəbul apardıqları universitetlərin siyahısını da təqdim edirik:
Nişantaşı Universiteti
Balikesir Universiteti
Bandırma Universiteti
Aksaray Universiteti
Kırıkkale Universiteti
Kahramanmaraş Sütçü İmam Universiteti
Kayseri Erciyes Universiteti
Kastamonu Universiteti
Dumlupınar Universiteti
Niğde Universiteti
Nevşehir Universiteti
Sinop Universiteti
Erzurum Atatürk Universiteti
Burdur Mehmet Akif Ersoy Universiteti
Artvin çoruh Universiteti
Kars Kafkas Universiteti
Anadolu Universiteti …
Rəsmilər susur
Yuxarıda qeyd olunan qiymətlərdən oradakı təhsilin hansı səviyyədə olmasını təsəvvür etmək elə də çətin deyil. Buna baxmayaraq, yuxarıda qeyd etdiyimiz kimi, təhsil almaq yox, daha çox xoş olmayan niyyətlər və digər həvəslər üçün gənclər bu fürsətdən eninə-boluna yararlana bilirlər. Zərbə isə ölkəmizə, onun xaricdəki imicinə dəyir.
Araşdırmalarımız onu da göstərir ki, qonşu ölkədə yüksək səviyyəli təhsil verən və nüfuzlu dövlət və özəl universitetlərə imtahansız daxil olmaq qeyri-mümkündü. Hətta yerli vətəndaşlar üçün də belə bir şans tanınmır. Bəs xaricdən, xüsusilə, müsəlman ölkələrindən olan gənclərə belə canıyananlığın səbəbi nədir? Bu “xidmətlərin” arxasında kimlər və nələr dayanır?
Paytaxtda və bölgələrdə attestatla ali təhsil vəd edən şirkətlərin qanunvericilik və hüquq-mühafizə orqanlarından çəkinmədən fəaliyyət göstərməsi də diqqətimizdən yayınmadı. Bəs niyə əlaqədar dövlət strukturları bu “xidmətlərə” göz yumur?
Məsələyə aydınlıq gətirilməsi üçün Təhsil, Xarici İşlər və Milli Təhlükəsizlik nazirliklərinə, eləcə də Azərbaycanın Türkiyədəki Səfirliyinə göndərdiyimiz sorğular isə hələ də cavabsız qalıb. Məsələnin ölkəmizin nüfuzu ilə bağlı olduğunu nəzərə alaraq, adıçəkilən orqanların öz mövqelərini açıqlayacağına ümid edirik…
Fərqanə Allahverdiqızı
Strateq.az