Strateq.az saytı yeni bir layihəyə başlayır: tarixdə mövcud olmuş türk dövlətləri haqqda bilgiləri silsilə yazılar vasitəsilə özət (xülasə) şəklində oxuculara təqdim edəcək, ardınca isə çağdaş türk dövlətlərinin hər biri haqqında ayrıca məqalələr veriləcək.
Birinci yazıda ən əski dönəmlərdən orta yüzilliklərə qədərki, ikinci yazıda isə XX yüzilliyin birinci yarısında bəzən bir neçə ay, bəzən də bir neçə il mövcud olmuş türk dövlətlərindən söz açacağıq.
Bu yazıda Sacoğulları (Sacilər), Saloğulları (Salarilər), Ağqoyunlular, Qaraqoyunlular, Şirvanşahlar, Səfəvilər, Osmanlı dövləti, Teymur İmperatorluğu (Teymurilər), Babur İmperatorluğu, Əfşar Dövləti, Qacar Dövləti, Atabəylər, Eldəgəzlər və digər onlarla əski türk dövlətindən danışılmayacaq. Nədən ki, bunlar haqqında xeyli sayda araşdırmalar yazılmış və bir çoxu haqqında orta məktəb kitablarında, az-çox, bilgi verilir. Barəsində bilgi verdiyimiz iyirmidən artıq əski türk dövləti Azərbaycan oxucusuna bəlli olmayan və ya çox az bəlli olan dövlətlərdir.
üçüncü yazı isə çağdaş türk dövlətləri və toplumları haqqında olacaq.
Böyük Hun imperatorluğu
Bu İmperatorluğa Asiya Hun imperatorluğu da deyilir.
Miladdan öncə 220-ci ildə quruldu. Hun imperatorluğunu bir neçə türk boyu birlikdə qurmuş və birlikdə yönəltmişdi. Qaynaqlarda ilk başçısının Teoman olduğu qeyd olunur. Miladdan öncə 209-cu ildə Mete hakimiyyətə gələndən sonra bu dövləti çox qüdrətli duruma gətirmişdi. Onun hakimiyyət dönəmində İmperatorluğun ərazisi Xəzər dənizindən Yapon dənizi, çindən Sibirə qədər əraziləri əhatə edirdi. Meteniun ölümündən bir müddət sonra zəifləməyə başlayan bu dövlət miladdan öncə 46-cı ildə Doğu Hun Dövləti və Batı Hun Dövləti olmaqla iki yerə bölünür.
Doğu Hun dövləti
Miladdan öncə 46-cı ildə qurulub, eramızın 48-ci ilinə qədər mövcud olub. Hun dövləti haqqında bütün qaynaqlar çin qaynaqları olduğu üçün onların adları da çinliləşdirilmişdir. çinlilər Hun sözünü Hiung-nu şəklində yazırdılar. Doğu Hun Dövləti sıradakı xaqanlar tərəfindən yönətilmişdi:
Hohanye (m.ö. 46-31)
Cudi (m.ö. 31-30)
Fuçuleycudi (m.ö.30-20)
Su Hsien Cudi (m.ö. 20-12)
çuyacudi (m.ö. 12-8)
Vuçu Liu Cudi (m.ö. 8-m.s. 13)
Vuleycudi (13-18)
Hu Tur Sıtao Gao Cudi (18-46)
Vutatiho (46)
Pu-Nu (46-48)
Bu dövlət özü də daxili çəkişmələr sonucunda eramızın 48-ci ilində 2 yerə bölünmüşdü.
Batı Hun dövləti
Miladdan öncə 46-cı ildə yaranmışdı. Doğu Hun Dövlətinin ilk başqanı Hohanyenin qardaşı çiçi Yabğu tərəfindən qurulmuşdu. Hohanyeni çinə meylli siyasətindən narazı qalan çiçi Yabğu qardaşından ayrılaraq Batı Hun Dövlətini yaratmışdı. Bu dövlət bizim eranın 36-cı ilinə qədər mövcud olmuşdu.
Güney Hun dövləti
Bu dövlətə Batı Hun İmperatorluğu da deyilir. Bizim eranın 48-ci ilində Doğu Hun Dövlətinin iki yerə bölünməsindən yaranmışdı. Eramızın 216-cı ilinə qədər davam etmişdi. 200-cü ilə yaxın dövlət içində baş qaldıran çaxnaşma və qarşıdurmalar çinin müdaxiləsinə imkan yaratdı və dövlət 216-cı ildə süquta uğradı.
Quzey Hun dövləti
Doğu Hun Dövlətinin dağılmasından törəyən ikinci dövlət Quzey Hun Dövləti idi. Bir müddətdən sonra xeyli güclənib yüz il sürən bu dövlətin 90 ili savaşlarda keçdi. Quzey Hun Dövlətinin varlığından rahatsız olan çin sürəkli olaraq hücumlar edirdi. Hazırda çində adı tarixi qəhrəman kimi anılan Pan çao məhz Quzey Hun Dövlətinə qarşı apardığı savaşlara görə çin tarixində yaşadılır. çin və həmin dönəmdə tarixdə görünməyə başlayan Sienpi tayfalarının ardıcıl hücumları Quzey Hun Dövlətinin iki istiqamətdə vuruşmağa və sonda zəifləməyə gətirib çıxardı. Bu dövlət eramızın 156-cı ilində süquta uğradı. Quzey Hun Dövləti yıxılandan sonra Hun tayfaları Batıya doğru köç etdilər və burada Batı Hun Dövlətindən qalan tayfalarla birləşdilər.
Avropa Hun imperatorluğu
Eramızın 370-ci ilində qurulmuşdu. Ən qüdrətli dönəmi “Günəşin batdığı yerə qədər hər yeri ala bilərəm” deyən Uldızın (408-411) və Roma papasına “Siz şaşırmısız, Tanrının oğlumu olur?” deyən Atillanın (445-453) dönəmində olmuşdu. Bu İmperatorluq eramızın 469-cu ilinə, bəzi araşdırmalara görə isə, 503-cü ilə yaşayıb. İmperatorluğa aşağıdakı tarixi şəxsiyyətlər imperatorluq etmişdi:
Kama Tarkan (352 – ?)
Balamber (? – 375)
Alypbi (Baltazar) (378 – 386)
Muncuk (386 – 390)
Uldız (390 – 411)
Karaton (412 – 422)
Oktar (425 – 430)
Rua (432 – 434)
Bleda (434 – 445)
Attila (445 – 453)
İlek (453 – 455)
Tuldila (455 -457)
Dengizik (458 – 469)
İrnek (469 – 503)
Ağ Hun imperatorluğu
Bizans qaynaqlarına görə, Eftalit, çin qaynaqlarına görə, Ak Hiung-nu, hind qaynaqlarına görə, Sveta-Hüna adlanan bu imperatorluq 420-ci ildə İssık gölü (İssık kül) hövzəsində meydana gəlmişdi. Qobi səhrasından Xəzər dənizinə qədər uzanan imperatorluğun sahəsi 3 milyon 500 min kvadrat km. Idi. Dilləri türkçə, dinləri Tanrıçılıq idi. İmperatorluq 567-ci ildə süquta uğrayıb.
Asiya Avar imperatorluğu
Ərəb və Bizans qaynaqlarının “avar”, çinlilərin “juan-juan”, türklərin “apar” söylədiyi Avar toplumu prototürklərdən hesab olunur. Asiya Avar İmperatorluğu 330-cu ildə qurulmuşdu. Bu günki Monqolustan və Koreya torpaqları bu İmperiyanın tərkibində idi. Avar İmperatorluğunu çoxsaylı monqol və türk boyları birgə yönəldirdilər. Qaynaqların yazdığına görə, Xaqan titulu əski türk dövlətləri içərisində ilk dəfə Avar İmperatorluğunda işlənib. Altıncı yüzillikdə güclənməkdə olan Göytürklər tərəfindən sıxışdırılan bu imperiya 555-ci ilə qədər mövcudluğunu qoruyub saxlaya bildi.
Göytürk xaqanlığı
VI
yüzilliyin ortalarında qüdrətli dövlət meydana gəldi. Sasani sərhədlərindən Sibirə qədər geniş bir ərazini əhatə edən Göytürk Xaqanlığının ərazisi 6 milyon kvadrat km. idi. Xaqanlığın ilk illərdə doğu qanadını Bumın Xaqan, batı qanadını onun qardaşı İstemi Yabğu yönəldirdi. Hər iki qardaşın adı Orxon və Kül Tikin abidələrində daşlara əbədi həkk edilib. Bu gün də var olan Kül Tikin abidəsində yazılıb:
“üstdə mavi göy, altda geniş yerlər var olduqda ikisi arasında insan oğlu var olmuş. İnsan oğlunun üzərinə soyum Bumın Xaqan, İstemi Xaqan oturmuş. Oturaraq türk millətinin elini, törəsini qorumuş, düzən vermiş. Dörd tərəf tamamailə düşmən imiş. Ordu yönəldərək dörd tərəfdəki düşmənləri almış… Doğuda Kadırqan ormanına qədər, batıda Dəmir qapıya qədər getmiş”.
Muğan Xaqan dönəmində (553-572) Xaqanlıq çox inkişaf etmişdi. O, çin İmperatoru ilə qohum olmuş, iki dövlət arasında əlaqələrin yüksək səviyyədə qurulmasına nail olmuşdu. Onun ölümündən sonra birlik pozulmuş, 582-ci ildə Göytürk Xaqanlığı Batı Göytürk Xaqanlığı və Doğu Göytürk Xaqanlığı olaraq 2 yerə parçalanmışdı.
Batı Göytürk xaqanlığı
582-ci ildə Göytürk Xaqanlığının batı hissəsində Tardu tərəfindən qurulmuşdu və 659-cu ilə qədər mövcud olmuşdu. Tardu yabğu titulu ilə Göytürk Xaqanlığının batı qanadını yönəldən İstəmi Xaqanın oğlu idi. 576-cı ildə İstəmi Xaqan ölüncə oğlu Tardu onun yerinə keçir. 582-ci ildə yeni Göytürk Xaqanı olmaq arzusu baş tutmayınca və İşbara Xaqan olunca batı qanadını ayıraraq Batı Göytürk Xaqanlığını yaradır. Göytürklər dönəmində hər hansı dövlət mənsubunun Xaqan olması üçün Dövlət Məclisinin razılığı olmalı idi. 582-ci ildə İşbaranı Dövlət Məclisi Xaqan seçmişdi.
Doğu Göytürk xaqanlığı
Bu Xaqanlıq 582-ci ildə iki yerə bölünən Göytürk Xaqanlığının doğu qanadıdır. İlk başçısı İşbara Xaqan idi. Göytürk Xaqanlığının parçalanması İşbaranı çox çətin duruma salmışdı. çin dövləti minlərlə göytürklü tacirləri ölkəsindən qovmuş, Xaqanlıq aclıq və qıtlıqla üz-üzə qalmışdı. Olduqca çətin duruma düşən İşbara Xaqan çinə müraciət etmiş, ondan yardım istəməli olmuşdu. çin imperatoru hər cür yardıma hazır olduğunu bildirmiş, lakin Doğu Göytürk Xaqanlığı qarşısında çox ağır bir şərt qoymuşdu: doğuda yaşayan göytürklər çin dilində danışmalı, çin geyimi geyməli və çin adətlərini qəbul etməli idi. Xalqı çox ağır durumda olan İşbara Xaqanın çin imperatoruna məktubu belə olur:
“Sizə bağlı qalacaq, vergi verəcək, qiymətli atlar hədiyyə edəcəm. Ancaq dilimizi dəyişdirə bilmərəm. Xalqıma çin geyimləri geyindirə bilmərəm. Adətlərinizi, qanunlarınızı qəbul edə bilmərəm. Bu mümkün deyil. çünki bütün millətim bu yöndə duyğusallıqla çarpan bir ürək kimidir“.
İşbara çindən asılı duruma düşməyi ilə razılaşmadığı üçün qısa müddət sonra dərin qayğılar içində ölür. Lakin 609-cu ildə Şi Pi Xaqanın hakimiyyətə gəlməsindən sonra Xaqanlıq xeyli güclənir. Doğu Göytürk Xaqanlığına Xaqanlıq edən türklər bunlar idi:
İşbara Xaqan (582-587)
Baga Xaqan(587-589)
Tulan Xaqan (589-600)
Kimin Xaqan (600-609)
Şi-Pi Xaqan (609-619)
çula Xaqan (619-621)
İl Xaqan (621-630)
Sonuncu Doğu Göytürk Xaqanı İl Xaqan olmuşdu. 630-cu ildə bu Xaqanlıq da süquta uğramışdı.
Avropa Avar imperatorluğu
Bu günki Macarstan, Slovakiya, Xarvatiya, Rumınya və Serbiyanı əhatə edən əski türk dövlətlərindən biridir. Dövlətin dili türkcə, dini Tanrıçılıq idi. Avar Xaqanı I Bayan tərəfindən 562-ci ildə qurulan bu dövlət 823-cü ilə qədər yaşamışdı.
I Bayan Avar imperatorluğuna 40 il – 562-ci ildən 602-ci ilə qədər xaqanlıq etmişdi. Sərkərdəlik qabiliyyəti və liderlik özəlliyi ilə dövləti qüdrətli duruma gətirmişdi.
Xəzər xaqanlığı
Xəzər Xaqanlığı 630-cu ildə qurulmuş, 1030-cu ilə qədər – 400 il öz varlığını qoruyub saxlamış, Araz çayından indiki Ukraynanın batı sərhədlərinə, Qara dənizdən Aral gölünə qədər ərazini əhatə etmiş qüdrətli, əski türk dövlətlərindən biridir. Bu yaxınlarda Xəzər Xaqanlığı haqqında strateq.az saytında xüsusi araşdırma yazısı yayınlanmışdır. Bu Xaqanlıq haqqında geniş bilgi əldə etmək istəyənlər bu link vasitəsi ilə həmin araşdırmanı oxuya bilər: (Yəhudi dinini qəbul edən ilk və tək türk dövləti: Xəzər xaqanlığı – Araşdırma)
İkinci Doğu Göytürk xaqanlığı
Bu Xaqanlıq 681-ci ildən 744-cü ilə qədər mövcud olmuşdur. çin əsarəti altında olan Doğu Göytürk Xaqanlığı Qutluq Xaqanın zamanında yenidən baxımsızlıq əldə etdi. Bu üzdən bu dövlətə “Qutluq Dövləti” də deyilməkdədir.
680-ci ildə Qutluq Bilgə Tonyukuk ilə birlikdə çinə qarşı üsyan qaldırdı. Qaynaqların yazdığına görə, “17 arxadaşı ilə” birlikdə savaşan Qutluq 681-ci ildə Doğu Göytürk Xaqanlığını bərpa etməyi bacardı. 682-ci ilə qədər bütün göytürkləri bir bayraq altında birləşdirdiyi üçün ona İltəriş titulu verildi. İltəriş el, dövlət quran anlamındadır.
Hakimiyyətə gəlincə Bilgə Tonyukuku vəzir edən İltəriş Qutluq Xaqan dövlətin başında olduğu 12 il ərzində çin üzərinə 17 dəfə yürüş etmişdi. Qaynaqların yazdığına görə, bütün səfərlərində qələbə ilə geri dönmüşdü.
693-cü ildə İltəriş Qutluq Xaqan ölür. Bundan sonra Kapağan Xaqan onu əvəz edir.
Uyğur xaqanlığı
742-ci ildə ayrı-ayrı uyğur boyları birləşərək Uyğur Xaqanlığını yaradır. Federasiya şəklində qurulan bu Xaqanlıq 840-cı ilə qədər mövcud olmuşdur.
Orxon çayı hövzəsində qurulan Uyğur Xaqanlığının paytaxtı Ordubalık (Xanbalıq) şəhəri idi. Uyğur Xaqanlığı əsasən Tanrıçılıq və şamanizm inancında idi. Eyni zamanda burada maniheizmin, xristianlığın və buddizmin də ardıcılları var idi.
Uyğur Xaqanlığı əski türk xaqanlıqları arasında öz mədəniyyətinin yüksək olması ilə seçilir. Bu Xaqanlıqda yeni şəhərlər salınır, əkinçilik və heyvandarlığın inkişafına böyük önəm verilirdi. çinlə mədəni və iqtisadi əlaqələr qurulur, dövlət bəlli hüquq qaydaları ilə idarə olunur, ayrı-ayrı dinlərin qarşılıqlı anlaşma və barış şəraitində fəaliyyət göstərməsi kimi sivil ortam meydana gətirilir.
Tabğaç dövləti
Türk Tabğaç Dövləti 385-ci ildə çinin quzeyində qurulmuş, 550-ci ilə qədər mövcud olmuşdur.
Əski türk yazılı abidələrində Tabğaç boyunun adı bir neçə dəfə çəkilir, Mahmud Kaşğarlı “Divani-lüğət-it-türk” əsərində bu boydan bəhs edir. Bilgə Tonyukuk abidəsində belə bir qeyd var:
“Bilge Tonyukuk ben özüm tabgaç iline kılındım türk bodun tabgaçka körür erdi.” (Mən Bilgə Tonyukuk Tabğaç elində doğuldum. Türk budunu Tabğaça bağlı idi).
Türkeş dövləti
Göytürklərin tərkibində olan On Ok boylarının 699-cu ildə qurduğu dövlətin adıdır. Həm də Türgiş Dövləti kimi tanınan bu dövlət 766-cı ilə qədər yaşamışdı.
Göytürk Xaqanı Bumın Xaqan 552-ci ildə İstemini On Ok boyuna “Bəy” təyin etdi. Göytürk Xaqanlığı süquta uğrayınca Baka Tarkan bütün On Ok boylarını ətrafına toplayaraq 140 minlik ordu meydana gətirdi və Türkeş Dövlətini yaratdı. Bu günki Qırğızstan ərazisinin böyük hissəsi Türkeş Dövlətinin tərkibinə daxil idi. Paytaxtı Balasaqun şəhəri idi.
VIII yüzilliyin ortalarında Türkeş dövləti içərisində baş qaldıran qarşıdurmalar və sürəkli çin müdaxiləsi sonucda Türkeş toplumunu Sarı və Qara adıyla iki yerə parçalanmışdı. Bir qədər sonra tərəflər dövləti ikiyə bölərək Sarı Türkeş Dövlətini və Qara Türkeş dövlətini yaratmışdılar.
Qaraxanlılar dövləti
Tarixdə mövcud olan uzunmüddətli türk dövlətlərindən biridir. Qaraxanlı dövləti 840-cı ildə Orta Asiya və Doğu Türküstan ərazisində qurulmuşdu. Ərazisi 3 milyon kvadrat km. idi. Qaraxanlıların hakimiyyəti 400 ilə yaxın sürüb. Qaraxanlı dövlətinin qurulduğu ilk yüzildə dini Tanrıçılıq idi. Dövlətin qurucusu Bilgə Kül Qadir Xan idi. 934-cü ilə qədər Tanrıçılıq dininə sitayiş edən bu dövlətin paytaxtı Balasaqun idi. 934-cü ildən – İslam dininin qəbul edilməsindən sonra paytaxt Kaşğar şəhəri oldu. Qaraxanlı dövləti İslam dinini qəbul edən ilk türk dövlətidir. İslam dininin qəbulundan sonra uyğur əlifbasından istifadə etməyə başlamışdılar.
Yusif Xas Hacibin “Qutadqu bilik” və Kaşğarlı Mahmudun “Divani-lüğət-it-türk” əsəri Qaraxanlılar
dönəmində meydana gəldi.
Qaraxanlı dövləti 1042-ci ildə Doğu Qaraxanlı Dövləti və Batı Qaraxanlı Dövləti olmaqla iki yerə ayrılır. Doğu Qaraxanlı Dövlətinin paytaxtı Balasaqun, Batı Qaraxanlı Dövlətinin paytaxtı isə indiki özbəkistanın Fərqanə ərazisində yerləşən özkənd şəhəri idi. Hər iki Qaraxanlı dövləti 13-cü yüzilliyin əvvəllərində süquta uğramışdı.
Qaraxoca Uyğur krallığı
9-13-cü yüzilliklərdə mövcud olmuş, Doğu Türküstan ərazisində uyğurlar tərəfindən qurulan dövlətdir. Uyğurlar 856-cı ildə Mengli Xaqanın başqanlığı ilə Uyğur Krallığını elan etdilər. Paytaxtları Beşbalıq və Turfan şəhərləri olmuşdu. 1209-cu ildə süquta uğramışdı.
Qəznəlilər dövləti
961-ci ildən 1187-ci ilə qədər mövcud olmuşdur. Dövlət öz adını hazırda Əfqanstanın 34 vilayətindən biri olan Qəznə şəhərinin adından götürmüşdü. Bu ərazilərdə uzun müddət fars kökənli Samanilərin hakimiyyətdə olması nədəni ilə burada yaşayan türklərin dili xeyli dərəcədə farslaşmışdı. Buna görə də Qəznəlilər Dövlətində 3 dildən istifadə olunurdu. Rəsmi dil əsasən farsca, hərbi dil isə türkcə idi. Dini törənlərdə daha çox ərəb dilindən istifadə olunurdu. Dövlətin paytaxtı əvvəllər Qəznə, sonralar isə hazırda Pakistan ərazisində yerləşən Lahor şəhəri idi.
Qəznəlilər Dövlətinin qurucusu olan Alp Təkin Samanilər dönəmində ordu sərkərdəsi idi. Dövlətin tam şəkildə qurulması onun kürəkəni Səbük Təkinin, yüksəlişi isə Səbük Təkinin oğlu Sultan Mahmudun adıyla bağlıdır.
1187-cı ildə (bəzi qaynaqlara görə 1186-cı ildə) Qəznəlilər dövlətinin son hökmdarı Hüsrəv Məliyin əsir alınmasına görə bu dövlət süquta uğradı.
Böyük Səlcuqlu dövləti
985-ci ildə Səlcuk bəy tərəfindən əsası qoyulan bu dövlətin digər adı Böyük Səlcuqlu İmperatorluğudur. Səlcuqlu dövləti Alp Arslanın hakimiyyəti dönəmində (1063-1072) xeyli genişlənmişdi. 1071-ci ildə baş verən məşhur Malazgird savaşı onun adıyla bağlıdır. Həmin savaşda Bizans imperatoru Romen Diogen Alp Arslan tərəfindən əsir alınmışdı. 1072-ci ildə Alp Arslan öləndən sonra onun yerinə oğlu Məlikşah keçdi. Məlikşahın hakimyyətdə olduğu 1072-1092-ci illər arası Səlcuqlu dövlətinin ən parlaq dönəmi oldu. Səlcuqlu dövləti 1157-ci ildə süquta uğradı.
Bundan başqa Kirman Səlcuqlu dövləti, Xorasan Səlcuqlu dövləti, İraq Səlcuqlu dövləti, Suriya Səlcuqlu dövləti və Anadolu Səlcuqlu dövlətinin hər biri Səlcuq bəyin soyundan gələn türklər tərəfindən qurulmuşdu.
Namiq Hacıheydərli
Strateq.az