Bu ilin altı ayında Azərbaycanda 494 şirkət rəsmən qapadılıb.
Strateq.az Azadliq Radiosuna istinadən bildirir ki, qapadılanlar iqtisadi çətinliklərə görə fəaliyyətini müvəqqəti dayandıran şirkətlər yox, yalnız dövlət qediyyatından çıxarılan müəssisə və təşkilatlardır.
Bağlanan şirkətlərin əsas hissəsi – 389-u Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun payına düşür. Altı ayda Naxçıvan Muxtar Respublikasında da 5 müəssisə qapadılıb.
İl başlanandan bəri bağlanan şirkətlərin 22-si maliyyə və sığorta, 20-si informasiya və rabitə, 24-ü tikinti, 13-ü təhsil sektorunda, 25-i emal sənayesində,162-si isə ticarət sahəsində fəaliyyət göstərirmiş.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ləğv edilən müəssisə və təşkilatların 45-i tam xarici investisiyalı şirkətlər, 5-i isə birgə müəssisələrdir.
Maraqlı burasıdır ki, son altı ayda xarici sərmayənin iştirakı ilə yaradılan şirkətlərin sayı (308) bağlananların sayını 6 dəfə üstələyib.
İyulun 1-nə olan məlumata görə, tam xarici investisiyalı şirkətlərin sayı 7 min 900-ə çatıb.
Əcnəbi sərmayədarların əsas qismi Türkiyədən (35,5 faiz), Böyük Britaniyadan (8,9 faiz), Rusiyadan (7,9 faiz), İrandan (6 faiz), ABŞ-dan (3,8 faiz) və Almaniyadan (2,4 faiz) gəlib.
İlin əvvəlindən 4 min 300-dən çox yeni kommersiya və qeyri-kommersiya təşkilatı və dini qurum yaradılıb. Ölkədə bütövlükdə fəaliyyət göstərən müəssisə və təşkilatların sayı 104 mini aşır. Bunların 10 min 600-ü dövlət mülkiyyətindədir. Təxminən, 89 min kommersiya qurumu, təbii ki, yalnız mənfəət götürmək məqsədilə yaradılıb.
Azadlıq Radiosu onu da bildirib ki, Azərbaycanda son illər qurulan xeyli şirkət yalnız dövlət sifarişlərini ələ keçirmək məqsədi güdüb və proses indi də davam etməkdədir. Bu şirkətlər, bir qayda olaraq, paytaxtda və ölkənin bölgələrində bəlli ünvanlarda qeydiyyatdan keçir. Eyni şəxs bəzən 100-dək şirkətə rəhbərlik edir. Sözügedən şirkətlər, adətən, azməbləğli (5 mindən 100 min manatadək), ancaq sayı bir ildə minlərlə ölçülən dövlət satınalmalarına qatılır və bir müddətdən sonra izi itirmək üçün ləğv edilir…