XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

02 İyul 2015 - 01:19

Dilşad Xatun:Çin imperatorunun sevdiyi türk-müsəlman qadın - Araşdırma

dilshad

Tarixdə iki ünlü, türk soylu Dilşad Xatun olub. Biri 14-cü yüzillikdə Azərbaycan ərazisində yaşayıb. Monqol əslilli çobanlılar (çobanilər) sülaləsinin saray mənsubu olub. öncə Sultan Əbu Səid Bahadur, Bahadur öləndən sonra isə Şeyx Həsən Cəlayirlə evlənib.

Haqqında söhbət açacağımız Dişad Xatun isə 18-ci yüzillikdə Doğu Türküstanda doğulub.

Doğulduğu bölgədə və çində bu gün də bu qəhrəman türk qızı haqqında əfsanələr dolaşmaqdadı. çinlilər onu daha çox "Şiang Fei" adıyla tanıyır. Bu sözün çin dilində bir sıra anlamları var. "Müqəddəs", "ülvi", "uca" kimi deyimləri ifadə edən bu söz, "gözəl qoxulu xanım" anlamını da verir.

18-ci yüzillikdə çində Mançu Xanədanlığı hakim idi. Bu Xanədanlıq 1644-cü ildən 1911-ci ilə qədər çini yönətmişdi. Mançu Xanədanlığının yetkililəri Doğu Türküstanı işğal etmək və çin torpaqlarına qatmaq arzusunda idilər. Belə bir fürsət 18-ci yüzilliyin 50-ci illərində yaranmağa başlamışdı. 1750-ci illərdə Doğu Türküstanda daxili qarşıdurmalar meydana gəlmişdi. ölkənin ünlü bəyləri arasında çəkişmələr və hakimiyyət uğrunda çarpışmalar ən yüksək həddə çatmışdı. Belə bir məqamda Doğu Türküstanın ünlü boylarından birinin başçısı Mançu Xanədanlığına yardım üçün müraciət edir. Qaynaqların yazdığına görə, müraciət Kalmuk boyunun bəyləri tərəfindən edilir. Bu müraciət çin hakimiyyəti üçün göydəndüşmə idi. Mançu dövlətinin başçısı çi En Lunq dərhal bu tarixi fürsətdən yararlanmağa qərar verir. Şao Hui adlı sərkərdənin başçılığı ilə Doğu Türküstan üzərinə qoşun yeridir. Doğu Türküstanda birliyin olmaması uzunmüddətli müdafiənin təşkil edilməsini mümkünsüz edir. çin ordusu qarşısında duruş gətirə bilməyəcəyini anlayan bəzi bəylər Rusiya ərazisinə qaçır. Bu torpaqlarda ünlü bəylərdən olan Davaçi bəy, Bürhanəddin Xoca və Xoca Cihan isə çin qoşunlarına dirəniş göstərir. Bürhanəddin Xoca və Xoca Cihan qardaş idilər. Onlar bir neçə il mücadilə etməyi bacarsalar da, uzun müddət duruş gətirə bilmədilər və qonşu Bədəxşan ərazisinə qaçdılar (Məlumat üçün bildirəkv ki, Bədəxşan hazırda Əfqanstan İslam Respublikasının 34 vilayətindən biridir). İki qardaşın və Davaçi bəyin çin ordusuna qarşı dirəniş göstərməsində, onlara yardımçı olan, əsl cəngavərlər kimi döyüşən daha bir şəxs var idi – Xoca Cihan bəyin həyat yoldaşı Dilşad Xatun! Onun döyüşkənliyi haqqında söhbətlər çin imperatoruna qədər gedib çıxmışdı. Dilşad Xatunun səs-sorağının çinə qədər gedib çıxmasında ordu başçısı Şao Huinin bu döyüşkən qadına heyranlığının da böyük rolu olmuşdu. Bədəxşanın çin orduları tərəfindən işğal olunacağından və cəzalanacağından qorxan Bədəxşan əmiri Dilşad Xatundan xəbərsiz, onun əri Xoca Cihanın və Bürhanəddin Xocanın başını kəsərək çin imperatoruna göndərir. Lakin çin tərəfi bununla yetinmir. İmperator öz ordu komutanına bu savaşçı qardaşlardan heç də geri qalmayan Dişad Xatunu da gətirməsini əmr edir. İmperator Türküstanda çox böyük nüfuz sahibi olan Dilşad Xatunu Pekinə aparmaqla bu torpaqlarda baş qaldıra biləcək yeni üsyanların qarşısını almaq fikrindəydi. Uzun yollar keçəndən sonra Dişad Xatunu Pekinə, imperatorun hüzuruna gətirirlər. çinə daxil olandan sonra yol boyu insanlar dəstə-dəstə yollara çıxır, bu əfsanəvi döyüşçüyə tamaşa etmək, onu görmək istəyirdilər. İmperatorun istəyinə uyğun olaraq onu sayğı ilə saraya gətirdilər. Dilşad Xatun at üstündə, zirehli formada saraya doğru gətirilir. Bir çox əski dövlətlərdə olduğu kimi çin dövlətində də imperator Tanrının oğlu sayılırdı və ona səcdə edərək yaxınlaşmaq qanun idi. Fəqət Dilşad Xatun at üstündə imperatora yaxınlaşınca böyürdən səslər gəlir. "İmperatorun hüzurundasan, səcdə elə, əyil"-deyincə, Dilşad Xatun -"Siz mənim türk və müsəlman olduğumu unudursunuz. Biz Tanrıdan başqasına əyilmərik" – cavabını verir. Bu zaman imperatorun yanında əyləşən anası dilə gəlir: "O da Tanrının oğludur. Hamının, onun hüzurunda olan hər kəsin ona səcdə etməsi gərəkir". Və sarayda çox həyəcanlı bir durum yaranmışdı. İmperatorun qarşısında əyilməmək həqarət sayılırdı və cəzası ölüm idi. Bu zaman Dilşad Xatunun məğrurluğu, cəsarəti, ağlı və həm də tayı-bərabəri olmayan gözəlliyi önündə təslim olan "Tanrının oğlu" ayağa qalxır və savaşçı qadına "Xoş gəldin" deyir. Bu, Xanədanlıq tarixində imperatorun kimisə məhz ayağa duraraq qarşıladığı yeganə hadisə idi. Dilşad Xatun qılıncını qından çıxarır və "Bu hərəkətimi təslim olmaq kimi anlamayın. Qılıncımı çin əsgərlərini torpağımdan geri çəkmən şərti ilə sənə təqdim edirəm"– deyib, qılıncını imperatora doğru uzadır. İmperator qılıncı alır və yenidən Xatunun özünə qaytarır. Sonra Dilşad Xatun üçün xüsusi bir guşə ayrılmasını əmr edir. Bu durum imperatorun anasını daha da qəzəbləndirir. Dilşad Xatun yalnız burada əri Xoca Cihanın öldürüldüyünü eşidir. Həmin anda imperatordan intiqam alacağına and içən Xatun, acı xəbəri eşitdiyi gündən üzərində gizli şəkildə xəncər gəzdirməyə başlayır. Düşüncəsini gizlətmir, dəfələrlə imperatora bildirir. Lakin imperator mərdliyinə heyran olduğu və artıq dəlicəsinə sevməyə başladığı Dilşad Xatundan dəfələrlə üzr istəyir, onunla evlənmək istədiyini dilə gətirir. İmperator illər uzunu Xatunun sevgisini qazanmaq üçün çalışır. Sarayın yaxınlığında onun üçün bağça saldırır, 1765-ci ildə bir məscid tikdirir, türk memarlığına uyğun məhəllə saldırır. Həmin məhəllədə Dilşad Xatun üçün bir türk hamamı tikdirir. Bütün bunlardan sonra imperator yenidən xatuna evlilik təklifi göndərir. Alınan cavab isə qəti olur: "Yurdumu işğal edən, ərimi və nəslimi öldürən biri ilə əsla ailə qurmaram".

Bütün bu olanlar isə imperatorun anasını və onun yaxınlarını daha da hiddətləndirir. Bir gün imperatorun anası, imperatorun adından Dilşad Xatuna bir xəncər yollayır və ona "ya mənə ərə gəlməyə razı ol, ya da bu xəncərlə özünü öldür" mesajını göndərir. Dilşad Xatun imperatorun adından gələn elçilərə cavab verir: "ölümdən əsla qorxmuram. Ancaq hələ vəzifələrim var. İntiqamımı almadan ölməyəcəm".

Bir gün də imperatorun anası, oğlunun 3 gün müddətinə sarayda olmayacağını fürsət bilərək, Dilşad Xatuna dostluq təklif edir və onu sarayın rəsmlər olan bölümünə dəvət edir. Rəsmlərə tamaşa etdikdən sonra imperatriçə "Oğlumu və dövlətimizi xilas etmək üçün səni öldürəcəm" – deyib, bir az aralıda gözləyən xidmətçilərini çağırır. Və elə ordaca onu iplə boğdurub öldürür. Dilşad Xatunun sön sözü "Mən ölümdən qorxmuram. Ancaq hələ də intiqamımı ala bilmədiyim üçün çox üzülürəm" – olmuşdu. İmperator hadisə yerinə gələndə artıq gec idi. Qaynaqlar bu hadisədən sonra imperator çi En Lunqun uzun müddət məbədə qapandığını və guşənişin həyat tərzi sürdüyünü yazır.

Dilşad Xatun 1757-ci ildən 1759-cu ilə kimi – 2 il Doğu Türküstanda qəhrəmancasına çin işğalçılarına qarşı savaşdı. Bu savaşçı qadının səsi-sorağı uzaq ellərə yayıldı. Daha sonra 8 il Pekin sarayında qaldı. İmperatorun dəfələrlə üzr istəməyinə, onun sevgisini qazanmaq üçün hər şeyə razı olmasına baxmayaraq, gecə gündüz yalnız yurdunu və soyunun intiqamını düşündü. İmperatorun ona yaxınlaşmaq cəhdi olanda isə cılğıncasına: "Yaxınlaşma, yoxsa səni də öldürərəm, özümü də"- deyib hayqırmışdı. Pekində olduğu 8 il ərzində bircə dəfə də olsun, çinli geyimi geymədi. Doğulduğu torpaqlara məxsus olan geyimləri geydi və yurdunun özgürlüyünü düşündü.

Sonda, yurd və namus şəhidi olaraq əbədiyyətə qovuşdu. Bu özəlliklərinə görə, yüz illərdi ki, təkcə Türküstanda deyil, çində belə, namus və qutsallıq simvolu olaraq anılır Dilşad Xatun.

Hələ yaşadığı dönəmdə adı əfsanələşən bu xatunun məzarının harada olması haqqında kəsin bilgi yoxdur. Onun harada dəfn olunması haqqında iki fikir var. Birincisi, çin versiyasıdır. çinlilərə görə, Dilşad Xatunun qəbri Böyük Mançu İmperatorlarının dəfn edildiyi qəbiristanlıqda, imperator çi En Lunqun məzarının yanındadır. Türküstan coğrafiyasında yayğın olan və inanılan versiyaya görə isə Dilşad Xatun öldürüləndən sonra cənzaəsi Kaşğar ərazisinə gətirilib və burada "Xoca Hidayətullah" türbəsində dəfn edilib. Dilşad Xatunun məzarı olduğu düşünülən hər iki yer həm çinlilər, həm də türküstanlılar tərəfindən müqəddəs ziyarətgah olaraq qəbul edilir. Dilşad Xatunun məzarını müsəlmanlarla bərabər, buddistlər də müqəddəs məqam kimi ziyarət edirlər.

Namiq Hacıheydərli

Strateq.az